"Ekologiya ili" çərçivəsində tədbir
Sentyabrın 21-də Bakının Badamdar qəsəbəsindəki 239 nömrəli orta məktəbdə Beynəlxalq Sülh Günü və "Ekologiya ili" çərçivəsində "Adama bir ağac əkək" devizi altında tədbir keçirildi.
Məktəbin həyətində təşkil olunmuş tədbiri giriş sözü ilə təhsil ocağının direktoru Sədaqət Əzimova açaraq mərasimin mahiyyəti haqqında geniş məlumat verdi. Sonra tədbir iştirakçıları məktəb kollektivi ilə birlikdə həyətyanı sahədəki boş yerlərdə müxtəlif növ ağac tingləri əkdilər, habelə, əvvəllər şagirdlərin əkdikləri şam, sərv, zeytun ağaclarını, kolları və bir-birindən gözəl dibçək güllərini suladılar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Əfqan İsgəndərov və digər qonaqlar belə tədbirləri əhəmiyyətli və yaddaqalan hesab etdilər, özləri də ağacəkmə kampaniyasına qoşuldular. Həmin gün məktəbin həyətində 150-yə yaxın şam, sərv və zeytun ağacları əkildi.
Rəşad ZİYADOV
Azərbaycan müəllimi.- 2010.- 24 sentyabr.- S.7.