Kurikulum islahatı zamanın tələbidir
Qlobal
dünyanın informasiya bolluğu şəraitində məktəbin,
təhsilin vəzifələri dəyişir. Ağılın,
intellektin inkişaf etdirilməsi ön plana keçir. Dünyanın təhsil məkanında sadəcə
bilik, bacarıqlar deyil, dəyərlər, səriştələr
şəxsiyyətin inkişafında mühüm atributlar
kimi qiymətləndirilir və bugünkü təhsilin keyfiyyət
göstəriciləri kimi qəbul edilir. Belə
bir zamanda Azərbaycan da müstəqillik əldə etmiş
ölkələrdən biri kimi bütün sahələrdə,
o cümlədən təhsildə islahatlar aparır. Müstəqil
Azərbaycanın memarı ulu öndər Heydər Əliyev
demişdir: "İndi təhsil sistemində islahatların əsas
məqsədi ondan ibarətdir ki, Azərbaycan təhsil sistemi
dünya təhsil sisteminin standartlarına
uyğunlaşsın".
Hazırda Azərbaycan
özünün təhsil sistemini dünyanın ən mütərəqqi
ölkələrinin təhsil prinsiplərindən istifadə
etməklə təkmilləşdirir, məzmun və struktur dəyişiklikləri
aparır. Ən başlıcası, dünyanın əşrəfi
sayılan insanın həyati bacarıqlara malik bir şəxsiyyət
kimi formalaşması istiqamətində səmərəli fəaliyyət
göstərir.
Azərbaycanda
təhsil sahəsində islahatlar məhz bu məntiqə
uyğun olaraq pillə-pillə aparılır. Son dövrlərdə
beynəlxalq miqyasda əldə olunan nailiyyətlərimiz,
şagirdlərimizin böyük uğurları
apardığımız təhsil islahatlarının qlobal xarakterini,
milli köklər üzərində formalaşmış bəşəri
mahiyyətini göstərir. Bütün
bunlar isə müasir Azərbaycan məktəbinin
simasının dəyişdiyini ifadə edir. Aparılan ilkin
araşdırmalar da bu dəyişikliklərin məhz müəllimin,
şagirdin, valideynin, ümumiyyətlə, təhsildə
marağı olan bütün iştirakçıların fəaliyyətində
özünü göstərdiyini təsdiq edir.
Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham Əliyev
cənabları demişdir: "Bütün işlər məhz
məktəbdən
başlayır, təhsilə diqqət, müəllimə
qayğı həmişə olmalıdır. Bütün
dövlət orqanları bu tövsiyələri eşitməli
və praktik həyatda bunu təmin etməlidir".
Azərbaycanın
tarixində tələbyönümlü bir təhsil sistemi
formalaşır. Cəmiyyətimizin ehtiyac və tələbatlarına
uyğun belə bir təhsil sisteminin qurulmasında demokratikləşdirmə,
humanistləşdirmə, inteqrasiya, diferensiallaşdırma, fərdiləşdirmə,
humanitarlaşdırma mühüm pedaqoji prinsiplər kimi nəzərə
alınır. Şəxsiyyətin maraq və
ehtiyaclarını, arzu və istəklərini əsas
götürməklə təhsil alanların mənafeyinə
xidmət göstərmək ön plana çəkilir. Beləliklə, təhsilin bütün sahələrində
dönməz xarakterə malik, ardıcıl və sistemli
işlərə rəvac verilir. O cümlədən
kurikulum islahatları elmi əsasda məqsədyönlü,
planlı şəkildə aparılır.
