Ali məktəblərdə qış imtahan sessiyası davam edir
Artıq bir neçə gündür ki, ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində 2009-2010-cu tədris ilinin qış imtahan sessiyası başlanıb. Təkcə təhsil sahəsində çalışanların deyil, geniş ictimaiyyətin belə həmişə diqqət və maraqla izlədiyi yay və qış imtahan sessiyalarının yüksək səviyyədə təşkili və obyektiv keçirilməsi üçün son illər Təhsil Nazirliyi tərəfindən bir çox məqsədyönlü tədbirlər həyata keçirilib.
Həmin tədbirlər builki qış imtahan sessiyası dövründə də davam etdirilib. Hələ sessiya başlamazdan xeyli öncə - ötən il dekabrın 18-də təhsil naziri "Ali və orta ixtisas təhsili müəssisələrində qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında" əmr imzalayıb. Həmin əmrlə qış imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını, şəffaflığın və ictimai nəzarətin gücləndirilməsini təmin etmək, imtahan qərargahları, "qaynar xətlər" yaratmaq, onların fəaliyyətləri barədə ictimaiyyətə mütəmadi məlumat vermək ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb. Təhsil Nazirliyi ilə birgə qeyri-hökumət təşkilatlarının da imtahan sessiyasının gedişinə nəzarəti həyata keçirmələri təmin olunub. Ali təhsil müəssisələrinin rəhbərləri ilə yanvarın 7-də Təhsil Nazirliyində keçirilmiş müşavirədə qış imtahan sessiyasının keçirilməsi barədə ayrıca məsələ müzakirə olunub.
Hazırda davam etməkdə olan qış imtahan sessiyasının təşkili və gedişi vəziyyəti ilə tanış olmaq üçün üç ali məktəblə əlaqə saxladıq. öyrəndik ki, sessiyanın yüksək səviyyədə keçirilməsi, bu zaman obyektivliyin və şəffaflığın təmin olunması, baş verə biləcək nöqsanların, neqativ halların qarşısının alınması üçün ali məktəblərdə konkret tədbirlər həyata keçirilib.
BDU-da imtahanların gedişinə
QHT-lər nəzarət edirlər
Bakı Dövlət
Universiteti tədris hissəsinin müdiri, kimya elmləri namizədi, dosent İbad İbadov bizimlə söhbətində bildirdi
ki, ötən illərdən fərqli olaraq bu tədris
ilində sessiyanın
keçirilməsində müəyyən
yeniliklər tətbiq
olunub. Belə ki, bütün
imtahanlar monitorinq formasında aparılır.
Yazılı formada keçirilən imtahanlarda
tələbələrin yazı
işləri kodlaşdırılır
və anonim şəkildə, özü
də fənni tədris
edən müəllim
tərəfindən deyil,
kafedranın eyni ixtisaslı digər müəllimləri tərəfindən
yoxlanılır və
kredit sisteminin tələblərinə uyğun
50 balla qiymətləndirilərək
tələbələrə elan olunur. Bu
da tələbələrin
biliyinin qiymətləndirilməsində
obyektivliyin təmin olunmasına tam şərait
yaradır.
Hər gün səhər saat 9.00-dan etibarən universitet üzrə imtahan keçiriləcək bütün qruplara qeyri-ixtisas müəllimlərindən koordinatorlar təyin edilir. Hər qrupa təyin olunmuş 2 nəfər müəllim-koordinator imtahanların gedişinə bilavasitə nəzarət edir. Köçürmə hallarına qəti yol verməmək müəllim-koordinatorlara ciddi tapşırılıb. ötən illərdən fərqli olaraq tələbələr arasında köçürmə hallarına çox az təsadüf olunur və belələri dərhal koordinatorlar tərəfindən imtahanın gedişindən kənarlaşdırılır.
İmtahanların gedişinə bilavasitə nəzarət etmək üçün prorektorlar və digər struktur rəhbərləri rektor tərəfindən fakültələrə təhkim olunublar.
Universitetdə fəaliyyət göstərən "qaynar xətt"in telefon nömrələri bütün tədris korpuslarında asılıb. Eyni zamanda bütün korpuslarda xüsusi qutular yerləşdirilib. Tələbələr imtahanların gedişi haqqında öz rəy və təkliflərini, iradlarını, narazılıqlarını onların vasitəsi ilə bildirə bilərlər.
Sessiyanın gedişini operativ izləmək məqsədi ilə rektorun əmrinə əsasən qərargah yaradılıb. Hər gün onun iclası keçirilir və sessiyanın gedişində yarana biləcək hər hansı bir narazılıq qərargahda dərhal müzakirə olunur.
Bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri sessiyanın gedişini izləməyə cəlb olunublar. Onlar Təhsil Nazirliyi tərəfindən seçilib müəyyənləşdirilmiş qruplarda imtahanların gedişinə bilavasitə nəzarət edirlər. İmtahanların təşkili, sessiyanın gedişi hər gün rektorun nəzarətindədir və gündəlik müzakirə olunur.
