Ələsgər poeziyasının
qüdrəti
Gərdişin ictimai-siyasi hadisələrini
dərindən dərk
edən, tərəqqinin,
tənəzzülün kamançasını
zamanın ruhuna uyğun həm bəmdə, həm də zildə çalan, yazdıqlarını
pozan, pozduqlarını
yenidən nizama salmağa can atan, fani dünyanın gəlişini-gedişini şair
həssaslığı ilə
duyan ustad sənətkar dağların
dağ boyda dağını, dərdi-qəmini
lap çoxdan duyub
hiss etmişdi. Kimsəsiz qalan yaylaqlar, axşam-sabah
qız-gəlin qəhqəhəsi ilə xumarlanan
buz bulaqlar, yollara boylanan yurd yerləri gərdişin günahları deyilmi?
Hanı mən gördüyüm qurğu-büsatlar,
Dərdiməndlər
görsə tez bağrı
çatlar.
Mələşmir
sürülər, kişnəmir atlar.
Niyə pərişandı
halların, dağlar.
Ustad aşığın
yaradıcılığının əsas mayasını qoşma təşkil edir. Hazırda əlimizdə olan
200-dən çox şeirin
əksəriyyəti qoşmalardır. Ustad aşığın yazdığı qoşmaların çoxu məhəbbət
lirikasıdır. Onun lirik
qoşmalarında ürək
döyüntüləri, hisslər, həyəcanlar ifadə olunur. Deməliyəm ki, məhəbbət lirikası Dədə Ələsgərin
yaradıcılığının şah
xəttinin qüvvətli
qolunu təşkil edir. O, gözəl qızı, ləyaqətli
gəlini müqəddəs sayır, onu ziyarətgah hesab edir:
Güləbatın qıyı tər
sinən üstə,
Nə gözəl
yaraşır, qız, köynəyinə.
Sinən Kəbə,
köynək Kəbə örtüyü,
İzin versən, sürtəm üz köynəyinə.
"Gözəllik
ondur, doqquzu dondur" xalq deyimi Ələsgər qələmindən
necə gözəl süzülür:
Ağ çit dizlik geyib köbəsi
ala,
Gör necə
çinləyib qabağa, dala.
Əndamın quyruqdu, asta çalxala,
Aldı, məndə dini-iman qoymadı.
Gözəllik vurğunu olan aşıq
əsl azərbaycanlı kişisinə xas olan keyfiyyətləri
özündə yaşadır. Namus, qeyrət, ar ustadın qəlbində,
canında, qanında yaşayan ülvi hisslərdir. Gəlin
onun "Düşdü" rədifli qoşmasına diqqət
yetirək.
Elin gözəl qız-gəlini bulaq
üstə, çeşmə başına
yığışar, zümzümə ilə axan suları qəhqəhələri
ilə xumarlandırardılar.
Aşıq Ələsgərin də
çeşmə başında bir gözələ
gözü düşür:
Çərşənbə
günündə, çeşmə başında,
Gözüm bir ala göz xanıma
düşdü.
Ələsgərin göz-qaş ilə
işarə eyləməsindən gözəlin
başını bulayıb gözündən gülməsi
onun ehtirasını bir az da coşdurur. Lakin
"nişanlıyam, özgə malıyam" ifadəsini
eşidəndə təəssüflənir, özgə
malına kəm baxmağın bağışlanmaz
olduğunu duyur və
"sındı qol-qanadım yanıma düşdü"
deyir.
Aşıq insanların canını
alan Əzrayıla da "haqq" qazandırır, onun
günahını belə yuyur:
Ələsgərəm, bir gözələ
mehmanam,
Ölməyincə çətin dönəm,
usanam.
Əzrayılı qanlı tutmasın
anam,
Məni bir kirpiyi peykan
öldürür.
Məhəbbət yolunda yorulub usanmayan
aşıq ölümünün səbəbkarı
"kirpiyin peykanını bilir". Məhəbbət
yollarının çətin, bəzən uğursuz olduğunu
məhəbbət dastanlarından çox oxumuşuq. Belə
uğursuz sevgi macərası Aşıq Ələsgərə
də cavan çağlarında urcah olub. O, uzun müddət
kədərlənmişdi, lakin içində çəkdiklərini
büruzə vermək istəməyib, bu uğursuzluğun səbəbini
müxənnət zəmanədə görüb:
Müxənnət zamana, bimürvət
fələk,
Şamı sübhə, sübhü
şama çəkirsən.
Ləhzədə açırsan min
cürə kələk,
Gah pozursan, gah nizama çəkirsən.
Bununla belə, Aşıq Ələsgər
məhəbbət lirikasının ölməz nümunələrini
yaratmışdır. Onun qoşmalarından Aşıq Ələsgərin
gözəllik vurğunu olduğu açıq-aşkar hiss
olunur. O tərif etdiyi Azərbaycan qızlarının
şuxluğunu, incəliyini, gəlinlərimizin ləyaqətini
və nəcibliyini xüsusi ustalıqla oxucuya çatdıra
bilmişdir:
Cilvələnib nə qarşımda
durubsan,
Anam sənə qurban,
ay sarı köynək.
Mələksən, çıxmısan cənnət
bağından,
Heç kim olmaz sənə tay, sarı köynək.
Azərbaycanlı qızına, onun gözəlliyinə,
mərifətinə, oturuşuna-duruşuna dünyada tay tapılmaz.
Ələsgərin ustadlığı ondadır
ki, o, böyük hadisələri
çox yığcam şəkildə oxucuya çatdıra
bilir:
Qəza insanatı tənabdan asar,
Leylü nahar-muşdur, cəhd
edər kəsər.
