Ali təhsildə
maliyyələşdirmə mexanizmlərinə dair seminar
Yanvarın 14-də "Park İnn" otelində ali təhsildə
maliyyələşdirmə mexanizmləri üzrə
seminar keçirildi.
Azərbaycan Respublikasının təhsil
naziri Misir Mərdanov hörmətli qonaqları və rəsmi dövlət nümayəndələrini salamlayaraq
giriş sözü ilə çıxış
etdi. Nazir qeyd etdi ki, sürətli
dəyişikliklərin baş
verdiyi müasir dövrdə cəmiyyətin
sosial-iqtisadi tərəqqisində,
rəqabətə davamlı
insan kapitalının
formalaşmasında, davamlı
inkişafa zəmin yaradan iqtisadiyyatın qurulmasında ali
təhsilin müstəsna
rolu vardır. Qloballaşmanın geniş vüsət
aldığı müasir
dövrdə hər bir ölkənin iqtisadiyyatının inkişafı,
onun uğurlu gələcəyi, inkişaf
etmiş ölkələr
sırasına daxil olması həmin ölkədə təhsilin
səviyyəsi ilə
müəyyənləşir. Bu cəhətdən ölkənin
malik olduğu təbii sərvətlərin
cəmiyyətin hərəkətverici
qüvvəsi olan insan kapitalına çevrilməsi ali təhsilin qarşısında duran əsas vəzifələrdən
biridir. Bütün bu amillər qarşıya respublikada ali təhsil
sahəsində islahatların
istiqamətlərinin dünyada
ali təhsilin inkişaf tendensiyalarına
uyğun müəyyənləşdirilməsi
zərurətini qoyur.
Əgər bu amillərin sırasına
2005-ci ilin mayında ölkəmizin Boloniya prosesinə qoşulması,
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin
neftdən və qazdan gələn gəlirlərin ölkədə
insan potensialının
inkişafına yönəldilməsi
ideyaları, azərbaycanlı
gənclərin dünyanın
nüfuzlu universitetlərində
təhsil almağa göndərilməsi, ölkənin
ali təhsil sistemində islahatlar üzrə dövlət proqramlarının təsdiqi
də əlavə edilsə, bugünkü seminarın aktuallığı
daha aydın görünər.
Bu tədbirin
Dünya Bankının
birbaşa dəstəyi
ilə artıq ikinci dəfə keçirildiyini diqqətə
çatdıran Misir Mərdanov bildirdi ki, seminarların keçirilməsində, dünyanın
müxtəlif ölkələrində
ali təhsillə
bağlı simpozium və konfranslarda iştirak etməkdə əsas məqsəd beynəlxalq aləmdə bu sahə ilə
bağlı tendensiyalarla
yaxından tanış
olmaq və onlardan ölkənin ali təhsilinin inkişafında istifadə
etməkdir. Təhsil sahəsində həyata keçirilən bütün
islahatların, o cümlədən
maliyyələşmə ilə
bağlı islahatların
təhsilin keyfiyyətini
yüksəldəcəyinə və ali
təhsil imkanlarını
genişləndirəcəyinə ümidini ifadə edən nazir qeyd etdi ki,
ölkəmizdə bütün
bunlar üçün
əsaslı baza formalaşmışdır. Son illərdə
dövlətin diqqət
və qayğısı
nəticəsində ali məktəblərin
maddi-texniki bazası möhkəmlənmiş, müasir
avadanlıq və texnologiyalarla təminatda əhəmiyyətli işlər
görülmüş, professor-müəllim heyətinin əməkhaqqı hiss olunacaq
dərəcədə artırılmışdır.
Sonra təhsil naziri "Ali təhsildə yeni maliyyələşdirmə mexanizmi"
mövzusunda məruzə-təqdimatla
çıxış etdi. Təqdimatda
Azərbaycan Respublikasının
ali təhsil
sistemi, ölkədə
fəaliyyət göstərən
ali təhsil müəssisələri, ali
təhsilə dövlət
büdcəsindən ayrılan
vəsait və s. haqqında ətraflı məlumat verildi, mövcud problemlər diqqətə çatdırıldı
və maliyyələşdirmə
ilə bağlı təkliflər səsləndi.
Daha sonra seminarın proqramına müvafiq olaraq Dünya Bankının baş təhsil mütəxəssisi Riçard
Hopper "Ali təhsilin maliyyələşdirilməsi
və bu sahədə olan innovasiyalar", Dünya Bankının ali təhsil proqramının
koordinatoru Cəmil Səlmi "Müəssisələrin
birbaşa və dolayı maliyyələşdirilməsi",
ali təhsilin maliyyələşdirilməsi üzrə
məsləhətçi Con Filden "Düstur əsasında maliyyələşdirmə",
Litva Respublikasının
təhsil və elm naziri Gintaras Steponaviçius "Litvanın
vauçer sistemi"
və onun müşaviri Gitautas Damiyonaytis "Litvada düstur əsasında maliyyələşdirmə" mövzusunda məruzə-təqdimatlarla
çıxış etdilər.
Fasilədən sonra dinlənilən təqdimatlara
əsasən ayrı-ayrı
məsələlər - əsas
büdcənin düsturla
maliyyələşdirilməsi, strateji prioritetlər üzrə vəsaitləri
təmin edən rəqabətli maliyyələşmə,
tədris üzrə əsas maliyyələşməni
təmin edən vauçer sistemi, kapital qoyuluşlarını
təmin edən maliyyələşmə, tədqiqatların
müxtəlif mənbədən
maliyyələşdirilməsi və mərkəzdən idarə olunan dövlət vəsaitləri
üçün strateji
seçimlərlə bağlı
müzakirələr aparıldı.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.-2010.-15 yanvar.-S.2.