Aləmdə səsi qalan yazıçı, müəllim, alim
Görkəmli yazıçı, tanınmış
alim-ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, ictimai xadim və xalqın
sevimlisi Əzizə Cəfərzadənin XX əsr
Azərbaycan ədəbiyyatında
özünəməxsus yeri
vardır. O, Azərbaycan
xalqının əsrlər
boyu təşəkkül
tapmış yüksək
milli mənəvi dəyərlərinin qorunması,
elimizin adət-ənənələrinin
yaşadılması naminə
altmış ildən
artıq bir dövr ərzində yorulmadan yazıb-yaratmış,
çoxsaylı əsərləri
ilə nəsrimizin inkişafına qiymətli
töhfələr vermişdir.
Azərbaycan tarixinin ayrı-ayrı
dövrlərində baş
vermiş hadisələr,
keçmişimizdə böyük
iz qoymuş şəxsiyyətlərin parlaq
simaları Əzizə
xanımın həmişə
diqqət mərkəzində
dayanırdı.
Tariximizin müxtəlif mərhələlərinin bədii mənzərələrini yaradan bu əsərlərlə yanaşı, yazıçının müasır gəncliyin həyatından bəhs edən roman, povest və hekayələri də oxucular tərəfindən daim rəğbətlə qaşılanmışdır.
Ə.Cəfərzadə ədəbi fəaliyyətə çox gənc ikən, 16 yaşından başlamış və "Əzrayıl" adlı ilk hekayəsini 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirmişdir.
O, 1946-cı ildən Azərbycan Yazıçılar İttifaqının üzvü idi. İlk "Hekayələr" adlı kitabı 1948-ci ildə çap edilmiş, lakin Moskvanın xüsusi qərarı ilə müəllif "Axmatovşinalıq"da günahlandırılaraq kitab satışa çıxmamışdan əvvəl qadağan edilib yandırılmışdır. Əzizə xanımın əsərləri əsasən tarixi roman janrında yazılmışdır. O, müasir Azərbaycan nəsri tarixində bu janrı yenidən həyata gətirmişdir. Müəllifin "Natəvan haqqında hekayələr" (1963), "Aləmdə səsim var mənim" (1973-1978), "Vətənə qayıt" (1977),"Yad et məni" (1980),"Bakı-1501" (1981), " Cəlaliyyə" (1983), "Ağlar-güləyən Sabir" (1989), "Eldən elə" (1992), "Bir səsin faciəsi" (1995), "Zərrintac-Tahirə" (1996), "İşığa doğru" (1998), "Bəla" (2001), "Rübabə-sultanım" (2001), "Xəzərin göz yaşları" (2003), "Eşq sultanı" (2003) kimi roman və povestləri əsl sənət nümunələridir.
Yazıçının "Sahibsiz ev", "Əllərini mənə ver", "Sənsən ümidim", "Xəyalım mənim" kimi bir sıra povestlərinin mövzusu müasir həyatdan götürülmüşdür.
Onun uşaqlar üçün yazdığı "Qızımın hekayələri", "Anamın nağılları", "Çiçəklərim", "Pişik dili" və s. hekayə və nağılları da oxucular tərəfindən maraqla qarşılanmışdır.
Əzizə Cəfərzadə, eyni zamanda, bir tədqiqatçı alim kimi də Azərbaycan elmi qarşısında təqdirəlayiq xidmətlər göstərmişdir. Onun elmi tədqiqatları ədəbi yaradıcılığına da güclü təsir göstərmiş və yazıçının əsərləri Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda mübarizənin bariz nümunəsinə çevrilmişdir. O, tədqiqatçı kimi bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirmişdir ki, bunlara "Fatma xanım Kəminə", "Könül çırpıntıları", iki cilddən ibarət "Azərbaycanın aşıq və şair qadınları", "Şirvanın üç şairi", Abdulla Padarlının "Seçilmiş əsərləri", "Hər budaqdan bir yarpaq" daxildir. Onun toplayıb çap etdirdiyi bir çox əsərlərin əsas hissəsini ana və qadın yaradıcılığı təşkil edir ki, bunlar da Əzizə xanıma romanlarından az şöhrət gətirməmişdir. Bu əsərlərlə yanaşı, onun yüzlərlə oçerk, elmi-tədqiqat və publisistik məqalələri dövri mətbuatda çap edilmişdir. O, "Natəvan" adlı kinossenari, çoxlu sayda radio-televiziya pyeslərini, xatirat və saysız-hesabsız bayatı yazmışdır. Əzizə xanım folklorumuzun vurğunu idi. Təsadüfi deyildir ki, onun "Bayatı düşüncələrim", "Xızır Nəbi", "Novruz" və başqa Azərbaycan adət-ənənələri, etnoqrafiyası ilə bağlı yazıları, televiziya və radioda çıxışları onu xalqın sevimlisi etmişdir.
