Birinci qrupun birincisi
Şahbuz rayonu A.Quliyev adına Kükü kənd orta məktəbinin məzunu Aygül Salahlı repetitor yanında hazırlaşmadan
ötən il ali məktəblərə
qəbul imtahanlarında
695 bal toplayıb
Azərbaycan təhsilinin yeniləşməsi,
müasir tələblər
səviyyəsinə yüksəlməsi
yönündə həyata
keçirilən kompleks
tədbirlərin, aparılan
davamlı islahatların
layiqli nəticələri
göz önündədir.
Təhsil sisteminin inkişafı
üçün qoyulan
investisiyalar, yeni məktəblərin inşa
və təmir olunmasına ayrılan vəsaitlər öz bəhrəsini verir, tədrisin keyfiyyətinə
müsbət təsir
göstərir. Son illər ölkə üzrə 2000-dən artıq
yeni təhsil müəssisəsi və
əlavə tədris
korpusları istifadəyə
verilib ki, bununla da orta
məktəblərdə təhsil
alanların 75 faizinin dərs şəraitinin yaxşılaşdırılması təmin olunub.
Sevindirici haldır ki, son illərdə Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda uğurla çıxış edir, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq ölkəmizin və dünyanın nüfuzlu universitetlərində təhsil alırlar. Bu baxımdan qazanılan nailiyyətlər xalqımızın elmi-intellektual potensialının təcəssümü olmaqla bərabər, həm də digər məktəblilərə əlavə stimul verir, onların təhsilə marağının daha da artmasına səbəb olur.
Ölkəmizin müstəqillik dönəmində təhsil sisteminin hərtərəfli inkişafı ilə yanaşı, bəzən özünü dövrün tələbatı kimi büruzə verən aldadıcı meyillərlə də qarşılaşırıq. Bu baxımdan orta məktəb şagirdlərinin ali məktəblərə qəbul olmaq üçün repetitor yanında hazırlaşması tendensiyası xüsusilə qeyd olunmalıdır. Dəfələrlə bildirildiyi kimi, repetitor hazırlığına heç bir qadağa qoyulmasa da, bu, orta məktəbdə təhsilin keyfiyyətinə mənfi təsir göstərməməlidir. Yəni repetitorluqla məşğul olan müəllim məktəbdə tədris etdiyi dərsə tam ciddi yanaşmalı, əlavə hazırlığa gedən şagird isə məktəbdən yayınmamalıdır.
Bu məsələdə
narahatçılıq yaradan digər bir məqam isə
ondan ibarətdir ki, ali məktəblərə qəbul olmaq
üçün repetitor yanında hazırlaşmağın vacibliyi fikri əksəriyyət tərəfindən qəbul olunur.
Ancaq bu iddia ilə çıxış edənlərin
"məntiqi" şagirdlərin
məktəbdə eyni
müəllimdən dərs
alması ilə əlavə məşğul
olmasının fərqini
açıqlamağa imkan
vermir. Başqa sözlə, repetitorluqla məşğul olan müəllimə məktəbdə
öyrətmək üçün
nə mane olur və ya
şagirdlərin bir qismi dərs prosesindən niyə səmərəli istifadə
etmək istəmirlər?
Odur ki, cəmiyyətdə belə təsəvvürlərin
yaradılmasında ali
məktəblərə kütləvi
hazırlıq işində
maraqlı olan şəxslərin məqsədyönlü
təbliğatının da
az rol oynamadığı
qənaətində olanlarla
razılaşmamaq mümkün
deyil.
Bütün bunların
müqabilində repetitor yanında hazırlıq keçməyən,
orta məktəbi "yaxşı" və yaxud "əla"
qiymətlərlə başa vuraraq yüksək balla ali məktəblərə
daxil olan gənclərin uğurlarının o qədər də
nəzərə çarpmaması və ya geniş miqyasda təqdir
olunmaması təəccüb doğurur. Niyə də bu
gün orta məktəb şagirdləri heç də
sayları az olmayan belə məzunlardan nümunə
almasınlar? Bununla həm valideynlər əlavə
qayğılardan, maddi məsrəflərdən azad olar, həm
də orta məktəb şagirdləri bütün fənləri
öyrənməyə daha çox maraq göstərər, hərtərəfli
inkişaf edərlər.
