Kimya dərslərində şagirdlərin
ekoloji biliklərinin inkişaf
etdirilməsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
sərəncamı ilə 2010-cu il ölkəmizdə
"Ekologiya ili" elan olunmuşdur. Bununla əlaqədar
bütün fənn müəllimlərinin,
o cümlədən kimya
müəllimlərinin qarşısında böyük
vəzifələr durur. İlk
öncə şagirdlərə ekologiya elminin nailiyyətlərini, onun
qarşısında duran problem
və vəzifələri çatdırmaq lazımdır. Digər elmlərlə müqayisədə
kimyanın ekologiya ilə daha
çox bağlılığı
vardır. Bu baxımdan kimyadan
əksər mövzuların tədrisində ekologiya
ilə bağlı problemlər əsas məqsəd kimi qarşıya qoyula və
şagirdlərin fəal iştirakı ilə
araşdırıla bilər.
XX əsrin ortalarında baş vermiş elmi-texniki tərəqqi cəmiyyətin inkişafına,
insanların firavan yaşamalarına müsbət
təsir göstərsə
də, dünyada ekoloji tarazlığın
pozulmasına gətirib
çıxarmışdır. Ona görə
də ekologiyanın qorunması hazırda dünya ölkələrinin
qarşısında duran
əsas problemlərdən
biridir. Son illərdə doğma Azərbaycanımız da vüsətlə inkişaf
edərək dünya
ölkələri arasında
layiqli yer tutur. Azərbaycanda bütün sənaye
sahələrində texnoloji
proseslər yeniləşdirilir.
Ölkəmiz ekologiya sahəsində
də dünya səviyyəli müxtəlif
layihələrə və
konsepsiyalara qoşulur.
Son vaxtlar sənaye və iqtisadiyyatın inkişafı ilə əlaqədar neft və təbii qazın emalı geniş vüsət almışdır. Digər tərəfdən, dünya əhalisinin artması da ekoloji durumu gərginləşdirir. Neft-kimya sənayesi məhsullarının, getdikcə artan avtomobillərin havaya buraxdıqları çoxlu miqdarda karbon - dioksid canlıların tənəffüsünü çətinləşdirir, müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
Təbii suların neft və neft məhsulları ilə çirklənməsi daha ağır nəticələr verir. Neft suda yaşayan canlı aləmin hamısı üçün zəhərdir. Suya qarışan neft məhsulları onu səthində nazik pərdə yaradır, bu da oksigenin suya keçməsinə mane olur. Bir damcı neft 1,5-2 m2 suyu pərdə ilə örtür. Dünya miqyasında hidrosferə 12-15 milyon ton neft axıdılır.
"Karbohidrogenlərin təbii mənbələri" mövzusunun tədrisi zamanı təbii suların neft məhsullarından təmizlənməsi üsullarını şagirdlərə sistemli olaraq çatdırıram. Şagirdlərə izah edirəm ki, sudan neft məhsullarının çıxarılmasında ən əlverişli üsullar flokulasiya, flotasiya və adsorbiya üsullarıdır. Flokulasiya irimolekullu birləşmələrin təsiri ilə suda həll olmuş maddələrin kompleks halda çökdürülməsidir. Flokulyant kimi ən çox poliakrilamid adlanan polimerdən istifadə olunur.
Adsorbsiya üsulunda adsorbent kimi aktivləşdirilmiş gildən-silikagel, alümogel və başqalarından istifadə olunur.
Mövzunun tədrisi zamanı şagirdlər təqdim olunan tədqiqat sualları ətrafında apardıqları araşdırmalardan bu nəticəyə gəlirlər. Neft məhsullarından suyun təmizlənməsində flotasiya üsulundan da istifadə olunur. Bu məqsədlə neft məhsulları ilə çirklənmiş sular xüsusi çənlərə doldurulur, onun aşağı hissəsindən təzyiqlə hava vurulur. Bu zaman hava qabarcıqları neft və neft məhsullarını səthə qaldırır. Nisbətən təmiz su isə aşağıda qalır. Respublikamızda flotasiya üsulu daha geniş tətbiq edilir.
Son illər əhalinin artımı ilə əlaqədar sənaye məhsullarının da artımı əsas
problem kimi qarşıda
durur. 1990-cı ildə BMT "Gələcəksiz
inkişaf" layihəsini
irəli sürmüşdür.
Bu layihəyə görə
inkişaf yalnız müasir istehsal texnologiyalarının tətbiqi
ilə ola
bilər. Əgər bu inkişaf
təbiəti çirkləndirirsə,
artan əhali üçün problem yaradarsa,
bu, gələcəksiz
inkişaf kimi qəbul olunur. Belə inkişaf yolverilməzdir.
Sonralar isə BMT tərəfindən
"Davamlı inkişaf"
konsepsiyası irəli
sürülmüşdür. Bu inkişaf gələcək
nəsillər üçün
heç bir ekoloji problem yaratmır.
Davamlı inkişafa
nail olmaq üçün
üç amilin balansını qorumaq vacib şərtdir.
- İqtisadi
inkişaf
- Sosial inkişaf
- Ətraf
mühitin qorunması.
"Davamlı inkişaf" anlayışı ilk dəfə
Norveçdə irəli
sürülmüşdür. Buna görə
də Norveçdə
bu istiqamətdə böyük nailiyyətlər
qazanılmışdır. Hazırda "Davamlı inkişaf" konsepsiyası
bir çox ölkələrin, o cümlədən
Azərbaycan Respublikasının
əsas prioritetlərindən
biridir.
Dərs prosesi ilə yanaşı dərsdənkənar məşğələlərdə,
dərnək və fakültativ kurslarda da şagirdlərlə ekologiya ilə bağlı müxtəlif
istiqamətlərdə iş
aparıram. Onlara bu mövzuda referat və məruzələr verir, şagirdləri müəyyən
layihələrin hazırlanmasına
cəlb edirəm.
Müasir ekoloji tələblər sənaye obyektlərindən
atmosferə, suya və quruya atılan tullantıların
sıfır səviyyəsinə
endirilməsini istiqamətləndirir. Bu yaxınlarda irəli sürülmüş "Sıfır
səviyyəsində tullantılar"
məhz bu məqsədə xidmət
edir.
Son illər ölkəmizdə
bütün regionların
qazlaşdırılması, həmçinin yaşıllaşdırılması
proqramları paralel həyata keçirilir. Qaz ekoloji təmiz yanacaqdır, həm də ağacların qırılmasının qarşısını
alan ən
mühüm vasitədir.
Ətraf mühitin mühafizəsi,
onun ayrı-ayrı elementlərinin qorunub saxlanması təbiətin
tamlığı üçün
vacibdir. Məsələn,
ekologiya meşələrin
mühafizəsi imkanlarını
öyrənir, meşələr
bir tərəfdən
təbiətin bir elementidir, digər tərəfdən meşələr
özü də bitki və heyvanlardan
ibarət bir kompleksdir. Gördüyümüz
kimi, ekologiya Yer kürəsində həyatın saxlanması
və inkişafı üçün olduqca vacib bir istiqamətdir.
Ekoloji biliklər yaş və peşədən asılı
olmayaraq hamı üçün lazımdır.
Hər bir insan, hər bir ziyalı ətraf mühitin qorunmasına öz töhfəsini verməlidir.
Bu işə isə insanlar hələ məktəb illərindən,
sistemli aparılan ekoloji tərbiyə vasitəsi ilə alışmalıdırlar.
Züriyyət SOLTANOVA
Azərbaycan
müəllimi.- 2010.- 24 sentyabr.- S.5.