Utrext Universiteti
Yerləşir: Niderland Krallığı,
Utrext şəhəri
Yaranma tarixi: 1636-cı il
Tipi: Dövlət
İşçi
heyətinin ümumi sayı: 8700 nəfər
Tələbələrin
sayı: 29927 nəfər
Ümumi büdcəsi: 716 milyon avro
Rəsmi
saytı:
www.uu.nl
Utrext Universiteti (Utrecht University) Niderland
Krallığında, Utrext şəhərinin mərkəzində
yerləşir. Hollandiyanın böyük dövlət
universitetlərindən biri olan bu ali məktəbin qədim
bağları, binaları, yaxınlıqdakı küçələrin
adları onun zəngin tarixə malik olmasının sübutudur.
Böyük Britaniyanın "Times Higher Education
Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu
ildə apardığı dünya universitetlərinin reytinqinə
əsasən, Utrext Universiteti 100 ən yaxşı ali məktəb arasında York Universiteti ilə
birgə 70-ci yerdə sıralanıb. 2010-cu ildə
dünyanın ən nüfuzlu universitetləri arasında
"Times Higher Education World University Rankings"in
açıqlamasına görə, Utrext Universiteti 143-cü
yerdə, "QS World University Rankings"in
açıqlamasına əsasən isə 83-cü yerdə qərarlaşıb.
Tarixi
Utrext Universiteti qədim tarixə
malikdir. Hələ 695-ci ildə İrland keşişi
Villibrord Utrext şəhərində keşiş yetişdirən
məktəb yaratmağı təklif edir. Onun bu şəhərdə yaratdığı
seminariya kilsə ilə əlaqəli fəaliyyət göstərir
və sonradan Domskul - Kilsə Məktəbi
adlandırılır. 1634-cü ildə Utrext Şəhər
Şurası "Şöhrətləndirilmiş məktəb"
adlı ali məktəb açır.
1636-cı il martın 26-da həmin məktəb
Utrext Universitetinə çevrilir və elmi dərəcə
vermək hüququ qazanır. Universitetdə
dörd fakültə (fəlsəfə, hüquq, ilahiyyat,
tibb) yaradılır. Fəaliyyətinin ilk
vaxtlarında universitetin yeddi müəllimi və onlarca tələbəsi
olur. Ali məktəbin tələbələri
yalnız oğlanlardan ibarət idi. Burada həmin
dövrdə təhsil alan yeganə
qadın ilahiyyat üzrə mühazirələri dinləyən
Anna Mariya van Şurman olur. Leyden, Franeker, Qroningen, Hardervik,
Utrext Universitetinə
çoxlu sayda əcnəbi tələbələr cəlb
olunur.
Universitetdə Almaniya, İngiltərə, Şotlandiya və
Avropanın digər ölkələrindən təhsil alan gənclər daha çox
üstünlük təşkil edir. Həmin dövrlərdə
bu ali məktəbdə fəlsəfənin
intellektual, ilahiyyatçı və yeni fəlsəfə tərəfdarları
(yeni fəlsəfənin yaradıcısı filosof Rene Dekart
bir neçə il Utrext şəhərində
yaşayır), eləcə də pravoslav
ilahiyyatçılar arasında mübahisə aparılır.
XVIII əsrdə Utrext
Universiteti durğunluq dövrünü yaşayır. 1806-cı ildə Niderland
fransızlar tərəfindən işğal olunduqdan sonra
Utrext Universiteti "'ecole secondaire'" - orta məktəb
statusu alır, lakin 1813-cü ildə Niderland
Krallığı yaradıldıqdan sonra ali
məktəb əvvəlki statusunu bərpa edir.
