Beynəlxalq simpozium

  

Naxçıvan Dövlət Universitetində "Araz çayı hövzəsi parazitar xəstəliklər" mövzusunda I beynəlxalq simpozium keçirilmişdir. Qars Qafqaz Universiteti ilə birgə gerçəkləşdirilən simpoziuma AMEA-nın Naxçıvan Bölməsi, Türkiyə Cümhuriyyətinin Ərzurum Atatürk Universiteti Elazıq Fırat Universitetinin təmsilçiləri qatılmışdı.

Simpoziumu giriş sözü ilə açan NDU-nun rektoru, akademik İsa Həbibbəyli türk xalqlarının sarsılmaz birliyindən, tarixi köklərindən, ortaq milli mənəvi dəyərlərindən danışmışdır. Vurğulanmışdır ki, çoxşaxəli beynəlxalq əlaqələrə malik universitetin qardaş Türkiyənin əksər tanınmış ali təhsil ocaqları ilə dayanıqlı tərəfdaşlığı "Bir millət, iki dövlət" siyasətinin bariz təntənəsidir. Araz çayının iki qardaş ölkənin əbədi birlik simvolu olduğunu xatırladan rektor simpoziumun sosial, ekoloji, iqtisadi əhəmiyyətindən söhbət açmışdır.

Qars Qafqaz Universitetinin prorektoru, professor Mitat Şahin universitetlərarası əlaqələrin dünya elm, təhsil sisteminə inteqrasiya baxımından faydasından danışmış, bu əməkdaşlığın gələcək inkişafı istiqamətində qarşıda duran vəzifələrdən, simpoziumun elmi-praktik əhəmiyyətindən bəhs etmişdir.

Ərzurum Atatürk Universitetinin veterinar fakültəsinin dekanı, professor Mustafa Atasevər çıxışında qeyd etmişdir ki, mövzu ilə bağlı aktual problemlərin həllində ortaq elmi tədqiqatların, təcrübələrin aparılması, gənc mütəxəssislərin yetişdirilməsi böyük rol oynayacaq.

Sonra Qars Qafqaz Universitetinin veterinar fakültəsinin Parazitologiya kafedrasının müdiri, professor Mükremin Özkan Arslanın "Türkiyənin Kuzey Doğusunda intestinal protozoon enfeksiyonları", NDU-nun Baytarlıq kafedrasının müdiri, baytarlıq elmləri namizədi Etibar Məmmədovun "Naxçıvan Muxtar Respublikasının Arazboyu düzənlik ərazilərində gövşəyənlərin anoplosefalyatoz törədicilərinin aralıq sahiblərinin yayılması" mövzusunda məruzələri dinlənilmişdir.

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tarıyel Talıbov Araz çayı hövzəsində geniş yayılmış florafauna üçün xüsusi zərərli parazitlər, onlara qarşı bioloji mübarizə yolları barədə məlumat vermişdir. Çıxışlarda Ermənistanın Araz çayını sənaye tullantıları ilə qəsdən çirkləndirməsi nəticəsində çayın hövzəsindəki mikrofaunaya ciddi zərər vurması və buna qarşı birgə mübarizə məsələlərinə də toxunulmuşdur.

Növbəti gün simpozium bölmə iclasları ilə işini davam etdirmişdir.

Yekun iclasda millət vəkili, akademik İsa Həbibbəyli, Qars Qafqaz Universitetinin rektoru, professor Mitat Şahin simpoziumun işini yüksək  dəyərləndirmiş,  qlobal ekoloji,  bioloji,  coğrafi problemlərin həlli məqsədilə müştərək fəaliyyətin gələcəkdə də davam etdiriləcəyinə əminliklərini bildirmişlər.  Bölmə  rəhbərlərinin hesabatları,  çıxışlar  dinlənildikdən  sonra təkliflər müzakirə olunmuşdur.

Simpozium Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələrinin rəngarəng konsert proqramı ilə başa çatmışdır. Müxtəlif ölkələrin nümayəndələrinin, eləcə də türkiyəli tələbələrin də iştirak etdiyi professional ifalar tədbir iştirakçılarına xoş bayram ovqatı bəxş etmişdir. Novruz bayramı münasibətilə tələbələrin əl işlərindən və rəsm əsərlərindən ibarət sərgi qonaqlarda xüsusi maraq doğurmuşdur.

 

 

Mehriban  SULTAN

 

Azərbaycan müəllimi.- 2011.- 1 aprel.- S.4.