Keçdiyimiz yola diqqət etsək, görərik ki, kurikulum islahatları Azərbaycan hökuməti ilə Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış ilk Kredit Sazişi əsasında başlayıb. 1999-cu ildən bünövrəsi qoyulan bu islahatın öyrədici innovasiya mərhələsində ümumtəhsilin vəziyyətinin araşdırılması, gələcək fəaliyyətlər üçün istiqamətlərin müəyyənləşdirilməsi, pilot müəssisələrin təşkili, mütəxəssislərə kurikulumların hazırlanması sahəsində zəruri bacarıqların aşılanması və sair sahələrdə işlər görülüb. Beynəlxalq və milli səviyyəli mütəxəssislər tərəfindən ümumi təhsil sistemində aparılan araşdırmalar birbaşa onun mövcud durumunu müəyyənləşdirməyə yönəlib. Xüsusən inzibati amirlik sistemindən çıxan bir ölkə kimi Azərbaycanda təlim-tərbiyə işinin xarakterik cəhətləri öyrənilib.
Həmin araşdırmalarda birmənalı şəkildə belə qənaət hasil edilmişdir ki, Azərbaycanda ümumi təhsil, əsasən, lüzumsuz olaraq elmlərin əsaslarının öyrədilməsinə yönəlib və şagirdlərin həyati bacarıqlara yiyələnməsi üçün istiqamətləndirilməsi imkanları məhdudlaşıb. Bundan əlavə, qloballaşan dünyanın prinsiplərinin əksi olaraq fənlərə daha çox fundamental biliklər mənbəyi kimi baxılıb. Onların inkişafetdirici, tərbiyəvi imkanlarına zəif diqqət yetirilib. Ona görə də ümumi təhsil kurikulumlarının yenidən hazırlanması təklif olunub.
Beləliklə, öyrədici innovasiya mərhələsində görülmüş işlər Dünya Bankının rəhbərliyi tərəfindən rəğbətlə qarşılandığından 2003-2013-cü illəri əhatə edən, iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulan və birinci mərhələdə 5 komponentdən ibarət olan ikinci layihə müəyyənləşdirilib. "ümumi orta təhsilin keyfiyyəti və real tələbatlara uyğunluğu" adlı birinci komponentin alt-komponentlərindən biri kimi "Kurikulum islahatı" təsdiq olunub.
Təcrübə
göstərir ki, təlimin məqsəd, məzmun, forma, metod
və vasitələrdən ibarət sistemi həmişə
aparıcı olsa da, ona yanaşmalar müxtəlif
olmuşdur. Sadalanan
vacib komponentlərin strateji bir xətdə əlaqələnməsi,
uyğun prinsiplərə tabe olmaması onların mənimsənilməsini
çətinləşdirmiş və tətbiq
imkanlarını məhdudlaşdırmışdır. Kurikulum
modelinə müraciət olunması onların bir məcraya gətirilməsinə,
bir xətt üzrə qurulmasına imkan yaratmışdır.
Nəticədə komponentlərin şəbəkəli vahid
strukturu əmələ gəlmişdir. Başqa sözlə,
təhsildə müxtəlif fəaliyyətlərin məzmununu
əhatə edən xüsusi sənəd meydana
çıxmışdır. Bu sənədin özəlliyi
ondadır ki, o, təlimin məzmununu, strategiyalarını,
qiymətləndirmə mexanizmlərini və sairi birləşdirməklə
konseptual xarakter daşıyır. Bütün resursların
yaradılmasında, təlim prosesinin təşkili və
aparılmasında baza rolunu oynayır və dərslikləri
tərtib edənlərdən başlayaraq ta təlim prosesində
qiymətləndirmə ilə məşğul olan
bütün mütəxəssislərə qədər
insanların fəaliyyətini istiqamətləndirir.
Bəs kurikulumlar necə hazırlanır? Onların
müəllifi kimlərdir?
Təhsil kurikulumlarının hazırlanması ağır bir prosesdir. Ona cəmiyyətin bütün zümrələrindən olan insanlar (mütəxəssislər, müəllimlər, valideynlər, şagirdlər və b.) cəlb edilirlər. Dünyada kurikulumların yaradılması işi ilə xüsusi qurumlar məşğul olur. Həmin qurumlar öz ətrafına fəal qüvvələri toplayaraq cəmiyyətin tələbatlarına uyğun məzmun və texnologiyalar sistemi hazırlayırlar.
