Azərbaycan
təhsili: yaxın keçmişə, bu günə və gələcəyə
bir baxış
(Əvvəli qəzetimizin ötən saylarında)
Hörmətli
oxucular, müstəqillik illərində təhsil sahəsində
beynəlxalq əlaqələrin miqyası xeyli genişlənmişdir.
Bu məqalədə ayrı-ayrı ölkələrlə qurulmuş
təhsil əlaqələri, təhsil sektorunun müxtəlif
sahələri üzrə əməkdaşlıq, eləcə
də tələbə, müəllim mübadiləsi barədə
fikirlərimi sizinlə bölüşməyə çalışacağam.
Azərbaycan
Respublikası ilə Ukrayna arasında genişlənən əməkdaşlıq
nəticəsində 2000-ci ildə Ukraynanın paytaxtı Kiyev
şəhərində Heydər Əliyev adına Siyasi və
Sosial Elmlər İnstitutu fəaliyyətə başlamışdır.
2006-2007-ci tədris ilindən bu ali təhsil müəssisəsində
22 nəfər Azərbaycan vətəndaşı təhsillərini
bakalavr (1 nəfər), magistratura (8 nəfər) və aspiranturada
(13 nəfər) davam etdirir. Eyni zamanda 3 nəfər ukraynalı
tələbə Azərbaycanın ali məktəblərində
təhsil alır.
Ayrı-ayrı təhsil
müəssisələri səviyyəsində də Azərbaycan-Ukrayna
əməkdaşlıq əlaqələri yaradılmışdır
və inkişaf etməkdədir. Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutu
Ukraynanın müvafiq təhsil müəssisələri ilə
təcrübə mübadiləsi aparır, birgə layihələr
həyata keçirir, beynəlxalq konfranslar təşkil edir.
Bakı Slavyan
Universiteti Ukraynanın ali təhsil müəssisələri
ilə sıx münasibətlər yaratmışdır. BSU-nun
tələbələri Ukraynanın ali məktəblərində
dil təcrübəsi keçirlər. Universitetdə 2000-ci
ildə yaradılmış "Səfir saatı" klubunda
digər dövlətlərin səfirləri ilə yanaşı,
Ukraynanın Azərbaycandakı səfiri ilə də görüşlər
təşkil olunur. Ənənəvi olaraq, səfirlər
öz ölkələrinin mədəniyyəti, tarixi, iqtisadiyyatı
və digər mövzulara aid məruzələrlə
çıxış edirlər. Universitetdə Ukrayna ilə əməkdaşlığın
inkişafına xidmət edən Ukrayna Tədris-Mədəniyyət
Mərkəzi yaradılmışdır.
Belarusla təhsil
sahəsində əməkdaşlıq əlaqələri
2006-ci ilin oktyabrında
Bakı Slavyan
Universiteti akademik mübadilə sahəsində M.Tank adına
Belarus Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq
edir, universitetlərin müəllimləri qarşılıqlı
səfərlər edir və mühazirələr oxuyurlar.
2009-cu ilin mayında
Belarusda YUNESKO-nun dəstəyi ilə "Texniki peşə təhsilinin
modernləşdirilməsi və inkişafı" mövzusunda
beynəlxalq konfransda Təhsil Nazirliyinin nümayəndə heyəti
iştirak etmişdir. İki ölkə arasında təhsil
sahəsində əməkdaşlıq əlaqələrinin
inkişafında Belarusun Azərbaycandakı səfirliyinin təşəbbüsləri
qeyd edilməlidir.
Onu da qeyd etmək
lazımdır ki, hazırda Belarusdan olan 4 tələbə
ölkəmizin ali məktəblərində təhsil almaqdadırlar.
2009-cu ilin noyabrında
Azərbaycan Respublikası Prezidentinin Belarus Respublikasına rəsmi
səfəri çərçivəsində "Azərbaycan
Respublikası Təhsil Nazirliyi ilə Belarus Respublikası Təhsil
Nazirliyi arasında 2010-2011-ci illərdə təhsil sahəsində
əməkdaşlıq üzrə Sazişin həyata keçirilməsi
barədə" Protokol imzalanmışdır. Protokolda iki
ölkə arasında tələbə, doktorant və stajçı
mübadiləsi üzrə birbaşa əməkdaşlığın
qurulması məsələləri öz əksini tapmışdır.