XIX əsrin ikinci
yarısında universitet yenidən çətinliklərlə
üzləşir. Universitetin inkişafı
üçün dövlətin maliyyə yardımına
böyük ehtiyac duyulur, lakin dövlət universitetə həmin
vəsaiti ödəmək imkanına malik olmur. Hətta Utrext Universitetinin bağlanılması barədə
müzakirələr aparılır. Bütün
yaşanan gərgin anlara baxmayaraq, ali məktəb
çətinliklə də olsa inkişaf edir. XX
əsrin əvvəllərində universitetə ilk qız tələbə
- Katarina van Tussenbroek qəbul edilir. Artıq
1915-ci ildə Utrext Universitetinin tələbələrinin
dörddə bir hissəsini qızlar təşkil edir. Universitetin müəllimləri arasında isə bu
vəziyyət daha aşağı templə gedir. 1916-cı ildə Utrext Universitetinin professoru təyin
edilmiş ilk holland qadın Yohanna Vesterdijk İkinci Dünya
müharibəsinin sonlarınadək universitetdə
çalışan yeganə qadın müəllim olur.
Utrext Universitetinin inkişafında burada fəaliyyət
göstərən alimlərin (fizioloq-həkim Hubrext,
hüquqşünaslar Hamaker və Molenqraaff, tarixçilər
Kernkamp və Geyl, dəqiq elmlər üzrə Maqnus və
Minnaert, ilahiyyatçı Van Unnik və s.) böyük rolu
olur. 1925-ci ildə Baytarlıq Məktəbinin Utrext Universitetinə
birləşdirilməsi nəticəsində ali
məktəbdə altıncı fakültə - baytarlıq
fakültəsi yaradılır. Bu da universitetdə
çoxlu sayda ixtisas və təhsil proqramlarının
açılmasına səbəb olur. 1929-cu
ildə ilk dəfə olaraq Utrext Universitetinin alimi Kristian Eykman
Nobel mükafatına layiq görülür. İkinci Dünya müharibəsindən sonra
universitetdə Geoelmlər, Biologiya, Kimya departamentləri,
Sosial elmlər fakültəsi açılır, tələbələrin
sayı sürətlə artmağa başlayır. 1960-cı ildən bir çox fakültələr və
onların kitabxanaları, xəstəxanaları, akademik müəssisələri
De Uithof ərazisinə köçürülür. Dəqiq elmlər fakültəsi genişləndirilərək
nəhəng elmi-tədqiqat mərkəzinə çevrilir.
Hazırda Utrext Universiteti dövlət ali
təhsil müəssisəsi olsa da, İkinci Dünya
müharibəsindən başlayaraq sərbəst fəaliyyət
göstərir.
Büdcəsi və
təhsil haqqı
Utrext Universitetinin 2009-2010-cu
tədris ilində illik büdcəsi 716 milyon avro təşkil
edib. Universitetdə təhsil haqqı yerli, Avropa Birliyi və
Avropa İqtisadi Məkanı ölkələrini təmsil edən,
eləcə də əcnəbi tələbələr
üçün fərqlidir. Yerli, Avropa
Birliyi və Avropa İqtisadi Məkanı ölkələrindən
olan tələbələrin təhsil haqqı 2010-2011-ci tədris
ilində bakalavr və magistratura səviyyələrində
1672 avrodur. Əcnəbi tələbələrin
təhsil haqqı həmin tədris ilində fakültədən
asılı olaraq bakalavr səviyyəsində 6000-8450,
magistratura səviyyəsində isə 14000-19000 avro
arasında dəyişir.
Universitetdə tələbələrə
təhsil haqqı və yaşamaq xərclərini ödəməkdə
köməklik məqsədi ilə hər ay DUO qrantı
verilir. Bu qrant
yerli, Avropa Birliyi və Avropa İqtisadi Məkanı ölkələrini
təmsil edən və əyani təhsil alan
tələbələrə verilir. Əcnəbi tələbələr
üçün isə universitetdə müxtəlif məbləğli
Utrext Üstünlük, Sylff, Fulbrayt/NAF, NFP; Çin,
Xorvatiya, İslandiya, Makedoniya, Türkiyədən olan tələbələr
üçün Huyqens; indoneziyalılar üçün
Stuned; çinli doktorant və tədqiqatçılar
üçün CsC; ABŞ-dan olan tələbələr
üçün FAFSA və FFELP və s. təqaüd
proqramları mövcuddur.
