Qopara bilmədi

 

Külək aram-aram əsdi bu səhər

Yayın istisini qovdu otaqdan.

Sərinə büründü yollar, küçələr,

Külək tərifləndi, qızışdı yaman.

 

İti qılıncını aldı əlinə,

Böyüyə, kiçiyə meydan oxudu.

Meyvə bağlarının durdu qəsdinə,

Xeyri birdən-birə bəd əməl oldu.

 

Çırpdı qapıları, pəncərələri,

Şüşələr tökülüb çilikləndilər.

Bir anın içində gəzdi hər yeri,

Zövq aldı oynundan uzandı səhər.

 

Qocaman çinarla gəldi üz-üzə,

Yaşıl yarpaqları güclə qopartdı.

Körpə budaqları o üzə-üzə,

Çinarın köksünü cırıb qanatdı.

 

Qovağı qoparıb köklü-köməşli,

Çinara ağır bir zərbə endirdi.

İkiqat olmuşdur söyüdün beli,

Dolaşıq saçını yolub-didirdi.

 

Torpaqdan yapışıb dayandı çinar,

Süpərə dönmüşdü qol-budaqları.

Çinar mətanətli, külək inadkar,

Küləyin az qala yırıldı bağrı.

 

Onun ətrafında dolandı külək,

Çinar vüqarını qırmaq istədi.

Özü-öz gücünə aldandı külək

Bilmədi, bilmədi,

Çinarı torpaqdan qoparmaq nədi?!

 

Çinar günə baxdı gülümsəyərək,

De əyilmək hara, de çinar hara?

Otların üstünə sərildi külək,

Baxdı yazıq-yazıq, baxdı çinara.

 

 

Dağlara qar yağır

 

Dağlara qar düşübdür,

Otları üşüdübdür.

Yayın oğlan çağıdır,

Qar yağır, şimşək çaxır.

Bizim yaylağa yağış

Dünən gecədən yağır.

Yayın oğlan çağıdır,

Dağlar döşündədir qış.

Qəribədir təbiət

Bu yağışa, soyuğa,

Dizə çıxan palçığa

Yerlilər edib adət.

Günəşsiz darıxıram,

Yayın sinəsi yara.

Pəncərədən baxıram,

Təzə düşüb dağa qar,

Yamyaşıl otlar üstə.

Elə bil dəstə-dəstə

quzular yatırlar,

Dağlara yağıbdır qar.

 

 

Sən gəlmişdin

 

Gülümsədin, təbəssümün günəş kimi,

Elə bil ki, dünyaları bağışladın.

İsindirdin buza dönən ürəyimi,

Sənsiz keçən günlərimi alqışladın.

 

Bu səhərim səhərlərdən gözəl idi,

Pəncərəmə od töküldü gözlərindən.

Gəlişinlə həyatıma sevinc gəldi,

Yolda qoyma gözlərimi, boylan hərdən.

 

Sən gəlmişdin gözlərində arzuların,

Dodaqların həsrət dolu nəğmələrlə.

Nur ələndi otağıma narın-narın,

Ürəyini əzməmişdi topaq hələ.

 

Sən gələndə donub qalan söz əridi,

Şerim gülümsədi birdən-birə.

Ömrümüz , günümüz bahar idi,

Yayılmışdıq çiçək kimi çəmənlərə.

 

Xatirəmdə dolanırsan zaman-zaman,

Xoş gəlişin, təbəssümün qonaq kimi.

Sən yenə gəncliyimdən

ayrılmırsan,

Qaytar mənim ilk eşqimi, sevincimi.

 

 

Fəridə Əliyarbəyli

 

Ədəbiyyat qəzeti.-2010.-8 yanvar.-S.5.