İsveçrə Federal Texnologiya İnstitutu
Yerləşir:
İsveçrə, Sürix şəhəri
Yaranma tarixi: 1855-ci
il
Tipi:
Dövlət
İllik büdcəsi: 1 milyard 263,8 milyon CHF (İsveçrə
frankı),
(1CHF 0.979 ABŞ dollarına bərabərdir)
İşçi heyəti: 372 professor, 9 049 inzibati işçi
Tələbələrin ümumi sayı: 15093 nəfər
Rəsmi saytı:
www.ethz.ch
İsveçrə
Federal Texnologiya İnstitutu (ETH
Tarixi
7 fevral
1854-cü ildə İsveçrə dövlətinin Federal
parlamenti "Dəqiq, siyasi və humanitar elmlər məktəbi
ilə birgə Federal politexnik məktəbin yaradılması
haqqında" qanun qəbul edir. Federal politexnik məktəb
16 oktyabr 1855-ci ildən fəaliyyətə başlayır və
Sürix şəhərindəki müxtəlif binalarda ilk dərslər
keçirilir. Məktəbin əsas məqsədi
milli infrastrukturun gələcəyini qurmaq, bütün sahələr
üzrə ölkədə peşəkarlıq səviyyəsini
və milli elitanın karyerasını inkişaf etdirməkdir.
Məktəb yeni binaya köçmək
üçün memarlar arasında müsabiqə təşkil
edir və nəticədə memar Qotfrid Zemper qalib gəlir.
1858-1864-cü illərdə onun layihəsi əsasında ali məktəbin binaları tikilir.
1911-ci ildən Politexnik Məktəbi Federal
Texnologiya İnstitutu adlanır. İnstitut rəhbərliyi
Sürix şəhərində böyük tikinti layihələri
həyata keçirir.
1908-ci ildə Federal
Texnologiya İnstitutu tələbələrinə doktorluq dərəcəsi
vermək hüququ qazanır və bir il
sonra ilk dəfə olaraq altı kimyaçı tələbəyə
bu dərəcə verilir.
I Dünya
müharibəsindən sonra Federal Texnologiya İnstitutu fəaliyyətini
daha da genişləndirir. 1929-cu ildə institutun
nəzdində Hidravlik laboratoriya və İqtisadi Biznes
İnstitutu, 1933-cü ildə Texniki Fizika İnstitutu, 1937-ci
ildə Afif Sənaye Tədqiqatları Departamenti
açılır. 1936-cı ildə
institutun prezidenti Artur Ron "İnnovativ fəaliyyət siyasəti"
proqramını hazırlayır, nəticədə 1942-ci ildə
İsveçrə Milli Elm Fondu yaradılır.
1965-ci ildə Federal
Texnologiya İnstitutu ərazisinin genişləndirilməsi,
yeni korpusların, fakültələrin açılması və
s. məqsədlərlə bağlı layihələr həyata
keçirir. İnstitut bunun üçün dövlətdən
444 milyon frank məbləğində kredit alır.
Tarixə
kompüter, qloballaşma dövrü kimi düşən XX əsrin
sonlarında hər bir universitet müxtəlif layihələr
həyata keçirməyə başlayır. Federal Texnologiya İnstitutu
da baş verən yenilikləri, gedən prosesləri nəzərə
alaraq, 1981-ci ildə İnformatika və
materialşünaslıq, 1987-ci ildə isə Ekologiya elmləri
departamentləri
yaradır. 1989-cu ildə institut
müxtəlif departament və idarələrə
bölünür.
1990-cı illərin
sonlarından başlayaraq institut Boloniya islahatları çərçivəsində
iş aparır. 1993-cü illərdə Federal
Texnologiya İnstitutunun departamentləri tədricən büdcə
müstəqilliyi əldə edir. İnstitut
qlobal şəbəkəyə qoşulur, informasiya
texnologiyalarını modernləşdirir və elmi-texniki
bazasını genişləndirir.
Hazırda
Federal Texnologiya İnstitutu dünyanın ən sürətlə
inkişaf edən təhsil mərkəzlərindən biridir.
Əbəs yerə deyil ki, institut bura gələnləri
aşağıdakı sözlərlə
qarşılayır: "Sabahın dünyasına xoş gəlmisiniz!"
Universitet bu gün
İsveçrə
Federal Texnologiya İnstitutu iki kampusdan ibarətdir. Əsas kampus
1860-cı ildə Sürix şəhərinin mərkəzində
yaradılıb. Memar Qotfrid Zemper tərəfindən
inşa edilmiş bu kampusun binaları neoklassik üslubda
tikilib. Yeni kampus isə 1964-1976-cı illərdə
şəhərin kənarındakı Hönqerberq ərazisində
yaradılıb. Kampusun ərazisinin sonuncu dəfə genişləndirilməsi
2003-cü ilə təsadüf edir və burada
Materialşünaslıq, Memarlıq, İnşaat, Fizika,
Biologiya və Kimya departamentləri yaradılır. Hönqerberq kampusunu "Elm şəhəri" də
adlandırırlar.
