Ötən il Kurikulum Mərkəzi
üzrə aparılmış elmi-tədqiqat işlərinin nəticələri
2010-cu ildə
Kurikulum Mərkəzində aparılmış elmi-tədqiqat
işlərindən aşağıdakı nəticələr
əldə olunmuşdur:
1. Məktəbəqədər
təhsil üzrə nəticəyönümlü standart və
kurikulumların hazırlanması qloballaşma şəraitində
ən müasir təhsil texnologiyalarının nəzərə
alınmasını, ən başlıcası geniş ictimai
fikrə, cəmiyyətdəki maraqlı tərəflərin
arzu və tələblərinə əsaslanmağı tələb
edir.
2. Məktəbəqədər təhsilin
kurikulumunun konseptual xarakteri strateji əhəmiyyət
daşıyır və təhsilin məqsədlərinin,
uşaqların hazırlığına verilən tələblərin
(bacarıq və vərdişlərin, yaxud
kompetensiyaların), təhsilin məzmunu, təşkili, qiymətləndirilməsi
kimi məsələlərin əhatə
olunmasını tələb edir.
3. Araşdırmalar zamanı məktəbəqədər
təhsil mərhələsində (müxtəlif yaş
qrupları əhatə olunmaqla) aşağıdakı istiqamətlər
üzrə standartların (məzmun) müəyyən
olunması qərarına gəlinmişdir:
- fiziki inkişaf və sağlamlıq;
- təhlükəsizlik;
- dil və ünsiyyət;
- idrak inkişafı;
- sosial və emosional inkişaf;
- mədəni inkişaf və
yaradıcılıq.
4. Məktəbəqədər təhsilin
məzmununun fəaliyyətlərə əsaslanan nəticələr
formasında ifadə olunması inkişafını izləmək
təlim işindəki nailiyyətləri obyektiv qiymətləndirmək
baxımından əhəmiyyətli hesab edilir.
5. Kurikulumun tərkib hissələri
arasında standartlar ilkin formalaşdırılan komponent kimi
baza rolunu oynayır. Təlim strategiyalarının, qiymətləndirmə
və idarəolunma məsələlərinin ona əsasən
sistemləşdirilməsi üçün imkan yaranır.
6. Nəticələrin əsas və
onların ehtiva etdiyi alt-standartlar formasında ifadə olunaraq
kurikuluma daxil edilməsi, əldə olunacaq təlim nailiyyətlərinin
daha konkret təsəvvür olunması, müvafiq təlim
materiallarının və strategiyaların seçilməsi
baxımından əhəmiyyət daşıyır.
7. Azərbaycanda məktəbəqədər
təhsilin dünyanın inkişaf etmiş ölkələrinin
təhsil standartlarına uyğunlaşması, onların səviyyəsinə
çatdırılması, varislik prinsipinə əməl
edilməsi, bilik və bacarıqların məntiqi
ardıcıllıqla, müvafiq sistemlə məzmuna daxil
edilməsi, inteqrativ xarakterdə olması, uşaqların
yaş xüsusiyyətlərinin nəzərə
alınması məqsədəuyğun hesab edilir.
8. Qloballaşan dünyada təhsil əlaqələrini
qurmaq, tərbiyəçi, uşaq mübadilələrini tənzimləmək
məqsədilə uyğun təhsil modellərinin, vasitələrin
qəbul edilməsini və iş prosesində tətbiq olunmasını bir zərurət
kimi qarşıya qoyur.
9. Məktəbəqədər təhsilin
keyfiyyətinin idarə olunması xüsusi problemdir. Ənənəvi
qaydada həyata keçirilən məktəbəqədər
təhsil işində belə bir idarəetmə mexanizmi
olmamışdır. Məktəbəqədər təhsil
üzrə yeni strategiyalar müəyyən olunarkən tədris
və təlim texnologiyaları ilə yanaşı, yeni idarəetmə
mexanizmlərinin hazırlanması məktəbəqədər
təhsil kurikulumunun əsas komponentlərindən biri kimi nəzərə
alınmışdır.
