"Azad bir quşdum..."

 

Cəfər Cabbarlı-110  

 

Gənclik illərimdə mənim üçün ən sevimli Azərbaycan yazıçısı Cəfər Cabbarlı idi. Onun pyeslərini dəfələrlə oxumuşdum. "Aydın" və "Oqtay Eloğlu" mənə xüsusi təsir bağışlamışdı. Maraqlıdır ki, neçə ildən sonra, belə demək mümkünsə, "bir ömür keçdikdən sonra" C.Cabbarlı yaradıcılığını yenidən vərəqləyəndə, yaxud xəyalən nəzər salanda məni yenə də hamısından çox bu iki pyes cəlb edir.

Dramaturqun bütün ədəbi irsindən müasir teatrı məhz "Aydın" pyesinin maraqlandırması elə bilirəm təsadüfi deyil. Mərhum aktyor və rejissor Mikayıl Mirzə bu əsəri Milli Dram Teatrında tamaşaya qoydu. Mərhum dostum bəstəkar Emin Sabitoğlu "Oqtay" operası barədə düşünürdü və məndən libretto yazmağı xahiş etmişdi. Razılıq versəm də, təəssüf ki, sözümə əməl edə bilmədim.

Bu əsərlərin xüsusi aurası nədədir? Hər iki pyes sovet dövrünə qədərki vaxtda yazılıb, lakin C.Cabbarlının digər bəzi pyesləri də - "Vəfalı Səriyyə", "Solğun çiçəklər", "Nəsrəddin şah", "Ədirnə fəthi", "Bakı müharibəsi", "Trablis müharibəsi" (Trablis - Liviyada Tripoli şəhəri) həmin illərdə qələmə alınıb.

Cabbarlının ilk pyesləri - "Vəfalı Səriyyə" və "Solğun çiçəklər" özlərinin sentimental ruhuna görə yaxındır. Maraqlıdır ki, bu iki pyesi birləşdirmək kiminsə fikrinə gəlmişdi və mən həmin tamaşanı görmüşdüm - özgəlik duyulmurdu, orqanik təsir bağışlayırdı.

"Nəsrəddin şah" Nəriman Nərimanovun "Nadir şah" və Əbdürrəhim bəy Haqverdiyevin "Ağaməhəmməd Şah Qacar" milli tarixi pyesləri ənənələri səpkisində yazılmışdır. Yuxarıda xatırlanan sovet dövrünə qədərki digər pyeslərin vətənpərvərlik pafosu onların estetik dəyərinə bir şey əlavə etmir. Yalnız sovet dövrünə qədərki iki pyes - "Aydın" və "Oqtay Eloğlu" Cəfər Cabbarlının dramatik istedadının qüdrətini aşkar göstərir.

C.Cabbarlı şeirlər də yazmışdır. Vətənpərvərlik, yaxud lirik ruhda qələmə aldığı şeirlər, eləcə də "Qız qalası" poeması onun poetik istedadını təsdiq edir. Cəfər Cabbarlının maraqlı hekayələri, ədəbiyyat və teatr mövzularında çoxlu məqalələri var. Lakin bu fenomenal istedada malik sənətkarın başlıca özünüifadə sahəsi dramaturgiyadır, yaxud bir az da geniş aspektdə desək - teatrdır, çünki o, bəzən rejissor kimi də çıxış etmişdir. Cabbarlını Allah dramaturq yaratmışdı - mürəkkəb kolliziyalar, doluqanlı xarakterlər, kəskin, yaddaqalan dialoqlar ustasıydı. Canlı danışıq dili, şirin yumor, ictimai aktuallıq - bütün bu keyfiyyətlər sovet dövründə yaratdığı əsərlərində - "Sevil", "Od gəlini", "1905-ci ildə", "Almaz", "Yaşar", "Dönüş" pyeslərində də parlaq şəkildə ifadəsini tapmışdır. Ancaq mən nəyə görə dramaturqun yaradıcılığının ilk dövrlərində yazdığı əsərlərini- "Aydın" və "Oqtay Eloğlu"nu ayrıca qeyd edirəm? Əvvələn, bu pyeslər müəllifin digər ilk təcrübələrindən fərqli olaraq, kamil sənətkar qələmiylə yazılmışdır (hərçənd həmin illər yaşı iyirmidən bir az artıq olardı). İkincisi, nə qədər qəribə olsa da, gənc yaşda belə sənətkarlıqla yazılmış "Aydın" və "Oqtay Eloğlu"da - müəllifin sovet dövrü dramaturgiyasının digər nümunələrində müşahidə etdiyimizdən fərqli olaraq, azacıq da olsa ictimai sifariş əlaməti görünmür. Bu pyeslər yalnız ürəyin istəyi ilə yazılmışdır.

