İnteraktiv təlim metodlarının tətbiqinin bəzi cəhətləri

 

Şagirdlərin, xüsusilə, kiçikyaşlıların məktəbdə ingilis dili dərsinə sərf etdiyi vaxt adətən çox  olmur. Onlar ancaq müəllimlə danışa bilirlər, əksər uşaqların isə danışmaq imkanı olmur. Qruplarla və cütlərlə işləmək isə onlara daha çox ünsiyyətdə olmaq imkani verir və dərsdə dil mühitinin yaranmasına kömək edir. Nəzərə almaq lazımdır ki, uşaqlara sərbəst olmaq üçün yer və fürsət lazımdır.

Kiçik qruplarla və cütlərlə iş onlara psixoloji "yer", "sahə" verir ki, buna nail olsunlar. Qruplarla və cütlərlə iş uşaqlara habelə fikir mübadiləsi etməyə və yaradıcı olmağa şərait yaradır və dərs prosesinə temp və rəngarənglik gətirir. Bütöv siniflə, xüsusilə şagirdlərin sayının çox olduğu siniflə işləmək daha çox diqqət tələb edir və bu zaman hər bir şagirdə fərdi yanaşmaq olmur. Buna görə də qruplar və cütlərlə işə daha çox yer ayırmaq lazımdır. Amma bu işi düzgün təşkil etmək çox vacibdir.

Qruplarla və cütlərlə işə başlamazdan əvvəl əmin olmaq gərəkdir ki, uşaqlar nə etmək lazım olduğunu dəqiq bilirlər. Onlara göstərişləri həm ingilis dilində, həm də ana dilində vermək olar və müəllim 1-2 şagirdlə sinfin qarşısında tapşırığı necə yerinə yetirmək lazım olduğunu nümayiş etdirsə, daha yaxşı olar. Uşaqlar işləyərkən isə müəllim arada gəzərək onları dinləməli və lazım gəldikcə onlara kömək etməlidir. Yaxşı olar ki, cütlərlə işə vaxt limiti qoyulsun. Verilən vaxt şagirdlərə tapşırığı yerinə yetirməyə və diqqətlərini cəmləşdirməyə kifayət etməlidir. Eyni dərəcədə vaxtın çox az olmamasına da diqqət yetirmək lazımdır.

Uşaqlara verilən tapşırığın məqsədi aydın olmalıdır, uşaqlar bilməlidirlər ki, müəllim onlardan nə gözləyir. Tapşırıq elə seçilməlidir ki, nəticəsi praktik olsun. Dərs prosesində bəzi uşaqlar tapşırığı digərlərindən tez yerinə yetirirlər. Bu halda qısa əlavə tapşırıqların verilməsi yaxşı olar.

Balaca qruplar özlərini adlandıra bilərlər: bu, rəng, gül və ya heyvan adı ola bilər. Vaxtaşırı qrupları yenidən formalaşdırarkən yeni ad seçilə bilər.

Kiçikyaşlılar üçün fiziki hərəkətlər gündəlik həyatın bir hissəsidir. Onlar günün çox hissəsini oturanda, bu, yorğunluğa səbəb ola bilər və onların öyrənmə imkanını azaldar. Uşaqların daha çox fiziki hərəkətlərə ehtiyacı var və bu hərəkətlər, qarşılıqlı ünsiyyət onlara ətraf mühiti dərk etməyə kömək edir. Təbiidir ki, uşaqlar yaşlılara nisbətən daha hərəkətlidirlər və biz müəllimlər bu potensialdan düzgün istifadə etməklə öyrənmə prosesini daha səmərəli təşkil edə bilərik. Əgər  uşaqlar uzun müddət parta arxasında oturub passivləşmişlərsə, dərsi, özündə fiziki hərəkətləri cəmləşdirən fəaliyyət növü tətbiq etməklə canlandırmaq olar.

Məlumdur ki, ibtidai siniflər üçün ingilis dili dərsliyinin iş dəftəri də vardır. Dəftərin dərsdə işlənməsi daha faydalı olar. Bundan başqa, uşaqları şəkilli lüğət hazırlamağa həvəsləndirmək də olar. Müəllim sözlər yazılmış vərəqləri lövhəyə sancır və uşaqlara tapşırıq verir ki, sözlərə aid şəkil çəksinlər. Daha sonra isə uşaqlar şəkilləri sözün altına yapışdırırlar. Müəllim isə bu zaman onlarin düzgün olub-olmadığına nəzarət edir. Səkillərlə işi başqa cür də davam etdirmək olar: məsələn, "Find something beginning with the letter B", ya da "Find a fruit that is yellow".

Səkillərlə "Bingo" oyunu da oynamaq olar. Cütlərlə oynanılan "Guess what?" (Tap görüm!) oyunu uşaqların çox xoşuna gəlir: sagirdin biri şəkil seçir, digəri isə onu tapmaq üçün suallar verir.

Bütun yuxarıda qeyd etdiklərim, fikrimcə, dərs prosesini daha məhsuldar edir və hər bir sagirdin dərsdə fəal iştirakını təmin edir.

 

 

Fatimə SÜLEYMANOVA

 

Azərbaycan müəllimi.-2010.-15 yanvar.-S.4.