10. Məzmun standartlarının mənimsəmə
səviyyəsini öyrənmək məqsədilə
şagirdlər arasında keçirilən testlərin və
müəllimlərin dərslərinin dinlənilməsi,
onlarla aparılan anket sorğularının nəticələri,
"dəyirmi masa"larda müəllimlər tərəfindən
deyilən fikirlər, valideynlərlə aparılmış
söhbətlər aşağıdakı nəticələrə
gəlməyə imkan vermişdir:
- ənənəvi kurikulumlardan fərqli
olaraq yeni fənn kurikulumlarının tələblərinə
əsasən aparılan dərslərdə şagirdlərin
öyrənmə marağı, bilik və
bacarıqlarının səviyyəsi, təlim prosesində fəallığı,
yaradıcı işlərə meyilliliyi daha yüksək
olur;
- bəzi müəllimlər interaktiv təlim
üsulları ilə dərs aparmaqda çətinlik çəkir,
onların bu sahədə peşəkarlığı kifayət
qədər formalaşmayıb (bu hal xarici dil müəllimlərində
özünü daha çox büruzə verir), dərs
prosesində tələb olunan resurslar
çatışmır, mövcud resurslardan ustalıqla istifadə
olunmur;
- valideynlər yeni fənn
kurikulumlarının tətbiqini, xüsusilə dərsdə
istifadə olunan yeni priyom və üsulları faydalı hesab
edirlər.
11. Azərbaycan
dili fənnindən yazı və dil qaydaları üzrə məzmun
standartlarına müvafiq olaraq meyarlar müəyyənləşdirilmiş,
II sinif şagirdləri arasında test
tapşırıqları aparılmışdır. Şagirdlərin
əksəriyyəti müəyyənləşdirilmiş
meyarlar əsasında hazırlanmış test
tapşırıqlarını düzgün həll etmişlər,
lakin lüğətlərdən istifadə zamanı zəif
bacarıqlar nümayiş etdirmişlər. Təhlil
zamanı bunun zəruri resurs kimi tədris lüğətlərinin
çatışmazlığı ilə bağlı
olduğu aşkar edilmişdir.
12. Müasir
kurikulumlara uyğun yeni normativlərin olmaması da müəllimlərin
tədris fəaliyyətinin düzgün qurulmasında çətinliklər
yaradır. Müəllim və şagirdlər
üçün ana dili üzrə müvafiq resursların
hazırlanması hazırkı şəraitdə zəruri
hesab edilir.
13. Həyat
bilgisi ilə bağlı məzmunun mənimsəmə səviyyəsini
öyrənmək məqsədilə 258 şagird arasında keçirilən
testdə iştirak edənlərin 90-100%-i sağlam həyat tərzinin
əsas şərtlərini, sağlamlıq və onun
mühafizəsi qaydalarını bildiyini, nəqliyyat vasitələrini
tanıdığını və onları xüsusiyyətlərinə
görə fərqləndirdiyini, varlıq və hadisələri
əlamətlərinə görə
qruplaşdırdığını, hava durumuna uyğun geyim seçə, təbii
fəlakətlərin adlarını sadalaya, ətraf mühiti
çirkləndirən mənbələri fərqləndirə bildiyini nümayiş etdirmişlər.
Lakin bəzi şagirdlər müəyyən məsələlərdə,
xüsusən texnogen və təbii fövqəladə
halları bir-birindən ayırmaqda, yabanı və mədəni
bitkiləri fərqləndirməkdə çətinlik
çəkmişlər.
14. Təlim digər
dillərdə olan məktəblərdə Azərbaycan dili fənni
üzrə 4.1.3. (75%), 4.1.2. (80%), 4.1.1. (95%) məzmun standartlarının
mənimsənilməsi səviyyəsini öyrənmək məqsədilə
200 şagirdlə yazı işi aparılmışdır.
