TQDK-nın nəzdindəki elmi-metodiki seminarlar əhatə
dairəsini genişləndirir
Məlum olduğu kimi,
1994-cü ildən Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının
nəzdində müxtəlif
fənlər üzrə
elmi-metodiki seminarlar fəaliyyət göstərir.
Həmin seminarların
əsas vəzifəsini
fənlər üzrə
qəbul imtahanlarının
məzmununa aid materialların
işlənib hazırlanması,
test toplularının tərtibi,
İnternet vasitəsi
ilə müxtəlif
informasiya xidmətlərinin
göstərilməsi və
digər istiqamətlərdə
sistemli elmi-metodik işlərin aparılması
təşkil edir. Hər il
olduğu kimi, bu il də
oktyabrın 1-dən seminarlar
öz işinə başlayacaq. Bəs son illər, xüsusən də ötən dərs ilində sözügedən elmi-metodiki
seminarların fəaliyyəti
nə ilə əlamətdar olub? Yeni dərs ilində onların işində nə kimi yeniliklər
gözlənilir? Əməkdaşımız həmin suallarla
seminarların təşkilatçısı
və TQDK-da onların fəaliyyətini
tənzimləyən Orta
təhsil üzrə yoxlama-ölçmə materiallarının
işlənməsi sektorunun
müdiri Afiqə Batıyevaya müraciət
etmişdir. A.Batıyeva
demişdir:
- Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası
hər il
müxtəlif təyinatlı
imtahanlar keçirir. Buna
görə də komissiyanın fəaliyyətinin
əsas istiqamətlərindən
birini imtahanın məzmunu ilə bağlı materialların
hazırlanması və
qəbul imtahanına hazırlaşan gənclərə
elmi-metodiki kömək
təşkil edir. İmtahanların məzmununa
aid materiallar dedikdə
qəbul proqramlarının,
imtahan suallarının, yeni
test modellərinin işlənib
hazırlanması nəzərdə
tutulur.
Elmi-metodiki iş silsilə tədbirlər şəklində,
ilboyu ardıcıl
həyata keçirilir.
Buraya fənlər üzrə elmi-metodiki, statistik təhlilli materialların hazırlanması,
onlara dair ekspert şərhləri, çətin test tapşırıqlarına
müvafiq izahların
verilməsi, dərs vəsaitləri, test topluları,
yeni elektron dərs vəsaitlərinin
tərtibi, İnternet
vasitəsilə informasiya
xidmətlərinin göstərilməsi
və s. daxildir.
Bu işlər bilavasitə
TQDK-nın nəzdində
fəaliyyət göstərən
fənlər üzrə
elmi-metodiki seminarlarda həyata keçirilir.
Fənn seminarları
Dövlət Komissiyasında
16 il bundan
əvvəl təşkil
edilib. Hazırda komissiyada 14 fənn
üzrə elmi-metodiki
seminar fəaliyyət göstərir.
Ötən illər
ərzində elmi-metodiki
seminarların işi xeyli təkmilləşib,
fəaliyyət dairəsi
genişlənib.Onların işində
iştirak edən mütəxəssislərin sayı
ildən-ilə artır.
Hazırda seminarlarda
2000-dək orta və ali məktəb
müəllimi, tanınmış
alimlər, Azərbaycan
Milli Elmlər Akademiyasının əməkdaşları,
metodistlər iştirak
edirlər. Bu seminarlar respublikanın pedaqoji ictimaiyyəti üçün açıqdır.
Arzu edən hər bir şəxs
TQDK-nın Orta təhsil üzrə yoxlama-ölçmə materiallarının
işlənməsi sektorunda
qeydiyyatdan keçərək, müvafiq
seminarın işində
iştirak edə bilər.
Qeyd edim ki, indiyədək
seminarlarda əsas etibarı ilə Bakı və Sumqayıt şəhərlərindən
olan təhsil işçiləri iştirak
edirdilər. Lakin artıq Naxçıvan
MR-də, Gəncədə,
Lənkəranda, Şəkidə
və Qubada da TQDK-nın regional bölmələri fəaliyyət
göstərir. Bu bölmələrin fəaliyyətinin
əsas istiqamətlərindən
biri həmin bölgələrdə elmi-metodiki
seminarların təşkilidir.