İsveçrə Federal
Texnologiya İnstitutunun nəzdində aşağıdakı
departamentlər fəaliyyət göstərir:
Memarlıq və inşaat
elmləri departamentinə Memarlıq, Vətəndaş,
Ekoloji və Geomatik mühəndislik məktəbləri
daxildir.
Mühəndislik departamenti Biosistemlər,
Kompüter elmləri, İnformasiya texnologiyaları və
elektrotexnika, Mexanika və proses mühəndisliyi,
Materialşünaslıq məktəblərindən ibarətdir.
Dəqiq elmlər və
riyaziyyat departamentində Biologiya, Kimya və tətbiqi
bioelmlər, Riyaziyyat, Fizika məktəbləri fəaliyyət
göstərir.
Sistemli istiqamətləşdirilmiş
elmlər departamentinə Kənd təsərrüfatı
və sənaye, Yer elmləri, Environika məktəbləri
daxildir.
Menecment və
sosial elmlər departamenti İdarəetmə və informasiya
texnologiyaları, İqtisadiyyat, Humanitar və sosial-siyasi elmlər
məktəblərindən ibarətdir.
Federal
Texnologiya İnstitutu sadalanan ixtisaslar üzrə bakalavr və
magistr hazırlayır. Tədris Boloniya prosesinə, akademik nailiyyətlər
isə kredit sisteminə əsasən aparılır.
İnstitut dünyanın bir
sıra universitetləri ilə sıx əməkdaşlıq
edir, bu ali məktəbin tələbələri
təhsillərini dünyanın müxtəlif universitetlərində
davam etdirmək imkanına malikdirlər. İnstitut tələbələrə,
əlavə olaraq 15 master proqramı (Statistika, Müqayisəli
incəsənət və beynəlxalq tədqiqatlar (MACIS),
Maliyyə sahəsi, Kompüter elmləri, Mikro və Nanosistem
və s. sahələr üzrə), 130 tədris kursu təklif
edir. Burada, eyni zamanda müəllimlər, digər
əməkdaşlar üçün kurs və proqramlar həyata
keçirilir. Həmin proqramlar, əsasən,
pedaqogika, yeni texnologiyalardan istifadə, informatika, xarici dillər,
tədris və liderlik bacarıqlarının öyrədilməsi
sahələrini əhatə edir.
İsveçrənin
ən böyük kitabxana sistemi Federal Texnologiya İnstitutunun
kitabxanasıdır. Kitabxanaya 6,9 milyon kitab, əlyazma,
jurnal, xəritə, audiovizual material, verilənlər
bazası və s. daxildir. Sistem İnternet şəbəkəsinə
qoşulub, oxucular
"Sourcing" adlanan kataloq üzrə elmi ədəbiyyat
toplusu ilə tanış olmaq imkanına malikdir. İnstitutun əsas
kitabxanası olan Tökmə kitabxanada memarlıq, inşaat
texnikası, sənaye, mexanika, elektronika, kompüter elmləri,
kənd təsərrüfatı,
maşınqayırması, kənd və meşə təsərrüfatı,
yerşünaslıq, biologiya, kimya, əczaçılıq,
fizika, riyaziyyat, bədən tərbiyəsi və idman, nəqliyyat,
materialşünaslıq, environika və digər sahələrə
aid kitablar mövcuddur. Federal Texnologiya İnstitutunun nəzdində
əsas kitabxanadan əlavə, Enerji texnologiyaları, Kənd
təsərrüfatı
iqtisadiyyatı, İnşaat texnikası, İnşaat
materialları, Avtomatika, Müqayisəli və beynəlxalq tədqiqatlar
mərkəzi, Kimya, biologiya və əczaçılıq,
Elektroenerji vericisi, Hidrodinamika, Geotexnika, Tarix, Ən yeni tarix
arxivləri, Tomas Mann adına arxiv, Memarlığın tarixi və
nəzəriyyəsi, Yeraltı sular və hidromexanika, Yüksək
enerji fizikası, İnformasiya texnologiyaları və
elektrotexnika, Kompüter elmləri, Kartoqrafiya, Kommunikasiya
texnologiyaları, İntellektual mülkiyyət sahəsində
perspektiv tədqiqatlar, Riyaziyyat, Fizika, Mexaniki sistemlər və
texnologiya strukturu, Metal və metallurgiya tədqiqatları,
Mikrobiologiya, Əməliyyat tədqiqatları,
Kənd memarlığı, Sənaye, Menecment, Nəqliyyat
planlaşdırması, Aerotermokimya və yanacaq sistemi,
Hidravlika, hidrologiya və qlyasiologiya, Meşə, qar və
landşaft tədqiqatları, WIF, Sant-Hallen, Paul Şerer,
Lozanna, DES plazma və s. kitabxanalar
fəaliyyət göstərir.