Ötən il ali məktəblərə
qəbul imtahanlarında I qrup üzrə ən yüksək -
695 bal toplayaraq Bakı Dövlət Universitetinin tətbiqi
riyaziyyat və kibernetika fakültəsinə daxil olmuş
Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu A.Quliyev
adına Kükü kənd orta məktəbinin məzunu
Aygül Habil qızı Salahlının qazandığı
nailiyyət bu baxımdan yaxşı bir nümunədir.
Repetitor yanında heç bir əlavə hazırlıq
keçməyən Aygül Salahlı minlərlə məzun
arasında ən yüksək nəticə göstərərək
Prezident təqaüdçüsü kimi tələbəlik həyatına
başlayıb.
Şahbuz rayonunun ucqar
yaşayış məntəqələrindən biri olan
Kükü kəndində 1992-ci ildə müəllim ailəsində
dünyaya gələn, bu gün nəinki
doğmalarının və müəllimlərinin, eləcə
də elinin, obasının fəxrinə çevrilmiş
Aygül Salahlının uşaqlığı, məktəb
illəri və tələbəlik həyatı barədə
bəzi maraqlı məqamlara nəzər salarkən bir daha əmin
olursan ki, insanın məqsədinə çatmaq,
arzularına yetişmək üçün çəkdiyi zəhmətin
yaxşı nəticə verməsindən böyük səadət
yoxdur. Hələ uşaqlıqdan möhkəm yaddaşı
ilə digər yaşıdlarından fərqlənən
Aygül orta məktəbdə çevikliyi, məntiqli
düşünmək bacarığı, müstəqil
mühakimə yürütmək qabiliyyəti ilə
seçilib. Aşağı siniflərdən dəqiq fənlərə
daha çox maraq göstərib, kompüter
proqramçısı ixtisasına yiyələnmək
arzusunda olub.
Oxumağa, öyrənməyə
sonsuz marağı olan Aygülün əlaçı
şagird kimi yuxarı siniflərdə də özünü
doğrultması onun yüksək balla ali məktəbə
daxil olacağına ümidləri artırır. O, ailəsinin,
müəllimlərinin inam və etimadından
arxayınlaşmır, məktəblilər arasında riyaziyyat
üzrə keçirilən fənn olimpiadalarının rayon
və Naxçıvan Muxtar Respublikası mərhələlərində
yüksək nəticələr göstərir. Bakı
Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika
fakültəsinin məzunu olan dayısının yolu ilə
getməyi qarşısına məqsəd qoyan Aygül
Salahlı VIII sinifdə oxuyarkən
ilk dəfə kompüterdən istifadə etməyə
başlayıb. Qazandığı uğurlara görə
2007-ci ildə Naxçıvan Muxtar Respublikasının rəhbərliyi
tərəfindən kompüterlə
mükafatlandırılıb. Bundan sonra kompüter sahəsindəki
biliklərini daha da artırıb, müxtəlif proqramlarda sərbəst
işləmək bacarığını təkmilləşdirib.
2008-2009-cu tədris ilində
orta məktəbi fərqlənmə attestatı ilə
başa vuran A.Salahlı sənədlərini I qrupa təqdim
edir, Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və
kibernetika fakültəsinə qəbul olmaq arzusu ilə
imtahanlara qatılır. İmtahanın nəticələri
sevindirici olur. O, 695 balla I qrup üzrə ali məktəblərə
qəbul olanlara liderlik edir.
İmtahan onun
üçün çətin olmasa da, məsuliyyətdən
yaranan həyəcanını gizlədə bilmədiyini
söyləyən Aygül həmin anlara qayıdaraq,
uşaqlıq və orta məktəb illəri haqqında xatirələrini
bir daha yada saldı. Bu günə qədər
qazandığı bütün uğurlara görə valideynlərinə
və müəllimlərinə borclu olduğunu, məktəb
direktoru Mirnaqim Seyidova, kimya müəllimi Yunis Quliyevə, dil
və ədəbiyyat müəllimi İsa Rəcəbova,
fizika müəllimi Kəmalə Eylazovaya, riyaziyyat müəllimi
Araz Məmmədova minnətdarlığını bildirdi.
