Üz-üzə duranda xeyir ilə
şər…
Lap yaxın
keçmişimizdə baş verən ictimai-siyasi olayların
doğurduğu yaşantılar, meydan olaylarının
tanış səhnələri, fraqmentləri öz bədii
təcəssümünü tapıb Əlövsət Bəşirlinin
"Biz hara gedirik" ("Araz" nəşriyyatı -
2009) kitabında. Kitaba daxil edilən eyniadlı povestin qəhrəmanları
oxucuya müəllifin bir neçə il əvvəl
çapdan çıxmış "Qəsd" əsərindən
məlumdu. Oxuduqca görürük ki, təkcə vaxt, zaman dəyişib.
Bizi əhatə edən, gündəlik ünsiyyətdə
olduğumuz insanların xislətisə elə həmən-həmənkidi.
İllər öncəsi ölkəmizin baş meydanlarını başına götürən "İstefa! İstefa!" haray-həşiri, bu bulanıq dəryada balıq tutmaq istəyənlərin mövqeyilə namuslu, vicdanlı ziyalıların, vətənpərvər şəxslərin çarpazlaşan mübarizə yolu, əsl vətəndaş olan Muradların abır-həyalarına bürünüb geri çəkilməsindən istifadə edərək meydan qəhrəmanlarına dönən Mirişlərin yersiz canfəşanlığı bu yeni nəşrdə bədii sözün gücüylə bütün təfərrüatıyla əks olunub.
Əsərin əsas obrazlarından olan dünyagörmüş Bayram kişinin baş verən hadisələri Molla Nəsrəddin lətifəsilə ifadə etməsi əslində xalqın bu olaylara olan münasibətini ortaya qoyur. Özgə bir vilayətdə haqq axtarmağa gedən bir dəstə adama rast gələn Molla onlardan başçını soruşur. Deyirlər ki, o qabaqda gedən qolu zəncirli adam başçımızdı. Molla təəccüblə soruşur ki, bəs ağıllınız hardadır? Deyirlər, bax, ağıllımız hamıdan arxada gedən o ağsaqqaldır. Molla başını bulayıb dəlisi qabaqda, ağıllısı dalda gedən camaatın halına açıyır.
Bayram kişinin bu taraz misalı əslində nadanlığın hürr balası olan, cildini dəyişən Miriş kimilərə vurulan tərs şapalaq kimidi. Neynəyəsən ki, bu boz sifətlər açılıb-yığılan rezin kimidi. Neynəyəsən ki, fəxri kimi əqidəli insanlar onlara qarşı edilən haqsız basqılara dözmək üçün ürəyi sakitəşdirən həbi dillərinin altına qoyunca gedib o dünyanı görüb qayıtmalı olurlar. Əsərdə ömrü boyu o taylı-bu taylı Azərbaycanımızın ağrısıyla yaşayan, sovet diktatorlarına qarşı azərbaycançılıq savaşı açan xalq şairini satqınçılıqda suçlayıb, onun müstəqillik savaşına yol açan kitablarını oda qalayan manqurtların məkrli, icazəli qəhrəmanlıqları incə yumorla, təəssüf hissiylə qələmə alınıb.
Torpaqlarımızı düşmən tapdağı altından xilas etmək savaşına qalxmaq əvəzinə öz içimizdə düşmən axtaran, "Qarabağı azad etməmişdən qabaq daxili düşmənlərimizlə haqq-hesab çəkməliyik" - deyə anarxiya toxumu səpən kəslərin simasızlığı yazıçı qınağıyla damğalanır.
Mövlanə Cəlaləddin Rumi "Ədalət hər şeyi layiq olduğu yerə qoymaqdır - ayaqqabı ayaqda, papaq başda olmalıdı" - deyirdi. Bütövlükdə Ə.Bəşirlinin "Biz hara gedirik" povesti ayaqqabını ayaqda, papağı başda görmək düşüncəsinin, istəyinin vacibliyindən qaynaqlanan, bu əqidəylə yazılan bir əsərdi. Bu səbəbdən də müəllifin özü də hadisələrin adi seyrçisi yox, fəal iştirakçısı kimi mövqeyini büruzə verir. Yazır ki, 1988-ci ildən bəri Azərbaycanın müsətəqilliyi uğrunda gedən mübarizələrin canlı şahidi olduğumdandır ki, oxuculara təqdim etdiyim bu kitabda təsvir olunan hadisələrin kökündə real həyat hadisələri, taleyinə keçid dövrünün keşməkeşləri yazılmış insanlar durur. "Bu insanlar elinə, torpağına bağlı sadə adamlar, ziyalılar, vətənini bütöv, xalqını azad görmək istəyənlərdir… Saysız-hesabsız hədələr, təhqirlər, təzyiqlər onların inamını sarsıda bilmir… Zamanın burulğanı, sərt sınağı xalqın mərd övladlarını haqq yolundan sapdıra bilmir".
Kitabın
"Ömrün aşırımında"
bölümünə müəllifin xatirələri və
müxtəlif illərdə yazdığı məqalələr,
onun özü, yaradıcılığı haqqında deyilənlər
cəmlənib. Unudulmaz Məmməd Araz, Əliağa
Kürçaylı, Vilayət Rüstəmzadə ilə olan
görüşlər şirin bir nağıl kimi oxunur.
Tanınmış şair Oqtay Rzanın "Əlövsət
Bəşirliyə açıq məktub"u, S.Sailovun
"Şərəfli ömrün kitabı", Sərvazın
"Sözünü deyə bilməyənlərin
ağrısı", Nahid Hacızadənin "Qəlbin
xatirəsi, yazıçı harayı", İradə
Tuncayın "Yada düşdü" və s.
yazıları Ə.Bəşirlinin maraqlı
yazıçı-vətəndaş obrazına ayna tutur, onun
"həzin duyğulu könül töhfələri"ndən
söhbət açır.
S.Aranlı
Ədəbiyyat qəzeti.-2010.-8 yanvar.-S.4.