Cenevrə Universiteti
Yerləşir: İsveçrə
Konfederasiyası, Cenevrə
şəhəri
Yaranma tarixi: 1559-cu il
Tipi:
Dövlət
İşçi
heyətinin ümumi sayı: 5200 nəfər
Tələbələrin
ümumi sayı:
14489 nəfər
İllik gəlirlər
və xərclərii: 360758975
İsveçrə frankı
Rəsmi
saytı:
www.unige.ch
Cenevrə
Universiteti (
Böyük Britaniyanın "Times Higher
Education Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən Cenevrə
Universiteti 100 ən yaxşı ali məktəb
arasında 72-ci yerdə sıralanıb. 2010-cu ildə
dünyanın ən nüfuzlu universitetləri arasında
"Times Higher Education World University Rankings"in
açıqlamasına görə, Cenevrə Universiteti 118-ci
yerdə, "QS World University Rankings"in açıqlamasına
əsasən isə 71-ci yerdə qərarlaşıb.
Tarixi
1559-cu ildə ilahiyyatçı və
pastor Jan Kalvin tərəfindən Cenevrə şəhərində
ilahiyyat seminariyası və hüquq fakültəsi
yaradılır. Seminariyanın ilk rektoru
ilahiyyatçı Teodor de Beze təyin olunur. Fəaliyyətinin
ilkin dövrlərində bu ali məktəb
humanitar və dini təhsil verir. XVII əsrdə Cenevrənin
İntibah mərkəzinə çevrildiyi vaxtlarda da ali məktəbdə təhsil ilahiyyat
yönümlü olaraq qalır. Həmin dövrlərdə
akademiya adlandırılan bu ali təhsil
müəssisəsində dəqiq və fiziki elmlərə
ehtiyac duyulur.
XIX əsrdə baş vermiş siyasi
və ictimai dəyişikliklər akademiyada da bir çox
yeniliklərə səbəb olur. 1873-cü ildə
tibb fakültəsi açıldıqdan sonra ali
məktəb dini yönümlülüyündən imtina edərək
dünyəvi ali təhsil ocağına çevrilir. Həmin
ildə ali məktəb universitet statusu
alır. Bu dövrdən başlayaraq Cenevrə
Universitetində yeni-yeni fakültələr yaradılır.
Beynəlxalq Tədqiqat və İnkişaf,
Bosse Ümumdünya institutları ilə əməkdaşlıq
universitetin akademik həyatının daha da genişlənməsinə
səbəb olur. Avropanın bir çox
şəhərlərində alimlərin dindarlar tərəfindən
təqib edilməsi nəticəsində Cenevrədə
çoxlu sayda siyasi qaçqınlar, tələbə və
tədqiqatçılar sığınacaq tapır, bu da
şəhərin və Cenevrə Universitetinin intellektual səviyyəsinin
zənginləşməsinə yol açır.
2005-ci ildən Cenevrə Universitetində
Boloniya prosesinə uyğun olaraq təhsil üç pilləyə
bölünür: bakalavr - 3 il, magistratura
- 1-2 il, doktorantura - 3-5 il. 2006-cı ildən bu ali
məktəbdə beynəlxalq münasibətlər ixtisası
üzrə bakalavr səviyyəsi verilir.
2009-cu ildə Cenevrə Universiteti
genişmiqyaslı ictimai tədbirlər təşkil edərək 450 illik yubileyini qeyd edib.
Büdcəsi və
təhsil haqqı
2009-2010-cu tədris ilində Cenevrə
Universitetinin illik gəlir və xərcləri ümumilikdə
360758975 İsveçrə frankı olub.
Cenevrə Universitetində yerli və
əcnəbi tələbələrin təhsil haqqı
ümumilikdə bakalavr, magistratura və doktorantura səviyyələrində
500 İsveçrə frankına bərabərdir. Bu məbləğin 65 İsveçrə
frankını tələbələrin qeydiyyatdan keçmə
xərcləri, 435 İsveçrə frankını isə təhsil
haqqı təşkil edir. Semestrdən
öncə tədris olunan fransız dili kurslarında təhsil
almaq üçün tələbələr 100
İsveçrə frankı ödəməlidir. Universitetdə MBA proqramı üzrə təhsil
haqqı fərqlidir, hətta bir sıra magistr proqramları
üzrə təhsil haqqı 40000 İsveçrə
frankına qədər yüksəlir.