Utrext Universitetində tələbəyə yataqxanalarda
qalmaq üçün ayda 400-650, qida, geyim, nəqliyyat, məişət
xərcləri üçün 350-450, tibbi sığortadan
keçmək, müayinə üçün 40-100, kitab və
digər dərs ləvazimatları üçün 65-85,
ümumi xərclər üçün isə 500 avro lazım
gəlir.
Universitet bu
gün
Utrext şəhəri
Niderland Krallığının dördüncü ən
böyük şəhəridir, Niderlandın mərkəzində
- Utrext əyalətində yerləşir. Bu şəhəri
"Avropaya açılan qapı" adlandırırlar.
Orta əsrlər şəhəri olan Utrext
tarixi abidələri və qədim kilsələri ilə məşhurdur.
307081 nəfər əhaliyə malik Utrext
Amsterdamdan sonra Niderland Krallığının mədəni tədbirlərin
ən çox keçirildiyi ikinci şəhəridir.
Utrext Universitetinin Humanitar və
Hüquq fakültələrinin binaları Utrext şəhərinin
mərkəzində, qalan binaları isə şəhər kənarındakı
De Uithof ərazisində yerləşir. Utrext
Universitetinə məxsus Universitet Kolleci Hollandiyanın sabiq hərbi
bazası olan KROMHOUT Kazerne ərazisində yerləşir.
De Uithof kampusunda Utrext Universitetinin 30-a yaxın binası mövcuddur. Kampusun
binaları qeyri-adi memarlıq üslubu ilə seçilir.
Memar Rem Kolhaas tərəfindən inşa
edilmiş Edukatorium binası dairəvi divarlara və
şüşə körpüyə malikdir. Minnaert binasında yağış suyu toplamaq məqsədi
ilə xüsusi hovuz quraşdırılıb. Kampusun ərazisində
yerləşən binaların əksəriyyəti burada
çalışan alimlərin adlarını
daşıyır, məsələn: həkim Albert Abraham
Hijmans van der Berqin, fizik Nikolas Blombergenin, qadın fizik Karolina
Blikerin, kimyaçı Huqo Kruytun, sosiologiya fakültəsinin
yaradıcılarından olan Martinus Langeveldin,
belçikalı astronom Marsel Minnaertin, həkim van Straatenin, De
Uithof ərazisində binaların tikintisini aparan memar Marinus
Ruppertin, "İncil"in tədqiqatı ilə məşğul
olan alim Villem van Unnikin, botanik Frits Ventin, fiziklər Robert van
Qraaf və Leonard Salomon Ornşteynin, meteoroloq Buys Ballotun və
s.
2007-ci ilin
yanvarında baş vermiş qasırğa nəticəsində
qaldırıcı kran Ruppert binasının üzərinə
yıxılır. Hadisə nəticəsində
bir neçə insan yaralanır və bina 2007-ci ilin
sentyabrınadək fəaliyyət göstərmir. De
Uithof kampusunda 1002 tələbə tutumuna malik Kambridgelaan, 552
nəfərlik De Bisschoppen, 377 nəfərlik Kasa Konfetti
yataqxanaları yerləşir.
Utrext Universiteti 7 fakültə
və 3 institutdan - IVLOS Təhsil İnstitutu Ruzvelt
Akademiyası və Utrext Universitet Kollecindən ibarətdir.
Geoelmlər
fakültəsi
Yer Elmləri, Ekoloji Elmlər, İnsan Coğrafiyası və
Planlaşdırma institutlarından ibarətdir. Fakültə
bakalavr səviyyəsində holland dilində tədris olunan 5
(Yer elmləri, Ətraf mühit ekologiyası və sosial elmlər,
Ekologiya, İnnovasiya və idarəetmə elmləri, İnsan
coğrafiyası və planlaşdırma), magistratura səviyyəsində
isə 15-dən 12-si ingilis dilində tədris olunan (Biogeologiya, İqtisadi coğrafiya,
Geokimya, Geo-kommunikasiya, İnformasiya və əlavələrinin
idarəolunması, Geologiya, Geofizika, İnsan coğrafiyası
və planlaşdırma, Hidrologiya, Beynəlxalq inkişaf tədqiqatları,
Fiziki coğrafiya, Planologiya, Dəqiq elmlər və innovasiya
menecmenti, Sabit inkişaf, Şəhər coğrafiyası)
proqram, eləcə də əlavə Yerşünaslıq,
Geoelmlər, Geoelmlər Yay Məktəbi
kursları təklif edir.
