"Fəxr edirəm ki, Heydər Əliyev bu məsuliyyətli işi məhz
mənə həvalə etdi"
Söhbət Hüseyn Cavidin nəşinin uzaq Sibirdən
Vətənə gətirilməsindən gedir
"Xalqımız, tariximiz
nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o
qədər yaşayacaq və
xalqımız ondan istifadə edəcəkdir".
Heydər ƏLİYEV
Azərbaycan xalqının görkəmli şairi, dramaturq Hüseyn Cavidin nəşinin uzaq Sibirdən
Vətənə gətirilməsindən otuz
ilə yaxın bir müddət ötür. O vaxt bu müqəddəs
işdə böyük hünər
və fədakarlıq göstərən
Həmid Cəfərovla bu günlər
görüşdük. Məqsədimiz o tarixi missiyanı
şərəflə yerinə yetirən bu
insandan Sibirə səfər
etdiyi həmin günləri xatırlamaqla bərabər, mətbuata
açıqlamadığı bəzi fikirlərini öyrənib
oxucularımıza çatdırmaq idi.
Yeri gəlmişkən, qeyd edək ki, Həmid Cəfərov 1938-ci ildə
Naxçıvanda anadan olub.
Bakı Dövlət Universitetinin filologiya fakültəsini, Bakı şəhər
Partiya Məktəbini
və Sov.İKP MK-nın Siyasi-İctimai
Akademiyasını bitirib. Səksəninci
illərdə Naxçıvan Vilayət Partiya Komitəsində katib vəzifəsində
çalışıb. 1983-cü ildən Daxili
İşlər Nazirliyində
müxtəlif vəzifələrdə işləyib.
Hazırda təqaüddədir. Həmid müəllim H.Cavidin nəşinin Vətənə gətirilməsi və onun haqqında əldə etdiyi sənədlər əsasında
irihəcmli kitab üzərində
işləyir. Onun əyləşdiyi
otaq isə H.Cavidin ev-muzeyini xatırladır. Cavid haqqında
yazılmış çoxsayli
kitablar, məqalələrin dərc olunduğu jurnallar, qəzetlər,
sənət adamlarının Həmid müəllimə
ünvanladığı məktublar, ürək sözləri,
ona həsr etdikləri şeirlər, müxtəlif illərdə
arxivlərdən topladığı şəkillər, bir çox surəti çıxarılmış sənədlər
əsasında son dərəcə
nəfis şəkildə tərtib etdiyi albomlar və qovluqlar otagına gələnlərin
diqqətini cəlb edir.
Respublikada ziyalıların
nüfuzu yüksəlirdi
Ümummilli lider Heydər Əliyevin 1969-cu
ildə Azərbaycana rəhbər təyin olunması
respublikanın tarixində çox mühüm bir mərhələnin
əsasını qoydu. Azərbaycan
sanki bir tikinti meydanına çevrildi. Heydər Əliyev bütün
sahələrdə olduğu
kimi milli mənəvi dəyərlərimizin
qorunmasına, Azərbaycanın elmi potensialının inkişafına
da böyük diqqət göstərirdi. Ölkənin mədəniyyət
və incəsənət xadimləri, ziyalılar ittifaq miqyasında yüksək dövlət
mükafatları ilə təltif edilir, ziyalıların cəmiyyətdəki
nüfuzunun bərpa edilməsinə xüsusi əhəmiyyət verilirdi.
Heydər Əliyev Azərbaycan ziyalılarını sovet rəhbərliyinin təzyiqlərindən qətiyyətlə
müdafiə etməyə, onların
sıxışdırılmasının
qarşısını almağa da müvəffəq olurdu. Belə bir vaxtda - 1981-ci ildə
Naxçıvanda Hüseyn Cavidin anadan
olmasının 100 illiyinə hazırlıq işləri
aparılırdı.