Müəyyən edilmişdir ki, onlar hərfləri və
sözləri, söz birləşmələri və cümlələri
düzgün oxumaq, yeni öyrəndiyi sözlərin mənasını
lüğət vasitəsilə tapmaq, yeni öyrəndiyi
sözlərlə kiçik cümlələr qurmaq
bacarıqlarına yiyələnmişlər. Eyni zamanda öz
yazılarında xüsusi səliqəlilik və məsuliyyət
nümayiş etdirmişlər.
15. Dərslərdə
İKT vasitələrindən, bəzi məktəblərdə
elektron vasitələrdən istifadə olunmamasının təlim
keyfiyyətinə ciddi şəkildə təsir göstərdiyi
müşahidə edilmişdir. Müasir texnologiyalardan istifadə
olunduğu interaktivlik şəraitində təlim
marağının yüksəldiyi diqqəti cəlb
etmişdir.
16.
Araşdırmalar onu da göstərmişdir ki, müəllimlərin
dərslərdə məzmun standartlarına uyğun təlim məqsədini seçməsi, məqsədin reallaşmasına
xidmət edən fəal təlim üsullarından, müxtəlif təlim fəaliyyətləri, rəngarəng
resurslardan istifadə etməsi onların peşəkarlığının
artmasını göstərən əlamət kimi
çıxış edir və təlimin keyfiyyətinin
yüksəlməsində həlledici rol oynayır. Bu
baxımdan işini düzgün quran müəllimlər təlim
prosesində yüksək nailiyyətlər əldə edə
bilirlər.
17.
Araşdırmalar zamanı dərslərdə şagirdlərin
açıq tipli suallara cavab verməkdə, fikirlərini izah
etməkdə çətinlik çəkməsi, deklarativ
xarakterli suallara cavab verməyə meyilli olması
müşahidə edilmişdir. Məlum olmuşdur ki, bəzi
müəllimlər interaktiv təlim forma və
üsullarından gündəlik dərslərdə deyil, sadəcə
"nümunəvi" dərslərdə istifadə edirlər.
Belə yanaşma tərzi təhsilin yeni məzmununa uyğun
olmadığından təlim prosesinə mənfi təsir
göstərir və şagirdlərin öyrənmə
marağının aşağı düşməsi ilə nəticələnir.
18.
Müşahidələr, müəllimlərlə aparılan
fərdi söhbətlər zamanı müəyyən
edilmişdir ki, onlar dərsə hazırlaşarkən müəllim üçün
metodik vəsaitdəki nümunəvi dərs planlarına
üstünlük verir, dərslərini ona uyğun qurmağa
çalışır, dərsin
planlaşdırılmasına
yaradıcı yanaşmırlar.
19. Tədqiqat
zamanı müəyyən edilmişdir ki, müəllimlər
formativ qiymətləndirməyə dair qeydlərin aparılma
metodikasını aydın təsəvvür etmədiklərindən
qiymətləndirmə zamanı çətinlik çəkirlər.
Bu onların həmin sahədə peşəkarlığının
və formativ qiymətləndirmə ilə bağlı
tövsiyələrin kifayət qədər olmamasından irəli
gəlir.
20. Valideynlərlə
aparılan sorğuların nəticələrinin təhlili
göstərir ki, onların əksəriyyəti tətbiq
olunan yeni fənn kurikulumlarından razı
qaldıqlarını bildirir, fikirlərini müasir tələblərə
müvafiq keçilən dərslərin təlimin keyfiyyətində
dönüş yaratması, uşaqların fəallaşması,
təlimə maraqlarının artması ilə izah edirlər.
Bəzi valideynlər isə kurikulum islahatı, xüsusilə
yeni qiymətləndirmə mexanizmi haqqında az məlumata
malik olduqlarından onu qiymətləndirməkdə çətinlik
çəkirlər. Bu isə valideynlərlə
ardıcıl və sistemli şəkildə maarifləndirmə
işlərinin aparılmasını tələb edir.
