Türkiyə-Azərbaycan təhsil əlaqələrini
genişləndirmək üçün
böyük potensial var
Türkiyənin milli təhsil naziri xanım Nimet Çubukçunun qəzetimizə müsahibəsi
Nimet Çubukçu
1965-ci il martın 2-də Türkiyə
Respublikası Karaman vilayətinin Ayrancı kəndində anadan olub. 1988-ci ildə
İstanbul Universitetinin
hüquq fakültəsini
bitirib. 1990-cı ildən sərbəst vəkillik fəaliyyətinə
başlayıb. İstanbul Vəkillər
Kollegiyası uşaq haqları komissiyasında və uşaq məhkəmələrində işləyib.
Türkiyənin hakim partiyası
AKP-nin qurucu üzvü olan Nimet Çubukçu 3 noyabr 2002-ci il parlament seçkilərində
AKP üzrə İstanbuldan
millət vəkili seçilib. 2 iyun 2005-ci ildə qurulan 59-cu hökumətdə qadın
və ailə problemləri üzrə dövlət naziri vəzifəsinə təyin
olunub. 60-cı hökumətdə
yenidən dövlət naziri olub. 22 iyul 2007-ci il parlament seçkilərində
AKP-dən İstanbul üzrə təkrar millət vəkili seçilib. 2009-cu il mayın 3-də keçirilən
kabinet dəyişikliyində
Türkiyə Cümhuriyyətinin
milli təhsil naziri təyin olunub.
Xəbər verdiyimiz kimi,
Türkiyənin ilk qadın milli təhsil naziri xanım Nimet
çubukçunun başçılıq etdiyi nümayəndə
heyəti yanvarın 21-22-də ölkəmizdə rəsmi səfərdə
olub. Səfər proqramı çərçivəsində
yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən qəbul edilən
nümayəndə heyəti Təhsil Nazirliyində, Azərbaycan
Diplomatik Akademiyasında, Bakı Dövlət Universitetində,
Türkiyənin "Çağ" Öyrətim Şirkətinin
Qafqaz Universitetində, Bakı Türk İlköyrətim
Okulunda, Bakı Türk Anadolu Liseyində görüşlər
keçirib. Səfər zamanı xanım Nimet
çubukçu qəzetimizə müsahibə verib. Həmin
müsahibəni oxucularımıza təqdim edirik.
- Nimet xanım, bizim üçün çox
xoşdur ki, Türkiyənin milli təhsil naziri olaraq ilk xarici
səfərinizi ölkəmizə etmisiniz. Səfərdə
məqsəd nədir?
- Hər şeydən
öncə, ilk rəsmi ziyarətimi Azərbaycana etməkdən
böyük məmnunluq duyduğumu bildirmək istəyirəm.
Səfərimizdə məqsəd Türkiyə ilə Azərbaycan
arasında təhsil sahəsindəki əlaqələrin
mövcud vəziyyətini dəyərləndirib onu daha da
inkişaf etdirmək və bu sahədə işbirliyi
imkanlarını araşdırmaq idi. ölkələrimiz
arasında mədəni, o cümlədən təhsil əlaqələrini
inkişaf etdirmək üçün böyük potensial var.
Bu potensialın hərəkətə gətirilməsində
isə, bildiyiniz kimi, qarşılıqlı səfərlər
xüsusi önəm daşıyır.
- Səfər zamanı hansısa bir sənədin
imzalanması nəzərdə tutulubmu?
- Xeyr, tutulmayıb. Buna
ehtiyac duyulmur. çünki ölkələrimiz arasında təhsil
sahəsində əməkdaşlığın genişləndirilməsini,
əlaqələrimizin inkişafını nəzərdə
tutan 2 protokol mövcuddur. Bunlardan biri 1998-ci ilin noyabrında Azərbaycan
Respublikasının təhsil naziri Misir Mərdanovun Türkiyəyə
rəsmi səfəri zamanı ölkənizin Təhsil
Nazirliyi ilə Türkiyə Milli Təhsil Nazirliyi və
Yüksək Öyrətim Kurumu (Ali Təhsil Şurası)
arasında imzalanmış təhsil və elm sahələrində
əməkdaşlıq Protokolu, digəri isə 2000-ci ildə
Türkiyənin milli təhsil naziri Mətin
Bostançıoğlunun Bakıya səfəri zamanı Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə
Respublikasının Milli Təhsil Nazirliyi arasında
imzalanmış təhsil və elm sahələrində əməkdaşlıq
Protokoludur.