Cenevrə Universitetində
İsveçrə dövləti tərəfindən əcnəbi
tələbələrə İsveçrə Federal təqaüdü
təklif olunur. 80-ə yaxın ölkənin yer
aldığı siyahıda ölkəmizin adına
təsadüf olunmur, yəni azərbaycanlı tələbələr
həmin təqaüdü almaq imkanına malik deyil. İsveçrə Federal təqaüdü magistr və
doktorantlar üçün nəzərdə tutulub. Təqaüdün məbləği ayda 1920
İsveçrə frankıdır və sentyabr ayından
başlayaraq 9 ay müddətində verilir. Tələbənin semestr ərzində göstərdiyi
nəticələrdən asılı olaraq təqaüdün
məbləği artırılır.
Dünyanın bir çox universitetlərində
olduğu kimi, tələbələr Cenevrə Universitetinin
yataqxanalarında yer tapmaq üçün əvvəlcədən
universitetə müraciət etməlidir. Tədris ili başlamazdan əvvəl müraciət edən
tələbələr heç bir çətinliklə
üzləşmədən yataqxanalarda yerləşdirilirlər.
Burada yerləşdirilmə aparılarkən əcnəbi
və aztəminatlı tələbələrə
üstünlük verilir.
Cenevrədə 1 ay yaşamaq
(yataqxana və qidalanmaq daxil olmaqla) üçün tələbəyə
ayda 1200 İsveçrə frankı lazım gəlir. Tələbələrin aldıqları təqaüd
bu xərcləri tamamilə ödəyir.
Universitet bu
gün
Cenevrə çox böyük şəhər
olmasa da, geniş infrastruktura malikdir. Şəhər
eyni adlı gölün sahilində, dünyaca məşhur
Alp dağ-xizək kurortu yaxınlığında yerləşir.
Şəhər Aralıq dənizi və Mərkəzi
Avropa regionu ölkələri ilə mədəni əlaqələr
qurur. Rona çayı Cenevrə şəhərini
iki yerə bölür. Şəhərin
qədim hissəsi çayın sol sahilindədir. Cenevrənin
ən tanınmış tarixi və diqqətəlayiq abidələri
Müqəddəs Pyotr kilsəsi, Burq de Fur meydanı, Rat, Təsviri
İncəsənət və Tarix muzeyləri, Monblam
körpüsü, Cenevrə fontanı, Millətlər
sarayıdır. Dünyanın bütün mətbəx
və musiqiləri bu beynəlmiləl şəhərdə cəmlənib. 310 hektarlıq ərazidəki
40000-dən çox ağacdan ibarət olan bağda, Cenevrə
gölünün sahilində gəzintiyə çıxmaq, təbiət
gözəlliyini seyr etmək şəhər sakinlərinə
və qonaqlara əvəzolunmaz zövq verir. Böyük və səs-küylü tədbirlərin
həvəskarları şəhərdə təşkil
olunmuş opera, konsert və festivallarda, teatr və sərgilərdə
iştirak edə bilərlər.
Cenevrə Universiteti şəhərin
mədəni həyatında fəal iştirak edir. Universitetin bir-birinə bənzəməyən
binaları Cenevrə şəhərinin müxtəlif hissələrində
yerləşir. Qədim Uni-Bastions binasında İlahiyyat, İncəsənət
fakültələri fəaliyyət göstərir. Binanın yaxınlığında çox gözəl
park və yaşıl qazon mövcuddur. Mühazirələrarası
tənəffüsdə tələbələr burada oturaraq
Reformatorlar Divarına, 4 protestant müdriki Kalvin, Farel, Bez və
Noksun heykəllərinə tamaşa etməyi çox sevirlər. Müasir, şüşə və
metal arakəsmə ilə örtülmüş günəş
işığı ilə dolu Uni-Mail binasında universitetin
İctimai elmlər və iqtisadiyyat, Hüquq, Psixologiya və
pedaqogika elmləri fakültələri, Yazılı və
Şifahi Tərcümə Məktəbi yerləşir. Dəqiq elmlər fakültəsi Arva çayı
sahili boyu bir neçə binanı əhatə edir. Universitetin bir çox bölmə və
institutları Helvetique bulvarında yerləşir.