"Heydər Əliyevin
xeyir-duası"
Həmid müəllimin
dediklərindən:
-
1982-ci il oktyabrın 2-də
Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin
Naxçıvana səfəri zamanı görkəmli Azərbaycan
şairi Hüseyn Cavidin cənazəsinin qalıqlarının
Sibirdən Vətənə gətirilməsi ilə
bağlı məsələ müzakirə olundu. Heydər Əliyev bu nəcib işə xeyir-dua verdi. Fəxr edirəm
ki, o, bu
məsuliyyətli işi mənə
həvalə etdi. Cavidin 100 illik yubileyi ərəfəsində
Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin bürosunda H.Cavidin cənazəsinin qalıqlarının Azərbaycana
gətirilməsi haqda qərar
qəbul edildi. Biz vaxt itirmədən Cavid haqqında sərəncamımızda olan
bütün sənədləri
Mərkəzi Komitəyə göndərdik. Onu
da deyim ki, bu şərəfli
iş üçün
Heydər Əliyev Sov.İKP
MK-nın Baş katibi L.İ.Brejnevə və DTK-nın sədri Y.V.Andropova
müraciət etdi.
"Axtarışlarımız bəhrəsini
verdi"
- Bizə yalnız o məlum idi ki, Hüseyn Cavid Mikayıl Müşfiq
və Əhməd Cavadla bir gecədə
həbs edilib. M.Müşfiqlə
Ə.Cavad güllələndikdən sonra Cavid iki
il Bakıda, DTK-nın zirzəmisində və
Bayıl həbsxanasında saxlanılıb. 1939-cu ildə isə
onu Maqadana göndəriblər və 1941-ci ilədək
orada yaşayıb. Bundan
başqa Cavid haqqında demək olar ki, məlumatımız yox
idi. Elə buna görə də Maqadana sorğu göndərdik.
Maqadan Vilayət Partiya Komitəsindən
alınan cavab belə
idi: "...1939-cu il aprelin 1-də Maqadana gətirilmiş milliyyətcə
azərbaycanlı, Naxçıvan şəhərində doğulmuş, Bakı şəhərinin sakini, məhbus Hüseyn Cavid (Rasizadə) 1941-ci il sentyabrın 8-də İrkutsk vilayətinin Tayşet şəhərindəki islah-əmək
düşərgəsinə göndərilib... H.Cavidlə
bağlı hər hansı digər sənədlərə malik deyilik.
Sov.İKP Maqadan Vilayət Komitəsinin katibi Q.Kiselyov".
Beləliklə,
axtarışlarımız bəhrəsini verməyə
başladı. Bu dəfə
biz İrkutsk vilayətinin Tayşet
Şəhər Partiya Komitəsilə
əlaqə saxladıq. Məlum oldu ki, ayaqları iflic vəziyyətinə düşmüş, gözləri zəifləmiş
H.Cavid Tayşet şəhərinin Şevçenko
kəndində yerləşən
əlillər evinə "müalicəyə" gətirilib.
Bu, Stalin rejiminin ənənəsi idi.
Cavid həmin əlillər
evinə 1941-ci il noyabrın
17-də daxil olub.
Dekabrın 5-də tərtib edilmiş 59 saylı aktda göstərilir ki, H.Cavid 1941-ci il dekabrın
5-də saat 10.30-da 59 yaşında vəfat
edib. Cavidin 59 (!)
nömrəli məzarda dəfn edildiyi də məlum oldu.
Cavid sorağıyla, Cavid iziylə
1982-ci
il oktyabrın 14-də
Həmid Cəfərovun rəhbərlik etdiyi
nümayəndə heyətinin
tərkibində Naxçıvan MR
daxili işlər
nazirinin müavini Telman Əliyev və Babək rayonundakı daş
üzlük kombinatının
fəhləsi, SSRİ Ali Sovetinin
deputatı Zakir Nəsirov Moskvaya uçaraq oradan Cavid soraqlı səfərə yola
düşdülər. Həmin il oktyabrın 19-da Sov.İKP
İrkutsk Vilayət
Komitəsində H.Cəfərovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti hərarətlə
qəbul edildi.
Tayşet rayonunun Şevçenko kəndində
Cavidin vaxtilə "sakini" olduğu 21 nömrəli
koloniyanı və şairin dəfn olunduğu qəbiristanlığı
tanıyan adamların müəyyən edilməsi
üçün göstərişlər verildi.
