Təhsil Nazirliyində müşavirə

 

Nazir bir sıra lisey və gimnaziyaların direktorlarını ciddi tənqid etdi

 

Yanvarın 15-də Təhsil Nazirliyinin bilavasitə tabeliyində olan lisey və gimnaziya direktorlarının iştirakı ilə müşavirə keçirilib.

Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov nazirliyin bilavasitə tabeliyində olan lisey və gimnaziyalara hərtərəfli diqqət və qayğı göstərildiyini, müvafiq tədris ocaqlarının maddi-texniki təchizat məsələlərinin ən yüksək səviyyədə həllini tapdığını bildirib. Nazir qeyd edib ki, son illər həmin lisey və gimnaziyaların bəziləri uğurlarının sırasını genişləndirməyə müvəffəq olsa da, ümumilikdə onların fəaliyyətinin nəzərdə tutulan səviyyəyə yüksəldilməsi mümkün olmayıb.

Təhsil Nazirliyinin bilavasitə tabeliyində olan lisey və gimnaziyaların son illərdəki fəaliyyətinin təhlilinə dair məruzə-təqdimatla çıxış edən nazir bildirib ki, uğurlarla yanaşı, bir sıra tədris ocaqlarında şagird-müəllim nisbəti, ali məktəblərə qəbul göstəriciləri, yüksək balla ali məktəblərə daxil olan məzunların say nisbəti, abituriyentlərin qəbul imtahanlarında ayrı-ayrı fənlər üzrə nəticələri, mərkəzləşdirilmiş buraxılış imtahanlarının yekunları və digər mühüm məsələlər ümumilikdə, qənaətbəxş səviyyədə deyil.

Mövzu ətrafında fikirlərini konkret faktlarla əsaslandıran nazir qeyd edib ki, tədrisin səviyyəsinin yüksəldilməsi işində şagird-müəllim nisbətinin müvafiq həddə saxlanılması olduqca əhəmiyyətlidir. Bir müəllimə düşən şagird sayının Heydər Əliyev adına liseydə 17,1, Süleyman Rüstəm adına gimnaziyada 16,2, Zəngi liseyində 15,8 nəfər təşkil etdiyini müsbət hal kimi dəyərləndirən Misir Mərdanov İncəsənət gimnaziyasında bu göstəricinin  2,3-ə  bərabər  olmasını  ciddi  irad  kimi  məktəb direktorunun  diqqətinə  çatdırıb.

Təhsil Nazirliyinin bilavasitə tabeliyində olan lisey və gimnaziyaların məzunlarının ali məktəblərə qəbulu məsələsinə toxunan təhsil naziri Kimya-biologiya təmayüllü liseyin, Makarenko adına gimnaziyanın və İncəsənət gimnaziyasının müvafiq göstəricilərinin aşağı olduğunu qeyd edib.

Təhsil müəssisələrinin 600-dən çox bal toplayaraq ali məktəblərə daxil olan məzunlarının sayı haqqında rəqəmləri açıqlayan nazir Heydər Əliyev adına liseyin 23, Elitar gimnaziyanın isə 9 məzununun bu baxımdan fərqləndiyini və hər iki tədris ocağının ötən illərdəki müvafiq göstəricilərini daha da yaxşılaşdırdıqlarını müşavirə iştirakçılarının nəzərinə çatdırıb. Ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayanlar arasında İncəsənət gimnaziyasının yalnız 1 məzununun yer almasından təəssüfləndiyini bildirən Misir Mərdanov bunu tədris ocağında işin düzgün təşkil edilməməsi ilə əlaqələndirib.

Abituriyentlərin qəbul imtahanlarında ayrı-ayrı fənlər üzrə göstərdikləri nəticələrdən söz açan təhsil naziri Fizika-riyaziyyat və informatika təmayüllü liseyin, Kimya-biologiya təmayüllü liseyin və Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın məzunlarının öz ixtisas profillərinə uyğun fənlərdən yüksək nəticə göstərə bilməməsinin ciddi təəccüb doğurduğunu qeyd edib.

Qeyd olunan bütün bu nöqsanların aradan qaldırılması üçün Təhsil Nazirliyinin müvafiq şöbə və struktur rəhbərlərinə göstəriş verən Misir Mərdanov həmin təhsil müəssisələrinin fəaliyyətinin səmərəli təşkili üçün məktəb direktorlarına daha məsuliyyətli olmağı, işlərini onlara göstərilən qayğıya uyğun səviyyədə qurmağı tövsiyə edib.

Daha sonra qarşıda duran digər prioritet məsələlər, müsbət ənənələrin qorunub saxlanılması, tədrisin səviyyəsinin yüksəldilməsinə mane olan halların aradan qaldırılması yolları ilə bağlı müzakirələr aparılıb, dərs şəraitinin daha da yaxşılaşdırılması üçün ehtiyac duyulan tədbirlər müəyyənləşdirilib. Bütün bu tədbirlərin Təhsil Nazirliyinin bilavasitə tabeliyində olan  lisey    gimnaziyaların gələcək  fəaliyyətinə  müsbət təsir  göstərəcəyinə  əminlik  ifadə olunub.

 

 

 Azərbaycan müəllimi.-2010.-22 yanvar.-S.2.