Sovet dövrü pyeslərində isə, - məsələn, "Almaz", "Yaşar" qismən də "Sevil"də, belə demək mümkünsə, elə bil nəsə bir məcburilik hiss olunur. Digər surətlərin doluqanlı, canlı obrazları ilə yanaşı, "Almaz" və "Yaşar" pyeslərinin baş qəhrəmanları müəyyən insani keyfiyyətlərin, xarakterin fərdi cizgilərinin təcəssümü deyil, qeyri-təbii, müəyyən ideyanın ruporu kimi görünür.

Belə surətlərdən biri "Sevil" pyesindəki Gülüş idi, ancaq o, əsərdə ikinci dərəcəli obrazdır, xüsusilə Sevilin özü. Balaş, Dilbər (Edilya) kimi canlı surətlərin, Əbdüləli bəy və Məmmədəli bəy kimi satirik tiplərin fonunda elə də fərqlənmir. "Almaz"ın özündə, yaxud "Yaşar"da baş qəhrəmanlar, əsasən mənfi qəhrəman sayılanların aydın, dolğun verilmiş xarakterləri fonunda yad xal təsiri bağışlayır. Bu pyeslərdə dramaturq sovet estetikasının tam müsbət sayılan qəhrəmanın mənfi hallara maneəsiz qarşı qoyulması barədə normativ tələblərinə sanki məcburən əməl etmiş olurdu. Necə deyərlər, "müsbət" görünənlər tərbiyə və təqlid üçün nümunə kimi təqdim olunurdu. Elə bil ki, istedadla yaradılmış rəsm əsəri üzərinə "müsbət" qəhrəmanların karton plakatları yapışdırılıb. Məhz elə bu səbəbə görə, mənə elə gəlir, "Aydın" və "Oqtay"da Cabbarlının böyük istedadı sosialist realizminin sxematik tələblərindən heç bir məcburi asılılıq duymadan və ehtiyatlanmadan özünü göstərə bilmişdir.

