Azərbaycan tarixi tədrisində diyarşünaslıq materiallarından istifadə

 

 Azərbaycan tarixinin diyarşünaslıq materialları ilə əlaqələndirilməsi müəllimdən tarixi dərindən bilmək, müvafiq materialları seçib qruplaşdırmaq bacarığı, bunlardan dərslərdə fəal interaktiv təlim metodları əsasında istifadə etmək ustalığı tələb edir. Təcrübə müşahidə göstərir ki, proqram materiallarının tədrisini müvafiq diyarşünaslıq materialları ilə əlaqələndirmə zamanı şagirdlər müəllimin şərhini diqqət maraqla dinləyir, sual-cavabda fəal iştirak edir, tapşırıqları həvəslə yerinə yetirir, doğma yurdun dünənini öyrənməyə çalışırlar.

 

İşin səmərəliliyi bir sıra tərəflərlə bağlıdır:

a) müəllim diyarşünaslıq materiallarını əvvəlcədən tapıb əlavə material kimi hazırlamalıdır; b) mövzuya uyğun tarixi, ədəbi məlumat faktlardan tədris prosesində istifadə imkanı dəqiqləşdirilməlidir; c) diyarşünaslıq materialları mövzu ilə üzvi şəkildə əlaqələndirilməlidir.

Fikrimizi iki mövzunun tədrisi nümunəsində şərh edək.

VIII sinifdə Azərbaycan tarixindən "Şirvanşahlar dövləti" mövzusunun tədrisi ərəfəsində müəllim şagirdləri XI-XIII əsrlərin böyük yaşayış məskəni olmuş Salyan rayonunun Qırxçıraq ərazisinə ekskursiyaya aparır.

Ekskursiya zamanı şagirdlər öyrənirlər ki, Qırxçıraq şəhəri Şirvanşahlar dövlətinin Güştəsp vilayətinin mərkəzi imiş. Şəhər 40 məhəllədən ibarət olmuşdur. Ərazi vahidi kimi bir çıraq 1000 ev olmuşdur. 40 min evdən ibarət olmuş bu şəhər Kür çayının sahilində yerləşirmiş. Sərhədləri Salyanın indiki Qaraçala qəsəbəsindən Babazanan dağına qədər bir ərazini əhatə edirmiş. Bişmiş kərpic daşdan tikilmiş evlər, dükanlar, karvansaralar, məktəb-mədrəsələr, məscidlər varmış.

Güştəsp vilayətində hərbi məqsədlər üçün döyüş atları yetişdirilib. Yazılı mənbələrdə burada məhsul bolluğundan, bazarların ucuzluğundan danışılır. Şəhərdə nohurlar varmış, əhali su quşları balıqdan yaxşı qazanc götürürmüş.

Güştəsp vilayəti Atabəylər dövlətinə ildə 1 milyon dinar, təxminən bir o qədər Şirvanşahlar sarayına vergi ödəyirmiş.

Vilayətin əhalisi çox yüksək əkinçilik heyvandarlıq mədəniyyətinə malik olmuşdur. Əkinləri suvarmaq üçün Kür çayından ümumi uzunluğu 30 km olan Şirvan Govur arxı çəkilmişdi. Bu arx Kür çayı axarı boyunca sahildən 7-8 km aralıda Qaraçala qəsəbəsindən Babazanan dağlarından da keçərək Xəzər dənizinin sahillərinə qədər geniş bir ərazini suvarmağa imkan verirmiş. Su itkisinə yol verməmək üçün arx saxsı, kaşi daşlarla örtülübmüş. Sara Aşurbəylinin "Şirvanşahlar dövləti" (Bakı. 2006.), Vladimir Minorskinin "Şirvanın tarixi" (1969), Nikolay Xanıkovun "Qafqaz müsəlmanlarının tarixi etnoqrafiyası" (1864), A.A.Bakıxanovun "Gülüstani-İrəm" (Bakı.1991.) əsərləri əsasında bu məzmunda məlumat çatdırılır. Şagirdlərə o da  bəlli olur ki, Qırxçıraq şəhəri Elxani hökmdarı Hülaki xan tərəfindən tutulmuş, əhalisi qılıncdan keçirilmişdir. Ürəkləri soyumayan işğalçılar şəhəri yandırmışlar.