Bəzən təhsil kurikulumlarının bir və ya bir neçə şəxs tərəfindən hazırlanmasının mümkünlüyü barədə mülahizələr söylənilir. Bu, əvvəlki təhsil proqramları üçün xas olan xüsusiyyətlərdir. Həmin proqramlar təklifyönümlü olduğundan bir və ya bir neçə nəfərin subyektiv mülahizəsi kimi irəli sürülərək istifadəyə verilirdi.
Təhsil kurikulumları isə maraqlı olan tərəflərdən (mütəxəssislər, müəllimlər, valideynlər, şagirdlər) ibarət daha çox insanın münasibətini əhatə etməklə obyektiv xarakter daşıyır. Ona görə də dünya ölkələrində təhsil kurikulumlarının hazırlanmasında işçi qruplarından və onların fəaliyyət mexanizmlərindən ibarət texnologiyalara müraciət olunur.
Azərbaycanda da kurikulumlar hazırlanarkən belə bir texnologiyaya istinad edilmişdir. 2005-ci ildə Təhsil Problemləri İnstitutunun strukturunda Kurikulum Mərkəzi yaradılmış, həmin vaxtdan respublikada kurikulum hərəkatı başlanmışdır. Yüzlərlə müəllim, təhsil işçisi bu hərəkata qoşularaq kurikulumların hazırlanması istiqamətində müzakirələrin iştirakçısına çevrilmiş və 400-ə qədər üzvü olan 23 işçi qrupunun ətrafında birləşərək kurikulumların hazırlanması prosesinə qoşulmuşdur. Bu işçi qruplarına respublikanın görkəmli alimlərindən AMEA-nın müxbir üzvləri Nizami Cəfərov (ana dili), Yaqub Mahmudov (tarix), Vaqif Abbasov (kimya), professorlardan Səməd Seyidov (ingilis dili, Fəxrəddin Veysəlov (alman dili), Mirzəli Murquzov (fizika), Sabir Mirzəyev (riyaziyyat), Müseyib Müseyibov (coğrafiya), Ağacan Əbiyev (fiziki tərbiyə) rəhbərlik etmişlər. Dünya Bankının prosedurlarına əsasən seçilmiş 95 nəfər milli məsləhətçi, kurikulum və qiymətləndirmə sahəsində beynəlxalq miqyasda tanınmış Hollandiyanın "CİTO qroep" təşkilatı kurikulumların hazırlanmasında məsləhətçilik xidmətləri göstərmişlər.
Beləliklə, "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" sənədinin 2006-cı ildə, I-IV siniflər üçün fənn kurikulumlarının 2007-ci ildə ilk dəfə hazırlanaraq təsdiq olunması respublikamızın təhsil həyatında hadisəyə çevrilmişdir.
Kurikulumlar hazırlanarkən, ilk növbədə, dünyanın ABŞ, Rusiya, Hollandiya, Avstraliya, İngiltərə, Finlandiya, İsveç, Türkiyə, Kanada, Moldova, Qazaxıstan və başqa ölkələrin bu sahədə təcrübələri diqqətlə öyrənilmiş, təhlillər aparılmışdır. İşçi qruplarında müzakirələr keçirilmişdir. Obyektiv qərarların qəbul olunması diqqət mərkəzində saxlanılmışdır.
İşçi qrupları tərəfindən hazırlanan kurikulumların layihə variantları dəfələrlə müzakirə olunaraq mərhələ-mərhələ respublikanın pedaqoji mətbuatında - "Azərbaycan müəllimi", "Təhsil problemləri" qəzetlərində dərc edilərək oxucuların və pedaqoji ictimaiyyətin mühakiməsinə verilmişdir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, kurikulumların layihə variantları ilə bağlı Təhsil Nazirliyinə minlərlə təklif göndərilmişdir. Həmin təkliflərdə müəllimlər kurikulumları təqdir etməklə ona münasibət bildirmiş, məzmun standartlarını məqsədəuyğun saymış, layihə variantının təkmilləşdirilməsi üçün zəruri hesab etdikləri təkliflərini irəli sürmüşlər.
