Türkiyənin milli təhsil naziri ilə görüş
Yanvarın 21-də Təhsil Nazirliyində Türkiyənin Bakıda işgüzar səfərdə olan milli təhsil naziri xanım Nimet Çubukçunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi. Görüşdən öncə qonaqlar Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi dərin ehtiramla yad edildi. Sonra qonaqlar azadlıq mücahidlərinin uyuduğu Şəhidlər xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət etdilər.
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov nazirliyin rəhbər işçilərinin, çoxsaylı kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi tədbiri açaraq qonaqları salamladı və onları Təhsil Nazirliyində gördüyündən məmnunluğunu ifadə etdi.
Nimet
Çubukçunun nazir kimi ilk dəfə
məhz Azərbaycana səfərə gəldiyini vurğulayan Misir Mərdanov bu görüşün çoxdan
gözlənildiyini dedi və dəvəti qəbul etdiyinə
görə
hörmətli qonağa, onun başçılıq etdiyi nümayəndə
heyətinə
təşəkkürünü
bildirdi.
Nazir daha sonra Azərbaycan
və Türkiyə arasında başqa heç bir ölkə
ilə müqayisə edilməyəcək səmimi, dost və
qardaş münasibətlərinin mövcudluğundan söz
açdı. Ölkələrimiz arasında yaradılan mənəvi
körpünün daha da möhkəmlənməsinin zəruriliyi
haqqında danışan Misir Mərdanov təhsil sahəsində
qarşılıqlı əməkdaşlıq əlaqələrinin
inkişaf etdirilməsində bu səfərin mühüm əhəmiyyət
kəsb edəcəyinə inandığını söylədi.
Təhsil naziri türkiyəli
qonaqların bu gəlişinin tanışlıq xarakteri
daşıdığını və səfər zamanı
onların bir neçə təhsil müəssisəsinə
gedəcəklərini bildirdi.
Sonra
çıxış edən Türkiyənin milli təhsil
naziri Nimet Çubukçu tədbir
iştirakçılarını salamlayaraq Azərbaycana gəlişi
ilə çox böyük sevinc hissləri
yaşadığını bildirdi. Xanım Nimet
Çubukçu qeyd etdi ki, ölkələrimiz
arasındakı tarixin dərinliklərindən gələn mədəni
bağlar təhsil sahəsindəki əlaqələrimizin
möhkəm təməllər üzərində
qurulmasına zəmin yaradır. Türkiyə Cümhuriyyətinin
qurucusu Mustafa Kamal
Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri
kədərimizdir" və Azərbaycanın ümummilli
lideri Heydər Əliyevin "İki dövlət, bir millət"
ifadələri bu təməli ən gözəl şəkildə
anlatmaqdadır.
Türkiyənin 18
oktyabr 1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan
Respublikasını tanıyan ilk dövlət olduğunu
xatırladan Nimet Çubukçu daha sonra iki ölkə
arasında təhsil sahəsində qarşılıqlı əməkdaşlıq
əlaqələrinin qurulması istiqamətində
görülən işlər haqqında ətraflı məlumat
verdi və bununla bağlı tarixi faktları diqqətə
çatdırdı.
Yeri gəlmişkən
qeyd edək ki, hazırda Azərbaycan Respublikası ilə
Türkiyə Cümhuriyyəti arasında təhsildə
çoxsahəli və inkişaf etmiş əlaqələr
mövcuddur. Bu ölkələrin Təhsil nazirlikləri
arasında əməkdaşlıq haqqında 2 vacib sənəd
imzalanıb. Bunlardan biri 1998-ci ilin noyabrında təhsil naziri
Misir Mərdanovun Türkiyəyə rəsmi səfəri
zamanı imzalanmış Azərbaycan Respublikası Təhsil
Nazirliyi, Türkiyə Respublikası Milli Təhsil Nazirliyi, Ali
Təhsil Şurası (YÖK) rəhbərliyi arasında təhsil
və elm sahələrində əməkdaşlıq
Protokolu, digəri isə 2000-ci ildə Türkiyənin milli təhsil
naziri Mətin Bostançıoğlunun Bakıya səfəri
zamanı imzalanan Azərbaycan Respublikası Təhsil və
Türkiyə Respublikası Milli Təhsil nazirlikləri
arasında təhsil və elm sahələrində əməkdaşlıq
Protokoludur.
Hazırda Türkiyənin
ali məktəblərində dövlət xətti ilə 209
nəfər bakalavr, 96 nəfər magistratura, 117 nəfər
doktorantura pilləsində və 95 nəfər tibbdə
uzmanlıq proqramları üzrə olmaqla 517 nəfər azərbaycanlı
gənc təhsil alır. öz hesabına təhsil
alanların sayı isə bundan bir neçə dəfə
çoxdur. 2007-ci ildən başlayaraq Türkiyənin ali məktəblərində
təhsil alan bir qrup tələbənin adı ölkə
Prezidenti tərəfindən təsdiq edilmiş
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı"na daxil edilib. 2009-2010-cu tədris ilində belə
tələbələrin sayı 75 nəfərə
çatdırılıb ki, onların da əksəriyyəti
(54 nəfər) tibbdə uzmanlıq proqramları üzrə
təhsil alır.
