Respublika ilk peşə-ixtisas təhsili müəssisələri rəhbərlərinin konfransı

 

Sentyabrın 13-də 7 nömrəli Bakı Peşə Liseyində ölkənin ilk peşə-ixtisas təhsili müəssisələri rəhbərlərinin ənənəvi konfransı keçirildi. Tədbiri Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov açaraq konfransın 2009-2010-cu dərs ilinin yekunları və 2010-2011-ci dərs ilində qarşıda  duran vəzifələrin müzakirəsinə həsr olunduğunu, onun işində Təhsil Nazirliyinin bəzi şöbə müdirləri və ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri ilə yanaşı, Azərbaycan Respublikası İqtisadi İnkişaf, Mədəniyyət və Turizm nazirliklərindən, Təhsil Nazirliyinin birgə layihələr həyata keçirdiyi "Azərsun Holdinq" və KNAUF şirkətlərindən nümayəndələrin, Təhsil Nazirliyində yaradılmış Əlaqələndirmə Şurasının üzvlərinin də iştirak etdiyini bildirdi.

Sonra təhsil naziri müzakirə olunan məsələ ilə bağlı hazırlanmış geniş təqdimatla konfrans iştirakçılarını tanış etdi. Onların diqqətini öncə ilk peşə-ixtisas təhsili müəssisələrinin ölkənin iqtisadi rayonları üzrə dislokasiyasına  dair statistik məlumata  yönəldən nazir iqtisadi rayonların adlarını, hər iqtisadi rayon üzrə peşə təhsili müəssisələrinin, əhalinin, şagirdlərin və mühəndis-pedaqoji işçilərin sayını, mühəndis-pedaqoji heyət-şagird nisbətini əks etdirən cədvəldəki bəzi rəqəmlərin düşünmək üçün əsas verdiyini, ayrı-ayrı iqtisadi rayonlar üzrə cədvəldə göstərilən sayda ilk peşə-ixtisas təhsili müəssisəsinə ehtiyacın olub-olmamasını müəyyənləşdirmək üçün müvafiq araşdırma aparmağa zərurət duyulduğunu bildirdi.

Sonra ekranda 2008-2009 2009-2010-cu dərs illəri üzrə ölkədəki ilk peşə-ixtisas təhsili müəssisələri haqqında statistik məlumatı əks etdirən cədvəl nümayiş olundu. Məlumatdan aydın oldu ki, ölkədə ötən dərs ilində 108 ilk peşə-ixtisas təhsili müəssisəsi fəaliyyət göstərib. Onlarda 25200 şagird peşə hazırlığı keçib. 3700 nəfərlik mühəndis-pedaqoji heyət çalışıb. Mühəndis-pedaqoji heyət-şagird nisbəti 6,8 təşkil edib. Qeyd olunan dərs illəri üzrə aparılan müqayisədən məlum oldu ki, peşə təhsili müəssisələrinin sayı dəyişməsə də, ötən dərs ilində şagirdlərin sayı bir qədər azalıb, mühəndis-pedaqoji işçilərin sayı isə əksinə, çoxalıb və nəticədə mühəndis-pedaqoji heyət - şagird nisbəti bir qədər aşağı düşüb.  Nazir bunu mənfi hal adlandırdı.

İlk peşə-ixtisas təhsili müəssisələrində şagird qəbulunun vəziyyətini əks etdirən cədvəldən isə məlum oldu ki, ötən dərs ilində şagird qəbulu planı 96 faiz yerinə yetirilib. Büdcə hesabına oxuyanlar üzrə plan yerləri tam dolsa da, ödənişli əsaslarla qəbul planı kəsirdə qalaraq cəmi 73 faiz yerinə yetirilib. Nazir bunu da xoşagəlməz hal saydığını söylədi.

Peşə təhsili müəssisələrində son 4 ildə ödənişli qəbuldan əldə olunan büdcədənkənar vəsaitin dinamikasını əks etdirən diaqram da diqqətə çatdırıldı.

Nazir iqtisadi rayonlar üzrə yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrinin İKT ilə təchizatı barədə məlumat verib bu sahədə vəziyyətin ümumtəhsil məktəblərinə nisbətən o qədər də qənaətbəxş olmadığını bildirdi. Müqayisə üçün qeyd etdi ki, əgər ölkədə kompüter - şagird nisbəti ümumtəhsil məktəbləri üzrə 1:20-dirsə, ilk peşə-ixtisas təhsili müəssisələri üzrə 1:64-dür.

Təhsil naziri Misir Mərdanov təqdimatında ilk peşə-ixtisas təhsili sahəsində görülmüş bir sıra işləri də diqqətə çatdırıb, onları müsbət qiymətləndirdi. Qeyd etdi ki, Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 77 nömrəli qərarı ilə "İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum)", 29 aprel 2010-cu il tarixli, 82 nömrəli qərarı ilə "Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları", 4 iyun 2010-cu il tarixli, 104 nömrəli qərarı ilə "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti" qəbul edilmişdir.