21. Xarici dili,
informatikanı və təlim digər dillərdə
aparılan məktəblərdə Azərbaycan dili fənnini
tədris edən müəllimlər yeni fənn
kurikulumları ilə əlaqədar təşkil olunmuş təlim
kurslarına cəlb olunmadıqlarından standartın
seçilməsində, təlim məqsədinin müəyyənləşdirilməsində,
qiymətləndirmənin aparılmasında çətinliklə
üzləşirlər.
22.
İşçi qruplarının iclaslarında ibtidai siniflər
üçün dərslik komplektləri təhlil edilmiş,
eyni zamanda "dəyirmi masa"larda, müəllimlərlə
fərdi görüşlərdə dərslik komplektlərinə
münasibətlər öyrənilmişdir. Deyilən fikirlər
ümumiləşdirilmiş və aşağıdakı nəticələr
əldə edilmişdir:
a) II siniflər
üçün hazırlanmış "Azərbaycan
dili" dərslik komplektinin təhlili göstərir ki, məzmun
standartında tələb olunmadığı halda dərslikdə
həddindən çox qrammatik qayda (34 qrammatik qayda), təlim
materialı verilmişdir. Məsələn, II sinif "Ana
dili" fənn kurikulumunda "Bədii mətnləri janrlara
görə (şeir, hekayə, təmsil, nağıl) fərqləndirir"
(standart 2.2.2.) dörd janr nəzərdə tutulduğu halda dərslik
müəllifləri digər janrları da (tapmacalar, sanamalar,
oyunlar, atalar sözləri, laylalar, bayatılar və
yanıltmaclar) dərsliyə daxil etmişlər.
b) II siniflər
üçün tərtib olunmuş "Riyaziyyat" dərsliyinə
şagirdlərin yaş səviyyəsinə uyğun olmayan,
çətinliklə başa düşdükləri
mövzular salınmışdır. Məsələn, Venn
diaqramı, simmetriya, kub, düzbucaqlı prizma, konus, silindr həndəsi
fiqurları.
c) II siniflər
üçün tərtib olunmuş "Riyaziyyat" dərsliyində
verilmiş tapşırıqlar iş dəftəri ilə
uyğun gəlmir. Məsələn, dərslikdə bölmə
üzrə verilən "vurma vərdişləri"
verildiyi halda, iş dəftərində bölməyə aid
tapşırıqlar verilmişdir.
ç) "Azərbaycan
dili" və "Riyaziyyat" dərsliklərində
standartların reallaşması ilə bağlı çoxlu
tapşırıqlar verildiyi halda, iş dəftərində də
yenidən əlavə tapşırıqlar verilir. Bu, dərslik
komplektinin yüklü olmasına gətirib
çıxarır. Dərsliklərin və iş dəftərlərinin
tapşırıqlarla yüklü olması dərs prosesində
çətinlik törədir.
d) II siniflər
üçün yeni fənn kurikulumu əsasında
yazılmış "Həyat bilgisi" dərslik komplektinin təhlili
göstərir ki, fənn kurikulumunda
reallaşdırılması nəzərdə tutulan məzmun
standartları dərslikdə verilmiş təlim
materiallarında, əsasən, öz əksini
tapmışdır. Mətnlərin həcmi, məzmunla
bağlı çəkilmiş illüstrasiyalar şagirdlərin
yaş səviyyəsinə uyğundur. Amma şagirdlər
üçün iş dəftərində, eləcə də
müəllim üçün metodik vəsaitdə
verilmiş dərs nümunələrindəki
tapşırıqların əksəriyyəti yaradıcı
və tənqidi təfəkkürün inkişaf etdirilməsinə
deyil, hafizənin, yaddaşın formalaşmasına xidmət
edir.
e) ümumtəhsil
məktəblərinin III sinfinə dair fiziki tərbiyə fənni
üzrə müəllim üçün vəsait çap
edilmişdir. Müsahibələr və sorğular zamanı
bu fənn üzrə dərsliyə ehtiyac duyulduğu qeyd
edilmişdir.