Əjdaha ayaqdan
çəkər sərasər,
Əlləşər barmağı bala
yetişməz.
Görün, bir bənddə necə sərrast
ifadə edilib bu əhvalat:
Qızmış nərdən xilas olmaq istəyən adam quyunun üstünə
əyilmiş budaqdan yapışıb quyuya sallanmağa məcbur
olur. Aşağı baxanda görür ki,
ayaqlarını dörd ilanın başına qoyub. Quyunun dibinə nəzər salanda görür ki, bir
əjdaha ağzını açıb onun düşməyini
gözləyir. Yuxarı baxdıqda görür ki, ağ və qara siçanlar ara vermədən
yapışdığı budağın kökünü gəmirib
yerə tökürlər. Bu çətin vəziyyətdən
xilas olmaq yollarını axtararkən, gözü bir arı
yuvasına sataşır. O, barmağını bala
batırır və balın şirinliyi onun dəhşətli
halını yaddan çıxarır. Dünya
Biz aşığın
ustadnamələrini, qıfılbəndlərini
dərindən təhlil edəndə dərin fəlsəfi
fikirlər burulğanına düşürük. Biz onun
ustadnamələrində həyat, sənət, dostluq, igidlik,
mərdlik hiss edirik:
Can deməklə candan
can əskik olmaz,
Məhəbbət artırar, mehriban eylər.
O, oxucunu, gənc nəsli mərifətli
olmağa çağırır. Məclis-mərəkədə
yaxşı oturub-durmağı tələb edir:
Arif məclisində bir söz söylərəm,
Nə həydan, nə
çaşqın, nə
qələt olmaz.
Yaxud
Doğru söylə, sözün
çıxmasın qələt.
Aşığın dili olduqca zəngin,
bədii və səlistdir. Onun
şeirləri demək olar ki, xalq dili ilə yoğrulub.
O, klassik poeziyamızdan qidalanıb, onun qəlbi çox
kövrəkdir:
Könlümün şişəsi
saqın ki, sınar,
Toxunarsa ayna daşa dayanmaz.
Ona görə də ustad
aşığın qoşmalarını həyəcansız
oxumaq olmur.
Oxucunu dərhal valeh edir, öz əlinə
alır, onu şeirin sonuna qədər çəkib
aparır. Aşığın
leksikonunda söz ehtiyatı çoxdur. O, canlı xalq
dilindən istifadə etdiyi kimi, ərəb və fars tərkibli sözlərdən də məharətlə
istifadə edir. Öz mühitinə görə dərin bilik
və mühakiməyə sahib olan, müxtəlif və
mürəkkəb şeir formalarına hakim kəsilən,
çətin sözlərdən, qəliz ifadələrdən
qaçan, ərəb-fars tərkibli sözlərdən yerində
istifadə edə bilən ustad sənətkar aşıq
poeziyamızı elə bir zirvəyə qaldırıb ki, istər
ondan əvvəl yaşayan, istərsə də ondan sonra
yazıb-yaradanlar hələ o zirvəni fəth edə bilməyiblər.
Ələsgər klassik aşıq
poeziyamızın ənənələrini və xüsusiyyətlərini
dərindən öyrənmiş və zənginləşdirmişdir.
O, hazır havaları və mahnıları
çalıb-oxuyan bir ifaçı deyildir. O, ustad bir
aşıq, lirikanın ölməz nümunələrini
yaratmış, qüdrətli bir söz sərrafı, el sənətkarıdır.
Aşıq Ələsgərin
böyüklüyü ondadır ki, dünyada baş verən
hadisələri nəzərdən
qaçırmırdı:
Necoldu Selbiya, Çornuqornuya,
Əl-ayaq altında itdi İtalya.
German bir bomb atdı, qan oldu dərya,
Qırıldı dünyada insan qalmadı.
Ustad aşıq müharibənin fəsadlarını,
onun fəlakət və faciələrini çox ustalıqla
xalqa çatdıra bilmişdi. Müharibə
aclıq, xəstəlik, dağıntı gətirməklə
bərabər həm də imanı olanları imansız, yorğanı
olanları yorğansız, samanı olanları samansız
qoyur. Aşıq Ələsgər
bunların böyük dərd olduğunu bildirir.
Köhnə həyat tərzi, ailə-məişət tərzi,
əxlaq normaları aşığın qoşmalarında
ciddi tənqid olunmuşdur:
Qərib-qürbət eldə
qız sevən oğlan,
Yaxın qonşusundan soruş halını.
Yaxud
Zibilin çıxıbdı dizə,
Külündən xəbərin varmı?
Yaxud
Bədəsildən hərgiz olmaz heç
əsil,
Lənət sənə gəlsin
pis soy, pis nəsil.
Lakin bu gün işğal altında
olan torpaqlarımızda - Göyçədə, Kəlbəcərdə,
Qaraqoyunluda, Zəngəzurda, qədim Azərbaycan
torpaqlarında onun ruhu qərib-qərib dolaşır. Ulu məzarlarımızın, tarixi abidələrimizin,
müqəddəs ocaqlarımızın, pirlərimizin
yağı düşmən tərəfindən
dağıdılıb, yerlə-yeksan edilməsi Ələsgər
böyüklüyünə hörmətsizlikdir. Lakin ölməz sənətkar
elin-obanın qəlbində
yaşayır.
Əvəz Mahmud LƏLƏDAĞ
Azərbaycan
müəllimi.- 2011.- 1 aprel.- S.13.