IELTS proqramı
haqqında nə bilirik?
IELTS (International English Language Testing System - Beynəlxalq
İngilis Dilini Yoxlama Sistemi) proqramı ingilis dilinin istifadə
olunduğu ölkələrdə təhsil almaq və işləmək
istəyən namizədlərin ingilis dili biliyini 4 meyar üzrə
qiymətləndirmək üçün
müəyyənləşdirilmiş imtahandır.
IELTS imtahanında
iştirakçılar 9 ballıq sistemlə qiymətləndirilir. Dünyanın 500 test mərkəzində
həyata keçirilən imtahanların keyfiyyətinə nəzarət
ən yüksək səviyyədə təşkil edilir.
IELTS imtahanı 2 formada həyata
keçirilir:
* Akademik - bakalavriat, yaxud
magistratura pilləsində ingilis dilində bilik qabiliyyətinin
yoxlanılması üçün;
* Ümumi təlim -
bakalavriat pilləsindən aşağı səviyyədə
öyrənmək, yaxud işləmək məqsədi
ilə ingilisdilli ölkələrə getmək
üçün. Bu formaya daha çox İngiltərə,
Kanada, Avstraliya və Yeni Zelandiya kimi ölkələrdəki
təşkilatlara müraciət olunduğu zaman
üstünlük verilir.
IELTS
"British Council", Başqa Dildə Danışanlar
üçün İngilis Kembric Univeristeti (ESOL) və
Avstraliya Universitetlərinin Beynəlxalq İnkişaf
Proqramı Təşkilatı (IDP) kimi 3 böyük qurum tərəfindən
yaradılmış dil imtahan proqramıdır. İmtahanın
effektivliyi 1989-cu ildən daha da artmağa başlayıb.
"British
Council" - təhsil sahəsində
Böyük Britaniyanın
imkanlarını dünyanın digər ölkələrində
yaşayan insanlarla bölüşür. İngiltərə
ilə digər ölkələr arasında uzunmüddətli
təhsil əlaqələrinin qurulmasına şərait
yaradan "British Council" dünyanın 109 ölkəsində
fəaliyyət göstərən beynəlxalq təşkilatdır.
IDP IELTS - Avstraliya
beynəlxalq tələbə
mərkəzlərini təklif edən, ingilis dili təlimləri,
test xidmətləri və hökumət adından beynəlxalq
yardım layihələrini idarə edən dünyanın
aparıcı beynəlxalq təşkilatlarından biridir. IDP
1969-cu ildə Avstraliya universitetləri tərəfindən
yaradılıb və Avstraliya ali təhsil
müəssisələrinə daha çox xarici tələbənin
yerləşdirilməsinə xidmət edir. IDP "IELTS
Avstraliya" vasitəsilə 30-dan çox ölkədə
IELTS test mərkəzləri şəbəkəsini idarə
edir.
Kembric Universiteti
(ESOL) dünyada ingilis
dilini öyrənənlər
üçün imtahanlar təşkil edən aparıcı təşkilatdır. Bu təşkilat hər il
135 ölkədə 1,4 milyon insan
üçün imtahan keçirir.
IELTS imtahanları Bakıda
da təşkil olunur. Bu imtahanda
iştirak etmək üçün "British Council"in
ofisinə müraciət etmək lazımdır. IELTS
proqramının rəsmi İnternet ünvanı www.ielts.org saytıdır.
IELTS-in nəticələri Avstraliya,
Kanada, Yeni Zelandiya, Türkiyə,
İngiltərə və Amerika Birləşmiş
Ştatları kimi ölkələrdəki şirkətlər
və universitetlər tərəfindən qəbul edilir. Azərbaycanda da bu imtahanın nəticəsi getdikcə
daha çox tanınmağa başlayır. Artıq özəl qurumlarla yanaşı, dövlət
müəssisələri də IELTS imtahanının nəticələrini
tanıyırlar.
IELTS imtahanını dünyanın
6000-dən,
ABŞ-ın isə 1400-dən çox universiteti və
dövlət qurumları qəbul edir. İmtahanda
iştirak edənlərə özlərini yenidən
sınamaq imkanı verilir. IELTS dünya
üzrə dil səviyyəsinin müəyyənləşdirilməsində
ən yüksək beynəlxalq nüfuza malikdir.
IELTS imtahanında tam şəffaflığın
təmin edilməsi məqsədilə müvafiq
araşdırmalara da imkan verilir. IELTS Avstraliya və
"British Council" tərəfindən maliyyələşdirilən
IELTS Birgə Araşdırma Proqramı əhatəli və
rabitəli qaydada imtahanın ümumi təhlilini və
obyektivliyinin təmin olunmasını həyata keçirir.
İmtahanın formatı
IELTS imtahanı dinləmək (listening), oxumaq (reading),
yazmaq (writing), danışmaq (speaking) bölmələrindən
ibarətdir.