Həmid Cəfərovun dediklərindən:
- Biz oktyabrın 20-də Tayşetə
çatdıq. Azərbaycandan gəlmiş nümayəndə
heyəti burada şəhərin
rəhbər işçiləri tərəfindən qəbul
edildi. Cavidlə bağlı arxiv sənədləri öyrənildi.
Sonra H.Cavidin 1941-ci il dekabrın 5-də vəfat etdiyi, iki
gün sonra isə Tayşet
rayonunun Şevçenko kəndindəki qəbiristanlıqda dəfn
olunduğu müəyyənləşdirildi. Rayon rəhbərliyi
ilə olan bu danışıqlardan sonra Cavidin uyuduğu
Şevçenko kəndinə yollandıq.
Artıq ertəsi gün - oktyabrın
21-də Tayşet Rayon ZDS İcraiyyə Komitəsinin 141
nömrəli müvafiq qərarı hazır idi:
"Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn
Cavidin (Rasizadə) cənazəsi çıxarılıb aparıla
bilər... Bu iş Həmid Cəfərovun rəhbərlik
etdiyi nümayəndə heyətinə
tapşırılsın...".
Nümayəndə heyətimiz
Şevçenko kəndindəki meşəyə çatandan
sonra qarın altında olan qəbirlərin baş
ağaclarına vurulmuş nömrələri axtarmağa
başladıq. Nəhayət çürümüş taxta
parçası üzərində aydın oxunan 59 rəqəmini
tapdıq... Qəbirin önündə diz üstə
çöküb ağlayaraq, xeyli müddət kövrək
anlar yaşadıq... Qəbiri
üçümüz də birgə qazdıq. Mən
ilk növbədə Cavidin baş sümüyünü təmizlədim,
öpdüm və geniş alnına diqqət yetirdim. Ona görə
ki, o vaxt Cavidin güllə ilə vurulması barədə
söz-söhbətlər gəzirdi. Alnında güllə
izi yox idi. Onun sol ayağında yun corab izlərinin olduğu
aşkarlananda hamımız heyrətləndik. Həmin yun
corabları şairin həyat yoldaşı Müşkünaz
xanım toxumuşdu. Beləliklə,
Cavidin cənazəsinin qalıqlarını torpaqdan
götürdük. Şəriət qanunlarına uyğun
olaraq ehsan verilməklə, həmçinin 100 illik yubileyi ilə
bağlı 100 yaylım atəşi ilə Cavidin xatirəsi
yad edildi.
"Heydər Əliyevdən
yeni bir tapşırıq aldım"
- Biz oktyabrın 23-də Hüseyn Cavidin
nəşini xüsusi vaqonda Tayşetdən İrkutska gətirdik.
Səhəri gün Azərbaycanın nümayəndə heyəti
vilayət rəhbərliyi tərəfindən qəbul olundu.
Görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn
Cavidin 100 illik yubileyi uzaq Sibirdə qeyd edildi...
Oktyabrın 25-də isə Cavidin cənazəsini təyyarə
ilə İrkutskdan Moskvaya apararkən Azərbaycan KP MK-nın
birinci katibi Heydər Əliyevin tapşırığı mənə
çatdırıldı:
- Cavid
Moskva - İrəvan - Naxçıvan marşrutu ilə deyil,
861-ci reyslə Moskvadan birbaşa Bakıya
"uçmalıdır"! Elə də oldu. 1982-ci il
oktyabrın 26-da Hüseyn Cavidlə "birgə" Vətənə qayıtdıq. Bakı
Hava limanında, o payız günündə Cavidi
"qarşılamağa" gələnlərin
üzündəki həyəcanlı anları, gözlərindəki
nigaran baxışları sezməmək mümkün deyildi...
Həmin gün Heydər Əliyevin təşəbbüsü
ilə Cavidin cənazəsi
Şirvanşahlar sarayının Taxt-tac salonuna gətirildi.