Ümumiyyətlə, Cəfər Cababrlı irsi ilə bağlı qəribə şeylər baş verib. Məlum olduğu kimi, (bu da sovet dövründə əsaslı surətdə gizlədilirdi). Cabbarlı yaradıcılıq və ictimai-siyasi yolunu alovlu millətçi kimi başlamışdı, Müsavat partiyasının üzvü idi. Cavan müəllifin vətənpərvərlik əhval-ruhiyyəsini onun poeziyasının həmin illərdəki nümunələrindən müstəqil Azərbaycanın üç rəngli bayrağına həsr olunmuş "Turana salam...", "Ölkəm" və başqa şeirlər, həmçinin yuxarıda adı çəkilən bəzi pyesləri göstərməkdədir. Bir ziyafət zamanı Cabbarlını "Bakı müharibəsi" pyesinin müəllifi kimi Bakının xilaskarı - türk generalı Nuru Paşaya təqdim edərkən general gənc yazıçını təbrik edir və ona saat bağışlayır. Həmin illər Cabbarlı müstəqil Azərbaycanın parlamentində stenoqrafist işləyirdi, Müsavat partiyasının gənclər təşkilatına daxil idi, sovet hakimiyyəti qurulandan sonra isə onun gizli özəyində təmsil olunurdu. Çox keçmədən ÇK (Fövqəladə Komissiya) onu həbs etdi, sonra buraxıldı, artıq Sovet Azərbaycanının Mərkəzi İcraiyyə Komitəsində stenoqrafist kimi işə düzəldi. Lakin bir müddət sonra yenidən həbs olundu. Cəfər Cabbarlı yaradıcılığının tədqiqatçısı Asif Rüstəmli ədibin dördcildliyinin müqəddiməsində 1923-cü il həbsi barədə maraqlı fakt söyləyir. Həbs zamanı "Qız qalası" poemasının birinci hissəsi çap olunmuş "Maarif və mədəniyyət" jurnalı da müsadirə edilmişdi. Müəllifə poema üçün qonorarı Xalq Maarif Komissarlığı vermişdi. C.Cabbarlının həbsindən xəbər tutan Xalq Maarif komissarı T.Şahbazi gizli məktubla Azçekaya (Azərbaycan Fövqəladə Komissiyasına) müraciət edərək Cabbarlıdan poemanın ikinci hissəsini almağı xahiş etmişdir. Ancaq poema bitməmiş olduğundan C.Cabbarlı əsər üzərində işini həbsxanada davam etdirir. Poemanın həbsxanada yazılmış ikinci hissəsi də həmin jurnalda dərc olundu, müəllif isə tezliklə azadlığa buraxıldı. Bu fakt 20-ci illərdəki həbs şəraiti ilə 37-ci ildə repressiya olunanların məruz qaldığı "fiziki təsir" deyilən, başqa sözlə, görünməmiş işgəncə metodunu müqayisə üçün maraq doğura bilər. Bəziləri belə hesab edir ki, tez - 1934-cü ildə ölməklə C.Cabbarlının "bəxti gətirib", yoxsa, 37-ci ildə repressiya olunanların taleyi ondan yan keçməyəcəkdi. Bu barədə bir söz demək çətindir, tarixin şərti forması yoxdur. Sovet dövründə, xüsusən dramaturqun vəfatından sonra C.Cabbarlının bioqrafiyasının ilkin - müsavat dövrü həyat və yaradıcılığı üstündən tamamilə xətt çəkməyə çalışırdılar. Bundan əlavə sovet ədəbiyyatşünaslığı onu kommunist ideallarına şəksiz sadiq qalan sənətkar kimi təqdim edirdi. Hətta ədəbiyyatşünaslığımızın patriarxı, C.Cabbarlı yaradıcılığının ən nüfuzlu tədqiqatçısı, onun haqqında sanballı monoqrafiya müəllifi akademik Məmməd Arif dramaturqu dövrün ideoloji tələbləri işığında təqdim etməyə məcbur olurdu. M.Arif yazır: "Cəfər Cabbarlı o yaradıcılardandır ki, özünün yaradıcılıq təcrübəsində sosialist realizmi metoduna təbii yolla gəlib; o, Azərbaycan ədəbiyyatında sosialist realizminin ilk qüdrətli nümayəndələrindən biri olmuşdur".

"Almaz" və "Yaşar" pyeslərinin baş qəhrəmanlarını nəzərə almasaq, dolğun - canlı, həqiqətən realist, müxtəlif insan xarakterləri ilə zəngin Cəfər Cabbarlı yaradıcılığını ölü doğulmuş sosialist realizmi metodu ilə birləşdirə biləcək ümumi cəhət azdır.

Ancaq Cəfər Cabbarlının yaradıcılıq taleyinin özünəməxsusluğu ondadır ki, zamanın ideoloji oriyentirlərinin dəyişməsi ilə onun pyesləri zidd siyasi mövqedən traktovka olunur.

