Kamalı böyük, qəlbi
sadə sənətkar
1994-cü ilin 24 aprelindən indiyə kimi bir kitab
üzərində işləyirəm. Az qala bir ömür olan bu müddətdə
necə olub ki, yazıb başa çatdıra bilməmişəm... Səbəblər çoxdur. çoxəsrlik
Azərbaycan və türk xalqları folkloru və poeziyasının, aşıq
yaradıcılığının, etnoqrafiya və müsiqi yatırımızın
bilicisi, hafizi, sələflərini dərin
sevgi ilə təbliğ və təhlil edən, müdrik tədqiqatçısı
olan, qüdrətli şair və alovlu vətənpərvər,
türk dünyasının
tanınmış sənətkar
oğlu... haqqında yazmaq heç də asan deyil, ağır,
məsuliyyətli bir işdir. El məhəbbəti
qazanmış sənətkar,
vətəndaş, ictimai
xadim haqqında qeydləri Zəlimxan Yaqubun 60 illik yubileyi ərəfəsində
nəzərdən keçirirəm.
Xalq adamıdır Zəlimxan
Yaqub. Neçə il əvvəl Başkeçidin dolayından
aşmış maşında neçə-neçə
yurddaşımız vardı və onların neçəsi
bu hadisə zamanı dünyasını dəyişmişdi. Bu
kədərli xəbərin Azərbaycan mətbuatında dərc
olunduğu günlərdə Zəlimxan dolmuş buluda
dönmüşdü. Təsadüfən rastlaşdıq və
o, həmin mərhumların qırxında iştirak eləmək
üçün rayona gedirdi. Borçalının
ağrılı, acılı günləri idi və ermənilərin,
gürcü familiyası altında maskalanmış rəzillərin,
bir də onların xaç qardaşları olan millətçi
ünsürlərin təklədiyi Borçalı
çalxanırdı. Bir şair dönürdü doğma
yurda. İçəridə köz-köz olan bir ürək
yanırdı, odlu misralar söylənməsəydi
soyumayacaqdı bu ürək: "Nəymiş Allah bu
Borçalı deyilən" şeiri yarandı.
Çağdaş
poeziyamızın tanınmış nümayəndələrindən
olan Zəlimxan Yaqub yaradıcılığı bədii-estetik
dəyəri, forma və məzmun zənginliyi, mövzu və
fikir müxtəlifliyi ilə yanaşı, oxucunun tarixi
yaddaşını təzələməsi, klassik irsin
qüdrətli ənənəsini yaşatmasına -
"didaktik obrazlarla insanların zehninə və qəlbinə"
təsir etməsinə görə haqlı olaraq XX əsrin
qüdrətli ədəbi tənqidçilərinin diqqətini
cəlb edib:
...Zəlimxan Yaqubun ata və
baba ocağı - ana Borçalıdır, saz və söz
ocağı - müqəddəs Göyçədir,
ayrılmaz zərrəsi, qəlpəsi olduğu xalqın,
millətin ocağı - Azərbaycandır. Bu şeirlərdən
yayılan işıqda və ahəngdə hər üç
ocağın üçünün də odunu və nəğməsini
tanımaq olar.
...Sazı Qorqud kökləyib,
Ələsgər çalıb, Kərəm yandırıb, Xəstə
Qasım və Qul Abbas toza döndərib, Araza səpələyib.
Saz Koroğlunun üsyanı, Qurbaninin qəmi, Alının
öyüdü, Dədə Şəmşirin bizə vəsiyyəti
olub. Onun ən müxtəlif mahnılarını bir yerə
yığmaq, bədii sahmana salmaq və saza poema yazmaq isə
ilk dəfə Zəlimxan Yaquba nəsib olub..." (Yaşar
Qarayev).
