C.Cabbarlının ev muzeyində
Görkəmli ədibin ev
muzeyində tədqiqatçı-alim Asif Rüstəmlinin
"Cəfər Cabbarlı: Həyatı və mühiti"
kitabının təqdimat mərasimi keçirilmişdir. Cəfər
Cabbarlının 110 illik yubileyinin tədbirləri silsiləsinə
daxil olan yığıncağı dramaturqun qızı, ev
muzeyin direktoru Gülarə Cabbarlı açaraq Asif Rüstəmlinin
böyük sənətkarın həyat və
yaradıcılığına dair yeni faktları üzə
çıxarmaq sahəsindəki əzmini,
axtarışlarını yüksək dəyərləndirmişdir.
Məclisin
aparıcısı Qəzənfər Paşayev tədqiqatçının
müxtəlif illərdə nəşr olunan
"Çırpınırdı Qara dəniz",
"Tufanlardan keçən ömür", "Susmaz
duyğuların səltənətində", "Ədəbi
istiqlalımız" kimi dəyərli kitabları, məclis
iştirakçılarının diqqətinə
çatdırmışdır. Kitabın elmi redaktoru akademik Bəkir
Nəbiyev isə çıxışında bu əsərin
indiyədək həmin mövzu ətrafında yazılan digər
tədqiqatlardan fərqini nəzərə
çarpdırmışdır. O qeyd etmişdir ki, A.Rüstəmli
Cabbarlıya dair araşdırmalarında bu sahədə
özünü büruzə verən əksər qaranlıq,
kölgəli mətləblərə, mübahisəli məqamlara
tam aydınlıq gətirməyə çalışır və
buna nail olur.
Yığıncaqda filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri Gülşən Əliyeva, sənətşünaslıq fakültəsinin dekanı Vəfa Xanoğlan, professor Əzizağa Quliyev, "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu, şair Oqtay Rza, əməkdar artist Eyyub Yaqubov, Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur, "Zirvə" Ziyalılar İctimai Birliyinin sədri Minayə Dəyanətqızı və b. çıxış edərək tədqiqatın əhəmiyyətindən, Cəfər Cabbarlının Azərbaycan dramaturgiyasının və teatrının inkişafı sahəsindəki xidmətlərindən və s. məsələlərdən söhbət açmışlar.
Məclisin sonunda Asif Rüstəmli tədbirin təşkilatçılarına, məclisə toplaşanlara təşəkkürünü bildirmişdir. O, Cəfər Cabbarlının və onun ədəbi irsinin Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin təkamülündə, mənəvi dəyərlərimizin zənginləşməsində, milli şüurun təşəkkülündə, vətənpərvərlik duyğularının oyanmasında, azadlıq və istiqlal məfkurəsinin formalaşmasında göstərdiyi xidmətlərdən danışmışdır. Bildirmişdir ki, bu sahədəki araşdırmalarını, tədqiqatlarını yenə də davam etdirəcək və elmə məlum olmayan sənədləri üzə çıxaracaqdır.
"Elm"
nəşriyyatında çap olunmuş "Cəfər
Cabbarlı: Həyatı və mühiti" adlı kitaba
filologiya elmləri doktorları İslam Ağayev və Nazif Qəhrəmanlı
rəy vermişlər.
A.İsmayıloğlu
Ədəbiyyat qəzeti.-2010.-8 yanvar.-S.3.