Azərbaycan
Respublikası müstəqillik əldə etdikdən sonra təhsil
sahəsində geniş əlaqələr yaratdığı,
ikitərəfli tələbə mübadiləsi proqramlarını
həyata keçirdiyi ölkələrdən biri də çin Xalq Respublikasıdır.
1993-1994-cü tədris ilindən başlayaraq məhdud sayda Azərbaycan
vətəndaşı çin
Xalq Respublikasının ali məktəblərində təhsil
almağa göndərilmişdi. Bu mübadilə çin hökumətinin Azərbaycana
ayırdığı təqaüdlər əsasında həyata
keçirilirdi.
ümummilli lider Heydər Əliyevin
1994-cü ildə çin
Xalq Respublikasına səfəri zamanı imzalanmış
"Azərbaycan Respublikası hökuməti ilə çin Xalq Respublikası hökuməti
arasında mədəni əməkdaşlıq haqqında müqavilə"
Azərbaycanla çXR arasında
digər sahələrlə yanaşı, təhsil əlaqələrinin
də genişləndirilməsi üçün böyük
perspektivlər açmışdı.
2002-ci ildə çXR Təhsil Nazirliyinin dəvəti
ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə
heyətinin çinə səfəri zamanı imzalanmış
"2002-2005-ci illər üçün Azərbaycan Respublikası
Təhsil Nazirliyi ilə çin
Xalq Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində
əməkdaşlıq haqqında Saziş"ə əsasən
ikitərəfli tələbə mübadiləsi tənzimlənməyə
başladı. Həmin Sazişə uyğun olaraq dövlət
təqaüdləri hesabına çXR-də
eyni vaxtda 15 Azərbaycan vətəndaşı təhsil ala
bilərdi.
2007-2008-ci tədris
ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti
ilə çində təhsilə
başlayan 17 nəfərdən 6 nəfəri bakalavr pilləsində,
6 nəfəri isə magistratura və doktorantura pillələrində
təhsillərini davam etdirirdilər. Hazırda dövlət xəttilə
çində təhsil
alan azərbaycanlı tələbələrin sayı 26 nəfərdir.
Bu tələbələr çinə
gedərkən yalnız bir il xüsusi dil hazırlığı
keçdikdən sonra tədris dili çin
dili olan proqramlarda təhsil alırlar. çin universitetlərində təhsil almış
9 nəfər artıq məzun olmuşdur, onlardan 2 soydaşımız
hazırda Xarici İşlər Nazirliyinin əməkdaşlarıdır.
Onlar müxtəlif vaxtlarda Azərbaycanın Pekindəki səfirliyində
işləmişlər. İndi onlardan biri növbəti müddət
üçün Pekindəki səfirliyimizdə diplomatik fəaliyyətini
davam etdirir.
Qüvvədə olan
müvafiq Saziş çərçivəsində çin Xalq Respublikasının
13 nəfər vətəndaşı müxtəlif ixtisaslar
üzrə Azərbaycan tərəfinin təqaüdləri
hesabına respublikamızın ali məktəblərində
ödənişsiz əsaslarla təhsil alır. Hazırda
respublikamızda 228 nəfər çin
vətəndaşı təhsil alır ki, bunların böyük
əksəriyyəti Azərbaycan Dövlət Neft Akademiyasının
tələbəsidir. Onlar Azərbaycan Dövlət Neft
Akademiyası ilə çin
Neft Universiteti (13.06.2002), çin
Neft Korporasiyası (CİNOPEK, 09.06.2003) və çin Milli Neft-Qaz Korporasiyası
(CNPC, 23.08.2004) arasında əməkdaşlıq və kadr
hazırlığı barədə imzalanmış müqavilələr
çərçivəsində təhsil alanlardır.