Ötən əsrin 90-cı illərində Azərbaycan öz müstəqilliyini bərpa etdi və Cəfər Cabbarlı yaradıcılığı artıq tamamilə başqa - antisovet mövqedən yozulmağa başlandı, onun pyeslərində mövcud rejimə guya müxalif olduğunu təsdiqləyən müxtəlif mətnaltı mənalar, eyhamlar, Ezopvari deyimlər axtarmağa başladılar, bəzən həqiqətən tapdılar da. Belə şərhlər mənə ədibin yaradıcılığının sovet dövründəki şərhi kimi birtərəfli, məhdud və qərəzli görünür.

Mənim fikrimcə, iş ondadır ki, Cəfər Cabbarlının çox böyük istedadı, onun bitib-tükənməz yaradıcılıq potensialı hansısa bir ideoloji çərçivəyə, - nə millətçilik, nə də sosialist ideoloji çərçivəsinə sığışmır. O, sovet dövrünə qədər yazdığı "Aydın"da da, "Oqtay"da da və sovet zamanı yazdığı pyeslərində də həyatın parlaq lövhələrini yaratmışdır. Həyat isə hər hansı ideoloji məhdudiyyətdən daha genişdir. Ola bilsin elə vaxt gələr Cabbarlının sovet dövrü bəzi pyeslərinin səhnə traktovkasında müsbət qəhrəman deyilənlər səhnəyə qrotesk-biçimsiz, satirik səpkidə qoyular, lakin mənfi qəhrəmanların canlı-şirəli obrazı öz xüsusiyyətlərini məhz elə canlı insan xarakterləri kimi qoruyub saxlayacaq. "1905-ci ildə" pyesi də, bir növ məcburi inqilabilik və beynəlmiləlçilik xüsusiyyətlərinə baxmayaraq, həyatımızın bugünkü reallıqları ilə oxşarlıq təşkil etdiyinə görə, bir xalqı digəri ilə salışdıran çar hakimiyyəti siyasətini cəsarətlə ifşası səbəbindən qiymət kəsb etməsi mümkündür.

Böyük Hüseyn Caviddən fərqli olaraq, C.Cabbarlı sovet dövründə hələ çox gənc idi. O, enerji, yaradıcılıq planları ilə milli sənətin - ədəbiyyatın, teatrın, kinonun inkişafına dair ideyalarla dolub-daşırdı. Dərk edirdi ki, hətta sovet rejimi şəraitində də milli mədəniyyətin inkişafına səy göstərmək olar və ona görə də bu sahədə yorulmadan çalışırdı. Türkiyədə təhsil almış, hardasa romantik ümumşərq mövzularına aludə olmuş Caviddən fərqli olaraq, Cabbarlı doğma torpaq üzərində iki ayağı üstə möhkəm dayandı, Azərbaycan həyatından mövzular, süjetlər götürdü. O epoxanın iki aparıcı dramaturqunun daha bir fərqi bunda idi. Və Cəfər Cabbarlı Cavidə açıq şəkildə iradını bildirməkdə tamamilə səmimi idi. Etiraf etmək lazım gəlir ki, Cabbarlının Cavidə doğma zəmindən ayrılmasını irad tutmağı o zamanın tənqidçilərinin böyük yazıçını həmin "günahlarda" təqsirləndirən ittihamlardan fərqlənmir. Yenə də bir qayda olaraq "susmağa meylli müasir ədəbiyyatşünaslığımız bu iki sənətkarın münasibətlərindəki həmin məqamları sanki hiss etmirlər. Ancaq biz də bu məsələ üzərində dayanmayacağıq, bir də Cabbarlının Cavidin ünvanına söylədiyi tənqidi fikirlər onun əsərlərinin 4-cü cildinin son nəşrində çap olunmuşdur və hər kəs istəsə, tanış ola bilər. Mənsə Cavidlə Cabbarlının qarşılıqlı münasibətləri barədə qulağımla eşitdiklərimi danışmaq istəyirəm.

