Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı  olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2011-ci  il  9  mart  tarixli 39 nömrəli qərarını elan edirəm:

 

"Azərbaycan Respublikası Nazirlər Kabineti

 

QƏRAR  N 39

 

Bakı şəhəri,  9 mart 2011-ci il

 

Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı  olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında

Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  qərara alır:

1. "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin  həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci bəndinin müddəti 2012-ci il yanvarın 1-dək uzadılsın.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, digər aidiyyəti dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə tapşırılsın ki, tabeliyində olan qurumlarda müvafiq boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsini daha da gücləndirsinlər və görülmüş işlər barədə hesabatı rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, məşğulluq xidməti orqanlarına müraciət etmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

4. Bu qərar 2011-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

A.RASİZADƏ,

Azərbaycan Respublikasının Baş naziri"

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərilən qərarının icrası ilə əlaqədar

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 mart 2011-ci il tarixli 39 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilsin.

2. Rayon (Şəhər) Təhsil Şöbələrinin, nazirliyin tabeliyində olan tədris müəssisə, idarə və təşkilatların rəhbərlərinə tapşırılsın:

2.1. özlərindən asılı olmayan səbəblərə görə işləməyən, lakin orta aylıq əməkhaqqı alan məcburi köçkünlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş dəqiqləşdirilmiş adlı siyahılarının qısa müddət ərzində Təhsil Nazirliyinə təqdim olunmasını təmin etsinlər;

2.2. təhsil müəssisələrinin fəaliyyət göstərdiyi ərazilərə yaxın yerlərdə məskunlaşmış və işləməyən məcburi köçkünlərin boş (vakant) iş yerlərinə işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsini və görülmüş işlər barədə hesabatın rübdə bir dəfə Təhsil Nazirliyinə təqdim olunmasını təmin etsinlər.

3. Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinə (F.Qədirov) və Kənd rayonları üzrə ümumi təhsil şöbəsinə (A.Əhmədov) tapşırılsın:

3.1. Rayon (Şəhər) Təhsil Şöbələri, nazirliyin tabeliyində olan tədris müəssisə, idarə və təşkilatları tərəfindən işləməyən məcburi köçkünlərin boş (vakant) iş yerlərinə işə qəbulu ilə bağlı həyata keçirilən tədbirlər barədə hesabatın rübdə bir dəfə Təhsil Nazirliyinə təqdim olunmasına nəzarət etsinlər.

3.2. Rayon (Şəhər) Təhsil Şöbələri, nazirliyin tabeliyində olan tədris müəssisə, idarə və təşkilatlar tərəfindən təqdim olunmuş məlumata əsasən təhsil müəssisələrində müvafiq boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı görülmüş işlər barədə hesabatın rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasını təmin etsinlər.

4. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) nazirliyin tabeliyində olan təhsil müəssisələrində çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərə Nazirlər Kabinetinin göstərilən qərarının 1-ci bəndinə əsasən 2012-ci il yanvarın 1-dək orta aylıq əməkhaqqının ödənilməsini təmin etsin.

5. Ümumi şöbə (H.Məmmədova) əmrin çoxaldılaraq rayon təhsil şöbələrinə və təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

7. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə edilsin.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

30 mart 2011-ci il

 

Azərbaycan müəllimi.- 2011.- 1 aprel.- S.2.