çXR ilə əməkdaşlıq
əlaqələrinin davamlılığının təmin
edilməsi istiqamətində "Azərbaycan Respublikası Təhsil
Nazirliyi və çin Xalq
Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində
əməkdaşlıq haqqında yeni Saziş layihəsi hazırlanmışdır.
çinlə əməkdaşlıq
əlaqələri bir sıra digər sahələri də əhatə
etmişdir. Belə ki, 2001-ci ildə çin hökuməti tərəfindən Azərbaycan
hökumətinə qrant kimi 300 kompüter dəsti ayrılmış,
Azərbaycanın müxtəlif regionlarındakı orta məktəblərdə
35 kompüter sinfi yaradılmışdır.
Bakı Dövlət
Universitetinin şərqşünaslıq fakültəsində
1997-ci ildən çin
dili ixtisası şöbəsi fəaliyyət göstərir.
Bu ixtisasın açılması çXR-in
Azərbaycandakı səfirliyinin kadr və texniki dəstəyi
nəticəsində mümkün olmuşdur.
Azərbaycanın ərəb
ölkələri arasında təhsil sahəsində geniş
əməkdaşlıq etdiyi ölkələrdən biri Misir
Ərəb Respublikasıdır. Qədim tarixi köklərə
malik olan Azərbaycan - Misir əlaqələri digər sahələrdə
olduğu kimi, indi təhsil sahəsində də yüksələn
xətt üzrə inkişaf etməkdədir. 1993-1994-cü tədris
ilindən başlayaraq bu ölkə ilə ikitərəfli tələbə
mübadiləsi həyata keçirilir. Həmin ölkənin
ali məktəblərində təhsil almaq üçün hər
il qarşı tərəf Azərbaycana təqaüdlər ayırır.
2009-cu ilin sonuna olan məlumata görə, Misirin aparıcı
ali məktəblərində Azərbaycan Respublikası Təhsil
Nazirliyinin xətti ilə 21 nəfər tələbə təhsil
alır. Bu tələbələr Misirin tanınmış ali
məktəbləri olan Qahirə və Aynu-Şəms
universitetlərində əsasən iqtisadiyyat, kommersiya, hüquq,
ərəb dili və ədəbiyyatı, islam tarixi və sair
ixtisaslar üzrə təhsil alırlar.
Misir tərəfinin
qaydalarına görə, ixtisasdan asılı olaraq, tələbələr
ərəb və ingilis dillərində təhsil ala bilərlər.
Əgər müvafiq ixtisas üzrə ingilis dilində tədris
mövcuddursa, onda ali məktəbin tələblərinə uyğun
olaraq tələbələr müvafiq olaraq ingilis dili üzrə
hazırlıq səviyyəsi barədə sənəd təqdim
etməklə bu dildə təhsil hüququnu qazana bilərlər.
Hazırda Misir
universitetlərini bitirmiş çoxlu sayda məzunlarımız
müxtəlif strukturlarda, dövlət və özəl
qurumlarda çalışırlar. Bu məzunlar yüksək
səviyyəli mütəxəssislər olmaqla yanaşı,
həm də ərəb dilini mükəmməl bilirlər.
İki ölkə
arasında imzalanmış İqtisadi, Texniki və Elmi Əməkdaşlıq
haqqında Sazişə uyğun olaraq İqtisadi, Texniki və
Elmi Əməkdaşlıq üzrə Azərbaycan-Misir Dövlətlərarası
Birgə Komissiyası yaradılmışdır. Komissiyanın
birinci iclası 2002-ci ilin oktyabrında Bakı şəhərində
keçirilmiş və protokolda humanitar sahədə, xüsusilə,
təhsil sahəsində əməkdaşlığa geniş
yer verilmişdir. Bu da iki ölkənin Təhsil nazirlikləri,
habelə tədris müəssisələri arasında yeni əlaqələrin
qurulmasına əsaslı zəmin yaratmışdır.