ə) musiqi fənnindən
dərslik, eləcə də müəllim üçün vəsaitdə
verilmiş mahnıların CD forması olmadığından
müəllimlər həmin fənni tədris etməkdə
çətinlik çəkirlər. Mahnıların CD
variantının müəllimlərə
çatdırılması təklif edilir.
23. V-XI siniflərdə
tədris olunan fənlərin yeni kurikulum modellərinin
hazırlanmasında nəticəyönümlülük və
şagirdyönümlülük əsas prinsiplər kimi diqqət
mərkəzində saxlanılmışdır. Bu prinsiplər
ümumtəhsilin səviyyələrinə aid ümumi nəticələrdə
və hər sinif üçün məzmun xətlərinə
uyğun müəyyən edilmiş konkret nəticələrdə
ifadə edilmişdir. Nəticələrin əvvəlcədən
müəyyən olunması onlara aid fəaliyyətlərin
inkişafını izləməyə və istiqamətləndirməyə,
bu fəaliyyətləri ardıcıl qiymətləndirməyə
imkan yaradır.
24. Yeni
kurikulumlarda təlimin məzmununun inteqrativ şəkildə
hazırlanmasına xüsusi diqqət yetirilmişdir. Bilik və
bacarıqları özündə ehtiva edən məzmun
standartlarının inteqrasiyası əsasən üç
istiqamətdə ifadə edilmişdir:
- təhsil səviyyələri
üzrə təlim nəticələrinin fəndaxili
inteqrasiyası;
- standartların
siniflərarası və sinifdaxili inteqrasiyası;
- fənlər arasında əlaqə
yaradan standartların inteqrasiyası (fənlərarası
inteqrasiya).
Fənlərin məzmunun müəyyənləşdirilməsində
inteqrativ yanaşma anlayışlarının, faktların və
hadisələrin hərtərəfli,
bütöv halda dərk olunmasını təmin etmək və
insanın (şagirdin) idraki inkişafını dolğun
şəkildə inkişaf etdirmək baxımından əhəmiyyətli
hesab edilir.
25. Fənlər üzrə standartlarda
bilik, bacarıq və vərdişlərin müəyyən
edilməsi və reallaşdırılması iki istiqamətdə diqqət mərkəzində
saxlanılmışdır: 1) təlim prosesində mənimsənilmiş
bilik, bacarıq və vərdişlərə davamlı
müraciət olunması; 2) qazanılmış bilik və
bacarıqlardan praktik fəaliyyətdə
istifadə edilməsi. Məktəb təcrübəsinin (yeni
kurikulumların tətbiq olunduğu ibtidai siniflərdə)
öyrənilməsi göstərir ki, yalnız bu şərtlər
daxilində nəzəri biliklər, praktik bacarıqlar və əməli
fəaliyyətlərin vəhdəti təmin edilmiş olur və
öyrənilən tədris materialı daha uzun müddətə
yadda qalır.
26. Fənnin məzmununun mənimsədilməsində
və təhsil alanın bacarıq və qabiliyyətlərinin
inkişaf etdirilməsində təlim strategiyalarının
böyük rolu vardır. Müasir dövrdə təlim
prosesinin şagirdlərdə müstəqil olaraq bilik və
bacarıqlar əldə etmək, ətraf aləmdə baş
verən hadisələri təhlil edərək nəticələr
çıxarmaq, ümumiləşdirmək və qiymətləndirmək,
onlara tənqidi yanaşaraq düzgün qərarlar qəbul
etmək kimi qabiliyyətlərin inkişaf etdirməsinə
üstünlük verilir. Ona görə də bu cəhətlər
nəzərə alınmış, fənn kurikulumlarında
yeni iş formaları və üsullarını əhatə
edən strategiyalar hazırlanmışdır.