Sürix
gölünün və Limmat çayının sahilində
yerləşən, qarlı dağlarla əhatə olunan
Sürix gözəl və təhlükəsiz şəhərdir. Federal Texnologiya İnstitutu
İsveçrənin bölgələrindən, xarici ölkələrdən
olan tələbələri, doktorantları, müəllimləri
və s. əməkdaşları bu şəhərdə
yaşayış yeri ilə təmin edir. Bunun
üçün 8 gün öncə "Einwohnerkontrolle"
və "Kreisbüro" adlanan, 1864-cü ildən fəaliyyət
göstərən mənzil xidməti idarəsinə
müraciət edilməli, İsveçrə Federal Texnologiya
İnstitutunda təhsil almağı və ya işləməyi
təsdiq edən sənəd təqdim olunmalıdır. Mənzil
xidməti idarəsi isə onlara tələbə
yataqxanaları, çoxmənzilli binalar və ayrıca evlər
təklif edir, müraciət edən şəxslər isə
istədiyi mənzili seçmək hüququna malik olurlar. Bu mənzillərdə
6 aylıq yaşayış haqqı 8.00 CHF (İsveçrə
frankı) təşkil edir. Şəhərin ictimai nəqliyyatı
olduqca rahat və sürətlidir, sərnişinlərə
yüksək səviyyədə xidmət göstərir.
Büdcə xərcləri və təhsil haqqı
İsveçrə
Federal Texnologiya İnstitutunda bakalavr və magistr pilləsində
təhsil haqqı 580 CHF, bir semestr təhsil haqqı isə 30
CHF təşkil edir. ötən il İsveçrə
Federal Texnologiya İnstitutunun büdcəsi 1milyard 263,8 milyon İsveçrə
frankı təşkil edib.
İnstitutun Nobel mükafatı laureatları
1867-ci ildə
İsveç kimyaçısı, mühəndis Alfred Nobel
dinamiti kəşf edir. Bu kəşf dünyada böyük səs-küyə
səbəb olur, hətta Nobelə bundan sonra "ölüm satan" ləqəbi də verilir. 1888-ci ildə
mətbuatda
A.Nobelin vəfatı ilə bağlı nekroloq nəşr
edilir. Onun
ölümü barədə qeyri-dəqiq məlumatların
yayılmasından sonra 27 noyabr 1895-ci ildə Nobel Parisdə
yerləşən İsveç-Norveç klubunda vəsiyyətnamə
hazırlayır. O, vəsiyyətnaməsində
var-dövlətinin yarısını hər il fizika, kimya,
tibb, ədəbiyyat və sülh üzrə əldə
edilmiş mühüm nailiyyətlərə, inqilabi ixtiraya və
cəmiyyətin, mədəniyyətin inkişafına böyük
töhfə vermiş şəxslərə milliyyətindən
asılı olmayaraq mükafat təqdim olunmasını qeyd
edir. 1900-cü ildə ilkin olaraq 31 milyon
İsveç kronu məbləğində vəsaitə malik
Nobel Fondu yaradılır. 2007-ci ildə bu
fondun kapitalı təxminən 560 milyon ABŞ dolları təşkil
edib.
Nobel
mükafatının ilk təqdimetmə mərasimi 10 dekabr
1901-ci ildə baş tutur. 1969-cu ildən
başlayaraq iqtisadiyyat sahəsi üzrə də mükafat təqdim
edilib. Laureat mükafatlandırma zamanı "Nobel
memorial mühazirəsi" ilə çıxış etməlidir
və həmin çıxış sonradan xüsusi kitabda nəşr
edilir.
1901-ci ildən
bu günə qədər Federal Texnologiya İnstitutu
dünyaya 21 Nobel mükafatı laureatı bəxş edib. Onlar
universitetin məzunları və burada çalışan
professorlar olub. Fizika sahəsində
dünyanın tanınmış alimləri Albert Eynşteyn və
Vilhelm Rentgen bu institutun ən məşhur məzunlarındandır.
Hazırda İsveçrə
Federal Texnologiya İnstitutunun prezidenti, professor
Ralf Eyxlerdir. O, eyni zamanda institutun İcraçılar
Şurasına rəhbərlik edir. İnstitutda
372 professor, 9049 inzibati işçi çalışır.