Cenevrə Universitetində 7 fakültə,
1 məktəb, 5 institut və 6 fənlərarası mərkəz
fəaliyyət göstərir. Bunlar Dəqiq
elmlər, Tibb, İncəsənət, İctimai elmlər və
iqtisadiyyat, Hüquq, Psixologiya və pedaqogika elmləri,
Protestant ilahiyyat fakültələri, Yazılı və
Şifahi Tərcümə Məktəbi, Ekoloji Tədqiqatlar,
Avropa, Reformasiya, Cenevrə Maliyyə Elmi-Tədqiqat
institutları, İnformatika, Neyroelmlər və Ətraf
Mühit, Kompüter Elmləri, Energetika, Gerontologiya,
İsveçrə Affektiv Elmlər mərkəzləridir. Universitetdə 280-dən çox müxtəlif
proqram, 250 fasiləsiz təhsil proqramı təklif olunur.
Dəqiq
elmlər fakültəsində dəqiq elmlər
üzrə 57-dən çox proqram mövcuddur. Bakalavr
səviyyəsi üzrə universitetdə Riyaziyyat,
İnformatika, Kompüter elmləri, Fizika, Kimya, Biokimya,
Biologiya, Ekologiya və yer elmləri, Əczaçılıq,
magistratura səviyyəsi üzrə isə Riyaziyyat, Riyaziyyat
və informatika, Kompüter elmləri, Fizika, Kimya, Biokimya,
Biologiya, Ekologiya və yer elmləri, Əczaçılıq,
Arxeologiya, Ekoloji tədqiqatlar, Geologiya, Proteomika və
bioinformatika, Neyroelmlər və
s. proqramlar təklif edilir. Fakültə Avropa Nüvə Tədqiqatları,
Ümumdünya Sağlamlıq təşkilatları, Avropa
Kosmik Agentliyi və NASA ilə sıx əməkdaşlıq
edir. Fakültənin məzunları arasında
bir neçə Filds və iki Nobel mükafatı laureatı
vardır.
Universitetin Tibb fakültəsi İsveçrədə bu sahənin
inkişafı üzrə böyük xidmətlər göstərib
və hazırda ölkədə yeganə keyfiyyət
akkreditasiyası almış tibb fakültəsidir. Fakültə Cenevrə şəhərində yerləşən
xəstəxanalarla birgə fəaliyyət göstərir.
Tibb fakültəsi şəkərli diabet,
infeksion xəstəliklər, genetika, neyrobiologiya və
orqanların köçürülməsi sahələri
üzrə əldə etdiyi uğurlarla tanınır. Fakültənin nəzdində İsveçrənin
fransızdilli hissəsinə məxsus yeganə Stomatologiya Məktəbi
mövcuddur. Bakalavr səviyyəsində fakültə
Tibb, Stomatologiya, Hərəkət və idman elmləri, magistratura səviyyəsində
isə yuxarıda sadalananlarla birgə Proteomika və
bioinformatika, Neyroelmlər proqramları təklif edir.
İncəsənət fakültəsini humanitar
da adlandırmaq olar, belə ki, bu fakültə təkcə
incəsənət sahəsini əhatə etmir. Fakültə, xüsusilə, dünyanın ən qədim,
mifoloji, dini, sərt, ədəbi və analitik, müxtəlif
sivilizasiyalara aid yazılarını oxumaqla tanınır.
İncəsənət fakültəsi bakalavr səviyyəsində
Humanitar elmlər sahəsi üzrə incəsənət,
magistratura səviyyəsində isə bu proqramla yanaşı
Muzey tədqiqatları üzrə incəsənət, Asiya tədqiqatları
üzrə incəsənət proqramlarını təklif
edir. İncəsənət fakültəsində Qədim
Yunan dili və ədəbiyyatı, Qədim tarix, Ərəb,
Çin tədqiqatları, İncəsənətin tarixi,
Klassik arxeologiya, Klassik tədqiqatlar, Müqayisəli ədəbiyyat,
İnformatika və humanitar elmlər, Misirşünaslıq və
Kopt dili, İngilis dili və ədəbiyyatı, Orta əsrlər
fransız dili və ədəbiyyatı, Fransız dili xarici
dil kimi, Ümumi tarix, Almaniya, Rusiya, Latın Amerikası,
İtaliya, Yaponiya tədqiqatları, Tarix və Orta əsrlər
sivilizasiyası, Dinlərin tarixi, Mesopatamiya dili və
sivilizasiyası, Latın dili və ədəbiyyatı,
Linqvistika, Yeni Yunan tədqiqatları, Musiqişünaslıq,
Fəlsəfə sahələri üzrə tədris və tədqiqatlar
aparılır.
