Regionlarda təhsilin inkişaf perspektivlərilə əlaqədar Ağstafa, Qazax və Tovuz  rayonları təhsil işçilərinin iştirakı ilə müşavirə  keçirilib

 

Yanvarın 25-də Ağstafa rayonunda regionlarda təhsilin inkişafı ilə əlaqədar Ağstafa, Qazax və  Tovuz rayonları təhsil işçilərinin iştirakı ilə  müşavirə keçirildi. İlk öncə təhsil naziri  Misir Mərdanov müşavirə iştirakçıları ilə birlikdə   Heydər Əliyev Mərkəzində, rayonun A.Mustafayev adına  Həsənsu  kənd orta məktəbində və Ağstafa  Tikiş Fabrikində oldu. 

 

 Heydər Əliyev Mərkəzində keçirilən müşavirəni giriş sözü ilə  açan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı  Elxan Usubov rayonda təhsil sahəsində  görülmüş  işlər  barədə  qısa məlumat  verdi.Bildirdi ki, ölkəmizdə, eləcə də Ağstafada  son illər təhsilin inkişafına  olan  qayğı, tələbkarlıq  öz müsbət nəticəsini vermişdir. Cənab Prezidentin sərəncamı ilə təsdiq  olunmuş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət  Proqramına uyğun olaraq yeni məktəb binaları tikilmiş və bəziləri əsaslı təmir olunmuşdur. Yeni nəslin təlim-tərbiyəsinə, təhsil işçilərinə  göstərdiyi  diqqət və qayğıya görə   rayonumuzun bütün təhsil işçiləri adından möhtərəm  Prezidentimiz cənab İlham Əliyevə öz səmimi minnətdarlığımızı bildiririk.Ölkəmizin  iqtisadi inkişafı, xalqımızın xoşbəxt rifahı naminə həyata keçirdiyi uğurlu fəaliyyətində dövlətimizin başçısına müvəffəqiyyətlər arzulayırıq.

Müşavirədə iştirak edən təhsil naziri Misir Mərdanov Azərbaycanda  təhsilin inkişafında və qazanılmış uğurlarda ölkə başçısının böyük xidməti olduğunu qeyd etdi.   Bildirdi ki, bu gün hər addımda  ulu öndər Heydər Əliyevin ölməz ideyalarına sadiqlik nümayiş etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin  ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, ölkədə azad və demokratik cəmiyyətin qurulmasıdır. Nazir ölkənin Prezidenti İlham Əliyev tərəfindən imzalanmış fərman və sərəncamlara xüsusi  münasibətini bildirdi. Qeyd etdi ki,  10 ildən çox idi  ki, ölkə ictimaiyyətini maraqlandıran ən ciddi məsələ "Təhsil haqqında" Qanunun qəbul edilməsi həllini gözləyirdi. Nəhayət, bu Qanun möhtərəm Prezidentin dəstəyi ilə Milli Məclisdə  qəbul olundu  və onun icrası ilə  bağlı  işlər də  görülür. Az müddət  ərzində Təhsil Nazirliyi Aparatında Qanunla bağlı 35 adda sənəd hazırlanıb Azərbaycan hökumətinə  təqdim olunmuşdur ki, bunlardan  6-sı artıq təsdiq olunub. ölkə başçısı tərəfindən 2009-cu il "Uşaq ili" elan olunmuş, təhsil  sahəsində çalışan müəllimlər, şagirdlər və müxtəlif sahələrdə işləyən insanların  mükafatlandırılması, BDU-nun 90 illik yubileyi, Azərbaycan Respublikasında elmin inkişafı  ilə bağlı milli strategiyanın, ali təhsil sistemində islahatların həyata keçirilməsi ilə bağlı sərəncamlar imzalanıb. Həm də Prezidentin  sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi", "Ən yaxşı müəllim" müsabiqələri keçirilir və qalib məktəblər 10000,  müəllimlər isə 5000 manat məbləğində mükafatlara layiq görülmüşlər. Bu da son iki ildə ölkədə ümumtəhsil sistemində  çox ciddi  inkişafa yönəldilmiş  rəqabətə  səbəb olub.

2009-cu ildə ölkə başçısının müxtəlif sərəncamları ilə 312 nəfər təhsil işçisinə dövlət mükafatları, fəxri adlar verilib.

Sonra Təhsil Nazirliyində həyata keçirilmiş bəzi məsələlərlə bağlı  Dünya Bankı ilə  Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında həyata keçirilən tədbirlər barədə məlumat verildi.

Regionlarda təhsilin  inkişaf perspektivlərindən danışan nazir Mİsir Mərdanov  son beş ildə  Ağstafa, Qazax və Tovuz rayonlarının ümumtəhsil məktəblərinin I sinif şagirdləri,  IX və XI  sinfi bitirənlər,  ümumtəhsil məktəbləri şəbəkəsi, siniflərdə şagird sıxlığı, şagird-müəllim nisbəti  regionda məktəb və əlavə sinif otaqlarının  tikintisinin aparılmasından, məktəblərin  avadanlıqlarla təminatı məsələlərindən geniş bəhs etdi. 2003-2009-cu illərdə Tovuzda 10,Qazaxda 11, Ağstafada 8 yeni məktəb binasının tikildiyini qeyd etdi.