Misir Ərəb Respublikası
ilə təhsil əlaqələri müxtəlif mübadilə
proqramlarının reallaşdırılmasını nəzərdə
tutur. Bu proqramlar həm tam ali təhsil, həm qısamüddətli
dil kursları üçün tələbə mübadiləsi,
həm də ali məktəb müəllimlərinin ixtisasartırma
təlimlərini əhatə edir.
2002-ci ildə MƏR-in
MDB ölkələri üzrə Texniki Əməkdaşlıq
Fondunun yardımı çərçivəsində Azərbaycanın
ali və orta ixtisas təhsili müəssisələrində ərəb
dilini tədris edən 15 müəllim və ərəb dili və
ədəbiyyatı ixtisası üzrə təhsil alan 25 tələbə
Qahirə şəhərində təşkil olunmuş ərəb
dili kurslarında iştirak etmişdir. Qarşı tərəf
bütün maliyyə xərcləri öz hesabına olmaq
şərtilə üç müəllimini ərəb
dilini tədris etmək üçün dörd il müddətinə
respublikamızın ərəb dili tədris olunan ali və orta
ixtisas məktəblərinə göndərmişdi. Bu sahədə
qarşılıqlı əməkdaşlıq hər il
olmaqla bu gün də davam etməkdədir.
Əməkdaşlıq
əlaqələri təkcə tələbə-müəllim
mübadiləsi ilə bitmir. ölkə
universitetləri arasında da birbaşa əlaqələr mövcuddur.
Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft
Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universiteti, Naxçıvan
Dövlət Universiteti ilə Misir Ərəb Respublikasının
aparıcı ali məktəbləri arasında mövcud olan
müqavilələr çoxşaxəli əməkdaşlığın
bariz nümunəsidir.
Əməkdaşlıq
proqramları çərçivəsində rəsmi dəvətlər
əsasında nümayəndə heyətlərinin qarşılıqlı
səfərləri də həyata keçirilir. Böyük
uğurla nəticələnmiş səfərlərdən
biri 2005-ci il 18-23 aprel tarixlərində Azərbaycan Respublikası
Təhsil Nazirliyinin nümayəndə heyətinin Misir Ərəb
Respublikasına rəsmi səfəri olmuşdur. Səfər
zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq
haqqında Protokol, o cümlədən, Misirin Qahirə, İsgəndəriyyə
və Helnan universitetləri ilə Azərbaycan Dövlət
Neft Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universiteti, Naxçıvan
Dövlət Universiteti arasında birbaşa əməkdaşlıq
Protokolları imzalanmış və bununla da Azərbaycan
Respublikası ilə Misir Ərəb Respublikasının ali məktəbləri
arasında genişmiqyaslı birbaşa əlaqələrin əsası
qoyulmuşdur.
2005-ci ilin oktyabrında
MƏR-in Ali Təhsil və Elmi-Tədqiqatlar Nazirliyinin nümayəndə
heyəti Bakıda, dekabr ayında isə Azərbaycan Təhsil
Nazirliyinin nümayəndə heyəti Misirdə işgüzar
səfərdə olmuşdur. Səfərlər zamanı Azərbaycan
Dövlət Neft Akademiyasının Misirdə filialının
açılmasının detalları müzakirə edilmiş
və müzakirələrin nəticəsi olaraq tərəflər
arasında ilkin razılaşma imzalanmışdır.
İmzalanmış
Əməkdaşlıq Proqramının icrası çərçivəsində
ilk dəfə olaraq Misir Ərəb Respublikası vətəndaşlarının
Azərbaycan tərəfinin təqaüdləri hesabına ali
məktəblərimizdə təhsilə başlaması reallaşmışdır.
Misirin müxtəlif universitetlərinin bakalavr və magistr
pillələrini bitirmiş 22 nəfər tələbə təhsillərini
növbəti pillələrdə Azərbaycanda davam etdirməyə
başlamışlar. Hazırda onlardan bir hissəsi təhsillərini
tamamlayaraq Misirə qayıtmış, digər hissəsi isə
doktorantura pilləsində təhsil almaqdadırlar.