Musiqi məktəbində oxuyurdum, valideynlərim mənə repetitor tapdılar. O, evimizə gəlirdi, bəzən valideynlərimlə müxtəlif mövzularda söhbətlər edirdi. Mənimlə məşğul olan həmin müəllim Saveli Yakovleviç Ayzen idi. Vaxtilə o, Peterburq Konservatoriyasında piano təhsili almışdı; hətta elə olmuşdu ki, Sergey Raxmaninov özü orkestrə dirijorluq edəndə bu adam fortepiano partiyası çalmışdı. Sonralar tale onu Bakıya atmış, o da bizim Dram teatrında uzun illər pianoçu kimi işləmişdi. Elə orada Cəfər Cabbarlı ilə tanış olub, dostlaşıb, içdikləri də olub. Yadıma gəlir, hələ Hüseyn Cavidin adını çəkmək qadağan olan vaxtlarda o, Cavid haqqında mənim valideynlərimə necə ehtiyatla, həm də xüsusi ehtiramla danışırdı. Bu söhbətlərdən mənim yadımda qalan ən maraqlı məqam Saveli Yakovleviçin Cavid ilə Cabbarlının münasibətləri barədə danışdığıdır. Cavid teatra Cabbarlının pyeslərinin tamaşasına gələn kimi gənc Cəfər bərk həyəcanlanırmış, gizlənirmiş, hətta amfiteatra keçirmiş, səhnəyə oradan baxırmış.

Fasilə zamanı Ayzendən soruşurmuş: - Saveli, o neynir, necə reaksiya verir? Elə bil ki, şagird müəlliminin verəcəyi qiymətdən qorxurdu, - deyə Saveli Yakovleviç danışırdı.

Gənclik yaddaşıma həkk olunmuş belə məqamlara əsaslanaraq Cavid haqqındakı filmin ssenarisinə belə bir epizod əlavə etdim: Cavid "Oqtay" pyesinə tamaşa edir, Cabbarlı isə onun reaksiyası ilə maraqlanır.

Deyirlər ki, "Dönüş" pyesindəki Qüdrət Arslan obrazının prototipi Hüseyn Caviddir. Obraz aşkar simpatiya və hörmətlə, eyni zamanda, müasirlikdən uzaq olan ustadın ünvanına müəyyən iradla təsvir edilmişdir. Yeri gəlmişkən, güman olunur ki, Cabbarlı (həmin pyesdə) gənc dramaturq kimi öz surətini də vermişdir. Anam belə hesab edirdi ki, adı çəkilən pyesin qadın qəhrəmanı Gülsabahın prototipi Moskvada Kinematoqrafiya İnstitutunu bitirmiş kinorejissor Qəmər Salamzadə (şair Əliqulu Qəmküsarın qızı) olub.

Həmin illərdə Moskvada mənim valideynlərim də təhsil alırdılar; Cəfər Cabbarlının vəfatı barədə acı xəbər onlara orda çatdı. Nigar Rəfibəyli "Müşfiqi düşünərkən" adlı xatirələrində yazır: "Mən 1934-cü ildə Moskvada unudulmaz Cəfər Cabbarlının vəfat etdiyini bildim. Gəncliyimin çətin illərində mənə böyük qardaş əvəzi olan sevimli sənətkarın ölüm xəbəri məni sarsıtdı".

Rəsul Rzanın da Cəfər Cabbarlıya münasibəti beləcə səmimiydi. Onun xatirəsini həmişə hörmətlə yad edir, ailəsi ilə əlaqə saxlayırdı.

Cəfər Cabbarılya yaxın adamlardan biri, teatr və kino işçisi Məmməd Əlili xatırlayır: Cəfərin Rəsula münasibəti çox yaxşıydı. Bu, dramaturqun ailəsinə də keçmişdi. Rəsulun anası vəfat edəndə Cəfərin həyat yoldaşı Sona xanım ağır xəstə idi. O məni çağırdı, pul verdi, - Cabbarlının ailəsi adından gül al, Rəsulun anasının qəbri üstünə qoy, - dedi. - Mən özüm, indi, təəssüf ki, bu işi görəcək halda deyiləm. Cəfər Rəsulun xətrini çox istəyirdi.