Danışmaq bölməsini çıxmaq şərti
ilə ümumi imtahan vaxtı 2 saat 45 dəqiqədir. Belə ki, bu
bölmə digərlərindən fərqli olaraq əvvəlcədən
təyin olunmuş başqa tarixdə keçirilir.
İngilis dilində danışmaq qabiliyyəti test
proqramına uyğun olaraq canlı söhbətlə müəyyənləşdirilir.
İmtahan üçün qeydiyyat
IELTS imtahanında iştirak üçün qeydiyyatdan
keçmək çox vacibdir. Öncə imtahanda iştirak etmək
arzusunda olanlar yaxınlıqdakı test mərkəzinə
gedib uyğun olan tarixləri nəzərdən keçirirlər.
Daha sonra isə imtahan (Akademik, yaxud Ümumi təlim)
yeri müəyyənləşdirilir. IELTS-in ərizə
formasını test mərkəzindən alıb doldurmaq
mümkündür. Eləcə də namizədlər test mərkəzinin
elektron ünvanına daxil olaraq onlayn formada qeydiyyatdan keçə
bilərlər.
Qeydiyyat üçün maksimum 6
ay əvvəl çəkilmiş şəkillərin
arxası imzalanmaqla təqdim edilməlidir. Şəkillərlə
yanaşı şəxsiyyət vəsiqəsinin və yaxud
kimlik kartının surətini də göndərmək
lazımdır.
Qeyd etdiyimiz
kimi, IELTS imtahanının
"danışmaq" bölməsi digərlərindən fərqli
vaxtda icra edilir. Odur ki, "danışmaq"
imtahanının tarixini imtahan günündən 7 gün əvvələ,
yaxud da sonraya müəyyənləşdirmək daha
yaxşı olardı.
Akademik və Ümumi təlim imtahan formalarının hər
ikisi üçün ödəniş məbləği
eynidir. Ödəməni
birbaşa test mərkəzində də aparmaq
mümkündür. Onlayn qeydiyyat zamanı isə
ödənişin digər formalarından da yararlanmaq olar.
İmtahan günləri
IELTS
imtahanının verilməsi üçün il
ərzində keyfiyyət və təhlükəsizlik
baxımından ən yüksək səviyyədə təmin
edilən 48 gün müəyyənləşdirilir. Bir il üçün nəzərdə
tutulmuş günlər əvvəlcədən cədvəl
formasında hazırlanır və saytda yerləşdirilir. Lakin hər hansı bir səbəbdən imtahan həmin
gün keçirilməzsə, bu barədə məlumat dərhal
iştirakçıların nəzərinə
çatdırılır. Onu da qeyd edək
ki, bu cədvəl IELTS imtahanı təşkil edilən
bütün ölkələr üçün nəzərdə
tutulur.
Akademik məzmunda imtahan günləri "A" hərfi ilə (48 gün), Ümumi təlim məzmununda
imtahan günləri isə "Ü" hərfi ilə (24
gün) işarələnib. Məlumat üçün qeyd edək
ki, Avstraliyada Ümumi təlim məzmununda imtahan verənlər
üçün 27 yanvar, 26 fevral, 20 avqust, 29 oktyabr və 26
noyabr tarixləri əlavə olaraq müəyyənləşdirilib
və bu cədvəldə qeyd olunmayıb.
İmtahanın nəticələri
İmtahandan təxminən
13 gün sonra IELTS testinin nəticəsi poçt vasitəsi
ilə ünvanınıza göndərilir. Cavab kartında 4 bölmə
üzrə ayrı-ayrılıqda 0-9 ballıq qiymətləndirmə
və yekun bal əks olunur.
IELTS imtahanının nəticələri
iki il müddətində
etibarlı sayılır. İki ildən əvvəl
əldə olunmuş imtahan nəticələri, ancaq namizədin
ingilis dili təcrübəsini aktiv şəkildə
artırdığına sübutlar gətirdiyi halda qəbul
oluna bilər.
Mükafatlar və qrant
Karolin Klafam IELTS Magistratura mükafatı ildə bir dəfə
dil imtahanının inkişafı sahəsində verdiyi
töhfəyə görə ingilis dilində ən
yaxşı dissertasiya işi və tezislər nominasiyaları
üzrə təqdim edilir.
Onu da qeyd edək ki, "British
Council", Kembric Universiteti (ESOL) və Avstraliya Universitetlərinin
Beynəlxalq İnkişaf Proqramı (IDP) IELTS
imtahanlarının təkmilləşdirilməsi ilə
bağlı tədqiqat layihələrində iştirak edən
tələbələrə, eləcə də xarici tədqiqatçılara
müvafiq materiallar, test bazası və maddi baxımdan dəstək
olurlar.
Ceyran EYVAZZADƏ
Azərbaycan müəllimi.-
2011.- 1 aprel.- S.11.