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin beynəlxalq əlaqələrində
həm məzmun, həm də miqyas baxımından Amerika Birləşmiş
Ştatları xüsusi yer tutur. Azərbaycan ABŞ-ın
qeyri-hökumət təşkilatlarının "Azadlığın
dəstəklənməsi aktı" çərsivəsində
həyata keçirdiyi müxtəlif təhsil proqramlarında
fəal iştirak edir. ABŞ-ın təhsil və mübadilə
proqramları əsasən aşağıdakı nüfuzlu
qeyri-hökumət təşkilatları - ACTR/ACCELS (Təhsil
və Dillər öyrənilməsi üzrə Amerika Əməkdaşlıq
Şurası/Beynəlxalq Təhsil üzrə Amerika Şuraları),
İREX (Beynəlxalq Tədqiqatlar və Mübadilələr
üzrə Şura), Project Harmony və Beynəlxalq Sülh
Korpusu tərəfindən idarə olunmuşdur və hazırda
da əməkdaşlıq davam etdirilir.
2001-ci ildə ACCELS-in
prezidenti, professor Den Devidsonun rəhbərliyi ilə ABŞ nümayəndə
heyətinin Azərbaycana səfəri olmuş, Təhsil
Nazirliyində keçirilən görüşlərdə ACCELS-in
Azərbaycanda fəaliyyəti və gələcək əməkdaşlığın
istiqamətləri müəyyən olunmuşdur. Bu səfərin
uğurlu nəticəsi kimi, 2001-ci ilin iyununda Azərbaycan
Respublikası Təhsil Nazirliyi ilə ACCELS arasında təhsil
sahəsində əməkdaşlıq haqqında Saziş imzalanmışdır.
Sazişə əsasən çoxsaylı mübadilə proqramları
həyata keçirilmişdir və bu barədə daha ətraflı
beynəlxalq təşkilatlarla bağlı yazıda məlumat
veriləcəkdir.
ABŞ-la əməkdaşlıq
çərçivəsində həyata keçirilən Fulbright
proqramı alimlər, tədqiqatçılar və ali məktəb
müəllimləri üçün nəzərdə tutulmuş
qarşılıqlı mübadilə proqramıdır. Yəni
proqram təqaüdçüləri olan Azərbaycan mütəxəssisləri
Amerika Birləşmiş Ştatlarında, amerikalı mütəxəssislər
isə Azərbaycanda 3 aydan 10 aya qədər müddət ərzində
tədqiqat aparmaq üçün qarşı tərəfin
ali məktəblərinə göndərilirlər. Proqram
biznes və maliyyə, iqtisadiyyat, kitabxanaçılıq, siyasi
elmlər, biznesin idarəolunması, kompüter sistemləri, təhsilin
idarəolunması, biologiya və ətraf mühit elmləri, ictimai
idarəetmə, sosiologiya, antropologiya, kimya, riyaziyyat, o cümlədən
incəsənətin müxtəlif sahələrini əhatə
edən 48 istiqamət üzrə ixtisaslaşmış mütəxəssislərə
qarşı tərəfin ali məktəblərində tədqiqat
aparmaq üçün geniş imkanlar açır. Proqram
çərçivəsində 50-dən çox azərbaycanlı
mütəxəssis ABŞ-da, həmin sayda amerikalı mütəxəssis
Azərbaycanda təcrübə mübadiləsində olmuşdur.
Eyni zamanda 2008-ci
ilin iyununda ABŞ Dövlət Katibinin müavini xanım Qoli
Amerinin Bakıya səfəri zamanı Azərbaycan Respublikası
hökuməti ilə Amerika Birləşmiş Ştatları
hökuməti arasında təhsil sahəsində əməkdaşlıq
haqqında Sazişin imzalanması iki ölkə arasında təhsil
sahəsində əməkdaşlığın inkişafına
təkan vermişdir. Belə ki, bu Sazişin 4-cü maddəsində
xaricdə təhsil üzrə Dövlət Proqramının
həyata keçirilməsi üçün magistr pilləsi
üzrə Azərbaycan gənclərinin ABŞ-da təhsil
alması məqsədi ilə Fulbright proqramı çərçivəsində
əməkdaşlıq öz əksini tapmışdır. Qeyd
olunan Sazişə əsasən Dövlət Proqramı
çərçivəsində Azərbaycan gənclərinin
2009-2010-cu tədris ilində 4 nəfər magistr təhsili
almaq üçün ABŞ-a göndərilmişdir. Növbəti
2010-2011-ci dərs ili üçün müsabiqə elan olunmuş,
seçim nəticəsində daha 6 nəfərin ABŞ-ın
ən nüfuzlu universitetlərində təhsil alması barədə
qərar qəbul edilmişdir.