Ötən dərs ilində TQDK-nın aparıcı ekspertlərinin
iştirakı ilə
ilk dəfə olaraq respublikanın müxtəlif
bölgələrində - Naxçıvan, Lənkəran,
Gəncə, Şəki,
Quba və Ağstafa şəhərlərində
Azərbaycan dili, riyaziyyat, fizika və tarix fənləri
üzrə eimi-metodiki
seminarlar keçirilmiş
və İnternet proqramlarının tətbiqi
sayəsində TQDK ilə
canlı videobağlantılar
təşkil edilmişdir.
Qeyd olunan bölgələrin müəllimlərinin
iştirakı ilə
keçirilən seminarlarda
qəbul proqramlarının
müzakirəsi aparılmış,
qəbul imtahanlarında
istifadə edilmiş test tapşırıqları təhlil
edilmiş, test tərtibi
metodikası ilə bağlı treninqlər keçirilmişdir.Bu seminarlardan
sonra bölgələrdən
olan test tərtibçilərinin
sayı artmışdır. Nəticədə
builki qəbul imtahanları üçün
sual kitabçalarının
hazırlanması bunkerinə
Lənkəran rayonunun
Şürük kənd
orta məktəbinin riyaziyyat
müəllimi Namiq Bağırov dəvət
edilmişdir. Yeri gəlmişkən qeyd edim ki, ötən
il Gəncə
şəhərindən ingilis
dili müəllimi Kənan Tahirov da bunkerə dəvət olunmuşdu.
Biz istərdik ki, digər bölgələrdən
də tədris prosesində müəyyən
nailiyyətləri olan,
fənnini dərindən
bilən, testologiyadan xəbəri olan müəllimlər seminarların
işində fəal iştirak etsinlər, test tərtibi metodikasına yiyələnsinlər. Belə olan
təqdirdə gələcəkdə
onlar da bunkerə dəvət oluna, test tapşırıqlarının
ekspertizasında iştirak
edə bilərlər.
2010-cu il oktyabrın 1-dən
seminarlar öz işinə başlayır. Bu barədə
artıq ali məktəblərə, Bakı və
Sumqayıtın təhsili idarəetmə orqanlarına rəsmi
məktub göndərilmiş, TQDK-nın İnternet
saytında ətraflı məlumat
yerləşdirilmişdir. Seminarlar ayrı-ayrı fənlər
üzrə eyni vaxtda həm
TQDK-nın binasında, həm də
bütün regional bölmələrdə keçiriləcək
və videobağlantılar təşkil olunacaqdır. Regional
bölmələrin ünvanları belədir:
Naxçıvan şəhəri, Nizami küçəsi, 10;
Gəncə şəhəri, Heydər Əliyev meydanı,
İcra hakimiyyətinin inzibati binası; Lənkəran şəhəri,
H.Aslanov xiyabanı, 52; Şəki şəhəri, M.Ə.Rəsulzadə
prospekti, 182; Quba şəhəri, Fətəlixan küçəsi,
8.
Fəaliyyəti çoxşaxəli
olan fənn seminarlarında bir neçə istiqamətdə iş
aparılır.
Məlumat
üçün bildirim ki, TQDK imtahanın məzmunu ilə bağlı
materialların hazırlanmasında başlıca standart kimi
orta ümumtəhsil məktəblərində fənlər üzrə qüvvədə
olan tədris proqramlarını və dərslikləri əsas götürür. Bunlar əsasında elmi-metodiki seminarlarda
ayrı-ayrı ixtisas qruplarının profil xüsusiyyətləri
nəzərə alınmaqla qəbul
proqramları hazırlanır.