2008-2009-cu tədris ilində  hər üç rayonun ümumtəhsil məktəblərinin fəaliyyətindən, ali məktəblərə qəbul imtahanlarında həmin rayonlar üzrə  abituriyentlərin göstərdiyi nəticələrdən söz açan  Misir Mərdanov  göstəricisi aşağı olan məktəblərin adlarını çəkdi. Bildirdi ki, bu məsələ rayon ictimaiyyətinin diqqət mərkəzində olmalı və fəaliyyəti pis olan məktəb direktorları haqqında  ciddi tədbir görülməlidir.Həm də məktəb direktorlarının seçimində    diqqətli olmağı tövsiyə etdi.

Məktəbəqədər təhsilin yeniləşdirilməsi proqramının tətbiqi üzrə proqram çərçivəsində müəyyən işlərin görülməsində ölkə başçısının xidmətlərini deyən Misir Mərdanov hazırda Bakı şəhərində bağçalarda uşaqların sayının artdığını bildirdi. Bütün bunlar  yeni məktəbəqədər müəssisələrin tikilməsi, təmiri və onların lazımi avadanlıqlarla təmin olunması nəticəsində mümkün olduğunu söylədi.

Təhsil naziri Misir Mərdanov müşavirə iştirakçılarının nəzərinə onu da çatdırdı ki, Tovuz rayonunda   son beş ildə bağçaların sayında elə bir dəyişiklik olmasa da,  təəssüf ki, bağçaya gedən uşaqların sayı azalıb. Nazir həm də Qazax və  Ağstafa rayonlarında  olan bağçalarda da belə halların mövcudluğunu dedi. Bilməliyik ki, bağçamız  yaxşı olmasa, bağçaya gələn uşaqların sayı heç olmasa 70-80 faizi əhatə etməsə, onda biz təhsilimizin inkişafından danışa bilmərik. Ona görə də Təhsil Nazirliyi, rayon rəhbərliyi və rayon təhsil şöbəsi deyilən bu məsələni daim diqqət mərkəzində saxlamalıdır.

Gələcəkdə əsas və orta məktəblərdə oxuyacaq şagirdlərin minimum sayı müəyyənləşməli, şagirdi az olan məktəblərin açılmasına yol verilməməlidir, - deyən nazir Misir Mərdanov  məktəblərdəki istilik sistemi və regionda olan məktəblərin maddi-texniki təchizat məsələsində olan nöqsanlardan söz açdı.

Məktəblilərin  dərsliklərlə təminatında heç bir problemin olmadığını vurğulayan nazir bu istiqamətdə çox ciddi  şəkildə iş aparıldığını diqqətə çatdırdı.Bu gün məktəblərdə təhsilin keyfiyyətini qaldırmaqda həlledici amil müəllimdir. ölkə ictimaiyyəti bu gün biz təhsil işçilərindən daha keyfiyyətli  təhsil gözləyir.Ona görə də bu istiqamətdə çox ciddi iş görməliyik.

Nazir Misir Mərdanov məktəblərdə işləyən müəllimlərin ixtisasının artırılması, orta məktəblərin IX-XI sinifləri üzrə  mərkəzləşdirilmiş qaydada keçiriləcək imtahanlar, bu regionda peşə təhsili mərkəzlərinin tikilməsi və peşə təhsili müəssisələrində ayrı-ayrı   fənlərin tədrisi vəziyyətini daha da yaxşılaşdırmaq üçün İKT-nin tətbiqinin genişləndirilməsinin vacibliyini tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Çıxışının sonunda təhsil naziri Misir Mərdanov Qazax rayonundan olan iki müəllimə  "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanını, Ağstafa, Tovuz və Qazax rayonlarının təhsil müəssisələrində işləyən  bir qrup müəllimə isə Fəxri fərmanlar  təqdim etdi.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rauf Hüseynov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov və  millət vəkili Nizami Cəfərov da çıxış edərək qeyd etdilər ki,ulu öndərimizin əsasını  qoyduğu təhsil islahatları bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında böyük uğurla davam etdirilir. Xüsusən, respublikanın hər yerində yeni məktəblərin tikilməsi, mövcud məktəblərin əsaslı  təmiri, təhsil ocaqlarının müasir  tələblərə cavab verən avadanlıqlarla  təchizi sahəsində son illər böyük  uğurlar əldə edilmişdir. Eləcə də bu gün ölkəmizdə elm, təhsil, mədəniyyət və s. sahələrlə bağlı layihələr həyata keçirən Heydər Əliyev Fondu təhsilimizin inkişafına öz töhfəsini verir.

Günün ikinci yarısında  təhsil naziri Misir Mərdanov qonaqlarla birlikdə  rayonun 1 və 2 nömrəli Dağkəsəmən kənd, 2 nömrəli şəhər orta məktəblərinə, həmçinin 2 nömrəli uşaq bağçasına baş çəkdi, sinif otaqlarına, kompüter kabinetlərinə, laboratoriyalara, kitabxanalara, idman  və iclas zalına baxdı. Burada çalışan pedaqoji kollektivin üzvləri ilə söhbət edərək onların arzu və istəklərini  dinlədi.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.-2010.-29 yanvar.-S.3.