Orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı qəbul olunub

 

Yanvarın 13-də Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən "2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı" təsdiq edilib. Proqramda məqsəd orta ixtisas təhsili sistemini inkişaf etdirməklə əmək bazasının tələbatına uyğun istehsal xidmət sahələrini yüksək keyfiyyətli orta ixtisaslı kadrlarla təmin etməkdir. Sənəddə qeyd olunur ki, hazırda ölkəmizdə iqtisadiyyatın inkişaf perspektivlərinə uyğun olaraq orta ixtisas təhsilli mütəxəssislərə tələbatın artması prosesi gedir. Cəmiyyətdə onların rolu, yeri funksiyaları dəyişir, səriştəliliyə, mədəniyyətə əməyin keyfiyyətinə tələbat artır. Bütün bunlar isə orta ixtisas təhsili sistemində islahatları dərinləşdirməyi zəruri edir.

Proqramda göstərilən dövr ərzində orta ixtisas təhsilinin mövcud normativ-hüquqi bazasının təkmilləşdirilməsi, məzmununun və təlim texnologiyalarının yeniləşdirilməsi, strukturunun və idarəolunması sisteminin modernləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda orta ixtisas təhsilində keyfiyyətin təmin olunması, kadr hazırlığı, maddi-texniki bazanın müasir tələblərə uyğun qurulması, maliyyələşdirilmənin yeni mexanizminin yaradılması yönündə də sistemli tədbirlər həyata keçiriləcəkdir.

Yeri gəlmişkən qeyd edək ki, Nazirlər Kabineti ötən il  dekabrın 20-də özünün 195 nömrəli qərarı ilə "Orta ixtisas təhsili pilləsini yüksək nəticələrlə başa vuran məzunların (subbakalavrların) topladıqları kreditlərin uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınması haqqında" qaydaları da təsdiq etmişdir. Həmin sənədə əsasən orta ixtisas təhsilini fərqlənmə diplomu ilə bitirmiş və subbakalavr ixtisas dərəcəsi almış məzunların ayrı-ayrı fənlərdən topladıqları kreditlər tələbənin müraciəti və müvafiq sənədlər (fərqlənmə diplomu və onun əlavəsi) təqdim edildikdən sonra baxılaraq bakalavr səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisəsi tərəfindən nəzərə alınır.

Bu günlərdə isə hökumət "Orta ixtisas təhsili üzrə ixtisasların (proqramların) təsnifatı"nı təsdiq edib.

 

 

Zakir MƏMMƏDOV

 

Azərbaycan müəllimi.-2010.-22 yanvar.-S.1.