Qeyd etmək lazımdır
ki, indiyədək ACCELS, İREX təşkilatlarının həyata
keçirdiyi və ABŞ Dövlət Departamenti tərəfindən
maliyyələşdirilən təhsil mübadilə proqramları
çərçivəsində 2500-dən artıq Azərbaycan
vətəndaşı ABŞ-da təhsil almiş, tədqiqatlar
aparmış, yaxud ixtisasartırmadan keçmişdir.
Azərbaycanla
Yaponiya arasında siyasi və iqtisadi münasibətlərin
inkişafında əsas dönüş 1998-ci ilin fevralında
Azərbaysan Respublikasının Prezidenti Heydər Əliyevin
Yaponiyaya rəsmi səfərindən sonra başlanmışdır.
İndiyədək iki ölkənin Təhsil nazirlikləri
arasında əməkdaşlıq haqqında hər hansı bir
razılaşma mövcud olmasa da, bilavasitə Yaponiya hökuməti
və ya qeyri-hökumət qurumları tərəfindən həyata
keçirilən layihələr çərçivəsində
çox uğurlu əməkdaşlığa və faydalı
nəticələrə nail olunmuşdur. Təhsillə bağlı
olan bu layihələri strukturuna görə üç yerə
bölmək olar:
1. Təhsil müəssisələrinin,
xüsusilə məktəblərin tikintisi və ya təmiri.
2. Təhsilə yardım layihələri.
3. Tələbə və müəllim
mübadiləsi proqramları.
2002-ci ildən başlayaraq
Yaponiya Fondu tərəfindən maliyyələşdirilən
"Orta məktəb müəllimləri üçün tədris
səfəri proqramı" çərçivəsində hər
il bir neçə müəllim Yaponiyaya getmək imkanı qazanır.
Proqramın əsas məqsədi orta məktəb müəllimlərinin
Yaponiyanın təhsil sistemi, mədəniyyəti və cəmiyyəti
ilə yaxından tanış olmaq üçün şərait
yaratmaqdır. Proqramda orta məktəblərin sosial elmlər,
tarix, coğrafiya, iqtisadiyyat fənləri üzrə dərs
deyən və ingilis dilini bilən, ən azı üç il
iş təcrübəsi olan müəllimləri iştirak
edirlər.
2006-cı ildə Azərbaycan tərəfinə "Yaponiya-Qafqaz gənclərinin dostluq proqramı" çərçivəsində təhsilin idarəolunması üzrə mübadilə proqramı təklif olundu. Bu proqram Yaponiya hökumətinin tapşırığı ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (CİCA) tərəfindən Cənubi Qafqaz ölkələrində insan resurslarının inkişafına dəstək və Yaponiya ilə bu region ölkələri arasında dostluq əlaqələrini möhkəmləndirmək məqsədilə texniki yardım çərçivəsində həyata keçirilir. Proqram çərçivəsində iştirakçı ölkələrin gələcəkdə məsul vəzifələr tuta biləcək gəncləri 23 gün müddətinə öz peşə bacarıqlarını artırmaq, Yaponiya və yaponlarla əlaqələr qurmaq imkanlarını qazanmaq üçün bu ölkəyə dəvət olunurlar.
