Azərbaycanın
Milli Qəhrəmanları
Yusifov Zakir Tofiq oğlu
1956-cı
il sentyabrın
29-da Bakı şəhərində
anadan olub. 1974-cü ildə paytaxtdakı 194 nömrəli orta məktəbi bitirərək,
Leninqraddakı (indiki Sankt-Peterburq) Sasovski adına Mülki
Təyyarəçilik Məktəbinə
daxil olub. 1977-ci ildə təhsilini
başa çatdıraraq
Yevlax aviadəstəsində
fəaliyyətə başlayıb.
AN-2 təyyarəsinin komandiri, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, uçuşun təşkili
və təminetmə
müfəttişliyinin təyyarəçi-müfəttişi
vəzifələrində çalışıb,
1988-ci ildə Bakı
Dövlət Universitetinin
hüquq fakültəsinin
qiyabi şöbəsinə
daxil olub. Azərbaycanda ilk hərbi vertolyot
eskadrilyası Milli Qəhrəman Yavər Əliyevlə Zakir
Yusifovun əməyi nəticəsində yaradılıb.
Qısa zamanda Qarabağa və digər döyüş
bölgələrinə uçuşlar edib, ən uğurlu
uçuşunu isə Füzuli-Xocavənd istiqamətində
yerinə yetirib. Tərtər, Ağdərə, Xocavənd,
Şuşakənd, Füzuli döyüşləri zamanı
yüzədək uçuş edib.
Z.Yusifov
1992-ci il oktyabrın 11-də növbəti uçuş
zamanı - Səfiyan kəndində əməliyyat yerinə
yetirərkən vertolyotu vurulub və o, qəhrəmancasına
həlak olub.
Ailəli
idi. İki övladı var.
Azərbaycan
Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 nömrəli
Fərmanı ilə Yusifov Zakir Tofiq oğlu ölümündən
sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Bakı
şəhərində Şəhidlər xiyabanında dəfn
olunub.Təhsil aldığı 194 nömrəli orta məktəb
və Nizami rayonundakı küçələrdən biri onun
adını daşıyır.
Yusifov Naiq Nəsir oğlu
1970-ci il yanvarın 5-də Tovuz rayonunun Ağdam kəndində anadan olub. 1987-ci ildə doğma kəndlərində orta məktəbi bitirib və 1988-ci ildə sovet ordusu sıralarına çağırılıb. Naiq hərbi xidmətini Gürcüstanın Texakaya şəhərində yerləşən rabitə batalyonunda başa çatdırıb və 1990-cı ildə Vətənə qayıdıb. Bir müddət sonra yerli özünümüdafiə dəstəsinə üzv yazılıb. 1992-ci il martın 24-də Tovuz rayonunun Koxa-Nəbi kəndinə işğalçı erməni yaraqlılarının hücumu zamanı Naiq cəsur, fədakar, vətənpərvər bir əsgər kimi döyüş meydanında xüsusi qəhrəmanlıq nümayiş etdirib. O, son dərəcə gərgin, qeyri-bərabər döyüş zamanı mühasirəyə düşən yoldaşlarını təhlükəli zonadan xilas etməyə bütün gücü, bacarığı ilə səy göstərib. Amma son anda yağı düşmənin əlinə keçməmək üçün əlindəki qumbaranı gənclik eşqi ilə dolu sinəsinə sıxaraq qəhrəmancasına həlak olub. Onun Vətən uğrunda göstərdiyi bu şücayət ölkə başçısı tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Yusifov Naiq Nəsir oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Tovuz rayonunun Ağdam kəndində dəfn olunub. Vaxtı ilə təhsil aldığı orta məktəb onun adını daşıyır.
Yusifov Roman Yasəf oğlu
1973-cü
il iyulun
28-də Dəvəçi rayonunda anadan olub. 1990-cı ildə
rayondakı 2 nömrəli
məktəbdə orta
təhsilini başa çatdırıb, 1992-ci ildə
Milli Ordu sıralarında əsgəri
xidmətə çağırılıb.
Bir müddət Naxçıvanda
hərbi təlim keçdikdən sonra Sədərək rayonuna göndərilən Roman Vətən
qarşısındakı müqəddəs
borcunu şərəf
və ləyaqətlə
yerinə yetirib.