Avropa Komissiyası ilə birlikdə həyata keçirilən "Peşə təhsili təlimi sahəsində islahatlar strategiyası Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsi çərçivəsində dövlət qeyri-dövlət təşkilatlarının nümayəndələrindən ibarət təhsil nazirinin rəhbərliyi ilə İdarəetmə Şurası yaradılmış, Təhsil Nazirliyi, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi, işəgötürən təşkilatların nümayəndələri, habelə beynəlxalq milli ekspertlərin birgə səyi nəticəsində bəzi ixtisaslar üzrə peşə standartları hazırlanmışdır. 20-yə yaxın təhsil müəssisəsinin rəhbərləri 100-dən artıq mühəndis-pedaqoji heyət üçün 25 seminar treninq təşkil edilmişdir.

Təhsil naziri görülmüş ən mühüm işlərdən biri kimi Dövlət Proqramına uyğun olaraq İsmayıllı rayonunda Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin tikintisinin başa çatdığını və yaxın günlərdə onun açılacağını söylədi.

Daha sonra nazir işəgötürən təşkilatlarla əlaqələrdən danışdı. Təhsil Nazirliyi ilə "Azərsun Holdinq" şirkətlər qrupu arasında "Təhsil müəssisələri ilə əməkdaşlıq" layihəsi çərçivəsində Niyyət Protokolunun imzalandığını, KNAUF şirkətlər qrupu ilə tədris və məsləhət xidmətləri sahəsində birgə layihə həyata keçirildiyini, Gəncədəki "Billur elektonics" şirkəti ilə "Peşə təhsili müəssisələri ilə əməkdaşlıq haqqında Anlaşma"nın imzalanmasının nəzərdə tutulduğunu bildirdi və həyata keçirilən və keçiriləcək layihələr haqqında geniş məlumat verdi.

Nazir təqdimatında ilk peşə-ixtisas təhsili müəssisələrinin kadr təminatına da toxundu, bu müəssisələrin mövcud kadr potensialı haqqında statistik rəqəmlər gətirildi.  Qeyd olundu ki, hazırda ilk peşə-ixtisas təhsili müəssisələrində 6480 nəfər çalışır. Onlardan 1058-i ümumtəhsil fənn müəllimi, 937-si ümumtexniki və ixtisas fənn müəllimi, 1666-sı istehsalat təlimi ustası, 1110 nəfər rəhbər və inzibati işçi, 1709-u isə qeyri-pedaqoji işçidir. Bəzi qrup işçilərin, xüsusən də  rəhbər və inzibati işçilərin çox olduğunu deyən nazir ilk peşə-ixtisas təhsili müəssisələrinin mövcud kadr strukturunun araşdırılmasına ehtiyac duyulduğunu, nazirliyin müvafiq qurumlarının bu məsələlər üzərində fikirləşməli olduğunu vurğuladı.

Təhsil naziri təqdimatında 2009-2010-cu illərdə peşə liseyləri üzrə ümumtəhsil fənlərindən aparılmış mərkəzləşdirilmiş test imtahanlarının nəticələri barədə də söz açdı, bütün peşə liseyləri üzrə şagirdlərin və imtahanlardan müvəffəq olanların sayını əks etdirən cədvəlləri nümayiş etdirdi. Peşə liseyləri üzrə bu sahədə orta göstəricinin ötən il 39,95 faiz olduğunu, bu il isə onsuz da qənaətbəxş olmayan həmin rəqəmin daha da azalaraq 35,75 faiz təşkil etməsini nazir nöqsan saydı.

Misir Mərdanov məruzə-təqdimatının sonunda konfrans iştirakçılarının diqqətini ilk peşə-ixtisas təhsili sahəsində mövcud olan problemlərə yönəltdi, onların aradan qaldırılması, habelə ilk peşə-ixtisas təhsilinin daha da inkişaf etdirilməsi üçün qarşıda duran vəzifələrdən söz açdı.

Konfransda daha bir təqdimat da oldu.

Avropa İttifaqı ilə birlikdə ölkəmizdə həyata keçirilən "Peşə təhsili təlimi sahəsində islahatlar strategiyası Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsinin rəhbəri xanım Ənn Castisin həmin təqdimatında layihənin icrası yönündə görülmüş işlərdən bəhs olundu. Xanım Ənn Castis bildirdi ki, layihənin vəzifəsi Azərbaycanın qeyri-neft sektorunun rəqabət qabiliyyətinin yüksəldilməsi ilk peşə-ixtisas təhsili məzunları üçün imkanlarının artırılmasıdır.

Təqdimatda layihənin icrası ilə bağlı fəaliyyətlər, strategiya fəaliyyət proqramının hazırlanması istiqamətində atılan addımlar geniş şərh olundu, 66 peşə, 21 əsas bacarıqlar modulunun, kurikulum üzrə təlimat kitablarının hazırlandığı diqqətə çatdırıldı.

Konfransda təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov, İqtisadi İnkişaf Nazirliyinin Əlaqələndirmə şöbəsinin müdiri Cəmaləddin Quliyev, Tacirlər İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov çıxış edərək ilk peşə-ixtisas təhsili sistemində ötən ildə görülmüş işlərdən, mövcud problemlərdən, onların aradan qaldırılması yollarından danışdılar, təklif tövsiyələrini söylədilər.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.-2010.- 17 sentyabr.- S.3.