Bu fakültədə məşhur ədəbiyyat
tarixçisi, Avropa Akademiyasının akademiki, bir çox
Avropa universitetlərinin fəxri professoru əfsanəvi Jorj
Niva dərs deyib.
İctimai elmlər
və iqtisadiyyat fakültəsi sosial hərəkat,
iqtisadi qloballaşma, maliyyə, marketinq, mobillik məsələləri,
əmək şəraitinin inkişafı, beynəlxalq siyasi
hakimiyyət və s. tədqiqat sahələri üzrə əldə
etdiyi uğurlarla tanınır. Fakültə bakalavr səviyyəsi
üzrə Menecment, İqtisadiyyat, Coğrafiya və ətraf
mühit, Sosiologiya, Siyasi elmlər, İqtisadi və sosial
tarix, İnformasiya və xidmət elmləri, Sosial-iqtisadiyyat,
Beynəlxalq əlaqələr, magistratura səviyyəsi
üzrə isə İdarəetmə, İqtisadiyyat,
Sosial-iqtisadiyyat, Coğrafiya və ərazi elmləri,
Sosiologiya, Politologiya, Beynəlxalq iqtisadi tarix, Gender tədqiqatları,
Statistika, Maliyyə, mühasibatlıq və audit, Kommunikasiya və
media elmləri proqramları təklif edir.
Hüquq
fakültəsində tələbələrə ənənəvi
proqramlarla yanaşı, maliyyə və iqtisadiyyat, humanitar və
ekoloji hüquq, mədəniyyət və beynəlxalq əlaqələr
sahələri də tədris edilir. Fakültə
ABŞ-ın 3 və Avropanın 1 təhsil müəssisəsi
ilə, eləcə də çoxlu sayda beynəlxalq təşkilatlarla
(Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq
Cinayət Tribunalı və s.) əməkdaşlıq edir,
Harvard Universitetinin Hüquq Məktəbi ilə tələbə
və müəllim mübadiləsi aparır. Fakültə
bakalavr səviyyəsində Hüquq, magistratura səviyyəsində
isə Hüquq, Vətəndaş və cinayət hüququ,
Təsərrüfat hüququ, Beynəlxalq və Avropa
hüququ proqramlarını təklif edir.
Psixologiya
və pedaqogika elmləri fakültəsində tələbələrə
insan psixologiyası, insan tərbiyəsi və təhsili məsələləri
üzrə təhsil verilir. Fakültədə
Yeni Bilik və Tədris Texnologiyalarının Öyrənilməsi
xüsusi bölməsi fəaliyyət göstərir.
Psixologiya və pedaqogika elmləri fakültəsi bakalavr səviyyəsində
Psixologiya, Təhsil elmləri, "İbtidai məktəb təhsili"
istiqaməti, magistratura səviyyəsində isə Psixologiya,
Əsaslı öyrənmə və tədris texnologiyası,
Təhsil elmləri, Nitq və dil terapiyası, Pedaqogika elmləri,
Xüsusi təhsil, Neyroelmlər proqramlarını təklif
edir.
Protestant
ilahiyyat fakültəsi universitet
yarandığı gündən fəaliyyət göstərir
və nüfuzlu tarixə malikdir. Bu,
İsveçrənin fransızdilli hissəsində mövcud
olan yeganə bütöv bakalavr proqramına malik ilahiyyat
fakültəsidir. Lozanna və Nevşatel
universitetlərinin ilahiyyat fakültələri ilə birlikdə
Protestant ilahiyyat fakültəsi qabaqcıl dini təhsil
üzrə bakalavr və magistr dərəcələri verir.
Yazılı
və Şifahi Tərcümə Məktəbi 1941-ci
ildə yaradılıb. Məktəbin BMT və
digər beynəlxalq təşkilatlarla
yaxınlığı buradakı tədrisin səviyyəsini
daha da yüksəldir. Məktəbin kitabxanası
Avropada yerləşən ən böyük
ixtisaslaşmış kitabxanalardan biridir. Məktəbdə
KİV, ictimaiyyətlə əlaqə, turizm, dil vasitəçiliyi,
çoxdilli kommunikasiya sahələri üzrə tədqiqatlar
həyata keçirilir, tədris ərəb, ingilis,
fransız, alman, italyan, rus, ispan dillərində
aparılır. Yazılı və Şifahi Tərcümə
Məktəbi bakalavr səviyyəsində Çoxdilli
kommunikasiya, magistratura səviyyəsində isə Tərcümə,
İnterpretasiya proqramlarını təklif edir.
