BDU-da Özbəkistan
Respublikasının Prezidenti
İslam Kərimovun kitabının təqdimat
mərasimi keçirilib
Bakı Dövlət
Universitetində Özbəkistan
Respublikasının Prezidenti
İslam Kərimovun Azərbaycan dilində çapdan çıxan
"Yüksək mənəviyyat
- yenilməz güc"
adlı kitabının
təqdimat mərasimi
keçirilib. Tədbiri
açan BDU-nun rektoru,
akademik Abel Məhərrəmov
deyib ki, kitabın Azərbaycanın
geniş oxucu kütləsinə çatdırılması
heç də təsadüfi deyil. Özbək və Azərbaycan xalqlarını
yaxın adət və ənənələr,
ümumi dil qrupu, mədəniyyət və din birləşdirir.
Ən qədim dövrlərdən bu iki xalq arasında
etnik, mədəni, siyasi və iqtisadi sahələrdə
sıx əlaqələr
mövcud olub, ən ağır anlarda xalqlarımız bir-birinə arxa, kömək durublar.
"Müasir
dövrdə Azərbaycan-Özbəkistan
əlaqələrinin inkişafında
ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı,
Prezident İlham Əliyevin və Prezident İslam Kərimovun xüsusi rolu var", - deyən rektor keçən əsrin sonlarından etibarən yeni mərhələyə
qədəm qoyan Azərbaycan-Özbəkistan əlaqələrinin
son illər ölkə
prezidentlərinin qarşılıqlı
səfərləri, onların
şəxsi dostluq münasibətləri sayəsində
daha yüksək səviyyəyə qalxdığından
bəhs edib. Bildirib ki, Azərbaycanda
özbək mədəniyyəti
və ədəbiyyatına,
Özbəkistanda isə
Azərbaycan mədəniyyəti
və ədəbiyyatına
həmişə böyük
maraq olub. Özbəkistanda Nizami, Füzuli kimi dahi şairlərin, Azərbaycanda isə Əlişir Nəvainin əsərləri hamının
dönə-dönə müraciət
etdiyi, sevə-sevə
oxuduğu, bəhrələndiyi
əsərlərdəndir.
Akademik Abel Məhərrəmov qeyd edib ki, təqdimatına
toplaşdığımız "Yüksək mənəviyyat-yenilməz
güc" adlı kitab bəşəri dəyər olan milli mənəviyyatdan, onun məna və məzmunundan bəhs edir. Əsərdə
müəllif bu anlayışın məna
və məzmununu, onu formalaşdıran əsas meyarları, maddi və mənəvi
həyatın uyğunluğunu,
mənəviyyatın insanların
və cəmiyyətin
həyatında tutduğu
yeri və əhəmiyyəti açıqlayıb,
qloballaşan dünyada
milli mənəviyyatın
qorunub saxlanması, inkişaf etdirilməsi məsələsinə toxunub,
bunun yollarını göstərib.
Özbəkistanın ölkəmizdəki
səfiri İsmətulla
İlqaşov kitabın təqdimatının
yüksək səviyyədə
təşkil olunmasına görə rektor, akademik Abel Məhərrəmova
təşəkkür edib.
Bildirib ki, Prezident İslam Kərimovun "Yuksək mənəviyyat - yenilməz
güc" adlı kitabının Azərbaycan
dilinə tərcüməsi
və təqdimatının
təşkil edilməsi
ölkələrarası dostluq
və əməkdaşlığın
daha da genişləndirilməsinə,
münasibətlərdə yeni səhifələr açılmasına təkan
verəcək: "Özbəkistan
müstəqillik əldə
etdikdən sonra milli kimlik, mənəvi zənginlik dövlətin əsas prioritetlərindəndir", - deyən
səfir sadə dildə yazılmış
kitabın Prezident
İslam Kərimovun öz analizləri, tədqiqatları əsasında
qələmə alındığını vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin
sədri, Şeyxülislam
Hacı Allahşükür
Paşazadə bu günü həyatında
əlamətdar hadisələrdən
sayıb. İslam Kərimovla 20 illik
dostluq tellərindən
danışan Şeyx
kitab qələmə
alınmamış Özbəkistan
Prezidenti ilə bu haqda söhbətlərinin
olduğunu diqqətə
çatdırıb və
bütövlükdə kitabı
təkcə özbək
xalqının yox, bütün bəşər
cəmiyyətinin gələcək
rifahına xidmət edəcək əsər kimi səciyyələndirib.
Özbək xalqının hər
zaman Azərbaycanın
yanında olduğunu,
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
nizamlanması istiqamətində
Azərbaycanın mövqeyini
dəstəklədiyini deyib.
Milli Məclisin Aqrar Siyasət Daimi Komitəsinin sədri Eldar İbrahimov isə əsəri bütün xalqlar üçün əhəmiyyətli
hesab edib. O, xüsusən
Özbəkistanın Ermənistanla
heç bir diplomatik əlaqə qurmadığını önə
çəkib.
Milli Məclisin deputatı Nizami Cəfərov kitabın 4 əsas cəhəti haqqında danışıb. Qeyd edib ki, əsər mənəviyyatın
fəlsəfi şərhi,
mənəviyyatda müstəqillik,
mənəviyyatın təhdidi
və dövlətin,
cəmiyyətin yüksəlişinin
sütunu olan mənəviyyat məsələləri
ilə xarakterikdir.
Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin üzvü,
kitabın tərtibçisi
və buraxılışa
məsul Eldar Məmmədov, əsəri
Azərbaycan dilinə
tərcümə edən
Yaşar Qasımbəyli
də kitab haqqında fikir və mülahizələrini
bildiriblər.
Pərvanə İBRAHİMOVA
Azərbaycan müəllimi.- 2010.- 24 sentyabr.- S.2.