Aygül onu da qeyd etdi
ki, ümumiyyətlə, Naxçıvan Muxtar
Respublikasının qabaqcıl tədris ocaqlarından biri olan
Kükü kənd orta məktəbinin məzunlarının
həmişə xoş soraqları eşidilib. Məktəbin
yetirmələri arasından müxtəlif sahələr
üzrə 30-a yaxın elmlər doktoru və elmlər namizədi
çıxıb ki, bu da tədris ocağının zəngin
ənənələrindən və pedaqoji kollektivin peşəkarlığından
xəbər verir. Təsadüfi deyil ki, ötən il bu məktəbi
bitirənlərin 67 faizi ali məktəblərə qəbul
olub. Məktəbin məzunu Türkanə Azadi qızı
Qurbanova 650 balla Azərbaycan Tibb Universitetinə qəbul olub.
Azərbaycanda təhsil
sahəsinin dinamik inkişafına yönəlmiş tədbirlərin
ən ucqar yaşayış məntəqələrindəki
tədris ocaqlarının fəaliyyətində belə
aydın duyulduğunu fərəhlə vurğulayan Aygül gənclərə
göstərilən dövlət qayğısının nəticələrindən
də söz açdı. Bildirdi ki, ali məktəblərə
qəbul imtahanlarında yüksək bal toplamış
abituriyentlərin Prezident təqaüdünə layiq
görülməsi, ilk yerləri tutan gənclərə
müxtəlif qiymətli hədiyyələrin verilməsi
orta məktəb şagirdləri arasında elmə, təhsilə
marağı daha da artırır və tədris ocaqlarında
sağlam rəqabət mühiti formalaşdırır. ötən
il qəbul imtahanlarında yüksək nəticələr
göstərmiş muxtar respublikadan olan abituriyentlərin
Naxçıvan rəhbərliyi tərəfindən də
mükafatlandırıldığını məmnunluqla diqqətə
çatdıran A.Salahlı bütün bunların həyatında
unudulmaz izlər buraxdığını, onu daha da
ruhlandırdığını söyləyib.
Bu gün Bakı
Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika
fakültəsində kompüter elmləri ixtisası üzrə
təhsil alan Aygül Salahlı nümunəvi tələbə
kimi müəllimlərinin sevimlisinə çevrilib. Tələbə
yoldaşları ilə öyrənmək, elmi biliklərə
yiyələnmək uğrunda əsl yarışa
çıxan gənc tələbə yalnız öz
ixtisasını mükəmməl mənimsəmək, elmi
axtarışlar yolunda irəliləmək barədə
düşünür. Bununla da günbəgün inkişaf edən,
regionun lider ölkəsinə çevrilən Azərbaycana
daha çox xeyir verə biləcəyinə inanır.
I kursun qış imtahan
sessiyasında uğurla iştirak edən A.Salahlı
yaradılmış şəffaf və obyektiv şəraitə,
müasir Avropa təcrübəsinin ali təhsil sistemində
uğurlu tətbiqinə görə təhsil naziri Misir Mərdanova
və Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmova
tələbə yoldaşları adından minnətdarlığını
bildirdi. O, eləcə də ali məktəb müəllimlərindən
hər zaman isti münasibət gördüklərini önə
çəkir, onlardan Cavanşir Kazımov, Aqil Xanməmmədov
və Həmzağa Orucovun adlarını xüsusi məmnuniyyətlə
qeyd edir.
Gələcəyin
tanınmış mütəxəssisi olmaq haqqında
düşünən A.Salahlı həmyaşıdlarını
öz üzərlərində daha tələbkarlıqla
çalışmağa səsləyir, orta məktəb
şagirdlərinə isə tədris proqramlarına uyğun
qaydada oxuyub-öyrənməyi tövsiyə edir. Uğur
qazanmağın ən səmərəli və düzgün
yolunu şəxsi təcrübəsində sınaqdan
keçirmiş Aygül bəzən bu reallığı
inkar edənlərin yarı yolda qaldıqları və elmi
biliklərə birtərəfli qaydada yiyələndikləri
fikrini irəli sürənlərlə
razılaşdığını bildirir.
Bəşarət MƏMMƏDOV
Azərbaycan müəllimi.-2010.-29 yanvar.-S.5.