Oktyabrın 27-də isə Azərbaycan Elmlər
Akademiyasının Rəyasət Heyətində Hüseyn
Cavidin harada dəfn olunması məsələsi müzakirə
olundu. İctimaiyyətin iştirakı ilə keçirilən
geniş yığıncaqda şairin doğma vətəni
Naxçıvanda torpağa tapşırılması qərara
alındı. Daha sonra noyabrın 2-də Cavidin 17 il Bakıda
yazıb-yaratdığı evində - Əlyazmalar
İnstitutunda vida görüşü oldu. Heydər Əliyev
başda olmaqla respublikanın rəhbər işçiləri
fəxri qarovulda dayandılar...
Naxçıvan
doğma övladının yolunu həsrətlə gözləyirdi
Noyabrın 2-də Cavidin cənazəsinin
qalıqları Bakıdan doğma vətəni
Naxçıvana gətirildi. Onu şairin qızı Turan
Cavid, sənət adamları və ictimaiyyətin nümayəndələri
müşayiət edirdi. Şəhərin təyyarə
meydanı çox izdihamlı idi. Muxtar respublikanın görkəmli
adamları, ictimaiyyətin nümayəndələri Cavidin cənazəsini
gətirən təyyarəni qarşılamağa gəlmişdilər.
Həmin gün H.Cavidin cənazəsinin
qalıqları onun vaxtı ilə yaşadığı,
hazırda ev-muzeyinə çevrilmiş binaya gətirildi. Şair
uzun ayrılıqdan sonra bir gün Naxçıvandakı
evində "gecələdi"...
1982-ci il noyabrın 3-də
Naxçıvan Dram Teatrında vida görüşündən
sonra saat 15.00-da Hüseyn Cavid Naxçıvan şəhərində-Cavid
bağında torpağa tapşırıldı.
Bütün bu kədərli anları
xatırlayan Həmid Cəfərov deyir ki, bu mənim həyatımda
ən yaddaqalan hadisə idi. Heydər Əliyevin mənə
göstərdiyi yüksək etimadı doğrultdum. Ulu Cavidin
ruhu qarşısında borcumdan çıxdım...
Həmid müəllim bizimlə söhbət zamanı böyük qürur hissi ilə onu da bildirdi ki,
Hüseyn Cavidin Vətənə
qayıdışından sonra
respublikamızda, o cümlədən
Naxçıvanda böyük tədbirlər həyata keçirildi. Cavidin əsrlər ötəcək qədər
ömür yaşayacaq
əzəmətlı türbəsi
ucaldıldı. Ən müqəddəs işlərdən biri də o
oldu ki, 59 ildən sonra onun həyat
yoldaşı Müşkünaz xanım və oğlu Ərtoğrul həmin türbəyə köçürüldü. 2004-cü ildə
isə H.Cavidin qızı Turan Cavid də orada
dəfn olunub. Qürur
duyuram ki, Hüseyn Cavidin cənazəsi
ilə bərabər, ailə üzvlərinin də həmin
türbəyə köçürülməsində iştirak etmişəm. Eyni
zamanda Cavidin heykəli ucaldıldı, Naxçıvanda və
Bakıda ev-muzeyləri yaradıldı. Ölməz şairin əsərləri
latın qrafikası ilə nəşr olundu. Bir neçə
dram əsəri səhnələşdirilərək
oynanıldı. Elə bu gün
də Azərbaycanın incəsənət
işçiləri H.Cavidin dram əsərlərini böyük məhəbbətlə
tamaşaya qoyur və ondan öyrənirlər.
Mənim istəyim və arzum isə ondan ibarətdir ki, məktəblərimizdə
belə repressiya qurbanları barədə
müntəzəm dərslər, tədbirlər keçirilsin. Onların xatirəsi yad edilsin...
Bəli,
yaxşı deyirlər ki, şairlər
dünyaya gəlir, amma dünyadan getmir. Elə Hüseyn Cavid kimi şairlər də
dünyadan getmir və insanların qəlbində əbədi
yaşayır, bütün xalqın sevgisi ilə nəsildən-nəslə
çatır, ürəklərdə ölməzlik heykəlinə
dönürlər.
Ədalət
DAŞDƏMİRLİ
Azərbaycan
müəllimi.- 2011.- 8 aprel.-
S.8.