Yadımdadır, Nazim Hikmət Bakıda olanda atam onu Cabbarlının məzarını ziyarətə apardı. Sonra dramaturqun evində olduq (indi həmin evdə muzey açılıb). Sona xanım bizi dadlı qutaba qonaq etdi. Nazimin dostu, tədqiqatçısı və tərcüməçisi Əkbər Babayev türk qonağa "Aydın" pyesindən parçalar oxumağa başladı. Hansısa epizoddan sonra dedi ki, "Aydın" Nazim Hikmətin "Qəribə adam" pyesinə bənzəyir. Şair dərhal düzəliş verdi. - "Aydın" "Qəribə adam"a bənzəyə bilməz, "Qəribə adam" "Aydın"a bənzəyə bilər".

Əlbəttə, Nazim Hikmət "Qəribə adam"ı yaradanda Cabbarlının pyesindən xəbərsiz idi, lakin şairin replikasında ona xas təbii təvazökarlıq özünü göstərdi.

Rəsul Rzanın Cabbarlıya həsr olunmuş xatirəsi qalıb:

"Mən xatırlaya bilmirəm Cəfər Cabbarlı ilə haçan və necə tanış olmuşam. Elə bil biz onunla həmişə tanış imişik".

1931-ci ilin 22 oktyabrında "Gənc işçi" qəzetində Rəsul Rzanın resenziyası çap olunub:

"Yaşar" pyesi haqqında danışmaq müasir sovet türk dramaturgiyasının mühüm nailiyyətindən danışmaq deməkdir. Pyesin tamaşası da uğurludur".

Həmin 1931-ci ilin 24 noyabrında elə həmin qəzetdə Rəsul Rza yazırdı: "Sevil" pyesinin tamaşası Türk fəhlə teatrının fəaliyyətində müvəffəqiyyət və irəliyə doğru addımdır".

Atam xatırlayırdı: "Səhv etmirəmsə, "1905-ci ildə" pyesinin elə ilk tamaşasından sonra bir qəzetdə kəskin mənfi resenziya çap olundu. Resenziya müəllifi Cəfəri hər cür günahda təqsirləndirirdi. Dostlarla birgə Kommunist küçəsi ilə qalxarkən biz Cəfərlə rastlaşdıq. Dayandıq, salamlaşdıq. Cəfər qızğın halda narazılığa başladı: "Nə əsər yazıramsa, tənqidi qabaqcadan hazır olur. Siz cavanlar da ağzınıza su alıb susursunuz". O, çətinliklə danışırdı. Görünür, bərk incimişdi. Mən dedim ki, resenziyadan çox narazıyam. Cəfərin gözlərində bir maraq parladı, elə bil ki, məni birinci dəfəydi görürdü. Ola bilsin ki, məndən belə söz gözləmirdi, axı o vaxtlar biz cavanlardan da bəziləri Cəfəri lazımınca qiymətləndirmirdi. Bir neçə gün sonra Dram teatrında təşkil etdiyimiz müzakirədə biz resenziya müəllifini darmadağın etdik. Cəfər bundan çox təsirləndi. O dedi: "Sözün düzü, mən elə bilirdim siz də resenziya müəllifinin fikrinə şəriksiniz."

Atam müəllifin dəvətilə "Dönüş" tamaşasına baxdığını da xatırlayır.