Humanitar elmlər
fakültəsinə Holland dili, Tarix və incəsənət, Media və
kulturologiya, Müasir dillər, Fəlsəfə,
Dinşünaslıq və ilahiyyat departamentləri, Holland
Dili, Tarix və İncəsənət tarixi, Humanitar elmlər,
Media və Kulturologiya, Müasir Dillər, Fəlsəfə və
Süni İntellekt, Dinşünaslıq və İlahiyyat məktəbləri,
həmçinin magistr və doktorantlar üçün nəzərdə
tutulmuş Humanitar Elmlər Ali Məktəbi,
Dinşünaslıq və İlahiyyat (INTEGON), Tarix və
İncəsənət Tarixi (OGC), Utrext Dilçilik (UİL OTS),
ZENO Fəlsəfə Elmi-Tədqiqat
institutları, fakültələrarası Münaqişələrin
Öyrənilməsi, Dekart mərkəzləri, Etika
İnstitutu daxildir.
Hüquq, iqtisadiyyat və idarəetmə fakültəsi Hüquq fakültəsindən,
İqtisadiyyat və İdarəetmə məktəblərindən
ibarətdir. Hüquq fakültəsində hüququn özəl,
cinayət, konstitusiya və inzibati, beynəlxalq və digər
sahələri üzrə tədqiqatlar həyata
keçirilir. Fakültəyə Ekologiya Hüququ Siyasətləri,
Montel mərkəzləri, Avropa, Viarda, Vergi Hüququ, Beynəlxalq,
Sosial və İqtisadi Dövlət Hüququ, Hüquq Nəzəriyyəsi,
Konstitusiya və İnzibati Hüquq, Molenqraaff Özəl və
Notarial Hüquq, Niderland Dəniz Hüquqları, Niderland
İnsan Hüquqları, Villem Pomp Cinayət Hüququ və
Kriminologiya institutları aiddir. İqtisadiyyat Məktəbi
Bakalavr İqtisadiyyat Məktəbi, magistr və doktorantlar
üçün nəzərdə tutulmuş Ali
İqtisadiyyat Məktəbi və Tjallinq Kupmans İnstitutundan
ibarətdir. İdarəetmə Məktəbi
idarəetmə sahəsi üzrə bir neçə bakalavr və
magistr proqramları təklif edir. Hər tədris ilinin
birinci semestrində bakalavr pilləsində təhsil alan tələbələrə Həyata
keçirmə, Siyasətin aparılması, Avropa və
Niderland idarəetməsi, Dövlət idarəçiliyi və
təşkilatçılıq elmləri kursları tədris
edilir.
Sosial və əxlaq elmləri fakültəsi bakalavr səviyyəsi
üçün nəzərdə tutulmuş Fənlərarası
ictimai elmlər, Mədəni antropologiya və sosiologiya,
Metodologiya və statistika, Pedaqogika və təhsil elmləri,
Psixologiya (Sosial və təşkilatçılıq, Kliniki və
sağlamlıq, İnkişaf psixologiyası bölmələri)
departamentlərindən ibarətdir. Magistr və doktorantların təhsil
aldığı Sosial və Əxlaq Elmləri Ali Məktəbi
tələbələrinə Mədəni antropologiya: Sosiomədəni
dəyişmələr, Cəmiyyətdə uşaq və gənclərin
inkişafı, Pedaqoji elmlər: qarşılıqlı əlaqədə
öyrənmə, Metodologiya və statistika, Miqrasiya, etnik əlaqələr
və çoxmədəniyyətlilik, Sosial və
sağlamlıq psixologiyası, Sosiologiya və
sosial tədqiqatlar və s. proqramlar təklif edir.
