Orijinaldan tərcümə
XX əsr italyan ədəbiyyatında özünəməxsus
yeri olan Leonardo Şaşa (1921-1989) maraqlı
esselər və gözəl hekayələr
müəllifi olmaqla yanaşı, həm də mahir detektiv
ustası kimi tanınır. Yazıçının
1961-ci ildə işıq
üzü görmüş
"Bayquşun günü"
romanı indiyədək
onun ən geniş yayılmış,
ən çox satılan və xaricdə çap olunmuş ilk əsəri kimi, böyük ədəbi uğuru sayılır. Romanda ilk dəfə
olaraq italyan mafiyasının kəndlərdəki
hökmranlığının şəhərlərə sirayət
etməsindən bəhs
olunur. Həmin ildə L.Şaşa görkəmli həmyerlisi
L.Pirandelloya həsr olunmuş "Pirandello və Siciliya" adlı elmi-tənqidi esselər toplusunu da çap etdirir.
Daha sonra XVIII əsr Palermo tarixindən götürülmüş "Misir xartiyası" (1964)
tarixi romanı, XVIII əsrdə yaşamış
bir rahibin həyatından bəhs edən "İnkvizitorun
ölümü" (1964), 1862-ci ildə Palermoda baş vermiş dövlət çevirilişini
təsvir edən
"Xəncər gəzdirənlər"
(1966) və artıq tam siyasiləşmiş şəhər
mafiyasının fəaliyyətini
açıqlayan "Hər
kəsin öz qisməti" (1966) romanları
çap olunur.
1973-cü ildə L.Şaşanın
"Şərab rəngli
dəniz" hekayələr
toplusu, 1974-cü ildə
isə məşhur
"Kontekst" romanı
işıq üzü
görür. Detektiv yazı
texnikasından parodiya
kimi istifadə edən yazıçı
"Kontekst"də cərəyan
edən hadisələri
uydurulmuş bir məkanda təsvir etsə də, ölkənin bilavasitə
İtaliya olduğu açıq-aydın göz
qabağındadır: hakimiyyət
məqsədilə aparılan
prinsipsiz siyasi oyunlar, pulla ələ alınmış
manyak tərəfindan
icra olunan sifarişli qətllər, satqın dövlət məmurları
və "Fövqəladə mimikriya qabiliyyətinə
malik olan, siyasi rejimlərin bütün dəyişkənliklərində
öz mövcudluğunu
qoruyub saxlamağı
bacaran məşum mafiya təşkilatı"...
1970-80-ci illərdə yaradıclığının
zirvəsində olan L.Şaşa "Nə yolla olur-olsun"
(1975), "Mayorananın yoxa
çıxması" (1975), "Moronun işi" (1978),
"Yaddaş teatrı"
(1981) kimi maraqlı roman və povestlərlə
çıxış edir.
1989 -cu ildə, ölümündən bir
qədər əvvəl,
o, son hekayəsini
- "Sadə bir hekayət"i çap etdirir...
Leonardo Şaşa ziddiyyətli şəxsiyyət idi. Ötən əsrin 60-80-ci illərində İtaliyanın mürəkkəb ictimai-siyasi həyatında fəal iştirak edən bütün yaradıcı ziyalılar kimi, o da siyasi seçim dilemmalarından, mənəvi böhranlardan azad deyildi. Bu baxımdan, yazıçının 1979-cu ildə çap olunmuş gündəlikləri onun bir sənətkar kimi formalaşması, şəxsi həyatı, ədəbi-ictimai kredosu və siyasi baxışları ilə daha da yaxından tanış olmağa imkan verir. L.Şaşa tez-tez qeyd edərdi: "Boynuma alıram ki, mənə yersiz görünməmək, münasib olmaq, müdriklik göstərmək qabiliyyəti verilməyib, ancaq hər şey necə olubsa, necə varsa,elədir."
Yazıçının "Şərab rəngli dəniz" kitabından götürülmüş "Mafiyalar vesterni" hekayəsini "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirik.
Cəmşid Cəmşidov
Ədəbiyyat qəzeti.-2010.-8 yanvar.-S.5.