Təhsilin keyfiyyətinin dəyərləndirilməsi
Hazırda ictimaiyyət arasında ən
müxtəlif səviyyələrdə geniş müzakirə
olunan məsələlərdən biri təhsilin keyfiyyətidir.
"Təhsilin keyfiyyəti"
termini ilk baxışda hamı tərəfindən başa
düşülsə də, buna yanaşmada qeyri-müəyyənlik
hələ də mövcuddur. Bu səbəbdən də, ilk
növbədə, təhsilin keyfiyyətinin dəyərləndirilməsi
üzrə yeni sistemin qurulmasına, o cümlədən təhsilin keyfiyyət göstəricilərinin
seçilməsinə, onların ölçülmə
prosedurlarının təyin edilməsinə və ən başlıcası,
bütün bu addımlar barədə ictimaiyyətin müntəzəm
məlumatlandırılmasına ciddi ehtiyac vardır.
Təhsilin keyfiyyətinin dəyərləndirilməsi
sahəsində ilkin addımlar
kimi hazırkı dövrdə təhsil sisteminin
mövcud vəziyyətinin təhlili, əsas inkişaf istiqamətləri
barədə proqnozların hazırlanması, keyfiyyətin
yüksəldilməsi ilə bağlı konkret tədbirlərin
müəyyənləşdirilməsi məqsədilə təhsil
keyfiyyətinin göstəriciləri sisteminin
formalaşdırılması zəruridir. Bununla əlaqədar
təhsilin keyfiyyətinin dəyərləndirilməsi
sahəsində ölkədə mövcud olan təcrübə,
beynəlxalq təcrübədə istifadə olunan vasitələr
(məlumatların toplanması və təhlili metodları, nəzarət-ölçü
vasitələri, göstəricilər sistemi, meyarlar, normalar və
s.) ilkin fəaliyyət istiqamətləri kimi xüsusi əhəmiyyət
kəsb edir.
Təhsilin
keyfiyyətinin dəyərləndirilməsi sisteminin
qurulması aşağıdakı əsas məqsədlərin
həyata keçirilməsini zəruri edir:
1.
Ölkədə təhsilin keyfiyyətinin dəyərləndirilməsi,
onun inkişafının əsas istiqamətləri barədə
proqnozların hazırlanması, keyfiyyətin yüksəldilməsi istiqamətində
əsas fəaliyyətlərin müəyyənləşdirilməsi
məqsədilə göstəricilər (indikatorlar)
sisteminin
formalaşdırılması;
2. Təhsilin
keyfiyyətinin vahid mövqedən dəyərləndirilməsi
üçün mövcud təcrübənin
təkmilləşdirilməsinin əsas istiqamətlərinin
təyin edilməsi, bu sahədə yeni təşkilati struktur və
mexanizmlərin yaradılması
və onların funksiyalarının müəyyənləşdirilməsi,
təhsilin keyfiyyətinin təmin
olunması məqsədilə müxtəlif idarəetmə
strukturlarının və maraqlı tərəflərin fəaliyyətlərinin
koordinasiyası;
3.
"Keyfiyyətə nəzarət" modelindən "keyfiyyətin təmin
olunması" modelinə keçidə imkan verən nəzarət-ölçü
vasitələrinin (sorğu kitabçaları, testlər,
kompüter proqramları və s.) yaradılması.
Göstərilən
zəruri fəaliyyətlərin həyata keçirilməsi
üçün ilkin addımlar:
1. Nəticəyönümlü
yeni kurikulum proqramı çərçivəsində yeni nəsil
təhsil standartlarının, onlara nail olmanı və pedaqoji
ölçmə nəzəriyyəsinin müasir vəziyyətini
əks etdirən göstəricilərin hazırlanması.
2. Təhsil
İslahatı Proqramının əsas istiqamətlərindən
biri kimi təhsilin keyfiyyətinin
dəyərləndirilməsi üçün böyük əhəmiyyət
kəsb edən Milli və Beynəlxalq qiymətləndirmə
sistemlərinin tətbiq edilməsi.
3. Təhsilin
keyfiyyətinin dəyərləndirilməsi sisteminin qurulması və ondan təlimin və tədrisin ehtiyaclarını ödəmək
məqsədilə istifadə edilməsi üçün
standart qiymətləndirmə prinsiplərinin müəyyənləşdirilməsi.
İnkişaf
etmiş ölkələrdə aşağıdakı Standart
prinsiplər qəbul edilmişdir:
* Nəzərdə tutulmuş məqsədlərlə dəyərləndirilmə
arasında uzlaşmanın təmin
olunması.
*
"Nailiyyətlərin" və
"Təhsil imkanlarının" qarşılıqlı qiymətləndirilməsi.
*
Toplanmış məlumatların keyfiyyətcə
müvafiqliyinin təmin olunması (validlik).
*
Qiymətləndirmədə şəffaflıq, ədalətlilik, qarşılıqlı
razılaşma və əməkdaşlıq.
* Tədris-təlim fəaliyyətində qiymətləndirilmə nəticələrinin inkişafetdirici rolunun təmin olunması.
Real
vəziyyətin təhlili göstərir ki, təhsilin keyfiyyətinin
dəyərləndirilməsi sahəsində vahid
yanaşmaların gözlənilməsi, ölkədə təhsil
sisteminin əhatə dairəsi və effektivliyi ilə
bağlı məlumatların təhsil siyasətini müəyyənləşdirən
maraqlı tərəflərə çatdırılması
üçün bu funksiyaları yerinə yetirən struktur
bölmələrin, xüsusilə də Monitorinq və qiymətləndirmə,
Təhsilin idarəolunmasının məlumat sistemləri, Strateji təhlil və
planlaşdırma şöbələrinin
birgə fəaliyyətinin təşkili zəruridir.
Ölkə
üzrə təhsilin keyfiyyətinin dəyərləndirilməsi
sistemi təhsilin idarəolunması sistemi ilə təhsilin
müxtəlif alt-sistemlərinin qarşılıqlı əlaqəsi
barədə doğru və etibarlı məlumatların əldə
edilməsi və yayılması məqsədilə səmərəli
əks əlaqənin təmin edilməsinə yönəlmişdir.
Bu sistem ölkənin təhsil sisteminin keyfiyyətinin dəyərləndirilməsinə,
mükəmməl və keyfiyyətli təhsil almaq
üçün bərabər imkanların
yaradılmasına, təhsilin
keyfiyyətinin və səmərəliliyinin yeni səviyyəyə yüksəldilməsi
məqsədilə onun
inkişafının proqnozlaşdırılmasına imkan
yaradacaq, eyni zamanda təhsil sisteminin inkişafı və
sosial mühitin təhsil sisteminə
təsir mexanizmi kimi xidmət edəcəkdir.
Azərbaycan müəllimi.- 2011.-
1 aprel.- S.7.