Eyni zamanda kurikulumlar ABŞ, Avstraliya, Hollandiya kimi xarici ölkələrdəki bu işlə məşğul olan qurumlara, mütəxəssislərə rəyə göndərilmiş, onlar tərəfindən müsbət qiymətləndirilmişdir. Beynəlxalq ekspertlər hazırlanmış yeni kurikulumları inkişaf etmiş Avropa ölkələrinin kurikulumları səviyyəsinə uyğun sənədlər kimi qiymətləndirmişlər.
Nəticə
olaraq bu təkliflər ümumiləşdirilmiş və
kurikulumların son variantında nəzərə
alınmışdır. Kurikulumlar yeni nəşrə başlayan
"Kurikulum" jurnalının 2008-ci il 1-3-cü nömrələrində,
Təhsil Problemləri İnstitutunun "Elmi əsərləri"ndə,
eləcə də ayrıca kitab şəklində çap
olunaraq müəllimlərin istifadəsinə verilmişdir.
Artıq ikinci
ildir ki, fənn kurikulumlarının tətbiqinə
başlanılmışdır. Bu işin müvəffəqiyyətlə
aparılması üçün 20 minə qədər müəllim,
təhsil işçisi təlim kurslarından keçmiş,
sertifikat almış, yeni fənn kurikulumlarının tələblərinə
uyğun hazırlanmış dərsliklərin xüsusiyyətləri
ilə bağlı seminarlarda iştirak etmişlər. Maraqlı
tərəflərlə maarifləndirmə işi aparmaq
üçün televiziya və radioda, pedaqoji mətbuatda
çoxlu sayda çıxışlar olmuşdur.
Fənn
kurikulumlarının mahiyyəti və məzmunu ilə
bağlı Kurikulum Mərkəzində araşdırmalar
aparılmışdır. Məlum olmuşdur ki, fənn
kurikulumları mahiyyət etibarilə cəmiyyət
üçün hərtərəfli inkişaf etmiş şəxsiyyətin
formalaşmasına imkan yaradan, cəmiyyətin tələblərinə
cavab verən mühüm təhsil sənədi kimi nəticəyönümlü,
şəxsiyyətyönümlü və inteqrativ xarakter daşıyır.
Onların məzmunu şagird fəaliyyətinin ardıcıl
olaraq izlənməsinə, nailiyyətlərin müntəzəm
şəkildə qiymətləndirilməsinə imkan
yaradır, təlim prosesi ilə gözlənilən nəticə
arasında əks-əlaqə mexanizminin qurulmasını təmin
edir.
"Kurikulum", "Azərbaycan
məktəbi" jurnallarında, institutun "Elmi əsərləri"ndə
fənn kurikulumlarının mahiyyəti və məzmunu ilə
bağlı, ilkin
empirik araşdırmaların nəticələri kimi, xeyli
sayda yazılar çap olunmuş və bu proses hazırda davam
etməkdədir. Bütün bunlarla yanaşı, mühüm
pedaqoji problem kimi bu məsələlərin öyrənilməsinin
davam etdirilməsi, gələcəkdə fundamental elmi-pedaqoji
tədqiqatların obyektinə
çevrilməsi qaçılmaz bir zərurətdir. Dünya
pedaqoji fikrində kurikulumlar nəzəri və praktik cəhətdən
geniş öyrənilmiş, xüsusi nəzəriyyələr
formalaşmışdır. Biz də öz fəaliyyətimizdə
onlara istinad etmişik. Heç şübhəsiz, bu barədə
respublikamızda fundamental pedaqoji araşdırmaların
aparılmasına, təhsil sahəsindəki fəaliyyətlərin
xarakteri, onlar arasındakı əlaqə və münasibətlər,
kurikulumların konseptuallığı və inteqrativliyi, məzmun
standartlarının komponentləri, bilik və fəaliyyət,
onlar arasında əlaqə və bağlılıq kimi mahiyyətyönümlü
məsələlərin öyrənilməsinə ehtiyac
yaranmaqdadır. Bu problemlər konseptual xarakter
daşıyır və müasir didaktikanın nəzəri məsələlərindən
biri kimi özünün tədqiqatçılarını
gözləyir.
