ADU-da Türkiyənin Atatürk Universitetinin rektoru Hikmet Koçakla görüş

 

ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov Türkiyənin Atatürk Universitetinin rektoru, professor Hikmet Koçak onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan rektor Səməd Seyidov ADU ilə Atatürk Universiteti arasında əlaqələrin qurulmasına hazır olduğunu söyləyib. Universitetin tarixinə nəzər salan rektor S.Seyidov əvvəllər institut kimi fəaliyyət göstərən Azərbaycan Dillər Universitetinin keçdiyi yoldan bəhs edib. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizin təhsil sistemində böyük işlər görüldüyünü 2000-ci ildə ADU-ya universitet statusu verildiyini diqqətə çatdırıb.

Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil ocağında mövcud olan fakültələr haqqında da qonağa məlumat verib. Universitetdə yaradılmış İnformasiya Resurs Kompleksin fəaliyyətinə toxunan Səməd Seyidov bu strukturun Azərbaycan Respublikası Prezidentinin dəstəyi sayəsində açıldığını bildirib. Rektor bu nəhəng kompleksin ölkəmizdə yeganə olduğunu, təkcə universitet tələbələri üçün deyil, bütün respublika üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib. Səməd Seyidov bu kompleks vasitəsi ilə dünya universitetləri ilə distant seminarların, "dəyirmi masa"ların təşkil olunduğunu, həmçinin dərslərin aparıldığını deyib, bu sahədə ADU-da artıq müsbət təcrübə toplandığını söyləyib.

Atatürk Universitetinin rektoru, professor Hikmet Koçak səmimi qəbula görə təşəkkür edib. Hikmet Koçak Azərbaycanın ümummilli lideri, mərhum Heydər Əliyevin Atatürk Universitetinin fəxri doktoru olduğunu xatırladıb. O, həmçinin Prezident İlham Əliyevə bu universitetin fəxri doktoru adının verildiyini qeyd edib. Atatürk Universitetinin tarixindən bəhs edən rektor Hikmet Koçak bu ali təhsil ocağının 1954-cü ildə yaradıldığını bildirib. O, universitetdə ilk olaraq ədəbiyyat fakültəsinin mövcud olduğunu  deyib. Rektor H.Koçak nəzərə çatdırıb ki, Atatürk Universitetində ümumilikdə 18 fakültə fəaliyyət göstərir, 43000 tələbə təhsil alır. Eyni zamanda universitetin 23000 distant formada təhsil alan tələbəsi var. 7 institutun fəaliyyət göstərdiyi bu ali məktəbin 2500 əməkdaşı  var.

S.Seyidov distant tədris formasının ölkəmizdə yalnız ADU, NDU AMEA-da olduğunu deyib. ADU-nun Türkiyənin Hacettepe Fransanın Strasburq (keçmiş Mark-Blok Universiteti) universitetləri ilə üçlük yaratdığını bu istiqamətdə tərcümə fakültəsində tam şəkildə islahatlar aparıldığını söyləyib. ADU-nun Böyük Britaniyanın Esseks Universiteti ilə əməkdaşlığından da söz açıb.

Görüşdə həmçinin ADU ilə Atatürk Universiteti arasında distant təhsillə bağlı əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. Müəllimlərin distant tədrisə cəlb edilməsi istiqamətində işlərin aparılması haqda fikir mübadiləsi edilib. 

 Hikmet Koçak Səməd Seyidovu bu ilin yayında Atatürk Universitetində keçiriləcək konfransa dəvət edərək bu səfərin hər iki universitetin əməkdaşlığının başlanğıcı olacağına əminliyini ifadə edib.

Sonra rektor Səməd Seyidov qonağa ADU-nun kataloqunu Azərbaycanın xəritəsi əks olunmuş hədiyyəni təqdim edib. Hikmet Koçak isə həm Atatürk Universitetinin kataloqunu universitetin gerbi əks olunmuş hədiyyəni S.Seyidova verib.

Sonda qonaqlar ADU-nun İnformasiya Resurs Kompleksi ilə yaxından tanış olublar. 

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2011.- 1 aprel.- S.3.