Təlim forması kimi böyük əhəmiyyəti olan ekskursiya şagirdlərin müşahidə bacarığını inkişaf etdirir; deyilənlərin müvafiq məkanda mənimsənilməsi təbii-psixoloji şəraitdə reallaşdırılır; səkkizincilər Kurqan qəbirləri, arx yerlərini gözləri ilə görürlər s.

Ekskursiyanın sonunda müəllim şagirdlərə informasiya verir ki, bu yerlərdən tapılmış arxeoloji materiallar Ə.Hüseynzadə adına Salyan Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır.

Müşahidə müəllim təcrübəsinin təhlili göstərir ki, bu cür təlimi hazırlıqdan sonra  VIII sinifdə "Şirvanşahlar dövləti" mövzusunun tədrisi həm təlimi, həm tərbiyəvi baxımdan çox effektli olur. Bunun üçün, ilk növbədə, ekskursiyanın təəssüratlarını aşkara çıxaran ümumiləşdirici sorğu aparılması məsləhətdir.

Sonra müəllim dərslik materialının şərhini verir, ekskursiya məlumatı ilə əlaqələndirmə reallaşdırılır.

IX sinifdə Azərbaycan tarixindən "Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşləri" mövzusunda I Pyotrun Azərbaycanın Xəzəryanı vilayətlərini işğal etməsindən bəhs edilir. Rus qoşunları 1723-cü il iyulun 28-də Bakı şəhərini ələ keçirdikdən sonra Salyanı da işğal ediblər.

Mövzunun tədrisi zamanı diyarşünaslıq məlumatlarını çatdırmaq imkanı var. Müəllim şərhində qeyd olunur ki, Kür çayının sahilində yerləşən, Xəzər dənizinə yaxın olan Salyan strateji əhəmiyyətə malik idi. Bu yerin tutulması rus qoşunları üçün ətraf yerləri ələ keçirməkdə dayaq rolunu oynaya bilərdi.

Necə olub ki, qoşunlar Salyandan çıxarılıb? A.A.Bakıxanovun "Gülüstani-İrəm", Q.M.Musəvinin "Bakı tarixinə dair orta əsr sənədləri", M.Əliyevin "Azərbaycan-rus əlaqələri" əsərlərindən istifadə edən müəllim şagirdlərə aşağıdakı məlumatı söyləyir: O vaxt Salyanın hakimi Səfəvi şahı tərəfindən təyin edilmiş qaytaqlı qulamların yüzbaşısı Həsən bəy olmuşdur.

Hakimin həyat yoldaşı Qəbulə xanım çox igid, qoçaq qəhrəman qadın imiş. Qəbulə xanım rus qoşunlarının Salyanı işğal etməsinə heç vəchlə dözə bilməmiş, Salyan hakiminin evinə qonaqlığa gələn batalyonun zabitlərinin özlərini işğalçı kimi aparmalarına cavab olaraq özü kimi qadınların köməyi ilə onları məhv etmişdir.

Başsız qalmış batalyonun əsgərləri bir xəstə zabitin başçılığı ilə Salyandan çıxıb Bakıda yerləşirlər. Vətənpərvərlik ruhunda olan bu məlumatı çatdırdıqdan sonra müəllimin sinifdə Qəbulə xanımın hərəkətinin motivi ilə bağlı sual-cavab aparması səmərəli olur.

Azərbaycan tarixi üzrə mövzuların tədrisi zamanı diyarşünaslıq fakt materiallarından istifadə bir neçə baxımdan faydalı olur:

- şagirdlər tariximizlə bağlı daha geniş, əhatəli sistemli biliklər qazanır, yeni-yeni məlumatlar öyrənirlər;

- bu diyarşünaslıq materialları onlarda vətənpərvərlik, əməksevərlik, qəhrəmanlıq hisslərinin dərinləşməsinə güclü təsir edir;

- şagirdlərdə doğma diyarın tarixini, tarixi coğrafiyasını, ədəbi dəyərlərini, görkəmli elm adamlarının həyatını öyrənməyə maraq artır s.

Bu isə dünya təhsilinə inteqrasiya olunan Azərbaycan təhsilinin qarşıya qoyduğu vəzifələrin reallaşdırılması deməkdir.

 

 

Sahib HƏSƏNOV

 

Azərbaycan müəllimi.- 2011.- 1 aprel.- S.12.