Ə.Cəfərzadə bir sıra xarici müəlliflərin, o cümlədən S.Şokumun "Bizim diyar", Ə.Kabaklının "Əjdaha daşı", S.Smirnovun "Brest qalası", Ş.Rəşidovun "Güclü dalğa", A.Lixanovun "Mənim generalım" və s. əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Onun əsərləri də bir sıra xarici dillərə, o cümlədən rus, fars, tacik, ərəb, qazax və s. tərcümə edilərək xaricdə nəşr edilmişdir.
Əzizə xanım həm də şərəfli, qayğıkeş bir müəllim ömrü yaşamışdır. 1942-1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləmişdir. 1974-cü ildən isə indiki Bakı Dövlət Universitetinin professoru vəzifəsində çalışmışdır. Burada filologiya elminin sirlərini gənclərə həvəslə öyrətmişdir. O, XlX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə "XlX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri" mövzusunda namizədlik, 1970-ci ildə "XlX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.
O, fasiləsiz olaraq televiziyada "Klassik irsimizdən", "Aşıq Pəri" və s. çoxsaylı proqramların müəllifi və aparıcısı olmuşdur. Bununla yanaşı, o, radioda Cənubu Azərbaycan üçün verilən proqramların və "Ana" radio jurnalının uzun illər iştirakçısı kimi bu verilişlərdə ədəbi irsimizi təbliğ etmişdir.
Əzizə Cəfərzadə 1981-1989-cu illərdə
Respublika Qadınlar Şurasının sədrı
vəzifəsində çalışmışdır.
Azərbaycan
qadın və uşaqlarının hüquqlarının
qorunması sahəsində
aktiv fəaliyyət göstərmişdir. Eyni
zamanda o, həyatı
boyu xeyriyyəçiliklə
məşğul olmuş,
1979-cu ildə Hacıqabul
rayonunun Tağılı
kəndində öz vəsaiti hesabına orta məktəb və klub binası
tikdirmişdir. Əzizə
xanım Azərbaycanın
müstəqilliyinin qorunmasında
və erməni təcavüzünə qarşı hərəkatda daim öndə və fəal iştirak edən bir vətəndaş
olmuşdur. O, əsl azərbaycanlı kimi həmişə xalqın
xeyir və şərində onunla birgə olmuşdur. Onu bütün xalq bir Azərbaycan
anası kimi sevir və hörmət
edirdi. Bu sevimli ana "Mənim partiyam - mənim millətimdir" sözlərini
tez-tez təkrarlayar və Azərbaycan xalqını milli birliyə çağırardı.
Əzizə Cəfərzadənin Azərbaycan elmi və
ədəbiyyatı
qarşısında göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O, müxtəlif fəxri
fərmanlar, "Xalqlar dostluğu"
ordeni və müstəqil Azərbaycanın
ali mükafatı - "Şöhrət"
ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdçüsü idi. Bütün bunlarla bərabər
Əzizə xanımın ən böyük
mükafatı xalqın ona qarşı olan böyük məhəbbəti
idi. Bu sevginin
məntiqi nəticəsi kimi, o, 2001-ci ildə "Azərbaycan anası" və "Xalq yazıçısı" kimi yüksək adlara layiq görülmüşdür.
Elə bu münasibətlə həmin il "Azərbaycan müəllimi" qəzetinin
şöbə müdiri, pedaqoji
elmlər üzrə fəlsəfə doktoru
Şamxəlil Məmmədov "Aləmdə səsi olan insan" adlı publisistik məqaləsində yazmışdir:
"...Şairdir ana,
sözü-söhbəti ilə. Nəgməkardır
ana, dürlü-dürlü
laylaları ilə. Dünyanın ən böyük
rəssamıdır ana, əllərinin
xalıda, xalçada
açdığı naxışları ilə. Həyatda ilk və əbədi
humanist
bir varlıqdır ana, yuxusuz gecələri, qiyməti olmayan yaz ətirli nəvazişi
ilə... Belə qadınlardan biridir Əzizə
Cəfərzadə..."
Bəli, belə Azərbaycan anası idi Əzizə Cəfərzadə. O, 2003-cü il sentyabrın 4-də
ömrünün 82-ci ilində
haqqin dərgahına qovuşmuş və vəsiyyətinə əsasən
Tağılı kəndində
valideynləri və qohumları ilə bir məzarlıqda dəfn olunmuşdur.
Bu il dekabrın 29-da xalq yazıçısı,
müəllim və alim Əzizə Cəfərzadənin 90 illik
yubileyi tamam olur. Bu münasibətlə
keçiriləcək silsilə
tədbirlərə hazırlıq görülür. Görkəmli
yazıçı və
ədəbiyyatşünas, əsl vətəndaş və qayğıkeş insan olan Əzizə
xanımın işıqlı
xatirəsi onu sevənlərin qəlbində
zaman-zaman yaşayacaqdır.
Zaur Fateh
(İbrahimov)
Azərbaycan müəllimi.-
2010.- 24 sentyabr.- S.5.