«Bizim toyumuz bir tarix idi»
"…On altı
yaşım olanda Səmədlə ailə qurduq. Bizim toyumuz bir tarix idi. Əhməd Cavad məclisin tamadası idi… Kimlər yox idi bu məclisdə? İndi adları xalqımız üçün
çox əziz və unudulmaz olan H.Cavid, A.Şaiq,
Y.V.Çəmənzəminli, M.Müşfiq, M.K.Ələkbərli,
M.Hüseyn, daha kimlər, kimlər…"
Görkəmli şairimiz Səməd Vurğunun unudulmaz Xavərinin xatirələrindəndi
bu yazılanlar. Bu xatırlamaların dəyərli
bir tarix olması şəksizdi.
Təkcə ona görə
yox ki, hər
kəlmə, hər söz vəfalı, sönməz eşqin dilmancıdı. Bu, öz yerində. Ancaq deyilənlərin alt yapısında
tariximiz, milli-mənəvi,
ədəbi düşüncəmiz
üçün daha bir önəmli həqiqətin pozulmaz təməli də durur. 1934-cü ilin söhbətidi bunlar. Məşum
37-ci ilə vur-tut üç il
qalıb. Siyasi qütbləşmələrin polyar qışı lap astanadadı. Ancaq dövrün
ən görkəmli,
müxtəlif məfkurə
sahibləri bir yerdədilər, mənəvi
birlik amacındadılar.
Və unudulmaz Xavər xanımın bu xatirəsi əslində dövrün görkəmli
ziyalılarının şəxsi
münasibətlərinin yüksək
mərtəbədə olması
həqiqətinə etibarlı
möhürbənddi.
Səmədinin "Dünyada hər anın bir hökmü
vardır" təsəllisi
həmişə Xavər
xanımla oldu. Təkcə
bir qadın, ana, xanım ömrü yaşamadı…
Həm də əfsanəvi bir tarixin canlı
nişanəsinə döndü.
Səməd Vurğunun könül
verib, ilqar bağladığı Xavər
xanımın lap yaxın
günlərimizəcən fiziki baxımdan (mənən həmişə
bizimlədi) var olması, yaşaması adama möcüzə kimi gəlirdi. Bu baxımdan Xavər
xanım ötən əsrin 80-90-cı illərinin
maraqlı şəxsiyyətlərindən
biri idi. S.Vurğununun "ağzı xeyir
sözlü" dilbərinin
müasiri olmağın
reallığını qavramaq
asan deyildi. Xavər xanım lap yaxın günlərimizdə haqq dünyasına qovuşdu.
Ancaq elə bil o, dünənin, srağagünün,
çağdaş tarixin
yox, bir qədimliyin sakini oldu. Ona görə ki, onun "şairlər şahı" adlandırdığı
"qara Səmədi"nin əfsanələşmiş
ömürlüyü o silsilədən,
o qədimlikdən gəlirdi.
O öz cismində, ruhunda Səməd Vurğun qədimliyi, əfsanəsi yaşadırdı.
Sağlığında:
Yusifin, Vaqifin görüm var olsun,
Aybəniz hamıdan
bəxtiyar olsun,
Yüz il də Vurğuna Xavər yar olsun,
Ən əziz
sirdaşım, köməyim
sənsən -
ilticası, təmənnası
edirdi böyük şair. İndi bu sətirləri
dilə gətirmək
çox ağırdır.
İndi dünyamız
həm də Yusifsizdi, Xavərsizdi, Aybəniz xanımsızdı...
İllər oldu ki, Səməd
Vurğun ocağının
həniri Xavər xanımın fədakarlığı,
dözümü ilə
öləzimədi, o ocağın
başında Yusif, Aybəniz, Vaqif pərvazlandı.
...İndi
o illərdi ki, yenə də Xavər xanım "şairlər şahı"
deyə fəxr etdiyi Səmədinin "Yüz il də
Vurğuna Xavər yar olsun" diləyində yaşayır.
Yenə də biz onu "qara Səməd"inin misralarıyla
yad edirik:
Mənim də Xavərə bircə sözüm var,
Var olsun Vaqifi doğan
analar.
Soyuq bir yanvar günündə
dünyaya göz açmış Xavər
xanımın ömrünə
əbədi bir Səməd Vurğün günəşi bahar şəfəqi saçmışdı. Bu şəfəq yenə də parlaqdı, sönməz və unudulmazdı. "Anam
gəlini" şerində
S.Vurğun onu elə bu cür
də vəsf edirdi: "İşıqda,
qüvvətdə adın
var sənin…"
S.Hüseynoğlu
Ədəbiyyat qəzeti.-2010.-8 yanvar.-S.4.