Rəsul Rza yazır: "Oxucu ola bilər təəccüblənsin. O zaman Cəfər Cabbarlı məşhur dramaturq idi, Rəsul Rza ədəbiyyat aləminə yenicə qədəm basırdı, yalnız bir neçə şeir, hekayə və məqalə müəllifiydi. Nəyə görə Cabbarlı onun rəyi ilə hesablaşır, öz tamaşasına dəvət edir? Əvvələn, C.Cabbarlı o qədər təvazökar insan idi ki, hər bir sıravi tamaşaçının rəyi ilə hesablaşırdı. İkincisi, AZAP (Azərbaycan Proletar Yazıçıları Assosiasiyası) o illər çox nüfuzlu təşkilat idi. Mən isə bu təşkilatın ən fəal üzvlərindən biriydim. Çox vaxt ictimai baxışlarda AZAP-ın nümayəndəsi zalda görünməyincə pərdə açılmırdı. Bəli, belə vaxtlar da var idi".

"Dönüş" tamaşası qurtaranda atam özünəxas düzpərəstliklə deyir ki, bu pyes Cabbarlının digər əsərlərindən zəifdir. "Yox, yox, - deyə Cabbarlı etiraz edir, - "Dönüş" mənim yazdıqlarımın və yazacaqlarımın ən yaxşısıdır".

Ədəbiyyatşünaslığımızda da bu pyes Cabbarlının zəif əsəri kimi qiymətləndirilir. Şəxsən mən bu məsələdə nə bizim ədəbiyyatşünaslarla, nə Rəsul Rza ilə, nə də Cabbarlının özü ilə razılaşıram. Mənə elə gəlir ki, "Dönüş", müəllifin özünün hesab etdiyi kimi, Cabbarlının ən yaxşı əsəri deyilsə də, hər halda ən zəif əsəri də deyil. Bununla belə mənə elə gəlir ki, o əsər bu gün də tamaşaya qoyula bilər - onda nə qədər canlı teatr müşahidələri, şirin yumor, səhnə sənətinin yeniləşməsi uğrunda mübarizə pafosu var.

Cəfər Cabbarlı öz missiyasını məhz bunda - sovet dövründə Azərbaycan teatrının və kinosunun yeniləşməsi, inkişafı, yeni-yeni zirvələrə nail olmasında görürdü. Onun şəxsi dünyaduyumuna gəldikdə isə, əlbəttə, milli müstəqillik və azadlıq ideyaları ilə tərbiyələnmiş və formalaşmış Cabbarlı sovet rejiminin ədəbiyyat və incəsənət üzərindəki siyasi məhdudiyyətlər, sərt ideoloji tələblər, ciddi rəsmi qadağalar qoyduğunu ürək acısı ilə duymaya bilməzdi.

Bəlkə də, pyeslərinin birinə yazdığı mahnıdakı sadə sətirlər müəllifin özünün çətin yaradıcılıq taleyinin ifadəsidir:

 

Azad bir quşdum,

Yuvamdan uçdum;

Bir bağa düşdüm, -

Bu gənc yaşımda.

 

Bir ovçu gördü,

Köksümdən vurdu, -

Torpağa düşdüm

Bu gənc yaşımda.

 

Aydın eyni adlı pyesdə deyir: Mən istəyirəm insan azad olsun, millət azad olsun ki, hər şey azad ola bilsin.

Cəfər Cabbarlı daxilən azad insan olaraq doğulmuşdu - azad quş olmuşdu. Öz yuvasından - müstəqil Azərbaycanın mənəvi mühitindən uçaraq, yad yerə - "sovet bağı"na düşmüşdü.

Ovçunun - rejimin gülləsinə tuş gəlir, torpağa düşür, həbs olunur.

Ancaq bu sadə mahnının bədbin sonluğuna rəğmən Cəfər Cabbarlı torpağa düşsə də, nəfəsi kəsilmədi. Antey gücünü torpaqdan aldığı kimi, o ayağa qalxdı, durdu və olduqca sərt şərtlər hüdudunda özünün qeyri-adi istedadının qüdrətiylə demək istədiyinin çoxunu deyə bildi.

 

 

2009

 

Anar

 

Ədəbiyyat qəzeti.-2010.-8 yanvar.-S.3.