Əziz şairəmiz Mədinə Gülgünün

unudulmaz xatirəsinə

  

 Həsrət ürəyimə dolmuşdu yenə,

Sənin görüşünə gəlmək istədim.

Xəyalın həmdəmim olmuşdu yenə,

Mən sənin özünü görmək istədim.

 

Mən elə sanırdım yol gələ-gələ,

Yenə qapını da özün açarsan.

Yenə qarşılayıb sən gülə-gülə,

Üzümə mehrinlə işıq saçarsan.

 

Amma düşündüyüm bir xəyal imiş,

Qapı açılarkən tutuldu dilim.

Yolumu gözləyən bir məlal imiş,

Bu qəmli vüsala mən necə gəlim?

 

Mədinəm, uymuşdum xəyalına mən,

Sən yoxkən bəs nədən görmək istədim.

Sənin yoxluğunu bilsəm nədən

Yenə görüşünə gəlmək istədim.

 

Gözümün önündə bir yarın durub,

Bir məlahətli gözəl surətin.

Sükutun özü qəmxarın olub,

Dalıbdır seyrinə bu məhəbbətin.

 

Kasadlıq duyurdum söz dünyasında,

Sən mənim gözümün yaşında idin.

Böyük bir şairin qəm libasında,

Vəfalı qəlbinin başında idin.

 

Mən onun könlünün qəminə daldım,

Orda sədaqətdən xəzinə gördüm.

Qəlbimdə tək bircə Mədinə gəldim,

Burda evdolusu Mədinə gördüm.

 

 

KƏMALƏ

 

Ədəbiyyat qəzeti.-2010.-8 yanvar.-S.5.