İfası ilə dünya musiqiçilərini heyran edən gənc skripkaçı

 

Qısa tanışlıq: Ceyla Uran qızı Seyidova 20 avqust 1995-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka şöbəsinə daxil olan Ceyla hazırda həmin məktəbin 10-cu sinif şagirdidir. Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatıdır. Adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb.

 

Əslində Ceylanı qiyabi də olsa yaxşı tanıyırdıq. Lap balaca yaşlarından onun böyük səhnələrdə gözəl çıxışı, hər ifasının alqışlarla qarşılanması diqqətimizi çoxdan çəkmişdi. Musiqi ilə böyüyən, onunla nəfəs alan və "musiqi mənim həyatımdır!" deyən Ceyla Seyidovanı daha yaxından tanımaq və oxucularımıza tanıtmaq məqsədi ilə onu bu günlərdə redaksiyamıza dəvət etdik.

Anası Samirə xanımla qonağımız olan Ceyla musiqiçi ailəsində doğulduğunu, lap körpəlikdən musiqiyə böyük həvəsi olduğunu bildirdi. Anası onu pianoçu görmək arzusunda olsa da, o da qardaşı kimi  skripkanı seçdi. İlk çıxışı 8 yaşında Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə olub. Məhz o vaxtdan elə Ceylanın uğurları başlandı. 2004-cü ildən başlayaraq görkəmli pianoçu, pedaqoq Kövkəb xanım Səfərəliyevanın xatirəsinə həsr olunan gənc ifaçıların festivalında iştirak edən bu istedadlı qız hər il müsabiqənin laureatı olurdu. Xarici ölkəyə ilk səfəri isə 2005-ci ildə Tbilisidə keçirilən 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr edilən festival olub. Həmin festivalda laureat adını qazanan Ceylanın artıq müxtəlif tədbirlərə, müsabiqələrə dəvətlərinin sayı artmağa başladı. Onu da qeyd edək ki, respublikanın xalq artisti, dirijor Teymur Göyçayevin rəhbərliyi ilə 2006-cı ildə Azərbaycan Dövlət Gənclər Simfonik Orkestri yaradılanda Ceyla həmin orkestrin ilk solistlərindən biri olur. Simfonik Orkestrin tərkibində qastrollara gedir. Teymur Göyçayev bu qız haqqında "Ceylanın parlaq gələcəyi var. Skripkanın keyfiyyətindən və ölçüsündən asılı olmayaraq, onun çaldığı bütün əsərlər ifasında gözəl səslənir. O musiqini qəlbi ilə duyur. Onun gözəl skripka ifaçısı olacağına əminəm" - deyir. Skripkaçı qızın musiqi sahəsində ilk addımlarını atdığı gündən yanında olan, onunla məşğul olan müəllimi Fatma İdiatulina da öz şagirdinə böyük ümidlər bəsləyir. 

Kim bilir, bəlkə də Ceylaya bu fitri istedad irsən keçmişdir. Qeyd etdiyimiz kimi, musiqiçi ailəsində doğulan Ceylanın atası tanınmış skripkaçı  Uran Seyidov Q.Qarayev adına Dövlət Kamera Orkestrinin konsertmeysteri, Azərbaycan Dövlət Simli Orkestrinin bədii rəhbəri, respublikanın xalq artisti, anası Samirə Aşumova P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu, Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının professoru, İtaliyada keçirilmiş beynəlxalq müsabiqənin laureatı, respublikanın əməkdar artisti, ailənin 1-ci övladı Anar Seyidov isə  beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsüdür. Hazırda Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının 1-ci kurs tələbəsidir. Gözünü bu ailədə açan Ceyla hər zaman ətrafında  musiqiyə sevgiylə, eyni zamanda ciddi yanaşıldığını görüb.

Ceyla onun üçün ən yaddaqalan və həyatını demək olar sözün yaxşı mənasında dəyişdirən hadisənin - 6 dekabr 2006-cı ildə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ABŞ-ın Vaşinqton şəhərində keçirilən tədbirdə iştirakı olduğunu dedi. Həmin vaxt  böyük səhnədə o, skripkada Azərbaycanın görkəmli bəstəkarı, xalq artisti Arif Məlikovun "Komde" əsərini ifa edib və çıxışı alqışlarla qarşılanıb. Ceylanın müxtəlif tədbirlərdə gözəl ifaları xarici tamaşaçıların da qəlbini riqqətə gətirir.

Yeniyetmə qız ölkə başçısı cənab İlham Əliyevin istedadlı gənclərə göstərdiyi diqqət və qayğını hər zaman üzərində hiss etdiyini söylədi. Qeyd etdi ki, Prezident cənab İlham Əliyevin 14 iyun 2007-ci il tarixli sərəncamı ilə Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülməsi və adının Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılması onun üçün fəxrdir.

