Bakı məktəblisinin dünyada tanınan rəsm əsəri

 

Ələkbərli Erkin Azər oğlu 1992-ci il iyulun 21-də Bakı şəhərində dünyaya göz açıb. Hələ körpəlikdən ziyalı ailəsində tərbiyə aldığı üçün incəsənətə meyilli olub. Belə ki, AzTV-də rejissor işləyən atası Azər Azərbaycan Memarlıq İnşaat Universitetində dərs deyən anası Lalə xanım övladlarının tərbiyəsi ilə ciddi məşğul olsalar da, peşə seçimində ona tam sərbəstlik veriblər.

 

1999-cu ildə Bakının Nəsimi rayonunda fəaliyyət göstərən 41 nömrəli orta məktəbin 1-ci sinfinə gedən Erkin dərslərini yaxşı oxumaqla yanaşı, bir müddət rəsm kursunda məşğul olur. Bir ildən sonra həmin kursa getmir. 15 yaşı olandan sonra boş vaxtlarında müxtəlif mövzularda rəsmlər çəkir. Lakin heç bir müsabiqədə iştirak etməyə səy göstərmir.

2008-ci ilin dekabrında İnternet vasitəsilə verilən elanda 2009-cu il aprelin 14-20-si tarixində Moskva Rəssamlar Evində yeniyetmələrin bədii-təsviri incəsənət mövzusunda Avropa birinciliyi müsabiqəsinin keçiriləcəyini öyrənir. Müsabiqədə iştirak etmək üçün çəkdiyi bir rəsm əsərini qeyd edilən ünvana göndərir. İyunun 2-də İnternet vasitəsilə müsabiqədə II yer tutduğunu öyrənib sevinir.  Sentyabrda isə rəsmi olaraq Erkinə müsabiqənin iştirakçısı və qalibi olduğu üçün diplomlar göndərilir.

Müsabiqədə iştirak edən Avropa ölkələrinin münsifləri ilə yanaşı, Yaponiya və ABŞ dövlətlərini təmsil edən münsiflər də Erkinin rəsm işinə yüksək qiymət vermiş, dünya incəsənətində qəbul edilən sənət əsəri kimi qiymətləndirmişlər.

Sevincinə şərik olmaq üçün Erkin Ələkbərlini redaksiyamıza dəvət etdik. O, uğurundan söz açaraq dedi:

- Boş vaxtlarımda rəsm əsərləri çəkir, lakin müsabiqələrdə iştirak etməyə özümü hazır bilmirdim. Rəsmləri kubizm, realizm və intuisializm sistemində çəkirəm. Moskvaya - müsabiqəyə göndərdiyim rəsm əsərimi kubizim sistemində işləmiş və adını "Kubda musiqi" qoymuşam. Bu rəsmdə Qobustan qayalarının fonunda Azərbaycan muğamını ifa edən üçlüyü, tar, kaman və qavalı əks etmişəm. Bu əsərlə milli incəsənətimizi və xüsusilə muğamın inkişaf etdirildiyini təsvir etməyə çalışmışam. Xoşbəxtəm ki, müsabiqəyə göndərdiyim təkcə bu bir əsərim münsiflər heyəti tərəfindən bəyənilərək II yerə layiq görülüb.

Tahir Salahovun, Səttar Bəhlulzadənin, ömər Eldarovun və Tokay Məmmədovun sənətinə vurulmuşam. Onların çəkdikləri rəsm əsərlərinə və yonaraq hazırladıqları heykəllərə tamaşa etməkdən doymuram. Respublikamızda incəsənətə verilən qiymət, yeniyetmələr və gənclər üçün yaradılan şərait məndə inam yaradır ki, gələcəkdə həmin dünya şöhrətli sənətkarların işini davam etdirə biləcək, xalqıma, vətənimə layiqli övlad kimi yetişəcəyəm. Əldə etdiyim bu nailiyyətə görə valideynlərimə və müəllimlərimə minnətdaram.

Erkin hazırda bir neçə il bundan qabaq "Elitar" gimnaziyası statusunu almış doğma məktəbinin XI sinfində oxuyur. Orta məktəbi başa vurduqdan sonra təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam etdirməyi qarşıya məqsəd qoyub.

 

 

Nizami MİRZƏ

 

Azərbaycan müəllimi.- 2010.- 8 yanvar.- S.4.