Seminarlarda ali məktəblərə qəbul
imtahanlarında bütün ixtisas qruplarında
ayrı-ayrı fənlərdən istifadə edilmiş test
tapşırıqlarının elmi-metodiki və statistik təhlili
aparılır, bunun nəticəsində qəbul
imtahanları üçün yeni test modelləri
hazırlanır.
Son illər test modellərində
daha çox məntiqi düşüncəyə, nəzəri
biliklərin tətbiqinə, hadisə və proseslərin
mahiyyətinin dərk edilməsinə əsaslanan
tapşırıqlara üstünlük verilir. Bu da təbiidir.
Çünki müasir dövrdə
həm dünyada, həm də respublikamızda əmək
bazarına bütün istiqamətlər
üzrə yüksək məntiqi
təfəkkürə malik, qazanılmış bilikləri
praktikada tətbiq etməyi
bacaran mütəxəssislər lazımdır. Ona görə
də qəbul imtahanlarında belə test tapşırıqlarına üstünlük verilir.
Qəbul proqramları və
test modelləri hər il yanvar
ayında "Abituriyent" jurnalının birinci sayında
çap olunur. Beləliklə, hələ ilin əvvəlindən
həmin ildə ali məktəblərə qəbul
imtahanlarında hansı tipli, nə kimi mürəkkəblik dərəcəsinə
malik test tapşırıqlarının ola bilməsi
haqqında ictimaiyyətə məlumat verilir. Test modelinin tiplərinə uyğun test
tapşırıqları sınaq imtahanlarında
yoxlanılır.
Elmi-metodiki və
statistik təhlil nəticəsində həmçinin,
abituriyentlərin qəbul imtahanında zəif cavab verdikləri test
tapşırıqları müəyyənləşdirilir,
xarakterik səhvlər araşdırılır və
onların izahına dair metodiki
tövsiyələr
hazırlanır. Bu tövsiyələr də hər
il "Abituriyent"
jurnalının ikinci sayında
dərc olunur. Təcrübə
göstərir ki, belə
materiallar imtahana hazırlaşmaqda abituriyentlərə
çox kömək edir və öz müsbət təsirini
göstərir.
Məlumdur ki, təlimin
qarşısında duran mühüm vəzifələrdən
biri şagirdləri özünütəhsilə - müstəqil
təhsilə hazırlamaqdır. TQDK bunu nəzərə
alaraq, fənlər üzrə
qəbul proqramlarının məzmun
və tələbinə
uyğun olan vəsaitlər
hazırlayıb nəşr edir. "Kimya",
"Riyaziyyat", "Fizika", "Tarix" ,
"Coğrafiya","Rus dili", "İngilis dili",
"Alman dili", "Azərbaycan dili", "Ədəbiyyat"
və "Biologiya" ("Botanika") vəsaitlərini
buna misal göstərə bilərəm. Digər fənlərdən
də vəsaitlər yaxın vaxtlarda işıq üzü
görəcəkdir. Bu vəsaitlər abituriyentlərin orta məktəb dərsliklərindən
öyrəndikləri bilikləri tamamlayır, sistemləşdirir
və qəbul proqramı üzrə biliklərin möhkəmləndirilməsi
üçün təkrarlamada əhəmiyyətli rol
oynayır. Vəsaitlər abituriyentlərə öz üzərlərində
müstəqil çalışmaq imkanı verir.
Çünki burada nəzəri materialla bərabər, həm
də kifayət qədər məntiqi düşüncəyə
əsaslanan, nəzəri biliklərin tətbiqini tələb
edən test tapşırıqlarının izahlı şərhləri
də verilir.
Bundan əlavə,
TQDK-da siniflər üzrə orta məktəb dərsliklərinə,
tədris proqramlarına tam uyğun olan test topluları da
hazırlanmışdır. Həmin toplulardakı test
tapşırıqları tədris proqramındakı
yarımillik və illik materiallara
müvafiqdir. Mənə elə gəlir ki, bu toplular orta
məktəbdə formativ və summativ qiymətləndirmənin
aparılması üçün çox faydalı
materiallardır.Eyni zamanda, siniflər üzrə test
toplularının elektron versiyaları hazırlanıb
abituriyentlərin istifadəsinə verilmişdir.
