Valideyn nəzarəti üçün
yeni imkanlar
Təhsil Portalında (www.edu.az) yerləşən Elektron Dərslər İdarəetmə Proqramı AeL-ə loqo-linkinə daxil olan valideyn şagirdin qiymətləri və davamiyyəti haqqında məlumatları öyrənə bilər. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində yaradılan təhsil portalında bu məlumatlar valideynin elektron nəzarət səhifəsində yerləşdirilir.
Elektron nəzarət səhifəsində şagirdin Məktəbli kitabçası və Davamiyyət jurnalı yerləşdirilmişdir. Burada valideynlər şagirdin qiymətləri, davamiyyəti haqqında məlumat əldə edə bilərlər. Bundan əlavə, proqram vasitəsilə məktəbin direktorluğu, müəllimləri və digər valideynlər ilə interaktiv ünsiyyət saxlamaq, məktəbin fəaliyyəti ilə bağlı elanlar (valideyn iclasları, yığıncaqlar, iməciliklər) ilə tanış olmaq imkanı da vardır. Tədrisin idarəolunmasının avtomatlaşdırılması qiymətlərin onlayn olaraq avtomatik məktəb idarəetmə proqramından daxil edilməsinə şərait yaradır. Bu isə şagirdə qiymət qoyulduğu anda valideynin bu məlumatı İnternet vasitəsilə görə bilməsinə imkan verir.
Proqram təminatı hər bir valideynə yalnız onun
övladının qiymətlərinə
elektron jurnalda baxmaq imkanı yaradır. Valideynlər üçün nəzarət səhifəsinin
olması gündəlikləri mütəmadi yoxlama
prosedurunu da aradan qaldırır. Həmçinin, elektron nəzarət səhifəsini informasiya nöqteyi-nəzərindən valideyn iclasında iştirakla
müqayisə etmək olar.
Valideyn iclaslarında
iştirak edə bilməyənlər bütün məlumatları
nəzarət səhifəsindən əldə edə biləcəklər.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2010.- 24 sentyabr.- S.2.