"Biliklər Mərkəzi Azərbaycan" "START UP" layihəsi qaliblərinin adlarını açıqlayıb

 

Sentyabrın 14-də "Biliklər Mərkəzi Azərbaycan" tərəfindən "START UP" layihəsi çərçivəsində həyata keçirilən müsabiqənin qaliblərinə təntənəli şəkildə mükafatlar təqdim olunub. Dörd tələbə  "Biliklər Mərkəzi Azərbaycan" bazası əsasında CİSCO şirkətinin sertifikatlaşdırılmış istiqamətlərindən biri üzrə təhsil almaq üçün dəyəri 10000 ABŞ dollarına ekvivalent məbləğdə qrant əldə edib.

"START UP" layihəsinin qaliblərinin mükafatlandırma mərasimində layihənin əsas tərəfdaşlarının - Azercell, Caspel, Xalq Bank, R.I.S.K şirkətlərinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri, həmçinin layihənin informasiya tərəfdaşları - e-Azərbaycan, İnfo, İNFOCity, Compuser və IRES iştirak ediblər.

Layihənin qalibləri "Biliklər Mərkəzi Azərbaycan" bazası əsasında CİSCO şirkətinin sertifikatlaşdırılmış istiqamətlərindən biri üzrə bir il ərzində təhsil alacaqlar. Bundan başqa, tələbələr Azərbaycanın aparıcı şirkətlərində, layihənin baş tərəfdaşları olan Azercell, Caspel, Xalq Bank, R.I.S.K şirkətlərində təcrübə keçəcəklər, eyni zamanda, beynəlxalq test mərkəzində müvafiq sertifikat almaq üçün imtahan vermək imkanı əldə edəcəklər.

Bundan əlavə, "Biliklər Mərkəzi Azərbaycan" müsabiqəsinin qalib olmayan yeddi finalçısına CİSCO-nun istiqamətlərindən biri üzrə (CCNP, CCVP, CCSP, CCIP) 50% endirimlə təlim keçmələri üçün sertifikatlar təqdim edilib.

İxtisas yönümlü təhsilin hər bir yuxarı kurs tələbəsi 2010-cu il iyunun 1-də başlamış müsabiqənin seçim turunda iştirak etmək layihənin iştirakçısı olmaq imkanı əldə edib. Bakının ali təhsil müəssisələrinin onlarla tələbəsi bu imkandan istifadə edib. Anketlərini göndərən iştirakçıların təxminən yarısı ikinci mərhələdəki sınağı uğurla keçə biliblər. Son mərhələdə finalçıları "Biliklər Mərkəzi"nin layihənin əsas tərəfdaşlarının nümayəndələri ilə müsahibə gözləyib. Nəticədə, 4 qalib seçilib onların adları mətbuat konfransında açıqlanıb.

"START UP" layihəsinin qalibləri:

Teymur Şamilov, Azərbaycan Dövlət Texniki Universitetinin tələbəsi, CCNP (CİSCO Certified Network Professional) istiqaməti üzrə təhsil alacaq və "Azercell Telecom" şirkətində təcrübə keçəcək.

Kamran Kəbərlinski, Moskva Dövlət Universitetinin Bakı filialının tələbəsi, CCVP (CİSCO Certified Voice Professional) istiqaməti üzrə təhsil alacaq və Xalq Bank şirkətində təcrübə keçəcək.

Emil Mirəliyev,  Moskva Dövlət Universitetinin Bakı filialının tələbəsi, CCSP (CİSCO Certified Security Professional) istiqaməti üzrə təhsil alacaq və "Xalq Bank" şirkətində təcrübə keçəcək.

Şahin Süleymanov, Bakı Dövlət Universitetinin tələbəsi, CCIP (CİSCO Certified Internetwork Professional)  istiqaməti üzrə təhsil alacaq və "R.I.S.K" şirkətində təcrübə keçəcək.

Qaliblərin "Biliklər Mərkəzi Azərbaycan" şirkətinin bazasının proqramları əsasında təlimi sentyabrın 20-də başlayıb.

Xatırladaq ki, "START UP" layihəsi - Azərbaycan tələbələri arasında "Biliklər Mərkəzi" şirkətinin ixtisaslaşdırılmış peşəkar təlimlərinə qrant alınması üzrə keçirilən ilk müsabiqədir. Müsabiqə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunub. "START UP" layihəsinin əsas məqsədi informasiya texnologiyaları sahəsində peşəkar olmaq arzusunda olan gənc mütəxəssislərin ixtisas səviyyəsinin artırılıması, istedadlı tələbələrə Azərbaycanın aparıcı şirkətlərində yaxşı yeri əldə etmək imkanının verilməsi və informasiya texnologiyaları sahəsinin sürətlə inkişaf etdiyi bir dövrdə ölkənin kadr potensialının inkişaf etdirilməsindən ibarətdir.

"Biliklər Mərkəzi Azərbaycan" Avropanın ən iri peşəkar İT-təlim mərkəzlərindən olan "Biliklər Mərkəzi"nin filialıdır. Mərkəzin baş ofisi Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşir. 

 

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2010.- 24 sentyabr.- S.5.