"Biz
yaşıl həyat arzulayırıq"
Ekoloji tərbiyənin
əsasını təbiətə sevgi, onun mühafizəsi
işi təşkil edir. Bu gün kiçik yaşlarından
uşaqları təbiətə qayğı ilə
yanaşmaq ruhunda tərbiyə etmək, ekoloji şüuru və
mədəniyyəti formalaşdırmaq olduqca zəruridir. Paytaxtımızın Nərimanov
rayonundakı nümunəvi tərbiyə-təlim xidməti göstərən məktəbəqədər
təhsil müəssisələrindən biri sayılan 183
nömrəli körpələr evi-uşaq
bağçasında elə bu günlərdə keçirilən tədbir də uşaqların təbiətə
olan sevgisinin, onlarla aparılan ekoloji tərbiyə işlərinin
necə öz uğurlu həllini tapdığını bir
daha göstərdi.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Ekologiya İdarəsinin dəstəyi və adıçəkilən məktəbəqədər təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən "Valideyn-tərbiyəçilərin təhsilə yardımı" İctimai Birliyinin xətti ilə "Biz yaşıl həyat arzulayırıq" adlı tədbirdə öncə qonaqlar ekologiya mövzusuna dair balaca fidanların əl işlərindən ibarət sərgi ilə tanış oldular. Sonra bağçanın geniş, yüksək tərtibatı ilə gözoxşayan, bahar ətri duyulan zalında "Ekologiya - mənim evim" mövzusunda məşğələnin təqdimatı oldu. "Valideyn-tərbiyəçilərin təhsilə yardımı" İctimai Birliyinin prezidenti Gülnar Rəhimovanın təbiət, ekologiya, ətraf mühitin qorunması, dünyada qlobal problemlərdən biri olan ekoloji tarazlığın pozulması və digər məsələlərlə bağlı məlumatları, həmçinin onun çıxışının informasiya yönümlü slaydlar üzərində qurulması və ekranda göruntülərin əks olunması hamının böyük marağına səbəb oldu. Balacaların ekologiya, təbiətin qorunması mövzusunda hazırladıqları bir-birindən maraqlı şeir və musiqi nömrələri onların valideynləri və qonaqlar tərəfindən alqışlarla qarşılandı. Uşaqlara "Ekologiya - bizim evimizdir", "Torpağa məhəbbət, insana qüvvət", "Ekologiya adlanan evimizdə kimlər və daha nələr yaşanır" mövzularında videoçarx və sənədli film nümayiş etdirildi. Rəngarəng milli və nağıl qəhrəmanlarının geyimlərində olan balacalar təbiətin qorunması, ekologiyanın və ətraf mühitin mühafizəsi işində "Biz birlikdə güclüyük" devizi altında simvolik olaraq birləşdilər. Mövzu ilə bağlı müxtəlif hadisələrin səhnələşdirilməsi və həmin səhnəciklərin öhdəsindən uşaqların məharətlə gəlmələri, hazırlanmış xüsusi musiqili kompozisiyalar isə hamıda xoş təəssürat oyatdı. Hamının rəğbətini qazanan balacalara ARDNŞ-ın Ekologiya İdarəsinin hədiyyələri təqdim olundu.
Tədbirdə iştirak edən qonaqlar - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Ekologiya İdarəsinin şöbə rəisi Füzuli Hacıyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbəqədər təhsil sektorunun müdiri Leyla İmanova, Estetik Tərbiyə üzrə Respublika Tədris Metodik Mərkəzin direktoru Nazim Məmmədbəyov tərbiyəçilərin, uşaqların və onların valideynlərinin birgə işinin nəticəsi olan bu tədbiri yüksək səviyyədə və eyni zamanda belə bir maraqlı tərtibatla təşkil etdiklərinə görə 183 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Sədaqət Qurbanovaya və onun rəhbərlik etdiyi kollektivə minnətdarlıq etdilər.
Məktəbəqədər təhsil müəssisəsinin müdiri Sədaqət Qurbanova bağçada bir sıra layihələrin uğurla həyata keçirildiyini və bu işlərdə hər zaman valideynlərin yaxından iştirak etdiyini söylədi. Onu da qeyd etdi ki, bugünkü tədbir uşaqlarda ətraf mühiti qorumaq hissinin formalaşdırılmasında, onların artıq kiçik yaşlarından dünyanın qlobal problemlərindən biri olan ekologiyanın çirklənməsinə diqqətlərinin yönəldilməsinə, nəticə etibarı ilə isə balacalarda ekoloji tərbiyənin yaranması və inkişafına öz müsbət təsirini göstərəcəkdir. Sədaqət Qurbanova tədbirin keçirilməsində əməyi olan, onları dəstəkləyən hər bir kəsə öz təşəkkürünü bildirdi.
Tədbir sonra uşaqların valideynləri ilə birgə həmin bağçanın həyətyanı sahəsində ARDNŞ-ın Ekologiya İdarəsi tərəfindən onlara verilən 30-dan artıq ağacın əkilməsi ilə davam etdi. Hər bir ağacın üzərində həmin ağacın əkilməsində iştirak edən uşağın adı və soyadı qeyd olunan xüsusi vərəqlər bərkidildi.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.- 2011.-
1 aprel.- S.10.