Naxçıvanda təhsil
yarmarkası
AzərTAc xəbər verir ki, Naxçıvan şəhərindəki 7 nömrəli orta məktəbdə təhsil yarmarkası keçirilmişdir.
Yarmarkanı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev açaraq artıq ənənə halını alan təhsil yarmarkalarının muxtar respublikada təhsilin keyfiyyət və kəmiyyətinə göstərdiyi əhəmiyyətli köməkdən danışmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 sentyabr 2009-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti 14 aprel 2010-cu il tarixdə "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumtəhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" qərar qəbul etmişdir. Həmin qərara əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumtəhsil müəssisələrində davam etdirən gənc mütəxəssislərə bu müddət ərzində kommunal xidmətlərini ödəmək üçün 40 manat, rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumtəhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətinə əməkhaqqına hər ay 110 manat məbləğində əlavələr ödənəcəkdir. Eyni zamanda iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının 2 misli həcmində birdəfəlik yardım ödəniləcəkdir.
Sonra yarmarkada iştirak edən pedaqoqlar iş yerləri ilə maraqlanmışlar.
Qeyd edək ki, bu il muxtar respublikanın ümumtəhsil məktəblərində 14 dil və
ədəbiyyat,
51 xarici dil, 25 riyaziyyat, 26 informatika,
20 tarix,
36 coğrafiya,
24 fizika,
26 kimya,
26 biologiya və
12 nəfər ibtidai sinif müəlliminə ehtiyac vardır.
Yarmarkada 94 nəfər
müxtəlif kəndlərə göndəriş
almışdır.
Azərbaycan müəllimi.-
2010.- 17 sentyabr.- S.5.