Universitetdə aparıcı tədqiqat
sahələri həyat elmləri (biologiya, bioinformatika və
s.), elementar hissəciklər fizikası, astrofizika, astronomiya,
sosial psixologiya, kimya, genetika, biokimya və biofizika elmləridir. Cenevrə Universiteti 6 milli tədqiqat mərkəzinin
yaranmasında rolu olan təhsil müəssisəsidir.
Son bir neçə ildə bu ali məktəb
apardığı tədqiqatlar üzrə İsveçrə
Milli Fondu tərəfindən ölkə universitetləri
arasında ən yüksək nəticələr göstərən
elmi-tədqiqat mərkəzi kimi qeyd olunub. Ötən
illər universitet tədqiqatlardan 62 milyon İsveç
frankı əldə edib. Molekulyar biologiya
üzrə apardığı tədqiqatlara görə, Cenevrə
Universiteti dünyada ikinci, fizika üzrə isə
altıncı yerləri tutur. Bu ali məktəbdə
çalışmış tanınmış alimlər
Mişel Mayor ekzoplanetin, Denis Duboul genetika, Nikolya Gisin isə
kvant teloportasiyasının kəşfləri ilə universitetə
məşhurluq gətiriblər.
Cenevrə Universiteti beynəlxalq
münasibətlər, hüquq və ilahiyyat sahələri
üzrə də böyük akademik nailiyyətlərə
yiyələnib. Ölkənin digər
universitetləri ilə əməkdaşlıq çərçivəsində
universitetdə əczaçılıq, biotibb, psixologiya,
gender tədqiqatları, insan ekologiyası, sosiologiya və
biologiya üzrə magistr və doktorluq səviyyələri təklif
olunur. Dərslər universitetdə, əsasən
fransız dilində tədris olunur. Tədris ili iki semestrə bölünür, dərslər
sentyabrın ortalarında başlayır və iyunun
ortalarında bitir. Cenevrə Universiteti beynəlxalq
universitetlərlə əməkdaşlıq etmək məqsədi
ilə 1999-cu ildə Beynəlxalq Tədqiqat və
İnkişaf İnstitutu, eləcə də BMT ilə birgə
Cenevrə Beynəlxalq Əməkdaşlıq Akademik Şəbəkəsi
yaradıb. 2008-ci ildə bu təşkilat
bütün İsveçrə üzrə
"İsveçrə Beynəlxalq Tədqiqatlar Şəbəkəsi"
adı ilə fəaliyyət göstərməyə
başlayıb.
Cenevrə Universitetinin kitabxanası Avropanın ən
zəngin kitabxanalarındandır. Kitabxanada
5 milyondan çox kitab, minlərlə elektron resurs, video və
audiomateriallar mövcuddur. Oxu zallarında
yerləşdirilmiş kompüterlər kolleksiya
resurslarına asanlıqla yol tapmağa imkan verir. Hər bir istifadəçi əlavə qeydiyyat
olmadan kitabxananın İnternet resurslarından istifadə edə
bilər. Universitet kitabxanası 9000 m2 sahəyə
malik zalları ilə seçilir. Kitabxanadakı
kitabların düzüldüyü qəfəsələr 12
km uzunluğundadır. Cenevrə Universiteti zəngin kitab və
elmi iş, eləcə də arxiv sənədlərinə
malik Jan Piaje kitabxanasına
çıxış əldə edib.
Cenevrə Universitetinin rektoru 2007-ci
ildən başlayaraq professor Jan Dominik Vassallidir. Bu ali məktəbin
vitse-prorektorları isə professorlar Anik de Ribaupyerr, İves
Flyukiqer və Pyerr Spiererdir. Universitetin fakültələri
dekan, şöbələri prezident, departamentləri isə
direktorlar tərəfindən idarə olunur. Universitetdə
5200 nəfər işçi çalışır.