Azərbaycanda təhsil
alan əcnəbi tələbələrin də böyük əksəriyyətini
məhz bu qardaş ölkədən gəlmiş gənclər
təşkil edir. Belə ki, ümumilikdə 21 ali məktəbdə
4073 nəfər Türkiyə vətəndaşı təhsil
alır. Xanım Nimet Çubukçu ölkələrimizdə
elm və təhsilin inkişaf etdirilməsində qabaqcıl təcrübəni
paylaşmağın, bu məqsədlə dilimizin
yaratdığı imkanlardan daha səmərəli istifadə
etməyin vacib olduğunu vurğuladı.
Türkiyə
Cümhuriyyətinin milli təhsil naziri Nimet çubukçu
çıxışının sonunda Azərbaycanda onlara
göstərilən qonaqpərvərliyə görə təşəkkür
etdi və bu səfərin təhsil sahəsindəki əlaqələrin
daha da möhkəmlənməsinə təkan verəcəyinə
inandığını bildirdi.
Görüşün sonunda jurnalistlərin sualları cavablandırıldı.
***
Türkiyənin milli təhsil naziri xanım Nimet Çubukçu və nümayəndə heyətinin
üzvləri sonra Azərbaycan Diplomatik Akademiyasına və Bakı Dövlət Universitetinə gedib, bu ali təhsil müəssisələri
ilə tanış oldular. Hörmətli qonaqlara akademiya
və universitetin fəaliyyəti haqqında
geniş məlumat verildi.
***
Türkiyənin milli təhsil naziri xanım Nimet Çubukçu və onun başçılıq etdiyi
nümayəndə heyəti
həmin gün Qafqaz Universitetində də olmuş, professor-müəllim heyəti və tələbələrlə
görüşmüşdür.
Qonaqlar universitetin tədris korpusunun binasında bu təhsil ocağının uğurlarından
bəhs edən sərgiyə baxmışlar.
Akt zalında
keçirilən görüşdə öncə
"Çağ" Öyrətim Şirkətinin fəaliyyətindən
bəhs edən film nümayiş etdirilmişdir. Sonra Qafqaz Universitetinin rektoru, professor
Ahmet Saniç Türkiyənin təhsil nazirini və onunla gəlmiş
qonaqları salamlamış, universitet haqqında onlara məlumat
vermişdir.
Görüşdə Azərbaycan
Respublikası təhsil nazirinin müavini Elmar Qasımov
çıxış edərək hörmətli qonağa
xoş gəldin etmiş, onun nazir vəzifəsində ilk
xarici səfərini Azərbaycana
etməsini xalqlarımız arasında qardaşlıq əlaqələri
və münasibətlərinin möhkəmliyinə və
sarsılmazlığına daha bir sübut kimi dəyərləndirərək,
xalqımızın bu qardaşlığa həmişə sədaqətli
olduğunu vurğulamışdır.
Türkiyənin milli təhsil
naziri xanım Nimet Çubukçu
səmimi görüş üçün minnətdarlığını
bildirmiş, "Çağ" Öyrətim Şirkətinin
fəaliyyətini, onun liseylərinin və Qafqaz Universitetinin
xalqımıza göstərdiyi təhsil xidmətlərini
yüksək qiymətləndirmiş, xalqların, dövlətlərin
inkişafında təhsilin böyük rol
oynadığını qeyd etmişdir.
Görüşdə
"Çağ" Öyrətim Şirkətinin Türk-Azərbaycan
liseylərinin müxtəlif bilik yarışlarında, beynəlxalq
olimpiadalarda fərqlənən şagirdlərinə, həmin
liseyləri və "Araz" hazırlıq kurslarını
bitirən və qəbul imtahanlarında yüksək bal
toplayaraq müxtəlif ali məktəblərə daxil
olmuş tələbələrə mükafatlar təqdim
olundu. Mükafatları Türkiyənin milli təhsil naziri
xanım Nimet çubukçu və Azərbaycan
Respublikası təhsil nazirinin müavini Elmar Qasımov təqdim
etdilər.
Görüşün
sonunda "Çağ" Öyrətim Şirkətinin
prezidenti Ənvər Özərən hörmətli qonağa
"Heydər Əliyev və "Çağ" Öyrətim"
kitabını hədiyyə etdi.
Hicran ƏKBƏROVA,
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.-2010.-22 yanvar.-S.2.