- Deyə bilərsinizmi, təhsil sahəsində
ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələri
konkret olaraq hansı istiqamətləri əhatə edir?
- Ölkələrimiz
arasındakı tarixin dərinliklərindən gələn mədəni
bağlar təhsil sahəsindəki işbirliyimizin möhkəm
təməllər üzərində qurulmasına zəmin
yaradır.
Modern Türkiyənin
qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci
sevincimiz, kədəri kədərimizdir" və Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin "Bir
millət iki dövlət" ifadələri bu təməli ən
gözəl şəkildə anlatmaqdadır. Bu baxımdan,
ortaq tarix və mədəniyyət əsasında davam etdirməkdə
olduğumuz təhsil sahəsindəki işbirliyi bir çox
istiqaməti əhatə edir, o cümlədən orta, peşə,
ali təhsil sahələrində səmərəli əməkdaşlıq
əlaqələri mövcuddur. Tələbə və müəllim
mübadilələri, müəllimlərin təkmilləşdirilməsi,
müasir peşə təhsili müəssisələrinin
yeni modellərinin yaradılmasında qardaş Azərbaycana
kömək göstərilməsi və s. istiqamətlərdə
layihələr gerçəkləşdirilir.
Türkiyə Milli Təhsil
Nazirliyinin xətti ilə Azərbaycanda hələ 1990-cı
illərin əvvəllərindən Bakı Türkiyə Türkcəsi Təhsil-Təlim Mərkəzi,
Bakı Türk Anadolu Liseyi, Bakı Türk İlköyrətim
Okulu yaradılmışdır və hazırda fəaliyyət
göstərməkdədir. 1993-2009-cu illər arasında bu təhsil
- tədris qurumlarında 352 müəllim
çalışmış, hazırda 64 müəllim
çalışmaqdadır, 1579 şagird və yaşlı məzun
olaraq diplom və sertifikatlar almışdır. Hazırda 1266
şagird və 81 kurs müdavimi təhsillərini davam etdirir.
Azərbaycanın texniki
peşə təhsili sahəsindəki islahatlarını da dəstəkləyirik.
Bu məqsədlə təhsil naziri, hörmətli Misir Mərdanovun
dəvəti ilə texniki peşə təhsili sahəsində
işbirliyi qurmaq, yeni texniki peşə təhsili müəssisəsi
modeli yaratmaq işində Azərbaycan tərəfinə dəstək
vermək və kömək göstərmək məqsədi
ilə ötən il 25-28 yanvar tarixlərində nazirliyimiz tərəfindən
Türkiyə milli təhsil nazirinin müavini Sadettin Sabarin rəhbərliyi
ilə müvafiq şöbələrin və idarələrin
müdirlərindən, bir sıra peşə təhsili müəssisələrinin
rəhbərlərindən ibarət bir heyət Azərbaycana
göndərilmişdir. Həmin nümayəndə heyətinin
səfər çərçivəsində keçirdiyi
görüşlərdə Azərbaycanda texniki peşə məktəblərinin
Türkiyənin ən yaxşı texniki peşə məktəbləri
ilə qardaşlaşması, seçilmiş müəllim və
istehsalat təlimi ustalarına Türkiyədə və Azərbaycanda
təhsil dəstəyi verilməsi, bu təhsil müəssisələrinin
büdcədənkənar gəlir sisteminin qurulması, proqram
və dərsliklərin hazırlanmasına kömək və
s. məsələlər sahəsində işbirliyi
imkanları araşdırılmış və müvafiq
razılıq əldə olunmuşdur. Bu çərçivədə
2008-2009-cu tədris ilində ölkənizin peşə təhsili
müəssisələrindən 10 nəfərlik nümayəndə
heyəti Türkiyənin İzmir şəhərinə gedərək
buradakı Mahzar Zorlu Texniki və Sənaye-Peşə Liseyində
müvafiq hazırlıq keçmişdir. Bu il də həmin
məktəblərdə əvvəlki təlimin davamı
olaraq azərbaycanlı təhsil işçilərinə
müvafiq təlim keçiləcəkdir. Müəyyən
edildiyi halda digər model məktəblərə də
lazımi dəstək veriləcəkdir.
Nazirliyimizin xətti ilə
hər il yay aylarında müntəzəm olaraq digər türk və qohum
topluluqlar kimi Azərbaycanın təhsil işçilərinə
də təhsil sistemindəki yeniliklərlə
tanışlıq, təcrübə mübadiləsi məqsədi
ilə türk dilinin tədrisi, türk mədəniyyəti və
milli təhsil sistemini tanıtma mövzularında seminarlar təşkil
olunur. Bu seminarlarda 1992-2009-cu illər arasında
bütövlükdə 282 azərbaycanlı təhsil
işçisi iştirak etmişdir.