Yaşının az olmasına baxmayaraq, Ceyla Seyidovanın musiqi sahəsində, xüsusilə dünyanın bir çox ölkələrində keçirilən nüfuzlu müsabiqələrdə, festivallarda əldə etdiyi nailiyyətləri olduqca çoxdur. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə skripkaçı  2008-ci il 4-16 mart tarixlərində İtaliyanın Fasano şəhərində keçirilən Don Matteo Kaluççi adına instrumentalistlərin və vokalçıların I beynəlxalq müsabiqəsində iştirak edib. 12 yaşlı Ceylanın  skripkada Azərbaycanın və xarici bəstəkarların müxtəlif janrlarda yazdıqları əsərlərini yüksək məharətlə çalması bu festivalın təşkilatçıları tərəfindən maraqla qarşılandı və qızın istedadı münsiflər heyətini heyran etdi. Həmin müsabiqədə I yerə layiq görülən Ceyla Vətənə medalla dönüb. 2008-ci il 20-26 may tarixlərində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Parisdə YUNESKO-nun baş qərargahında, Strasburqda, Brüsseldə keçirilən "Azərbaycanın xoşməramlı mələkləri" adlı konsert  proqramlarında skripkaçının hər bir çıxışı qəlbləri riqqətə gətirirdi. Ceylanın ifasında C.Vilyamsın "Şindlerin siyahısı" kinofilmindən musiqi fraqmenti bütün zal tərəfindən alqışlarla qarşılandı.

Yorulmaq nə olduğunu bilməyən yeniyetmə qız istər ölkəmizdə, istərsə də respublikamızın hüdudlarından kənarda keçirilən  beynəlxalq musiqi festivallarında, konsertlərdə, müxtəlif tədbirlərdə  iştirak etməyə hər zaman böyük maraq və həvəs göstərdiyini deyir. Ölkəmizdə keçirilən nüfuzlu Mstislav Rostropoviç beynəlxalq festivalında 2008-ci ildən iştirak edən Ceylanın skripkada solo ifası ən yaddaqalan çıxışlardandır. Həmin ilin sentyabrında İsveçdə Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrlə Teymur Göyçayevin dirijorluğu ilə Ceylanın solo çıxışı alqışlarla qarşılanır. 8 iyun 2009-cu il tarixində Hollandiyanın Haaqa şəhərində keçirilən konsertdə də Ceylanın ifası professionallığı ilə seçilir. 2010-cu il mayın 21-dən iyunun 2-dək Moskvada "Moskva dostlarını qarşılayır" adlı VII Beynəlxalq festivalda uğurla iştirak edərək, yüksək ifaçılıq nümayiş etdirən skripkaçı həmin festivalın laureatı olur. Əldə etdiyi nailiyyətlərdən arxayınlaşmayan, daim yaradıcılıqla məşğul olan Ceyla dünyanın məşhur skripkaçılarından sayılan Maksim Venqerovdan ustad dərsləri alıb.

2011-ci ilin də onun üçün uğurla başladığını deyən gənc ifaçı qazandığı növbəti  müvəffəqiyyəti barədə danışdı. Bildirdi ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə o, 2-8 mart tarixlərində Belçikanın Namur şəhərində keçirilən gənc musiqiçilərin "Bravo" IV Beynəlxalq müsabiqəsində iştirak edib və  I yerə layiq görülüb. Qeyd edək ki, ilk dəfə olaraq  Azərbaycanı belə mötəbər bir yarışda Ceyla Seyidova təmsil edib. Müsabiqənin özəlliyindən söz açan Ceyla onun olduqca nüfuzlu, eyni zamanda çətin olduğunu söylədi. Söhbətimizə qatılan anası  Samirə xanım onu da əlavə etdi ki, 15 musiqiçinin mübarizə apardığı müsabiqə 2 turdan ibarət olub. İştirakçıların çıxışlarını qiymətləndirən münsiflər heyətində Filippe Deskamps, Quido Jardon, Jan-Frederik Molard, Valery Oistrax, Tatyana Semuil və İqor Tkatçuk kimi görkəmli musiqiçilərin təmsil olunduğunu, II tura 6 nəfərin keçdiyini  bildirdi. Fransa, Rusiya, Belçika və digər ölkələrin təmsilçiləri ilə birgə çıxış edən Ceyla ən yüksək yerə layiq görülüb. Azərbaycanın gənc və istedadlı skripkaçısının çıxışı dünya musiqiçilərinin böyük marağına səbəb olub. Anası "Professional musiqiçi kimi, mənim üçün fəxrdir ki, qızım belə bir müsabiqədə birinciliyi əldə edib. Ən xoş odur ki, Ceylanın çıxışından sonra hər bir kəs, hətta məşhur musiqiçilər bizə yaxınlaşıb minnətdarlıq edirdilər. Bu mənim üçün ən yüksək qiymətdir",- deyə öz təəssüratlarını bizimlə paylaşdı. Ceyla, anası Samirə xanım fürsətdən istifadə edərək belə bir nüfuzlu müsabiqəyə qatılmağa imkan və şərait yaratdığına görə Təhsil Nazirliyinə öz minnətdarlıqlarını bildirdilər. Təhsil Nazirliyinin istedadlı gənclərin yaradıcılıq imkanlarının üzə çıxarılması, inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən, gördüyü işlərdən razılıqla danışdılar.

Samirə xanım qeyd etdi ki, müsabiqədən sonra Ceylaya Brüssel Konservatoriyasında təhsil almaq təklif olunub.

Bəli, hazırda 10-cu sinifdə oxumasına baxmayaraq, Ceyla Seyidovanı demək olar ki, dünyanın görkəmli musiqiçiləri yaxşı tanıyır, onun ifasını bəyənir və haqqında xoş sözlər söyləyirlər. Bir azərbaycanlı gənc musiqiçi üçün bundan sevincli nə ola bilər ki?

Ceylanın arzuları isə bitib-tükənməzdir. Ən böyük arzusu məhz dünya şöhrətli skripkaçı olmaq, doğma Azərbaycanını  bütün dünyada layiqincə təmsil etməkdir.

 

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2011.- 8 aprel.- S.16.