Hər il seminarlarda həm
vəsaitlər, həm də test topluları üzərində
təkmilləşdirmə işləri aparılır, cari
ildə tədris proqramları və dərsliklərdə
edilmiş dəyişikliklər nəzərə
alınır. Yeri gəlmişkən qeyd edim ki, qəbul
imtahanları üçün
testlər bankı da hər il təkmilləşdirilir və
yeni yazılmış test tapşırıqları
hesabına zənginləşdirilir.
Seminarlarda aparılan işin bir istiqaməti də dərsliklərin müzakirəsidir. Cari ildə respublikanın
orta ümumtəhsil məktəblərində qüvvədə
olan dərsliklər geniş müzakirə olunur. Həmin müzakirələrin nəticəsi Təhsil Nazirliyinə göndərilir.
Nazirlikdə onlara baxılır
və dərsliklər
yenidən nəşrə
hazırlanarkən nəzərə
alınır.
Eyni zamanda seminarlarda dünyanın müxtəlif ölkələrində
qəbul imtahanlarında
istifadə olunan testlər
də mütəmadi olaraq təhlil olunur və lazımi nəticələr
çıxarılır. Məsələn,
ötən illərdə
Türkiyə Respublikası,
ABŞ, İngiltərə, Avstraliya, Rusiya Federasiyası, Qazaxıstan,
Gürcüstan, Litva və s. ölkələrin
materialları təhlil
edilmişdir.
Seminarlarda habelə
test tərtibi ilə
bağlı mühazirələr
də təşkil olunur.
Mühazirələrdə məqsəd
seminara yeni gələn mütəxəssislərə
test tərtibinin elmi-metodiki
prinsipləri və onlara verilən tələblər, yəni
onların mürəkkəblik dərəcəsi
və qabiliyyət göstəriciləri barədə
məlumat verməkdir.
Axı hər il seminarların
tərkibi yeni mütəxəssis və
müəllimlər hesabına
yeniləşir.
2010-2011-ci tədris
ilində ali
məktəblərə tələbə
qəbulu imtahanlarında
yenilik olaraq açıq tipli test tapşırıqlarından istifadə
edilməsi nəzərdə
tutulur. Bu barədə
2010-cu il "Abituriyent" jurnalının
1-ci sayinda test tapşırıqlarının
nümunələri verilmişdir.
Bu il də
seminarlarda qapalı və açıq testlərin tərtibi metodikası ilə bağlı mühazirələr
təşkil olunacaq və treninqlər keçiriləcəkdir.
TQDK-da həyata keçirilən bütün bu işlər beynəlxalq standartlara tam uyğundur. Bunu dəfələrlə komissiyada olan və audit aparan beynəlxalq ekspertlər də qeyd ediblər. MDB məkanında ilk dəfə olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkilatçılığı ilə 2007-ci ilin sentyabr ayında və 2009-cu ilin may ayında Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyasının (İAEA) 33-cü Beynəlxalq Konfransı və "Təhsildə qiymətləndirmə: müasir vəziyyət və inkişaf perspektivləri" mövzusunda regional konfrans keçirilmişdir. Konfransın təşkilinin TQDK-ya həvalə olunması təsadüfi deyil. Bu, təhsildə qiymətləndirmə sahəsində dünyada ən nüfuzlu təşkilatın TQDK-nın biliyin qiymətləndirilməsi sahəsində apardığı işləri yüksək dəyərləndirməsi ilə əlaqədardır.
Sonda mən respublikanın pedaqoji ictimaiyyətini yeni dərs ilinin başlanması münasibətilə təbrik edir, üzümü müəllimlərə tutaraq onları elmi-metodiki seminarlarda yaxından iştiraka dəvət edirəm.
Qələmə aldı: Y.ƏLİYEV
Azərbaycan müəllimi.- 2010.- 24 sentyabr.- S.7.