Elmi praktik konfrans

 

Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filialının təşkilatçılığı ilə filialın dislokasiyasında olan Siyəzən rayonunun 6 nömrəli məktəbində "Pedaqoji kadrların ixtisasının artırılması günün başlıca tələbidir" mövzusunda seminar keçirildi. Konfransda  Təhsil Nazirliyinin baş məsləhətçisi M.Əhmədov, Azərbaycan Müəllimlər İnstitutunun prorektoru R.Əzizov və Sumqayıt filialının əlavə təhsil üzrə əməkdaşları iştirak edirdilər.

Konfransı giriş sözü ilə Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri R.Hacıyev açaraq rayon təhsil işçilərinin ixtisasartırma təhsilinin səmərəli təşkili üçün belə tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyini söylədi.

İxtisasartırma təhsilində mövcud vəziyyət və problemlər mövzusunda çıxış edən M.Əhmədov Azərbaycanın təhsil sistemində ixtisasartırma və təkmilləşmə təhsil mərhələsinin səmərəli təşkili ilə bağlı mövcud vəziyyət və qarşıda duran problemlərdən, onların həlli yollarından danışdı.

Azərbaycan Müəllimlər İnstitutunun prorektoru R.Əzizov ümumtəhsil müəssisələri və orada fəaliyyət göstərən dayaq məntəqələrində məşğələlərin təşkili mexanizmindən söz açdı. Qeyd etdi ki, dayaq məntəqələrində məşğələlərin təşkili üçün fəaliyyətdə olan mexanizmlərin yeniləşməsi və müasirləşdirilməsinə ehtiyac vardır. Bunun üçün dayaq məntəqə rəhbərləri və müəllimlərin rəy və təkliflərinin öyrənilməsi vacibdir.

AMİ-nin Strateji araşdırmalar mərkəzinin metodisti Z.Vəliyeva əlavə təhsil sistemində göstərilən metodiki xidmətin təşkili vəziyyəti və onun yaxşılaşdırılması üçün görülən tədbirlərdən danışdı. Qeyd etdi ki, metodiki yardım göstərmək məqsədilə ayrı-ayrı filiallarda olmuş tövsiyələrini vermişdir.

Siyəzən Rayon Təhsil Şöbəsinin metodkabinet müdiri Əminə Hacıyeva rayonun ümumtəhsil məktəbləri müəllimlərinin ixtisasartırma kurslarında olmaları barədə məlumat verdi, bu məsələ ilə bağlı Sumqayıt filialının əlavə təhsil şöbəsində müasir tələblər səviyyəsində görülən işlərdən danışdı.

AMİ-nin Sumqayıt filialının əməkdaşı H.İbrahimov filialda əlavə təhsilin təşkili və Sumqayıt, Xızı, Siyəzən, Abşeron Qubadlı rayon təhsil şöbələri ilə bu istiqamətdə aparılan məqsədyönlü işlərdən danışdı. Seminarda digər çıxış edənlər müəllimlərin əlavə təhsilinin təşkilində səmərəliliyin daha da artırılmasından söz açdılar.

 

 

MSMAYILZADƏ

 

Azərbaycan müəllimi.- 2011.- 1 aprel.- S.3.