27. 2009-2010-cu dərs ilinin I yarımilində
fənlər üzrə məzmun standartlarının mətbuatda
çap olunmuş layihə variantının 38 rayonda
müzakirəsi kecirilmiş, onların nəticələri rəy
və təkliflər şəklində Kurikulum Mərkəzinə
göndərilmişdir. Həmin rəy və təkliflərin
təhlili və ümumiləşdirilməsi zamanı
aşağıdakı nəticələrə gəlinmişdir:
- 2009-cu ilin dekabrından 2010-cu ilin may
ayınadək "Azərbaycan müəllimi" qəzetində
7 fənn ("Ana dili", "Azərbaycan dili" dövlət
dili kimi, "Xarici dil", "İnformatika",
"Biologiya", "Fiziki tərbiyə",
"Texnologiya") kurikulumu (giriş və məzmun hissəsi)
layihəsinin nəşr olunmasına baxmayaraq, respublikanın
şəhər təhsil şöbələri (o cümlədən
Bakı, Gəncə, Sumqayıt) həmin layihələri
müzakirə edərək onlara münasibət bildirməmişlər:
- rayonlardan göndərilən rəy və
təklifləri bir neçə qrupa bölmək olar: a) layihələri
qənaətbəxş hesab edənlər (20-25 RTŞ) - onlar
kurikulumların müasir dövrün, yeni cəmiyyətin tələblərinə
uyğun olduğunu qeyd edirlər;
b) məzmun standartlarına məqsədəuyğun əlavələr
təklif edənlər (10-12 RTŞ) - bu rayonlarda müəllimlər
alt-standartların kifayət qədər olmadığı qənaətindədirlər,
bunu aradan qaldırmaq üçün onlar ayrı-ayrı məzmun
xətləri üzrə müəyyənləşdirilmiş
əsas standartların daha əhatəli olması
üçün öz təkliflərini vermişlər; c)
başqa bir qrup müəllimlər məzmun
standartlarının praktikada tətbiqini reallaşdırmaq
üçün çox məktəblərdə tələb
olunan ən vacib əyani vəsaitlərin, təlim
resurslarının olmadığını yazır və bu
barədə öz təkliflərini verirlər.
28. Fənn müəllimləri, məktəb
rəhbərləri və valideynlərlə görüşlər,
söhbətlər və aparılan anket
sorğularının təhlili göstərir ki,
kurikulumların mahiyyəti və məzmunu pedaqoji
işçilərin xeyli hissəsi (xüsusilə də rəhbər
təhsil işçiləri və məktəb rəhbərləri)
və valideynlər tərəfindən hələ də kifayət
qədər dərk edilməyib. Bunun aradan
qaldırılması üçün yerlərdə geniş
ictimaiyyətin maarifləndirilməsi üzrə işlər
davam etdirilməli və genişləndirilməlidir.
29. Hazırlanmış kurikulumları
inkişaf etdirmək, onları ehtiyaca uyğun səviyyəyə
çatdırmaq məqsədi ilə təhsilin yeni məzmununa,
təlim strategiyalarına, qiymətləndirmə
sisteminə aid nəzəri-konseptual xarakterli
araşdırmaların
aparılmasına ehtiyac
vardır.
30. Kurikulumun uğurlu həyata
keçirilməsi
üçün maarifləndirmə işlərinə
ciddi ehtiyac vardır. Bu ehtiyac nəzərə alınmaqla
xüsusi fəaliyyət planına əsasən zonalar üzrə
müxtəlif formalı tədbirlərdən istifadə
olunmalı, sistemli maarifləndirmə işləri
aparılmalı, müvafiq resursların, metodik işləmələrin,
istiqamətverici vəsaitlərin hazırlanması məqsədəmüvafiq
hesab edilir.
Ənvər
ABBASOV
Azərbaycan
müəllimi.- 2011.- 1 aprel.- S.6.