Bu gün
kurikulumlarda yer tutan məzmun standartları şəxsiyyətyönümlü
təhsilin nəticələri olmaqla inteqrativ xarakter
daşıyır və dəyərləri ifadə edir. Məsələn, "Dinlədiyi
fikri əlavələri ilə inkişaf etdirir" ("Ana
dili", II sinif), yaxud "çəkdiyi şəkillərə
mətnlər daxil edir" ("İnformatika", II sinif),
"Hazırlanacaq məmulata görə iş yerini təşkil
edir" ("Texnologiya", IV sinif) və s. Bu dəyərlər uşaqların
ümumi inkişafını, intellekt səviyyəsini müəyyənləşdirmək
imkanı yaradır. Məzmun standartlarını
reallaşdıran dərslik və ya digər vəsaitlərin
müəlliflərinə sərbəstlik verilir. Onlar gözlənilən
nəticəyə çatmaq üçün potensial
imkanlarına uyğun strategiyaları (vasitələri, formaları,
üsulları və s.) özləri seçirlər. Müəllimlər
isə məktəb, eləcə də sinif
kurikulumlarını hazırlayarkən məzmun
standartlarını reallaşdırmaq üçün konkret
təlim məqsədləri müəyyənləşdirir,
imkan və şəraitlərinə uyğun strategiyalar
hazırlayırlar.
Kurikulumlar elmi əsasda,
sistemli olaraq hazırlanmış yeni təhsil sənədləridir. Tətbiq edildikcə, təbii
olaraq, onların təkmilləşdirilməsi istiqamətində
mülahizələr yaranır. Son dövrlər mətbuat səhifələrində
dərc olunan yazıları buna misal göstərmək olar. Orada
kurikulumların mahiyyəti və məzmunundan, təlim
standartlarının, yeni dərsliklərin, fəal dərsin
xüsusiyyətlərindən, eləcə də digər məsələlərdən
danışılır. Belə fikirlər toplanır, nəzərə
alınmaq üçün işçi qruplarında
müzakirə olunur.
Təhsil Problemləri
İnstitutunun Kurikulum Mərkəzində, onun ayrı-ayrı
şöbə və bölmələrində
kurikulumların hazırlanması və tətbiqi ilə
bağlı hazırda gərgin iş aparılır. Müxtəlif
institut və universitetlərin əməkdaşları,
Bakı şəhəri üzrə təhsil işçiləri,
müəllimlər bu işdə yaxından iştirak edirlər.
Eləcə də respublikanın ayrı-ayrı bölgələrindən
olan müəllimlər müxtəlif vasitələrdən
istifadə edərək mərkəzlə əlaqə
saxlayır, suallarını, arzu və təkliflərini
bildirirlər. Bu müzakirələri daha səmərəli
etmək üçün ayda bir dəfə Təhsil Problemləri
İnstitutunda (Afiyəddin Cəlilov küçəsi 22,
institutun II binası) Azərbaycan təhsilində gedən
islahatlarla bağlı ümumrespublika seminarının
keçirilməsi planlaşdırılmışdır. Orada
müzakirə və diskussiyaların keçirilməsi, irəli
sürülmüş təkliflər əsasında fəaliyyətlərin
təkmilləşdirilməsi zəruri məqsəd kimi
qarşıya qoyulmuşdur. Maraqlı olan hər kəsin bu tədbirdə
iştirak etməsi arzu olunur.
Azərbaycan müəllimi.-2010.-15 yanvar.-S.2, 4.