Humbolt Universitetində Azərbaycan tarixi öyrənilir

 

 Aprelin 6-da təhsil naziri Misir Mərdanov Almaniyanın Humbolt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Mariya Aux ilə görüşüb.

Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən nazir Almaniya ilə Azərbaycan arasında təhsil sahəsində təşəkkül tapmış əlaqələrdən söhbət açıb, bu əlaqələrin son illər daha da inkişaf etdiyini vurğulayıb.

Humbolt Universitetinin Azərbaycan tarixi kafedrasındakı mühazirələrdə bu günədək 45 tələbənin iştirak etdiyini bildirən Eva-Mariya Aux onlardan 12 nəfərin imtahanlardan uğurla keçdiyini nəzərə çatdırıb. Azərbaycan tarixi mədəniyyətinin tədrisi barədə söhbət açan qonaq cari ilin sentyabrında 15 tələbənin ölkəmizə səfərə göndəriləcəyini söyləyib. Eva-Mariya Aux bu səfərin təşkili məsələlərinə toxunub, habelə tələbələrin Azərbaycanla daha yaxından tanış olmasının əhəmiyyətindən bəhs edib. Doktorantların mübadiləsindən söz açan kafedra müdiri texniki peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bildirib.

 Humbolt Universitetinin Azərbaycan tarixi kafedrasının fəaliyyəti üçün bundan sonra da müvafiq köməkliyin göstəriləcəyini bildirən təhsil naziri Misir Mərdanov cari ilin sentyabrında Azərbaycana gələcək 15 tələbənin müxtəlif regionlara səfərlərinin təşkilini tövsiyə edib. Humbolt Universitetinə Azərbaycandan mühazirəçi müəllimlərin göndəriləcəyini söyləyən nazir kafedranın istər dərslik, istərsə də əlavə tədris vəsaitləri ilə təmin olunacağını vurğulayıb. Texniki peşə təhsili sahəsində də Almaniya ilə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini nəzərə çatdıran Misir Mərdanov müvafiq təkliflərin həyata keçirilməsi baxımından Təhsil Nazirliyinin hərtərəfli dəstək verəcəyini bildirib.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

  

 

Azərbaycan müəllimi.- 2011.- 8 aprel.- S.3.