Hər bir sənətkar,
hər şeydən əvvəl, öz dövrünün,
öz mühitinin oğludur və o, özü ilə bir zaman
kəsiyində yaşayan söz ustaları ilə istər mənəvi-milli,
istərsə də bədii-estetik qayə
baxımından əlaqəlidir.
Bu əlaqə, ilk növbədə, onların tarixi hadisə
və fakta, xalqın sosial-siyasi durumuna münasibətlərindəki
tipoloji-bədii-estetik baxışlarda üzə
çıxır, təsdiqlənir. Bu baxımdan Z.Yaqubun
yaradıcılığının təsadüf etdiyi zaman
X.R.Ulutürk, H.Arif, B.Vahabzadə, M.Araz, V.Səmədoğlu,
Qabil, N.Xəzri və b. sənətkarların
yazıb-yaratdıqları dövrlə üst-üstə
düşür. Z. Yaqubun əsərlərində millilik,
türkçülük, islamçılıq, istiqlal
mövzuları xüsusi yer tutur.
Bunlar "Vətən"
nəşriyyatının 2009-cu ildə çapdan
buraxdığı "Zəlimxan Yaqub ədəbi
düşüncədə" adlı ikicildlik kitabda
(ümumilikdə 730 səhifəlik) toplanmış məqalələrdə
təsvir, təhlil və təqdir olunmuşdur.
Zəlimxan Yaqub orta məktəb
dərsliklərində əsərləri keçilən, ali
məktəblərin filologiya fakültələrində tələbə
auditoriyasının daimi mövzusu olan şairlərdəndir.
Bu maraq və diqqət,
mütaliəyə olan tükənməz meyil bir sıra amillərlə
bağlıdır: xalq şairinin əsərlərində
dilimizin şirinliyi, tariximizin zənginliyi, folklorumuzun ölməzliyi,
sazımızın möcüzəsi, muğamın sehri,
insanlığın dəyəri, təbiət gözəlliyi,
sazın-sözün qüdrəti öz bədii-fəlsəfi,
tarixi-estetik əksini tapmışdır.
Şairlik İlahi nemətidir.
Allahın müqəddəs kitabında "Şairlər"
surəsi qəlbi İlahi nuru ilə dolu olanlara çox
böyük bir həqiqəti bildirmirmi? Şairlik bəşəriyyətə
xidmətdir. Z.Yaqubun poetik anlamında bu, belə mənalandırılır:
Ətəklərin
genişi, zirvələrin ucası,
Çinarların nəhəngi,
palıdların qocası,
Qartalların
uçuşu, qayaların haçası,
Yerin, göyün ləngəri
məni şair elədi!
...Min illik kədər
yatır hər havanın bəmində,
Könüllərin
ahı var kirpiklərin nəmində.
Hönkürüb
ağlamışam yasında, matəmində,
Xalqın dərdi, kədəri
məni şair elədi!
Kökü göylərdən
gəlir qəlbə daman səslərin,
Qarşısına haqq
çıxar haqq axtaran kəslərin.
Ruhu Allaha bağlı əsl
müqəddəslərin
Haqdan gələn xəbəri
məni şair elədi!
Dərdi tükənməz
olar sinəsi dağlı xalqın,
Əli haqdan
üzülməz torpağa bağlı xalqın.
Alaçıqlı-dəyəli,
aranlı-dağlı xalqın
Min-min sinədəftəri
məni şair elədi!
Ərənlər haqq
yolunda çarpışan şirə döndü,
Qəbirlər ziyarətə,
ocaqlar pirə döndü.
Ozan haqq
aşığına, şaman şairə döndü,
Eşqin gücü, təpəri
məni şair elədi!!!
Zəlimxan Yaqub
yaradıcılığının başlıca
qaynaqlarından biri el yaradıcılığı, ədəbi-estetik
dəyərlərinin əsası üzvi folklorizmdir.
