Təhsil Nazirliyinin struktur bölmə rəhbərlərinin
təqdimat-məruzələri dinlənilib
Martın 30-da Təhsil Nazirliyində nazirliyin bir neçə struktur bölmə rəhbərinin təqdimat-məruzəsi dinlənilib.
Öncə Təhsil Nazirliyinin Hüquq sektorunun müdiri Elmir Həsənov "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi" mövzusunda təqdimat edib. E.Həsənov müvafiq qanuna uyğun olaraq hazırlanmış bir çox sənədin Nazirlər Kabineti tərəfindən təsdiq olunduğunu bildirib və qeyd edib ki, daha 5 sənəd isə təsdiq olunma mərhələsindədir. Sektor müdiri "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən Təhsil Nazirliyinin Əsasnaməsinə edilən əlavə və dəyişikliklər barədə məlumat verib. Həmin dəyişikliklərin hər biri haqqında danışan E.Həsənov, eyni zamanda 21 dekabr 2010-cu il tarixdə təsdiq olunmuş "Normativ-hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunundan da bəhs edib.
Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı 13-19 fevral 2011-ci il tarixlərində 16 nəfərdən ibarət nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri barədə təqdimat-məruzə ilə çıxış edib. Nümayəndə heyətinin tərkibindən söz açan F.Şahbazlı bildirib ki, dərsliklərin qiymətləndirilməsi təcrübəsinin öyrənilməsi məqsədilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Təlim-Tərbiyə Kurulunda olublar. Təlim-Tərbiyə Kurulunun əsas fəaliyyət istiqamətləri, keçirilmiş görüşlər barədə məlumat verən şöbə müdiri daha sonra nümayəndə heyəti üzvlərinin ixtisaslarına uyğun olaraq müvafiq komissiyalar üzrə bölünməklə iş apardıqlarını vurğulayıb. F.Şahbazlı Türkiyədə olduqları müddətdə dərslik komplektlərinin hazırlanma proseduru, onların qiymətləndirilməsi, qiymətləndirmə üçün daxil olmuş kitabların kodlaşdırılması və bu kimi digər məsələlər üzrə zəngin təcrübə qazandıqlarını nəzərə çatdırıb. Ümumtəhsil məktəblərinin III sinifləri üçün hazırlanmış bir neçə dərslik komplektinin rəy bildirilməsi məqsədilə Təlim-Tərbiyə Kuruluna təqdim edildiyini açıqlayan şöbə müdiri bu kitablar haqqında müsbət fikirlər söylənildiyini, eləcə də bir sıra qeydlərin vurğulandığını deyib.
F.Şahbazlı səfər çərçivəsində Türkiyədə müəllim və şagirdlərlə keçirilmiş görüşlər, aparılmış təcrübə mübadiləsi haqda məlumat verib. Səfərin sonunda heyət üzvlərinin hər birinə sertifikat verildiyini bildirən şöbə müdiri görülən işlərin davamlılığı və qarşılıqlı əməkdaşlığın inkişafı baxımından Təlim-Tərbiyə Kurulunun bir qrup əməkdaşının cari ilin aprelində ölkəmizə səfər edəcəyini nəzərə çatdırıb.
Tədbirdə Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov bu günlərdə Almaniya Federativ Respublikasına etdikləri səfər çərçivəsində keçirilmiş görüşlər və əldə olunmuş təcrübədən danışıb. "Almaniya Federativ Respublikası Baden-Vürttenberq Torpağının peşə təhsili sisteminin strukturu" mövzusunda təqdimat edən N.Məmmədov bu inzibati ərazi vahidi haqqında ümumi məlumat verib, burada peşə hazırlığı istiqamətində görülən işləri, dual peşə təhsili sisteminin mövcudluğunu və onun əsas məqsədlərini diqqətə çatdırıb. N.Məmmədov səfərin yekunu olaraq rəhbərlik etdiyi sahə üzrə bir sıra təkliflər irəli sürüb.
Təhsil naziri Misir Mərdanov hər üç təqdimatda qeyd olunan məsələlər barədə fikirlərini bildirib və görülmüş işlərin daha da inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Azərbaycan müəllimi.- 2011.- 1 aprel.- S.2.