1992-ci ilin oktyabrında xidməti borcunu yerinə yetirərkən
yaralanıb. O, müalicə aldıqdan sonra yenidən əsgəri
xidmətini davam etdirib. Gələcəkdə hərbiçi
olmaq, Vətənin keşiyində durmaq onun ən müqəddəs
arzularından olub. Roman elə həmin arzusunun da həyata
keçməsinə cidd-cəhdlə çalışıb,
hərbi kurs keçərək leytenant rütbəsi alıb.
Taqım
komandiri təyin edilib.
R.Yusifov
1995-ci il martın 17-də qeyri-qanuni
silahlanmış, dövlət
çevrilişinə cəhd
edən bir qrup qiyamçı ilə qarşıdurma zamanı qəhrəmancasına
həlak olub.
Azərbaycan Respublikası Prezidentinin
4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Yusifov Roman Yasəf oğlu ölümündən
sonra Azərbaycanın
Milli Qəhrəmanı
adına layiq görülüb.
Dəvəçi rayonunun Qalagah kəndində dəfn olunub. Təhsil aldığı 2 nömrəli orta məktəb onun adını daşıyır.
Zülfüqarov Elxan Qaçay oğlu
1954-cü il iyunun 29-da Füzuli rayonunun Hoğa (Üçbulaq) kəndində anadan olub. Səkkizillik təhsilini 1969-cu ildə 1 nömrəli orta məktəbdə alıb, orta təhsilini isə Yevlax şəhərindəki 1 nömrəli orta məktəbdə başa çatdırıb. 1971-ci ildə Mingəçevir Politexnik Texnikumuna daxil olub. 1972-ci ildə hərbi xidmətə çağırılıb. 1974-cü ildə xidmətini Ukraynada yerinə yetirdikdən sonra yarımçıq qalmış təhsilini davam etdirib. 1975-ci ildə Novosibirsk Şəhər Milis Şöbəsinə təyinat alaraq, orada milis baş leytenantı rütbəsinə qədər yüksəlib. 1988-ci ildə Qarabağ hadisələri ilə əlaqədar Vətənə qayıdıb. 1992-ci ildə ordu sıralarına yazılaraq bölmə komandiri kimi Laçın, Qubadlı, Zəngilan, Füzuli bölgələrində bir çox əməliyyatlarda iştirak edib. Kapitan rütbəsinə qədər yüksələn Elxan 702 nömrəli hərbi hissədə kəşfiyyat komandirinin köməkçisi vəzifəsinə təyin edilib.
1994-cü il yanvarın 5-də növbəti kəşfiyyata yollanaraq qeyri-bərabər döyüşdə qəhrəmanlıq nümayiş etdirən E. Zülfüqarov Şükürbəyli kəndi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə həlak olub.
Ailəli idi. Dörd övladı var.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 nömrəli Fərmanı ilə Zülfüqarov Elxan Qaçay oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub.
Zülfüqarov Samir Xəlil
oğlu
1976-cı il iyulun 3-də Dəvəçi rayonunun Ağbaş kəndində anadan olub. Səkkizillik təhsilini doğma kəndlərində alıb. 1994-cü ildə Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılıb. Yaşma qəsəbəsində yerləşən hərbi hissələrdən birində xidmətini şərəflə yerinə yetirdiyi, nümunəvi bir əsgər olduğu nəzərə alınaraq ona qısamüddətli məzuniyyət verilib. Həmin vaxt ölkədə vəziyyət yenidən gərginləşib. Bir qrup cinayətkar ünsürdən ibarət silahlı dəstə hakimiyyəti ələ keçirmək üçün dövlət çevrilişi etmək istəyirdi. Bu hadisədən narahat olan Samir məzuniyyətini yarımçıq qoyaraq yoldaşlarının yanına qayıdıb. Milli Ordunun əsgərləri dövlət çevrilişinə cəhd edən qüvvələrlə üz-üzə dayandığı bir vaxtda onlarla aparılan danışıqlar nəticə verməyib.
S.Zülfüqarov 1995-ci il martın 17-də baş vermiş həmin qiyam zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda canını qurban verərək qəhrəmancasına həlak olub.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Zülfüqarov Samir Xəlil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Dəvəçi rayonunun Ağbaş kəndində dəfn olunub. Dəvəçi rayon 3 nömrəli orta məktəb onun adını daşıyır və məktəbdə büstü qoyulub.
Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya Mərkəzinin materialları əsasında hazırladı:
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2011.-
1 aprel.- S.14.