Cenevrə Universitetində
ümumilikdə 14489 nəfər tələbə təhsil
alır. Tələbələrin 61%-ni qızlar təşkil
edir. Universitetdə təhsil alan gənclərin
üçdə bir hissəsini dünyanın 130 ölkəsindən
olan əcnəbilər təşkil edir.
2010-2011-ci tədris ilində
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində Cenevrə
Universitetinin magistratura səviyyəsinə iki azərbaycanlı
gənc - Ləman İlham qızı Mustafayeva və Murad Hikmət
oğlu Mirzəyev beynəlxalq biznes ixtisası üzrə qəbul
olunub.
Cenevrə Universitetində tələbələrin
asudə vaxtlarını səmərəli keçirmək məqsədilə
lazımi işlər aparılır. Tələbələrin
əksər hissəsi idmanla məşğul olmağa
üstünlük verir. Universitetdə
idmanın 50-dən çox növü təklif olunur.
Burada idmanın gimnastika, tennis, ayaq xizəyi, alpinizm,
üzgüçülük və s. növləri xüsusi
inkişaf edib. İdmanla yanaşı universitetdə
musiqi, teatr, rəqs, rəssamlıq və heykəltəraşlıq
sahələri üzrə böyük nailiyyətlər əldə
edən tələbələr çoxluq təşkil edir.
Ali məktəbdə tez-tez müxtəlif mədəni
tədbirlər, sərgilər keçirilir. Bir çox tələbələr universitetdə
işlə təmin olunurlar.
Cenevrə Universiteti akademik
yaradıcılıq və bilik ötürücüsü
funksiyasını daşıyan, beynəlxalq nüfuza malik
kosmopolit elmi-tədqiqat müəssisəsidir.
Universitetin əsas məqsədi tələbələrinə
yüksək səviyyəli tədris, tədqiqat
bacarıqları öyrətmək, əməkdaşlıq
etdiyi təhsil müəssisələri və təşkilatların
sırasını, dünyanın bütün ölkələrini
təmsil edən tədqiqatçı və tələbələrinin
sayını artırmaq, müxtəlif beynəlxalq akademik və
mədəni tədbirlərin keçiriləcəyi əsas
məkanlardan biri olmaq və cəmiyyətə layiqli xidmət
göstərməkdir. Yarandığı gündən bu ali məktəb yüksək etik standartlar tətbiq
edərək keyfiyyətli və innovativ təhsil
nümayiş etdirib. Bu gün Cenevrə Universiteti
özünü Avropanın ən nüfuzlu ali
məktəblərindən biri kimi təsdiq etməkdədir.
Universitetin məşhur
məzunları
Mişlin Kalmi-Rey İsveçrə
Konfederasiyasının prezidenti
Joze Manuel Barrozu Avropa
Komissiyasının sədri
Kofi Annan BMT-nin
7-ci baş katibi, sülh üzrə
Nobel
mükafatı laureatı
Jorj Mari Martin Kottier Roma-Katolik Kilsəsindən olan
İsveçrə kardinalı
Şahzadə Jozefina Şarlotta Lüksemburq
knyaginyası
Ayşə Afət İnan Türkiyə
siyasətçisi, Atatürkün qızlığa
götürdüyü qadın
Sandra Kalniyete Latviya
siyasətçisi
Norman Encell sülh
üzrə Nobel mükafatı laureatı
Daniel Bove sülh
üzrə Nobel mükafatı laureatı
Karl Qunnar Mirdal iqtisadiyyat üzrə Nobel
mükafatı laureatı
Moris Allis iqtisadiyyat
üzrə Nobel mükafatı laureatı
Nils Kay Jerne tibb üzrə Nobel mükafatı
laureatı
Edmond Fişer tibb üzrə Nobel mükafatı
laureatı
Martin Rodbell tibb üzrə Nobel mükafatı
laureatı
Verner Arber tibb üzrə Nobel mükafatı
laureatı
Alan Cey Higer kimya üzrə Nobel mükafatı
laureatı
Stanislav Smirnov riyaziyyat üzrə Filds
mükafatı laureatı
Anri Dünan Beynəlxalq
Qırmızı Xaç Komitəsinin yaradıcısı,
sülh üzrə Nobel mükafatı
laureatı
Ferdinand de Sossür tanınmış
fransız linqvisti, strukturalizmin banisi
Paskal Engel fransız
filosofu
Mişel Butor tanınmış
fransız yazıçısı
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.- 2011.- 8 aprel.- S.10-11.