- Azərbaycanda Türkiyə Milli Təhsil Nazirliyinin
xətti ilə yanaşı, digər qurumlarla birgə
işbirliyinin nəticəsi olaraq da xeyli təhsil müəssisəsi
fəaliyyət göstərir. Onlar barədə nə deyə
bilərsiniz?
- Ölkənizdə
Türk Dünyası Araşdırmaları Vəqfinə aid
1 lisey və idarəetmə fakültəsi, Türkiyə
Diyanət Vəqfinin 1 liseyi, "Çağ" Öyrətim
Şirkətinin 11 liseyi, 1 ibtidai məktəbi, 10 kurs mərkəzi
və 1 universiteti olmaqla, bütövlükdə 26 təhsil-tədris
qurumu fəaliyyət göstərir.
Bildiyimə görə,
şagirdlərə verdikləri təhsilin yüksək səviyyəsinə,
ali məktəblərə qəbul imtahanlarında yetirmələrinin
topladıqları ballara və beynəlxalq olimpiadalarda, digər
bilik yarışlarında qazandıqları uğurlara görə
bu təhsil müəssisələri Azərbaycan ictimaiyyəti
arasında böyük nüfuza malikdir. Təkcə bir
faktı göstərim ki, 1994-2010-cu illər ərzində Azərbaycan-Türkiyə
özəl liseylərinin şagirdləri dünya fənn
olimpiadalarında 75-i qızıl, 120-si gümüş və
169-u bürünc olmaqla, bütövlükdə 364 medal
qazanmışlar. Bütün bunlar bizi çox
qürurlandırır. Bu tədris ocaqlarında yüksək
səviyyədə təhsil alan şagirdlərin gələcəkdə
həm Azərbaycanda, həm də Türkiyədə
çox böyük rol oynayacaqlarına əminəm.
Yeri gəlmişkən
onu da deyim ki, biz dövlət xətti ilə Azərbaycanda
açdığımız məktəblərin
sayını artırmaq fikrindəyik. Bununla bağlı
görüşdə Azərbaycan Respublikasının təhsil
naziri Misir Mərdanovla söhbətlərimiz olub.
- Nimet xanım, hazırda Azərbaycanda Türkiyədən
nə qədər tələbə təhsil alır? Gələcəkdə
onların sayının artırılması nəzərdə
tutulurmu?
- İndi Azərbaycanda
4 mindən çox türkiyəli tələbə var. Onlar
ölkənizin 21 ali məktəbində təhsil alırlar. Onların
sayının artırılması, əlbəttə,
mümkündür. ölkələrimiz bu mənada hər
cür işbirliyi qurmağa hazırdır.
- Bəs Türkiyə universitetlərində nə qədər
azərbaycanlı oxuyur? Əcnəbilərin Türkiyənin
ali məktəblərinə daha çox cəlbi istiqamətində
nə kimi çalışmalarınız vardır?
- Azərbaycandan
olan tələbələrimizin
sayı 5 min civarındadır.
Onların bir qismi, daha dürüst
desək, 209-u bakalavr,
96 nəfəri magistratura,
117 nəfəri doktorantura
pilləsində, 95 nəfəri
isə tibbdə uzmanlıq üzrə dövlət xətti ilə oxuyanlardır. Qalanları, yəni böyük əksəriyyəti isə
öz hesabına təhsil alırlar.
Bildiyiniz kimi, Türkiyədə ali təhsil müəssisələrinə qəbul
və yerləşdirmə
Ali Təhsil Qurumuna daxil olan Tələbələrin
Seçilməsi və
Yerləşdirilməsi Mərkəzi
tərəfindən YöS
adlanan test imtahanları
vasitəsilə mərkəzləşdirilmiş
qaydada həyata keçirilir. Xarici tələbələrin Türkiyədə oxuması
da bu mərkəz
tərəfindən təşkil
edilən imtahanların
nəticələrinə uyğun
aparılır. Lakin bir
tərəfdən ayrılan
yerlərin məhdudluğu,
digər tərəfdən
universitetlərdə oxumaq
istəyənlərin sayının
çoxluğu mərkəzləşdirilmiş
imtahanları gərəksiz
edir. Əsasən türk şagirdləri
üçün nəzərdə
tutulmuş mərkəzləşdirilmiş
imtahanların digər
bir çatışmazlığı
da çoxlu sayda bölümlərdə
ayrılmış tələbə
yerlərinin boş qalmasına yol açmasıdır. Xarici tələbələr
üçün imtahanlar
da əslində xarici tələbələri
ölkəmizə cəlb
etmək üçün
pozitiv bir şey deyil, əksinə, imtahan sistemlərinin uyğun olmaması ölkəmizdə
bir imtahana girmək və bu imtahanı qazanaraq yerləşmə
ehtimalını zəiflədir
və nəzərdə
tutulmuş tələbə
yerləri boş qalır. Dolayısı ilə biz burada
Yüksək öyrətim
Kurumu və Milli Təhsil Nazirliyi olaraq birlikdə çalışıb
bu məsələnin
həllini tapırıq.