Dəqiq elmlər fakültəsində 8 bakalavr (Tətbiqi
riyaziyyat, Biologiya, Kimya, Əczaçılıq, Kompüter,
İnformasiya elmləri, Riyaziyyat, Fizika və astronomiya), 25
magistr, onlarla doktorluq, 26 əlavə proqram mövcuddur. Fakültənin nəzdində
bakalavrlar üçün Əczaçılıq Kolleci, Yay
Məktəbi, magistr və doktorantlar üçün Dəqiq
Elmlər, Həyat Elmləri ali məktəbləri
fəaliyyət göstərir. Fakültənin elmi-tədqiqat
mərkəzlərində Beyin, idrak və davranış, Dərman
innovasiyaları, Yer və sabitlik, Dəqiq elmlərin əsasları,
Cəmiyyətdə və elmdə informasiya texnologiyaları,
Həyat elmləri və biomürəkkəblik, eləcə
də digər sahələri əhatə edən proqramlar
üzrə tədqiqatlar həyata keçirilir.
Tibb fakültəsi Biotibbi genetika, Ürək və
ciyər, Cərrahiyyə, Daxili və dermatoloji xəstəliklər,
Pediatriya, Təsvir etmə, İntraəməliyyat, fövqəladə
hallar və tibbi qəzalarda yardım, Qadın və körpə
bölmələrindən, IC, Yulius Sağlamlıq və
İlkin Tibbi Yardım mərkəzlərindən, Əczaçılıq
laboratoriyasından ibarətdir. Fakültədə biotibbi elmlər,
biotibbi genetika, kliniki epidemiologiya, ürək-damar xəstəlikləri,
immunologiya və infeksion xəstəliklər, nevrologiya,
onkologiya və digər sahələr üzrə ən yeni tədqiqatlar
aparılır.
Baytarlıq fakültəsinin bakalavr pilləsində tədris
olunan proqramlar yalnız holland dilindədir. Magistratura pilləsində
Baytarlıq epidemiologiyası və iqtisadiyyatı, Baytarlıq
və molekulyar patologiya, Heyvanların sağlamlığı
proqramları təklif olunur. Fakültəyə Elm və
cəmiyyətdə heyvanların yeri (Heyvanların müdafiəsi
və laboratoriya heyvanları, Heyvanlarla davranış,
İnsan və heyvan əlaqələri bölmələri),
Biokimya və hüceyrə biologiyası (Biokimya, Hüceyrə
biologiyası bölmələri), Ev heyvanları kliniki tədqiqatları
(Şüa diaqnostikası, Daxili tibb, Zoologiya tibbi,
Anesteziologiya, Ümumi cərrahiyyə bölmələri,
Baytarlıq Diaqnostika laboratoriyası), Atçılıq elmləri
(Baytarlıq əczaçılığı, Əczaçılıq
və toksikologiya bölmələri), Farm heyvanların
sağlamlığı (Gövşəyən heyvanların,
Donuzların, Quşların sağlamlığı,
Heyvanların qidalanması, İqtisadiyyat, Epidemiologiya, Kənd
təsərrüfatı heyvanları, çoxalma, Daxili tibb,
Ümumi baytarlıq xidməti bölmələri),
İnfeksion xəstəliklər və immunologiya (Kliniki təhsil,
tədqiqat, Baytarlıq mikrobiologiyası, Gənə xəstəlikləri,
Molekulyar müdafiə, Virusologiya bölmələri), Risk qiymətləndirilməsi
departamentləri (Baytarlıq səhiyyəsi, Ekoloji
epidemiologiya, Toksikologiya bölmələri), Patobiologiya
(Anatomiya və fiziologiya, Patologiya, Molekulyar patologiya, Vəhşi
təbiətin mühafizəsi bölmələri,
Baytarlıq Pataloji Diaqnostika Mərkəzi), Heyvanların Tədqiqatı
üzrə mərkəzi Laboratoriyası (Eksperimental tədqiqatlar,
Çoxaltma, kriokonservasiya və sanitariya, Eksperimental cərrahiyyə)
daxildir.
