130 yaşlı məktəb dərs ilini yeni binada
qarşıladı
XIX əsrin sonlarında Azərbaycanın qabaqcıl fikirli ziyalıları xalqın balalarının dünyəvi təhsil alması üçün yeni üsullu məktəblər açırdılar. Belə məktəblərdən biri də Ağsu rayonunun Kalva kəndində 130 yaşı tamam olan təhsil ocağıdır.
Mənbələrdə göstərilir ki, hələ 1881-1891-ci illərdə Kalvada yeni üsullu məktəb olub. Məktəb Osman adlı bir kənd sakininin evində fəaliyyət göstərib. Məktəbin 36 şagirdi olub. Tanınmış pedaqoq Soltan Məcid Əfəndiyev məktəbə gələr, dərslərdə oturar, məsləhətlər verərmiş.
Böyük maarifçi Mahmud bəy Mahmudbəyov Kalva kənd məktəbinin ilk müəllimlərindən olmuşdur.
1924-cü ildə Kalva kəndində ibtidai məktəb üçün yeni bina tikilib.
1933-cü ildə bu təhsil ocağı yeddiillik məktəbə, 1938-ci ildə isə orta məktəbə çevrilib.
Məktəbimizin yüzlərlə məzunu müxtəlif ali məktəbləri bitirib respublikamızın rayon və kəndlərində işləyir. Məktəbin ilk şagirdləri olmuş və sonra məktəbdə müəllim işləmiş S.Zeynalovun, M.Hacıyevin pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib.
Məktəbin məzunu, hazırda Şamaxı şəhər orta məktəbində işləyən Həbibə Eldarova 2007-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb, 2008-2009-cu tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub.
Bu günlər sevincimizin həddi-hüdudu yoxdur. Dərs ilinə müasir tələblərə tam cavab verən yeni tikilmiş məktəb binasında başlamışıq.
Birmərtəbəli
220 şagird yerlik yeni məktəb binası
dövlət vəsaiti
hesabına inşa olunub. Müasir
avadanlıqlarla tam təmin olunmuş məktəbimizdə 10 sinif otağı, fizika, kimya, informatika kabinetləri,
akt və idman
zalları var. Tədris ocağında istilik sistemi
quraşdırılıb.
Sentyabrın 15-də - dərs ilinin ilk günündə məktəbimizin
yeni binasının açılışı oldu.
Kollektivimiz yeni tikilmiş məktəb binasını
dövlətimizin təhsilimizə
qayğısı kimi
dəyərləndirir. Bu bizi biliklərin əsaslarına, milli mənəvi dəyərlərimizə
dərindən yiyələnən,
Vətənimizi, xalqımızı
dərin məhəbbətlə
sevən, ona sadiq olan gənclər
yetişdirməyə səsləyir.
Qadir ELDAROV
Azərbaycan müəllimi.-
2010.- 24 sentyabr.- S.7.