Yaponiyanın Azərbaycanda təhsillə bağlı həyata keçirdiyi layihələr əsasən bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən idarə olunur. Burada Yaponiya səfirliyinin xüsusi təşəbbüskarlığı, Təhsil Nazirliyi ilə çox səmərəli və faydalı əməkdaşlığa həmişə hazır olduğunu nümayiş etdirməsi xüsusi qeyd olunmalıdır. Təsadüfi deyildir ki, 2002-2005-ci illərdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri kimi çalışmış Toşiyuki Fucivara "maarifçi səfir" kimi tanınmışdı. Bu, Fucivaranın digər sahələrlə müqayisədə təhsilə daha çox diqqət yetirməsi və qısa müddət ərzində təhsillə bağlı çoxsaylı layihələrin, xüsusilə də "Ot kökləri və insan təhlükəsizliyi" qrant layihəsi əsasında məktəb tikintisi və təmiri ilə bağlı layihələrin yüksək səviyyədə yerinə yetirilməsini təmin edə bilməsi ilə bağlı olmuşdur. Xüsusi vurğulamaq lazımdır ki, həmin layihə çərçivəsində Azərbaycanın regionlarında ümumilikdə 50-dək məktəb tikilmiş və əsaslı təmir olunmuşdur. Hazırda da hər il Yaponiya hökumətinin qrantları hesabına Azərbaycanın regionlarında ən azı 3 məktəb əsaslı təmir və bərpa edilir.
Toşiyuki Fucivaranın bütövlükdə Azərbaycandakı fəaliyyəti təkcə Təhsil Nazirliyi və təhsil ictimaiyyəti tərəfindən deyil, Azərbaycan dövləti və onun rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2005-ci ildə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Toşiyuki Fucivara "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı ilə birgə fəaliyyətimiz 2005-ci ilin martından başlanmışdır. Təhsil Nazirliyi ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı arasında peşə təhsilinin İnkişaf layihəsinin hazırlanması üçün 12 avqust 2005-ci il tarixdə pilot tədqiqatının icra protokolu imzalanmışdır. İcra protokoluna əsasən 5 nəfərdən ibarət tədqiqat qrupu Azərbaycanda 93 texniki peşə təhsili müəssisəsinin fəaliyyətini tədqiq etmiş, təhsil müəssisələrinin direktorları və mühəndis-pedaqoji heyəti ilə söhbətlər aparmış, müxtəlif ixtisaslar və kurslar üzrə təhsil alan 2681 şagirdlə sorğu keçirmişdir. Tədqiqat qrupu tərəfindən hazırlanmış hesabat Nazirlər Kabinetinə və Təhsil Nazirliyinə təqdim edilmişdir. Hesabatda texniki peşə təhsilinin mövcud vəziyyəti təhlil edilmiş, bu sahədə olan problemlər və çətinliklər öz əksini tapmış, sahənin inkişafı üçün təkliflər verilmişdir.
2009-cu ilin mayında Təhsil Nazirliyinin nümayəndə heyəti Yaponiyada səfərdə olmuş, bu ölkənin Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi, Tokio Milli Texnologiya Kolleci, Yaponiya Fondu və Tokio Universitetində işçi görüşlər keçirmişdir. Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyində Yaponiya ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması, eləcə də azərbaycanlı gənclərin Dövlət Proqramı çərçivəsində Yaponiyanın ali təhsil müəssisələrində təhsil alması və Yaponiya hökuməti tərəfindən azərbaycanlı gənclərin bu ölkədə təhsil alması məqsədi ilə qrantların ayrılması məsələləri müzakirə edilmişdir.
Tokio Universitetində aparılan qarşılıqlı fikir mübadiləsi zamanı ali təhsil müəssisələrinin maliyyələşdirilməsi, təhsilin məzmunu, ali məktəblərin idarəolunması və tələbə qəbulu, tələbələrin biliklərinin qiymətləndirilməsi və universitetlərin reytinqinin müəyyənləşdirilməsi sistemi ilə bağlı məsələlər müzakirə olunmuş, eyni zamanda azərbaycanlı gənclərin Dövlət Proqramı çərçivəsində Tokio Universitetində təhsil alması, yapon gənclərinin ölkəmizin ali təhsil müəssisələrində azərbaycanşünaslıq üzrə təhsil proqramlarında iştirakı, müəllim və tədqiqatçı mübadiləsi, eləcə də İKT sahəsində Azərbaycan universitetləri ilə birbaşa əməkdaşlığın həyata keçirilməsi imkanları nəzərdən keçirilmişdir.