Utrext Universiteti
İcraçılar və Nəzarətçilər
şuraları tərəfindən idarə olunur. Universitetin prezidenti və
İcraçılar Şurasının sədri İvonn van
Roydur. Ali məktəbin rektoru isə professor
Hans Stoofdur. Fakültələrə
dekanlar rəhbərlik edir. Ali məktəbin
əməkdaşlarının sayı təxminən 8700 nəfərə
yaxındır. Tibb fakültəsinin əməkdaşlarını
çıxmaq şərtilə universitetdə 7479 nəfər
işçi çalışır. Əməkdaşların
54%-ni kişi, 46% isə qadın
işçilər təşkil edir.
Utrext Universitetində
ümumilikdə 29927 nəfər tələbə təhsil
alır. Tələbələrin 6378 nəfəri birinci kurs
tələbəsi, 2150 nəfəri isə doktorantlardır.
Universitetdə dünyanın 130 ölkəsindən
2532 nəfər əcnəbi tələbə təhsil
alır.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində Utrext
Universitetinin bakalavr səviyyəsində Rəşad Cəfər
oğlu Cəfərov iqtisadiyyat, Nicat Elmuraz oğlu Qarayev
sosial elmlər: siyasət və iqtisadiyyat, Nigar Əkbər
qızı Kərimova və Cəmilə Eldar qızı Məmmədova
iqtisadiyyat və biznes, Zəhra
Ceyhun qızı Yusifli hüquqşünaslıq
ixtisasları üzrə təhsil alırlar. 2010-2011-ci
tədris ilində həmin proqrama əsasən Səfərov
Məmmədağa Vəlihəd oğlu Utrext Universitetinin
bakalavr səviyyəsi üzrə iqtisadiyyat və biznes
iqtisadiyyatı ixtisasına qəbul olunub.
Qədim tarixə və
şərəfli inkişaf yoluna malik Utrext Universiteti məşhur
məzunları və alimləri ilə tanınır. Utrext
Universiteti yeni nəsil tədqiqatçıları, xüsusi
bilik və professional bacarığa malik alimlər yetişdirməklə,
əsaslı dəyişikliklərə yol açan kəşflərə
imza atmaqla, eləcə də sosial problemlərin həllini
tapmaq axtarışları ilə öz əsas
missiyasını yerinə yetirir.
Universitetin məşhur
məzunları
Maunq Maunq Birma Dövlətinin 7-ci
prezidenti
Els Borst Niderland
Krallığının sabiq səhiyyə naziri
Aqnes Yongerius Niderland Həmkarlar
İttifaqı
Konfederasiyasının
prezidenti
Piter Broertjes Niderlandın "De
Volkskrant" qəzetinin baş redaktoru
Nikolas Blombergen fizika üzrə Nobel
mükafatı laureatı
Peter Debye fizika üzrə Nobel
mükafatı laureatı
Gerardus 't
Hooft fizika üzrə Nobel
mükafatı laureatı
Martinus Veltman fizika üzrə Nobel
mükafatı laureatı
Tjallinq Çarlz Kupmans fizika üzrə Nobel mükafatı
laureatı
JH van 't Hoff kimya üzrə Nobel
mükafatı laureatı
Lavoslav Rujiçka kimya üzrə Nobel
mükafatı laureatı
Kistian Eykman tibb və fiziologiya üzrə
Nobel mükafatı laureatı
Villem Eynthoven tibb və fiziologiya üzrə
Nobel mükafatı laureatı
Rene Dekart filosof, riyaziyyatçı
Klarens Barlou Niderland bəstəkarı
Yan Yakob Lodevik ten Keyt Niderland şairi
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan
müəllimi.- 2011.- 1 aprel.- S.8-9.