Bir çox ölkələrdən
gələn tələbələr
öz ölkələrində
çox müvəffəqiyyətli
orta ballara sahib olduqları halda, bu imtahanlara girə bilmirlər. Qeyd olunan səbəblərdən
bizdəki ali
təhsil müəssisələrində
hazırda, təxminən,
130 min yer boş qalır. Halbuki mövcud imtahan sisteminə əsasən öyrəncilərin universitetlərə
bal üstünlüyünə
görə seçim
mexanizminin ləğv
edilməsi ilə ali məktəblərdə
boş qalan yerlərinin tamamən dolacağını düşünürəm.
Mövcud imtahan sistemlərinin
aradan qaldırılmasının
bizim üçün
heç bir şəkildə mənfi
təsiri olmayacaq, əksinə, daha çox sayda tələbə cəlb olunacaq.
Türkiyə bölgədə diqqətçəkən
və canlanan bir ölkədir. Üstəlik,
ali təhsil
sahəsində çoxlu
sayda yaxşı universitetlər qurulur. Türkiyənin hər vilayətində
də yeni universitetlər təsis olunur. Xüsusən bəzi ölkələrlə
həmsərhəd olan
vilayətlərdə belə
yeni universitetlərin özlərinə həmsərhəd
olan, amma inkişaf etməmiş ölkələrdən tələbə
cəlb etmək ehtimalı çox yüksəkdir. Məsələn, yeni qurulan Trakiya,
Tekirdağ universitetləri
Balkanlardan daha çox tələbə alır.
Hazırda universitet rektorları bizdən xarici öyrəncilər arasından
öz tələbələrini
özləri seçmək
sisteminin tətbiqini tələb edirlər. Artıq
il yarımdır
ki, bu məsələnin
həlli üzərində
işləyirik. Ali təhsil müəssisələrinin
tələbə qəbulu
qaydalarında və imtahanların təşkili
mexanizmində ediləcək
dəyişikliklərə əsasən universitetlər
xarici tələbələri
orta ballarına və ya öz
ölkələrində bir
imtahan sistemi varsa, buna əsaslanaraq
götürəcəklər. Hədəfimiz dünyanın müxtəlif
ölkələrindən daha
çox sayda tələbəni Türkiyədəki
universitetlərdə oxutmaqdır.
- Türkiyə ilə
Azərbaycan arasında
diplomların qarşılıqlı
tanınması sahəsində
problemlər varmı?
- Hazırda
hər iki ölkədə tibb və hüquq ixtisasları üzrə diplomların tanınmasında
problem mövcuddur. Bu problemin
aradan qaldırılması
üçün hər
iki tərəf müvafiq iş aparır. Bu məsələyə
cənab Misir Mərdanovla görüşümüzdə
də toxunduq. Hər iki tərəfin problemin həllində maraqlı olduğu və bu istiqamətdə
müvafiq çalışmalar
yapıldığı ifadə
edildi.
İnşallah, yaxın gələcəkdə
bu məsələ də yəqin ki, öz həllini
tapacaq.
- Türkiyənin milli
təhsil naziri kimi ölkəmizə ilk səfərinizi necə qiymətləndirirsiniz?
- Azərbaycana
gəlişimdən çox
böyük sevinc hissləri duydum. çox səmərəli
bir ziyarət keçdi. Başda Bakı Dövlət Universiteti, Qafqaz Universiteti olmaqla getdiyim təhsil müəssisələrində apardığım müşahidələr
nəticəsində Azərbaycan
təhsil sisteminin xeyli inkişaf etdiyini gördüm.
- Müsahibə üçün
sağ olun.
Müsahibəni apardı: Yusif ƏLİYEV
Azərbaycan müəllimi.-2010.-29 yanvar.-S.3.