Səfər çərçivəsində Azərbaycanla Yaponiya Fondu arasında gələcək əməkdaşlığın qurulması ilə bağlı bir sıra təkliflər irəli sürülmüşdü. Qeyd etmək lazımdır ki, 1972-ci ildə Yaponiyanın Xarici İşlər Nazirliyi nəzdində yaradılmış və 2003-cü ildən müstəqil fəaliyyətə başlamış Yaponiya Fondu dünyada beynəlxalq mədəni mübadilə sahəsində müxtəlif layihələrin hazırlanması və həyata keçirilməsi sahəsində geniş fəaliyyət göstərən ictimai təşkilatdır. Təşkilat Yaponiya dövləti tərəfindən maliyyələşdirilir və onun illik büdcəsi 1,1 milyard ABŞ dolları həcmindədir. Yapon dilinin, mədəniyyətinin və iqtisadiyyatının öyrənilməsi ilə bağlı beynəlxalq layihələrin maliyyələşdirilməsi və həyata keçirilməsi Fondun əsas fəaliyyət istiqamətini təşkil edir.
Görüş zamanı Təhsil Nazirliyi ilə Yaponiya Fondu arasında Fondun dəstəyi ilə Azərbaycan-Yaponiya qardaşlaşmış məktəblər şəbəkəsinin yaradılması və Azərbaycan məktəblərində yapon dilinin tədrisinin təşkilinə ekspert yardımının edilməsi, Yaponiyanın mədəniyyəti və iqtisadiyyatının öyrənilməsi məqsədi ilə bu ölkə tərəfindən təqaüdlərin ayrılması, eləcə də Fondun nəzdində fəaliyyət göstərən təlim mərkəzlərində azərbaycanlı müəllimlərin ixtisasartırma kurslarında iştirak etməsi barədə razılıq əldə olunmuşdur.
Səfərin nəticəsi olaraq Yaponiya ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın daha səmərəli həyata keçirilməsi üçün aşağıdakı təkliflər irəli sürülmüşdür:
1. Yaponiyanın ali təhsil və elmi tədqiqatlar sahəsində əldə etdiyi nailiyyətləri nəzərə alaraq bu ölkə ilə müvafiq istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi.
2. Yaponiyada təhsilin keyfiyyət baxımından yüksək olduğunu nəzərə alaraq İKT, yüksək texnologiyalar, iqtisadiyyat və elektronika sahələrində daha çox sayda azərbaycanlı tələbə və tədqiqatçıların həmin ölkədə təhsil alması imkanlarının artırılması məqsədilə müvafiq ali təhsil müəssisələrində ingilis və yapon dillərinin akademik səviyyədə öyrədilməsi istiqamətində xüsusi tədbirlərin görülməsi.
3. Yaponiya Fondunun Yaponiyanın akademik mühitində nüfuzunu nəzərə alaraq xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində, eləcə də yapon dili, mədəniyyəti və iqtisadiyyatı üzrə Azərbaycan gənclərinin Yaponiyada təhsil almaq imkanlarının artırılması məqsədilə bu qurumla əməkdaşlığın genişləndirilməsi.
4. Azərbaycanla Yaponiya arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanmasını sürətləndirmək və bu ölkə ilə təhsil sahəsində konkret tədbirlər planı hazırlamaq məqsədilə yapon ekspertlərinin ölkəmizə dəvət edilərək Azərbaycan təhsil sistemi ilə daha yaxından tanış olmasının təmin edilməsi.
5. Texniki peşə
təhsili sahəsində Yaponiyanın əldə etdiyi uğurları nəzərə alaraq ölkəmizdə bu sahədə aparılan islahatlar prosesində həmin ölkənin təcrübəsinin öyrənilərək tətbiq olunması.
(Ardı
var)
Misir MƏRDANOV
Azərbaycan müəllimi.-2010.-29
yanvar.-S.4.