ADPU-da imtahanlar İKT-nin tətbiqi
ilə aparılır
Ölkənin pedaqoji kadrlar hazırlayan ən böyük ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji Universitetində semestr və dövlət imtahanları artıq üçüncü ildir ki, yeni qaydada, İKT-dən istifadə olunmaqla aparılır. Universitetin tədris-metodika şöbəsinin müdiri, dosent Namiq Hacıyevdən aldığımız məlumata görə universitetdə builki qış sessiyasının imtahanlarını da əyani şöbənin tələbələri kompüterlərlə verirlər. Universitetdə 180 ən müasir kompüterlə təchiz olunmuş 5 zal var. İmtahanlar hər gün 2 növbədə (saat 9.00-dan 13.00-a və 14.00-dan 18.00-a qədər) olmaqla bu zallarda aparılır. Hər bir tələbənin kompüterə müraciəti üçün şəxsi kodu vardır. Tələbə əvvəlcə imtahan verəcəyi fənni seçir, bu zaman test sualları və beş cavab variantı monitorda əks olunur. Suallar 40 dəqiqə ərzində cavablandırılır və tələbə verdiyi cavablara əsasən neçə bal topladığını bilir. Sonra kompüter balı ilə semestr boyu toplanan ballar cəmlənərək yekun qiymət müəyyənləşdirilir.
Təlimata əsasən bütün kafedralarda əyani şöbə üzrə imtahan testləri hazırlanaraq bankda yerləşdirilmişdir. Bankda hər bir fənn
üzrə
belə
testlərin sayı
500-dən,
bir sıra fənlər üzrə isə
hətta 1000-dən çoxdur.
İmtahanlarda obyektivliyi
və şəffaflığı təmin etmək
üçün ictimaiyyətlə sıx əlaqə
saxlanılır. KİV nümayəndələri, valideynlər
istənilən vaxt imtahanları izləyə bilərlər.
Valideynlər övladlarının necə imtahan verməsini hətta
universitetə gəlmədən İnternet vasitəsi ilə
də öyrənə bilərlər.
Öz qiymətlərindən
narazı qalan neqativ hallarla üzləşən tələbələr,
ilk növbədə, fakültə apelyasiya komissiyasına
müraciət edir. Əgər verilən cavab onları qane etməsə,
onda universitet üzrə
münaqişə komissiyasına müraciət olunur. Müraciətlərə
çevik baxılır, araşdırılır və
cavablandırılır.
AMİ-də "Açıq qapı günləri"
elan edilib
Azərbaycan Müəllimlər
İnstitutunda 2009-2010-cu tədris ilinin qış imtahan sessiyasına
hazırlıq işləri barədə məsələ
institutun Elmi Şurasının 10 dekabr 2009-cu il tarixli
iclasında müzakirə edilib və qərar qəbul olunub. Sessiyanın
mütəşəkkil keçirilməsi üçün
istər baza institutunda, istərsə də filiallarda bir
sıra zəruri tədbirlər həyata keçirilib. Bir
qayda olaraq imtahanlar bütün kurslarda yazılı formada
keçirilir. İmtahanlar başa çatdıqdan sonra imtahan
vərəqələri kodlaşdırılmaq
üçün rektorluğa təqdim edilir. İmtahanın nəticələri elə həmin gün protokollaşdırılır,
müəllimlər tərəfindən
imzalanır və
qiymət cədvəlləri
doldurulur.
İmtahan sessiyasında
yarana biləcək münaqişə və şikayətlərin
operativ və obyektiv həll edilməsini təmin etmək məqsədilə
institutda münaqişə komissiyası yaradılıb. Tələbələrin
nəzərinə çatdırılıb ki, imtahanların
nəticəsindən narazı qalanlar yalnız imtahanın nəticələri
elan olunduğu gün münaqişə komissiyasına ərizə
ilə müraciət edə bilərlər.
Bundan başqa, institutda
baş verə biləcək hər hansı neqativ halların
aradan qaldırılması üçün daimi olaraq
"Qaynar xətt" fəaliyyət göstərir.
2009-2010-cu tədris
ilinin qış imtahan sessiyasının keçirilməsi ilə
əlaqədar institutda "Açıq qapı günləri"
elan edilib. İmtahan sessiyasının şəffaf və ədalətli
keçirilməsinin şahidi olmaq və sessiyanın
gedişini izləmək istəyən bütün valideynlər,
mətbuat işçiləri və ictimaiyyət nümayəndələri
"Açıq qapı günləri"ndə iştirak
edə bilərlər.
Bütün bunlarla yanaşı,
sonda onu da xatırlatmağı lazım bilirik ki, Təhsil
Nazirliyində "Qaynar xətt" fəaliyyət göstərir.
Müəllim və tələbələr, imtahanlarda nəzarəti
həyata keçirən QHT-lərin və ictimaiyyətin
nümayəndələri rastlaşdıqları nöqsanlar,
neqativ hallar barədə "Qaynar xətt"ə
(tel.496-34-82, faks 496-37-61. e-mail: qaynarxett@edu.gov.az) məlumat verə
bilərlər.
Y.ƏLİYEV
Azərbaycan müəllimi.-2010.-15 yanvar.-S.1, 2.