İnstitutun tələbələrinin
ümumi sayı 15093 nəfərdir. Onların 30%-ni əcnəbi, 30,5 %-ni isə qız tələbələr təşkil
edir. İnstitutda 3171 nəfər magistr və
doktorant təhsil alır. Federal Texnologiya
İnstitutu İsveçrənin digər universitetləri kimi
isveçrəli tələbələri qəbul imtahanı
keçirmədən qəbul edir. Bu institutun tələbəsi
olmaq üçün matura (Avstriya, Albaniya, Bosniya və
Hersoqovina, Bolqarıstan, Xorvatiya, çexiya, Macarıstan,
İtaliya, Lixtenşteyn, Makedoniya, Polşa, Serbiya, Slovakiya,
Ukrayna və İsveçrə orta məktəblərində
buraxılış imtahanları) nəticələrini təqdim
etmək lazımdır. Əcnəbi tələbələr
ümumi imtahan verdikdən sonra instituta qəbul olunur. İnstitutda abituriyentin riyazi biliklərinə diqqət
yetirilir və tədris ərzində də bu fənn
xüsusi öyrədilir. Bakalavr pilləsi
6, magistr pilləsi 3 semestrdən ibarətdir. Sonuncu semestr dissertasiyanın yazılmasına sərf
edilir. Bir tədris ili 2 semestrə
bölünür. Birinci kursun ikinci semestrinin
sonunda tələbələr "Basisprüfung" adlanan
imtahan verirlər. Tələbələrin
əksəriyyəti bu imtahanı uğurla verirlər. İmtahandan kəsilən tələbələr
onun çətinliyini nəzərə alaraq, ikinci dəfə
bu sınaqdan keçməkdən imtina edirlər. İnstitutda dərslər alman və ingilis dillərində
keçirilir.
İsveçrənin
bir sıra nüfuzlu universitetlərində azərbaycanlı
tələbələr təhsil alır, lakin İsveçrə
Federal Texnologiya İnstitutunda oxuyan tələbələr
arasında azərbaycanlı gənclərin adları yoxdur.
İsveçrə
Federal Texnologiya İnstitutu tətbiqi elmlər sahəsində
fundamental tədqiqatlara malikdir. İnstitut tələbələrini
insan, təbiət və texnologiyalar arasındakı
münasibətlərə yeni prizmadan baxmağı öyrədir,
elmin davamlı inkişafını təkcə milli zəmində
deyil, dünyəvi şəkildə təmin edir.
İsveçrə Federal Texnologiya İnstitutunun tələbələri
gələcəyin yüksək səviyyəli karyera əldə
edən mütəxəssislərinə çevrilir
İsveçrə Federal Texnologiya İnstitutunun məşhur
məzunları
Vilhelm Konrad Rentgen - fizika üzrə Nobel
mükafatı laureatı
(1901-ci il)
Alfred Verner - kimya üzrə Nobel
mükafatı laureatı
(1913-cü il)
Riçard Vilştetter - kimya üzrə
Nobel mükafatı laureatı
(1915-ci il)
Fris Haber - kimya üzrə Nobel
mükafatı laureatı (1918-ci il)
Şarl Eduard Hiyom -
fizika üzrə Nobel mükafatı laureatı (1920-ci il)
Albert Eynşteyn -
fizika üzrə Nobel mükafatı laureatı (1921-ci il)
Peter Debay - kimya üzrə Nobel
mükafatı laureatı (1936-cı il)
Rixard Kun - kimya
üzrə Nobel mükafatı laureatı (1938-ci
il)
Leopold Rujiçka -
kimya üzrə Nobel mükafatı laureatı (1939-cu
il)
Otto Ştern
- fizika üzrə Nobel
mükafatı laureatı (1943-cü
il)
Volfqanq Pauli - fizika üzrə Nobel
mükafatı laureatı (1945-ci il)
Tadeuş Rayxşteyn -
tibb üzrə Nobel mükafatı laureatı (1950-ci il)
Feliks Blox - fizika üzrə Nobel
mükafatı laureatı (1952-ci
il)
Herman Ştaudinger - kimya üzrə Nobel
mükafatı laureatı (1953-cü il)
Vladimir Preloqa -
kimya üzrə Nobel mükafatı laureatı (1975-ci
il)
Verner Arber - tibb
üzrə Nobel mükafatı laureatı (1978-ci il)
Henrix Rorer - fizika üzrə Nobel
mükafatı laureatı (1986-cı il)
Georq Bednors - fizika
üzrə Nobel mükafatı laureatı (1987-ci
il)
Aleksandr Müller - fizika üzrə Nobel
mükafatı laureatı (1987-ci il)
Riçard Ernst
- kimya üzrə Nobel mükafatı laureatı (1991-ci
il)
Kurt Vütrix
- kimya üzrə Nobel mükafatı laureatı (2002-ci
il)
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.-2010.-15
yanvar.-S.6.