Z.Yaqubun şeir və
poemalarında atalar sözü və məsəllər,
dastanlarımızdan alınmış beyt, misra və ifadələr
ümumi mətnlərlə poetik vəhdət təşkil
edir. El hikməti, el həqiqəti, el tərbiyəvi fikri ilə
Z.Yaqub fikri arasındakı mənəvi bağlılıq,
fikri-tərbiyəvi məna və təsir motivlərinin
oxşarlığı "Borçalıda qalan izlər",
"Yunus İmrə" kimi poemalarda üzvi tərkib hissəsinə
çevrilib. "Saz" poeması Azərbaycan ədəbiyyatında
bu mövzuda qələmə alınmış monumental sənət
əsəridir.
Z.Yaqub
yaradıcılığındakı xalq pedaqogikası elementləri
iki mənbəlidir: 1) Şairin qan yaddaşı,
Borçalı ədəbi-bədii-mədəni mühitinin
məhsulu olan təfəkkür və təxəyyülünün
bəhrələri; 2) folklor materialları və etnoqrafik
motivlərdən məqsədyönlü istifadə.
Zəlimxan Yaqub
yaradıcılığında tərbiyənin aktual problemləri
öz bədii-didaktik əksini tapıb. Bu baxımdan
şairin "Dünyada", "Yaxşıdı",
"Səbr eləmə", "Ucalığın yolu"
və s. əsərləri daha çox pedaqoji-ictimai əhəmiyyətlidir.
Z.Yaqub sələfi müdrik Sabirin bədii-estetik fikrinin
davamı kimi müasiri olduğu gəncliyə üz
tütüb, tarixi saxta yazanlara qarşı üsyankar bir ruh
aşılamağı özünün qayəsi bilmişdir.
Z.Yaqubun özünəməxsus lirizmlə cilalanıb
naxışlanmış bu və ya digər əsərləri
halallıq, saflıq, həqiqətpərəstlik, düzlük,
vətən sevgisi kimi dərin hisslər aşılayır.
"Göyçə dərdi",
"Vətən yaraları", "Şair harayı"
kimi əsərlərində Z.Yaqub insanlığı
alçaldan milli təzyiqə qarşı üsyan
qaldırır, milli köləliyi pisləyir, gənclikdə
bu mənəvi eybəcərliyə qarşı
barışmazlıq hissi aşılayır. Bu qəbildən
olan əsərlərin gənc nəslin həyata
hazırlanmasında, milli mənlik şüurunun
formalaşmasında, milli ləyaqət tərbiyəsində
təsirli vasitə kimi rolu danılmazdır. "Zəlimxan
qarğışı", "Rəsul Həmzətova məktub",
"Göyçə dərdi" kimi əsərlərin doğurduğu
böyük auditoriyalı oxucu marağı həmin sənət
nümunələrindəki vətənpərvərlik və
milli təəssübkeşliklə əlaqəlidir. Bu və
ya digər poemada tarixi şərait, mənəvi-psixoloji iqlim
barədə yığcam məlumat verən şair
güclü yaddaş duyğusunun gücü ilə oxucusunu tərpədir,
canlandırır, onu hadisələrin önündə getməyə
kökləyir. Bu əsərlərdəki səfərbərlik
ruhu, vətəndaşlıq harayı, didərginlik
ağrısı, vətəndə vətənsizlik dərdi,
babaların qəhrəmanlıq tarixçəsinə üz
tutub nəsilləri bu örnəyə istiqamətləndirmək
motivləri çox önəmlidir.
Təbii ki, bütöv
yaradıcılığı millilik zəminində, bəşərilik,
xəlqilik və müasirlik, sadəlik və fəlsəfi-estetik
fikir dərinliyi ilə əriş-arğac olub
naxışlanan şairin irsi böyük kamal sahibi olan,
"sinəsində dumduru bir bulaq" axan, xalqa bağlı sənətkarın
sadə qəlbinin nəğmələridir.
Şamxəlil MƏMMƏDOV
Azərbaycan müəllimi.-2010.-22 yanvar.-S.7.