ADU-da 20 Yanvar şəhidi Ülvi Bünyadzadə anıldı

 

Azərbaycan Dillər Universitetində sentyabrın 23-də 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 41 illiyi münasibətilə anım mərasimi keçirildi. Mərasimdən əvvəl universitetin müəllim-tələbə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, şəhidin məzarı önünə qərənfillər düzdülər. Tədbir ADU-da şəhidin adını daşıyan muzey-lektoriyanın qarşısında  davam etdirildi.  Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mərasimdə ADU-nun elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev və Ülvinin atası Yusif  Bünyadzadə iştirak edirdilər. Tədbiri Tələbə Gənclər Təşkilatı nəzdində " Ülvi"  vətənpərvər klubunun sədri, tərcümə fakültəsinin tələbəsi Kamil Zeynalov açaraq  Ülvinin şücaətindən danışdı.

Mərasimdə çıxış edən ADU-nun elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov Azərbaycan xalqının azadlıq uğrunda  apardığı mübarizədə minlərlə oğul və qızımızın öz canlarını fəda etmələrindən və onların şəhidlik zirvəsinə ucaldıqlarından danışdı.  Prorektor bildirdi ki, Ülvi Bünyadzadənin əziz xatirəsi daim xatirələrdə canlanacaq və qəhrəmanlığı digərlərinə də nümunə olacaq.

 Sonra çıxış edən fəlsəfə kafedrasının  professoru  Məhəmməd Teymurlu Ülvi haqqında xatirələrdən söhbət açdı. Şəhidin  ADU-da  təhsil alan hər bir tələbənin cəsarət nümunəsinə çevriləcəyindən danışan M.Teymurlu Ülvinin qəlblərdə  əbədi məşəl yandırdığını qeyd etdi. 

  Ülvinin qəhrəmanlığından, cəsarətindən  ADU-nun  tələbələri də danışdılar. Filologiya fakültəsinin 4-cü kurs tələbəsi  Könül Yaqubova  Ülvinin onun üçün qürur mənbəyi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı: "Mən fəxr edirəm ki, Ülvinin  təhsil aldığı universitetdə oxuyur, onun  oturduğu auditoriyada  dərs keçirəm".

ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin  273-cü qrup tələbəsi Əmir Hacılı    359-cu qrup tələbəsi  Aytən Hüseynova Ülvinin əsgərlik xatirələrindəki şeirlərini söylədilər.

 Mərasimin sonunda  Ülvinin atası Yusif  Bünyadzadə çıxış edərək oğlunun Vətənə olan sevgisindən söz açdı. Azərbaycanın qəhrəman oğullar yetişdirdiyinə toxunan Y.Bünyadzadə Ülvinin göstərdiyi igidliyə görə fəxr etdiyini dedi.  O, universitetin rektoru, professor Səməd Seyidova və tədbiri təşkil edənlərə öz minnətdarlığını bildirdi.

 

 

Z.KAZIMOVA

 

Azərbaycan müəllimi.- 2010.- 24 sentyabr.- S.4.