Avropa Birliyinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri ADU-da olub

 

Avropa Birliyinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Roland Kobia Azərbaycan Dillər Universitetində olub. R.Kobia universitetin Heydər Əliyev adına muzey-lektoriyasında "Şərq əməkdaşlığı və Avropa Birliyi-Azərbaycan münasibətlərinin vəziyyəti" mövzusunda təqdimatla çıxış edib.

Tədbirdə ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Məcid Əliyev, Beynəlxalq münasibətlər kafedrasının müdiri Samir Həmidov və beynəlxalq münasibətlər fakültəsinin 4-cü kurs tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Məcid Əliyev Avropa Birliyinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri R.Kobianı tədbir iştirakçılarına təqdim edib.

İştirakçıları salamlayan cənab R.Kobia Avropa Birliyinin yaranma tarixindən, Avropa Birliyi - Azərbaycan münasibətlərindən, eləcə də Şərq əməkdaşlığından geniş şəkildə danışıb, birliyə daxil olan ölkələrin sayının getdikcə artdığını qeyd edib. Nümayəndəliyin rəhbəri Avropa Birliyinin dünyada ilk inkişaf edən iqtisadi təşkilat olduğuna toxunaraq, AB-də 23 rəsmi dilin olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. AB-Azərbaycan əlaqələrinin 1990-cı illərdən başlandığını deyən səfir bu əlaqələrin son illər daha da genişləndiyini bildirib. Bundan əlavə, Şərq əməkdaşlığına toxunan R.Kobia bu əməkdaşlığın demokratiya, insan hüquqları, yaxşı idarəetmə, bazar iqtisadiyyatı üzərində qurulduğunu qeyd edib.

Tədbirin sonunda qonaq universitetin müəllim-tələbə heyətini maraqlandıran suallara cavab verib. 

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2011.- 1 aprel.- S.4.